Uşaq arabası ilə yarış edən analar - Vüsal Bağırlı yazır...

Vüsal Bağırlı

Vüsal Bağırlı

3 oktyabr 2022
# 10:40

Kulis.az Vüsal Bağırlının “Maşınımı süyüyəm...” adlı yeni yazısını təqdim edir.

Musiqi hisslərin stenoqrafiyasıdır...
(Lev Tolstoy)

Müasir insanın həyatı musiqi ilə sıx bağlıdır. Musiqi hər yerdən – reklam çarxlarından, kinofilmlərdən, kliplərdən, ictimai nəqliyyatdan, qulaqlıqlarımızdan – bizə boylanır. İnternetdən, KİV-dən süzülüb içimizə dolur. Biz hər gün müxtəlif musiqi nömrələri dinləyir, musiqi şırnağı altında çimirik.

Hər bir sənət əsərinin özünəməxsus, təkrarolunmaz missiyası var. Bu həmçinin musiqiyə də aiddir. Musiqi ondan ötrüdür ki, o xaotik və nizamsız şəkildə səpələnmiş daxili aləmimizi müəyyən ritmə, harmoniyaya, tarazlığa kökləsin. İçimizi ütüləsin, qır-qırışığını düzəltsin, səliqə-sahman yaratsın.

Musiqi həm də insanlar arasında danışmadan, söz demədən qurulan ünsiyyət vasitəsidir.

Uşaqların tərbiyəsində musiqinin rolu əvəzsizdir. Sözsüz ki, söhbət keyfiyyətli musiqidən gedir. Ana övladının beşiyi başında öz həzin lay-layını oxuyur və balaca dərin yuxuya gedir və alt-şüur, hiss və həyəcanlar, bütün proseslər burdan başlayır.

Musiqi uşağın təfəkkürünü, nitq qabiliyyətini, yaradıcılıq bacarığını inkişaf etdirir. Yaddaşı, diqqəti artırır, zehni itiləyir. Uşaqlar olduqca həssas varlıqlardır və bu səbəbdən musiqi ilə çox tez təmas qurur, asan dostlaşırlar. Nəğmələr və mahnılar uşaq üçün ən azı kitab, yazı qədər güclü təsirə malik bir vasitədir.

***
Hündürboylu, maneken qamətli sarışın, slavyan antropoloji tipli bədən quruluşuna malik, 90-60-90 model-maneken tipli iki qadın (biz tərəfdə beləsinə, ikilik taxta deyirlər) özləri kimi bir cüt göyçək sapsarı uşağı “kolyaska”da sürürdülər. Libaslarından, hərəkətlərindən, xoşbəxtcə işıldayan gözlərindən, şaqraq gülüşlərindən xarici olduqları bilinirdi. Qadınlar, boy-buxunlarından, qamət və upuzun saçlarından, biri Nikol Kidmanı, digəri Şarliz Teronu xatırladırdı. Onlar bulvar tərəfdən gəlirdilər. İşıqforu gözləyirdilər ki, yolu rahat keçə bilsinlər.

Birdən qadınlar şəhər gəzintisini, bir növ yarışa çevirdilər. Yəqin uşaqlar üçün əyləncəli olsun deyə, ötüşməyə başladılar. Kiçik bir forsaj nömrəsi göstərərək, sürəti nəyi var artırdılar.

Görək yolun o tərəfinə birinci kim yetişər.

Yarış başladı. Təbii ki, xəyali finiş xəttinə lap çathaçatda kolyaskalardan biri azacıq geri qaldı. Öndə gedən uşaq arxaya çevrilərək, rəqibinə dilini çıxardı və hadisələrin bu cür gedişindən narazı və məğlub uşaq isə anasına sarı dönərək ağzı-burnunu əydi, boğazını irəli uzatdı və qışqırdı:

– Mama bıstyeye, bıstyeye... A to pyoiqyayem

Adi bir gəzintinin əyləncəli oyuna çevrilməsi, uşağın sözləri uzatması, “r” hərfini deyə bilməməsi kənardan məzəli görüntü yaradırdı. Dodağımda xəfif təbəssüm, xəyallara daldım. Çünki uşaq vaxtı mən də “r” hərfini deyə bilmirdim.

***
Yadıma düşür, bağçaya gedirdim və orada bizə müxtəlif gözəl mahnılar öyrədirdilər (Görəsən indi də öyrədirlərmi?). Onların bir çoxunu hələ də xatırlayıram.

Biz musiqi sədaları altında oynayır, qaçır, tullanır, ritmdən, rəqsdən hədsiz ləzzət alırdıq. Quş kimi uçurduq.

Bir şeyi də qeyd edim. Musiqi elə bir sehrli qüvvədir ki, oxucu, əgər nəğməni bilirsə, mətni görən kimi, ilk misradan dərhal hər şeyi xatırlayır, onu astadan zümzümə etməyə başlayır. İndi mən bağçada öyrəndiyim nəğmələri şeirlə yazacam, siz isə mahnını özünüz üçün dodaqaltı oxuyun.
Əvvəlcə Oqtay Zülfüqarovun Oqtay Mahmudun sözlərinə bəstələdiyi “Çiyələk” mahnısından başlayaq.

Ay çiyələk, çiyələk, qəşəng dadlı çiyələk,
Mən səni dərərəm, bacıma verərəm,
Ve-rə-rəm...

Bu zaman biz, oğlanlı, qızlı, ora-bura gedə-gedə, rəqs edə-edə, əlimizdəki səbətlə əyilir-qalxır, guya yerdən çiyələk toplayırdıq.

Yaxud “Mişar” mahnısı da çox xoşumuza gəlirdi.

Lazım olan şeyləri
Arif yığdı yanına,
Evcik tikmək istədi
Balaca Toplanına
Ay mişar tələs mişar,
Taxtanı tez kəs mişar.

Digər sevimli nəğməmiz “Oynaq topum” idi.

Oynaq topum, oynaq topum,
Əlvan rəngli qıvraq topum.
Atdım-tutdum, düşdün yerə,
Qaçdın, getdin birdən-birə.

Bütün bu mahnılar, nəğmələr, musiqi nömrələri gözəl idi. Onları xorla oxumaq, hamıyla bir yerdə ifa etmək içi özüm qarışıq, bütün uşaqlara zövq verirdi, əhvalımıza xüsusi nikbinlik gətirirdi. Düşünürəm ki, musiqi uşağın daxili aləminə, hisslərinə, fantaziyalarına güclü təsir edir. Övladın gələcəkdə nəcib, mərhəmətli bir insan olmasına xidmət edir.

***
Amma yuxarıda sadaladığım musiqilərdən savayı bir nəğmə də var ki, o yaddaşımda xüsusi iz qoyub. Onu hər dinlədiyimdə, içimdə başqa bir xatırə oyadır.

Üç yaxud dörd yaşım olardı, evimizə qonaq gəmişdi və mən də onlara tamaşa göstərməyə qərar vermişdim. Əlimə qazan qapağını götürüb, ağzımla mühərriki işə salaraq, avtomobil sürməyi imitasiya edə-edə, ora-bura gedir, bağçada yeni öyrəndiyim mahnıları şövqlə bir-bir oxuyurdum. Qonaqlar da gülürdülər. Onların əhvalının yaxşı olması məni daha da həvəsləndirirdi. Repertuarımdakı sonuncu mahnı isə Oqtay Zülfüqarovun bəstələdiyi “Maşınımı sürürəm” mahnısı idi.

Maşınımı süyüyəm
Du-du-du-du-du.
Hamını mən ötüyəm,
Du-du-du-du-du.
Yanıy, yanıy göy işıq,

Yol açıqdıy, yol açıq.

Birdən, ifanın şirin yerində, anam qolumdan tutub məni yarıda saxladı və üzünü azacıq turşudub məzəmmətlə dedi:

– Yox, sənə maşın sürmək olmaz. Qətiyyən olmaz.

Mən bikef halımla bir nəzərlərim qonaqlarda, gözümü döyərək, “niyə” soruşduqda, anam, “çünki “r” hərfini deyə bilmirsən” söylədi və mən bərk pərt oldum.

Əlbəttə bu an qonaqların əhval-ruhiyyəsində əhəmiuuətli bir dəyişiklik baş vermədi, onlar yenə əl çalır, məni həvəsləndirirdilər, amma bu hərf məsələsi məni əməllicə məyus etmişdi.

Səhəri gün artıq ciddi-cəhdlə bu işə qol çırmadım. Özümə söz verdim ki, nə yolla olur-olsun, mütləq sözü düzgün tələffüz etməyi öyrənməli, hərfi düzgün deməliyəm. Bu zaman “d” hərfini dilimin altına qoyub, ondan köməkçi platforma kimi istifadə etməyə başladım.

– Maşınımı südyüdyəm

Mən dedikcə, anam da məni həvəsləndirirdi. Əl çalırdı. Sevinirdi.

“Ay sağ ol, ay sağ ol. Afərin sənə”.

Onunla bərabər mən də sevinirdim. Beləcə, psixoloji baryer tədricən aradan qalxdı, “südyüdyəm”, əvvəlcə “südrüdrəm” oldu. Sonra artıq hərfi rahat tələffüz edə bilirdim deyə, köməkçi platformanı aradan götürdüm və sözü rahatca, çətinlik filan olmadan söylədim.

MAŞINIMI SÜRÜRƏM....


# 1863 dəfə oxunub

Oxşar xəbərlər

Qulu Məhərrəmli:  "Əleyhimə kampaniya gedəndə bu nüansı qabardırlar" - Müsahibə

Qulu Məhərrəmli: "Əleyhimə kampaniya gedəndə bu nüansı qabardırlar" - Müsahibə

21:00 4 dekabr 2024
Elnarə Akimovanın yeni kitabı çap olundu

Elnarə Akimovanın yeni kitabı çap olundu

18:47 4 dekabr 2024
Füzuli ilə bağlı yeni kitab nəşr edildi

Füzuli ilə bağlı yeni kitab nəşr edildi

18:40 4 dekabr 2024
Akademik Milli Dram Teatrının dekabr repertuarı

Akademik Milli Dram Teatrının dekabr repertuarı

16:56 4 dekabr 2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi

Azərbaycanlı gənc yazıçı vəfat etdi

15:40 4 dekabr 2024
"Səriyyə" filmi təqdim edildi

"Səriyyə" filmi təqdim edildi

14:25 4 dekabr 2024
# # #