Üçüncü qolum necə yandı? - Əsəd Qaraqaplan yazır...

Əsəd Qaraqaplan, yazar

Əsəd Qaraqaplan, yazar

17 dekabr 2021
# 10:10

Kulis.az Əsəd Qaraqaplanın "Balta" adlı yazısını təqdim edir.

İllərlə balta mənim bir bədən üzvüm olub. Onu heç yatanda da yanımdan ayırmırdım. Bir yekə - poladdan, sapını dəmirağacından düzəltdiyim balta vardı, bütün uşaqlıq və ilk gəncliyim zamanı həmişə yanımda oldu, həmişə mənimlə.

Onsuz bir günüm, yalan olmasın, olmurdu. Çünki qışda odun kəsib gətirir evə, yayda da çalı-çırpı - təndirdə yandırmağa. Həm də balta kimi uşaqdım, o qədər onunla məşğul olmuşdum, daş kimi bədənim olmuşdu, dəmir kimi ruhum və sarsılmaz əzmim.

Ama bir gün tamam başqa cür oldu, orda hər şey biraz tərs getdi, ya da mən üsyan elədim artıq, bilmirəm.

Qış vaxtı idi, qar yağmışdı, evin də yanacaq odununu hər dəfə ki kimi mən gedib kəndimizin qabağındakı meşədən gətirməli idim. Sadəcə 13 yaşım var idi, ya da 12. Bəlkə, sizə qəribə gələ bilər, ama biz 90-lar uşaqları cin kimi idik. Biz daha betərini də görə-görə gəlmişdik.
Məni evdə 10 nəfərlik bir ailənin isinməsi gözləyirdi. Atam, anam və məndən başqa 7 uşaq. Uşaq derkən, ən axırıncıları mən və əkiz bacım idi, amma yenə də o an ən böyük yük mənim üzərimdə idi. Belə ki, yollar da bağlanmış, heç bir yerə çıxılmaz olmuşdu. Qarlar da indiki kimi deyildi ha, yağdısa, doğrudan qapını kəsirdi...

Yenə çiynimdə üçüncü qolum balta getdim meşəyə - qar-qış demədən. Başladım yenə kotan kimi yeri eşib quru kötük çıxarmağa. O zamanlar yaş odun kəsmək olmazdı, həm də kəssən belə anında yandırıla bilməz, yanmazdı. O qədər ora-buranı dağıtdımsa, ancaq bir kisə, bir günü yola verəcək qədər yığa bildim. Hər yer də yaş, hər yer də qar, hər yer də su-palçıq, heç nəyi doğru-düzgün quru tutmaq mümkün deyil. Hələ bir meşə ola.
Onda hiss elədiyim qəribə bir şey da vardı. Düz kəndimizin qabağında olsa da, qar yağanda kəndin içinə az, meşəyə daha çox yağardı, nə sirdirsə...
Gəldim evə, belimdə bir kisə yaş kötük, əlimdə də balta. Baltanı çöldə qoyub, kisəni içəri apardım ki, odunlardan ocağa atıb yandıraq. Ocaq da sağ olsun, soyuğu görüb daha da üşümüş, sönüb getməyə hazırlaşırdı.

Dədəm o odunları bir-bir çıxarıb ocağa atmağa başladı. Odunlar yaş olduğundan tutuşmur, fısıldayıb durur, tüstüləyə-tüstüləyə qalırdı.
Kişi axır əsəbləşib qalxıb məni döydü və bu nə odunlardı deyə bağırdı. Bunun qurusu yox idimi, bu qədər sulu odunu yığıb gətirmisən deyə...
İndiyə qədər dəqiq yadımdadır, həyata və hadisələrə qarşı ilk üsyanım da onda, o anda və orda başladı. Ağlaya-ağlaya həm də. Həm də əsəbimdən ağlaya-ağlaya. Mən heç vaxtı yazıqlığımdan ağlamadım heç, həmişə əsəbimdən - qəzəbimdən ağladım.
Ağlaya-ağlaya ilk dəfə onda dədəmə diklənib dedim ki, mən bu qarda-qiyamətdə bu balaca canımla (maşallah, div boyda qardaşlarım vardı, dədəm hətta onları "neqodni" elətdirmişdi) gedib odun gətirirəm, sənsə deyirsən ki, yaşdı, yanmır. Mən nə eləyim bəs? Baltanı təpəmə çırpım? Bu yazıq və balaca canımdan mənim nə isyəyirsiz?!..

Xeyli bu səpkidə üsyan edib ağladım otağın ortasında. Dədəm də sakitcə durub, susaraq mənə baxır, ilk dəfə nə deyəcəyini bilmirdi. O anda mən də anlamışdım ki, əlimdəki balta belə - o üçüncü qolum da bəzən bir otağı belə isitməyə yetərli, səni hər zaman xilas eləyə bilmirmiş.
Ağlaya-ağlaya durub çölə çıxdım və baltanı götürüb içəri girdim. Evdəkilər bir anlıq elə bildi ki, nəsə xətəkar bir şey edəcəm, ya özümü, ya da atamı vuracam. Ama mən o anda tamam başqa bir şey düşünürdüm və o an sadəcə quru olan baltanın sapı idi. Qəzəblə ocağın ağzını açıb baltanı oda atdım və hər şey bitdi. Mənim üçüncü qolum da o gün o atəşdə yanıb külə döndü...

Onda mən insanın ruhundan kənar bütün silahlara nifrət eləmiş, hər şeyi elə özümdə, öz ruhumda axtarmışdım. Məncə, mən ilk şeirimi də onda - o otağın ortasında o baltanın sapının yanmasına baxa-baxa ağlayarkən yazmışdım...

# 2253 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #