Türk istiqlalına yön verən şair

Türk istiqlalına yön verən şair
27 dekabr 2023
# 16:00

Bu gün görkəmli türk şair Mehmet Akif Ersoyun anım günüdür.

Kulis.az Savalan Fərəcovun "Türk istiqlalına yön verən şair" yazısını təqdim edir.

XX yüzilliyin əvvəlləri türk ədəbiyyatında vətənsevərlik poeziyasının görkəmli nümayəndələrindən biri də Mehmed Akif Ərsoy olub. Xalqın qəhrəmanlıq tarixini poetik dillə qələmə alan şairin şeirlərindəki milli ruh, azadlıq eşqi türk ordusunun qüdrətinə əlavə güc qatıb.

Mehmed Akif Tahir oğlu Ərsoy 1873-cü ildə İstanbulda dünyaya göz açıb. Atası evdə ona ərəb və fransız dillərini öyrədir, islam fəlsəfəsi ilə tanış edir. O, bu haqda xatirələrində yazır: “O, mənim həm atam, həm də müəllimimdir. Nə bilirəmsə ondan öyrəndim”.

Atasının erkən dünyasını dəyişməsi Mehmedi ruhdan salmır. O, baytarlıq məktəbinə daxil olur. Təhsilini başa vurduqdan sonra Ziraət Nəzarəti İdarəsində məmur kimi çalışır. 1908-ci ildə İstanbul Darülfünununun ümumi ədəbiyyat şöbəsinə dəyişilir və müdir təyin edilir. Bundan sonra daha çox ədəbiyyatla məşğul olur. Divan ədəbiyyatına böyük maraq göstərir. Avropa ədəbiyyatı və mədəniyyəti ilə maraqlanır, bu mədəniyyətin mütərəqqi cəhətlərini Türkiyədə təbliğ edir. “Sirəti-müstəqim” adlı məcmuədə fəal iştirak edən Mehmed Akif Türkiyədə baş verən inqilabi dəyişikliklərlə bağlı məqalələr dərc etdirir. Milli və islami görüşlərini əhatə edən yazıları ilə şöhrət qazanır.

1913-cü ildə rəsmi qulluqdan istefa verir, daha çox yaradıcılıqla məşğul olur, səyahətə çıxır. Misirə, Mədinəyə, Berlinə gedir. İstiqlal savaşı zamanı İstanbula dönür. Ankarada izdiham qarşısında çıxış edərək xalqı birliyə çağırır.

Yazdığı “İstiqlal marşı” Türkiyə Böyük Millət Məclisində Cümhuriyyətin himni kimi qəbul edilir. 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyəti Mehmed Akifin də idealı olur. Amma islami dəyərlərə münasibətdə Cümhuriyyət qanunları ilə şairin fikirləri üst-üstə düşmür. Çünki o, vətənsevər olmaqla bərabər, həm də islami dəyərlərə möhkəm tellərlə bağlı idi. Cümhuriyyətin ilk illərində islami dəyərlərə münasibət birmənalı deyildi. Bu səbəbdən o, Misirə gedir. Bir müddət orada ədəbiyyat müəllimi işləyir. Səhhətinin pisləşməsi ilə bağlı İstanbula qayıdan istiqlal şairi 1936-cı ildə vəfat edir.

Mehmed Akif Ərsoy yaradıcılığının əsasını təşkil edən şeirləri “Səfahət” adı ilə çap olunan yeddicildlikdə (“Səfahət”, ”Süleymaniyyə kürsüsündə”, “Haqqın səsləri”, “Fateh kürsüsündə”, “Xatirələr”, “Asım”, “Kölgələr”) toplanıb. Kitablardakı nümunələr şairin ictimai-siyasi problemlərə yanaşması baxımından diqqəti cəlb edir.

Görkəmli şairin “İstiqlal marşı” şeirinin maraqlı yaranma tarixi var. Belə ki, 1920-ci ilin axırlarında Türkiyə qəzetlərində Maarif Nazirliyi tərəfindən dövlət himni üçün müsabiqə elan olunur. Müsabiqənin şərtinə görə, qalib şəxsə 500 lirə pul mükafatı nəzərdə tutulur. İlk mərhələdə müsabiqəyə təqdim olunan şeirlərin heç biri bəyənilmir. Maarif naziri Həmdulla Sübhi Mehmed Akifi müsabiqəyə qatılmağa dəvət edir. O isə pul üçün şeir yazmadığını bildirir. Pul ödənməməsi şərti ilə müsabiqəyə qatılacağına razılıq verir və “İstiqlal marşı”nı qələmə alır. Şeir müsabiqə komissiyası tərəfindən bəyənilir və Türkiyənin dövlət himni kimi qəbul edilir.

“İstiqlal marşı” insanlarda parlaq və qalib sabaha inam doğurmaq baxımından diqqətəlayiq nümunədir.

Arkadaş! Yurduma alçaqları uğratma sakın,

Sipər et gövdəni, dursun bu həyasızca axın.

Doğacaqdır sənə vəd etdiyi günlər Haqqın,

Kim bilir, bəlkə yarın, bəlkə yarından da yaxın.

Əsər Türkiyə ərazisinin xeyli hissəsinin itirildiyi, ölkənin gələcək taleyinin Anadoluda gedən döyüşlərdə həll olunduğu dövrdə yazılıb və şairin inamı tezliklə özünü doğruldub. Qeyd edək ki, Mehmed Akifin bu şeiri indi Türkiyə və Şimali Kipr Türk cümhuriyyətlərinin dövlət himnidir.

Professor Elman Quliyev araşdırmasında yazır ki, vətənin istiqlalını arzulayan şair azadlıq düşmənləri olan zalımlara nifrət edir. İstiqlalı vətən üçün böyük nemət sayır. Vətən övladlarının xoşbəxt gələcəyini istiqlalda görür.

Mehmed Akifin Türkiyənin çətinliklər dövrünü əks etdirən şeirlərində inam və ümidlə yanaşı, bir ümidsizlik də özünə yer tapıb. ”Hüsran” şeirində şairin həyəcan və narahatlığı belə ifadə olunur:

Hayqır! Kimə, lakin hanı sahibləri yurdun,

Ellərdi yatanlar, sağa baxdım, sola baxdım.

Fəryadımı artıq boğaraq nəşimi tutdum,

Min parça edib şeirimə gömdüm də buraxdım...

Şairə görə, sahibi olan məmləkət heç vaxt məğlub olmaz. Məmləkətin, millətin çətin günündə meydanda sinəsini sipər edən igidləri varsa, o ölkənin işğalı mümkün deyil:

Sahibsiz olan məmləkətin batması haqdır,

Sən sahib olursan, bu vətən batmayacaqdır...

Mehmed Akif yaradıcılığında məşhur Çanaqqala döyüşü də yüksək poetik dillə nəzmə çəkilir. Şair əsərdə hərbi təcavüzün başında dayanan avropalıları yırtıcı adlandırır. Müəllif “Çanaqqala şəhidlərinə” əsərində igidlik göstərən, qəhrəmancasına şəhid olan mübariz türk əsgərinin şücaətini, yenilməzliyini tərənnüm edib. O, ''ey şəhid oğlu şəhid'' ifadəsi ilə türklərin qəhrəmanlıq tarixinə işarə edərək, bu qəhrəmanlıqda bir nəslin yox, nəsillərin payının olduğunu qeyd edib.

# 690 dəfə oxunub

Oxşar xəbərlər

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
Respublika Uşaq Kitabxanasında anım mərasimi keçirildi

Respublika Uşaq Kitabxanasında anım mərasimi keçirildi

10:21 13 dekabr 2024
Hamı mənim "yıxılmağımı" gözləyirdi? - Sərdar Ortaç

Hamı mənim "yıxılmağımı" gözləyirdi? - Sərdar Ortaç

09:53 13 dekabr 2024
#
#
# # #