Taleh Yüzbəyov: “Elə bildilər ki, o videonu mənə dövlət sildirib” – Müsahibə

Taleh Yüzbəyov. Aktyor

Taleh Yüzbəyov. Aktyor

14 dekabr 2021
# 18:35

Kulis.az aktyor və ssenarist Taleh Yüzbəyovun Lent.az-a müsahibəsini təqdim edir.

- Küçədə rahat gəzə bilirsiniz? Təzə məşhurlaşmağa başladığınız dövrdə bu sualı sizə vermişdim. Demişdiniz ki, buna cavab vermək üçün hələ tezdir.

- (Gülür) Rahatlığımı o qədər itirməmişəm, açığı. Məşhurluğun gətirdiyi müəyyən məhdudiyyətlər var, amma mən əvvəlki kimi rahatam. İstədiyim yerə gedirəm, istədiyim yerə gəlirəm və istədiyim yerdə də yıxıla bilirəm. Ümumiyyətlə, mən ulduz deyiləm ki, insanlar küçədə üstümə axın etsin. İlk dövrlərdə olurdu ki, küçədə görəndə tanıyırdılar, salam verirdilər. Amma ilk dəfə bunu bir filmin premyerasında hiss elədim. Deməli, həmin premyerada gördüm ki, mənim ancaq televiziyada gördüyüm adamlar belə məni tanıyır, şəkil çəkdirir.

- Amma siz bu videolardan öncə də aktyor idiniz. Bu məşhurluq sizin üçün belə qeyri-adi olmamalı idi.

- Hə, aktyor işində belə şey var ki, sən məşhurlaşmağa məhkumsan, bu, sənin işinin bir parçasıdır. Amma gözləmədiyin anda, ya da gözləmədiyin səviyyədə olanda adam bir az təəccüblənir. Düzü, mən hələ uzun illər öncə “Tarqovu” küçəsi ilə gedəndə deyirdim ki, “Vaxt gələcək, mən buraya məşhur adam kimi ayaq basacam”.

- Gülmürdülər sizə belə deyəndə?

- Yox, öz-özümə deyirdim (Gülür). Məşhurluq əlbəttə, yaxşı bir şeydir.

- Amma tanıyanların hamısı da sevmir ki. Sevməyənlər də var.

- Sosial şəbəkələrdən fərqli real həyatda insanlar nifrəti o qədər də göstərmir. Düzdür, sən kiminləsə görüşəndə hiss edirsən ki, bu insan səni sevir, ya yox. İstənilən halda sosial şəbəkələrdə insanlar daha rahat söyə bilir.

- Məsələn, bir vaxt feministlər sizi “seks işçisi” sözünə olan münasibətinizə görə, tənqid edirdilər. Sizin üçün nə fərqi, seks işçisi, ya fahişə?

- Mənim üçün seks işçisi süni bir deyimdir. Gördüyün işin mahiyyəti dəyişmirsə, onu necə adlandırmağının fərqi yoxdur. Xurma xurmadır. Sən ona nə desən də, o xurmadır, pişik pişikdir. Baxır, sözü nə məqsədlə istifadə edirsən. Sən fahişəni söyüş kimi istifadə edirsənsə, vaxt gələcək seks işçisini də söyüş kimi istifadə edəcəksən. Ümumiyyətlə, mənim seks işçisi deyəndə gözümün qarşısına tamam başqa bir şey gəlir. Seks işçisini “application”dan sifariş verirsən, orda onun saçının rəngini seçirsən. Ona görə vergi ödəyirsən, o sənə bu mövzuyla bağlı məsləhət verir. Yəni mən seks işçisi deyəndə bunu başa düşürəm. Məncə, bu, qəsdən nəyisə hörmətə mindirməkdir. Adı dəyişməklə mahiyyət dəyişmir. Mənim orda demək istədiyim bir söz vardı. Heç kim heç kimi alçalda bilməz. Necə ki, Adil Rənanı gördüyü işə görə alçaltmaq istəyirdi, ancaq Rəna ona elə cavab verdi ki, Adil üzr istədi.

- Təhminənin bir vaxt dediyi “əsl kişi fahişəni məlakəyə çevirəndir” fikrinə, 30 il sonra “onu ərə getmək istəyən fahişələr uydurub” cavabı gəldi. Niyə?

- Çünki o söz həmişə mənə gülməli gəlib. Elə bil ki, sən kişinin boynuna qoyursan ki, mütləq fahişəni məlakə eləməlisən. Mənim ona da iradım yoxdur ki, kimsə fahişə həyatı sürən qadınla evlənir. Onun özəlidir, bu iki insan arasında baş verən bir şeydir. Bizim onun həyatına qarışmağa haqqımız yoxdur.

- Onda niyə Təhminəni “neprav” çıxarmaq istəyirdiniz ki?

- Çünki o söz mənə çox pafoslu gəlirdi. Ona görə də “Zəhər tuluğunda” ona belə bir cavab verdik.

- Bu cavabdan narazı qalanlar vardı.

- Olsun. Hamını həmişə qane etmək olmur. Mən özümü heç bir kəsimə aid etmirəm. İndi buyam, bunu müdafiə edirəm. Bir il sonra necə olacaq bilmirəm. Mən hələ də özümü tam yoğurulmuş, hər şeyi bilən adam kimi hiss etmirəm.

- Bu ay 33 yaşınız tamam oldu. İsanın öldüyü yaşdasınız. O yaşda ki o, artıq peyğəmbər idi. Bu sözü demək gec deyil?

- Məhəmməd peyğəmbərdə bu yaş 40 idi...

- Mən sizin kimlərdən olduğunuzu, hara xitab etdiyinizi hələ anlaya bilməmişəm.

- Özünü mövqeləndirən adamlar mənim xoşuma gəlmir. Onlarda kommunist düşüncəsi var. Ya bizləsən, ya bizdən deyilsən. Məncə, həyat ancaq, ağ-qara deyil. O qədər rəng var... Ola bilməz ki, bir ideologiya tamamilə doğru, ya da yanlış olsun. Hər şeyin içində həm haqq, həm də nahaq ola bilər. Bir dəfə iki ayrı məzhəbə məxsus iki insanın debatına baxırdım. Bir dəfə bu onu səhv çıxardı, sonra bu onu. Axırda biri qayıtdı ki, yaxşı 1:1 oldu. Dedim “ala, siz futbol oynayırsınız. Sən haqdan danışırsan e”.

- Dindarsınız?

- Dindar deyiləm, ancaq Allahsız da deyiləm.

- “Zəhər tuluğu”nun bir bölümündə Günel Mövluda atmaca olduğunu deyirlər. Günellə nə işiniz?

- Günellə mənim heç vaxt problemim olmayıb. İnanın, nə olubsa da mən unutmuşam. Sadəcə, onun yazılarından belə görünür ki, sanki hər şeydə atasını günahkar bilir. Onun haqq, yoxsa nahaq olduğunu demək, mənə düşməyib. Amma mənə elə gəlir ki, Günel bir az şişirdir. Ola bilər, kiməsə atmaca olub. Ancaq onunla bağlı belə bir şey yadıma gəlmir.

- Sizə elə gəlmir ki, elə Rasim kimi Taleh də orta statistik biri ola bilər? Bu da sizi geriyə aparar? Axı, dünyaya çıxmaq üçün bəşəri düşünməyi də bacarmaq tələb olunur.

- “O şey ümumbəşəridir ki, o şey millidir.” Müəllifin adını dəqiq xatırlamıram, təəssüf ki. İnsanlar bəzən elə bilir ki, biz millilikdən danışanda, ancaq özümüzlə oynayırıq. Halbuki “parazit” kinosu elə koreyalıların həyatındandır. Sən milli mövzulardan danışıb, bəşəri problemlərə toxuna bilərsən. İllərdir Azərbaycan kinosunun ən böyük problemlərindən biri ondadır ki, biz məhz Azərbaycan kinosu çəkə bilmirdik. Gah türk kinosu, gah rus, gah İran kinosu çəkirdik. Öz danışıq dilimiz, öz məişətimiz filmdə yox idi. Problem bizim özümüzdən qaçmaq istəyimizdir. Mən azərbaycanlıyam, mənə Azərbaycan daha maraqlıdır. İran kinoları ona görə dünyaya maraqlıdır ki, İranı göstərir. Mən heç vaxt ingilis kimi ingilis kinosu çəkə bilməyəcəm. Mən ingilisdən yaxşı ingilis ola bilməyəcəm. Biz yeddidə durub xaş yeyən adamlarıq, biz buyuq, biz bundan utanmamalı, özümüzü olduğumuz kimi qəbul etməliyik. Təbii ki pis olan nələrisə yaxşılığa doğru dəyişmək lazımdır, istənilən halda özümüzdən qaçmamalıyıq.

- Bəlkə Rasim sizin məşhurluğunuzdan əvvəlki adamdır? Bunu heç düşünmüsünüz?

- Təhtəlşüurda ola bilər. Aşağı-yuxarı biz azərbaycanlılar eyni şəraitdə yaşayır, eyni çətinlikləri görürük. Rasimin gördüyü çətinliklər bir çox ailələrdə olub. Bəlkə də bu obrazın bu qədər sevilməyinin səbəblərindən biri də bizə yaxın obraz olmağıdır. Ya biz, ya atamız. Çünki çoxumuz 90-ların uşaqlarıyıq. O dövr çətin dövrlər idi. Bu gün uşaqlarımıza nələrsə ala bilirik, almağa imkanımız olmayan şeyləri də nə iləsə əvəzləməyə cəhd edirik. Doxsanlarda isə adi bir konfet alanda da sevinirdik.

- Rasim Cəbiş müəllimin imitasiyası deyil?

- Xarakter olaraq oxşayırlar, amma Cəbiş müəllim sona qədər dəyişmir, özünə xəyanət eləmir. Rasim isə dəyişir, oğurluq edir.

- Bəs, “İqla” filmindəki bıçaqlanma səhnəsi?

- Filmdə göndərmə deyilən bir şey var. Bu, bir çox məşhur filmlərdə var. Həmin səhnə də göndərmə idi. Nədənsə bizim insanlarımız çox dərinə getmir, plagiat sözünü deməklə kifayətlənirlər. Halbuki bu plagiat deyil. O səhnəni insanların bir çoxu mənə irad tutdu. Plagiat odur ki, sən kiminsə əhvalatını oğurlayırsan. Burda isə plagiatdan söhbət gedə bilməz. Əgər siz bir öncəki bölümə diqqətlə baxsanız, görərsiniz ki, divarda həmin səhnənin şəkli var.

- Rasim sual verir ki, Azərbaycanın Nuri Bilgə Ceylanı niyə yoxdur? Sizcə, niyə yoxdur?

- Əgər mən o sualı vermişəmsə, deməli, bu sualın cavabı mənim özümü də maraqlandırır. Mən öz təxminlərimə əsasən bu suala belə cavab verərdim ki, doxsanlardakı böhranda bizim kino ənənəmiz də qırıldı. Nuri də maksimum nümunə deyil. Ancaq nə yaxşı ki, bizim Vaqif Mustafayevimiz var. Onun filmlərini çox sevirəm. Varımızdır, o demək deyil ki, bizdə yoxdur. Film sahəsinə ciddi fikir vermək lazımdır. Bu sahəyə ayrılan pullarla düzgün yatırımlar edilməlidir. Festivallar, master-klasslar etmək lazımdır. Ən əsası isə Mədəniyyət və İncəsənət Universitetindən başlamaq lazımdır. Bu ali məktəbi bitirmiş şəxs kimi deyə bilərəm ki, oranın təhsil proqramı çox köhnədir. Biz Stanislavskidə qalmışıq, dünya artıq onun tələbələrinin tələbələrini öyrənir. Düzdür, əsas Stanilavskidir, ancaq yeniliklər daim öyrənilməlidir. Daha sonra illik mükafatlandırmamız yoxdur, ilin aktyoru, ilin aktrisası və sair. Bunlar hamısı motivasiya verən şeylərdir.

- Siz qazanırsınız ancaq. “Zəhər tuluğu”nu çəkəndə heç kim sizə pul ayırmamışdı.

- Mənim bəxtim gətirdi, düzgün addımlar atdım. Mən onun də tərəfdarı deyiləm ki, oturub hər şeyi dövlətdən gözləyəsən. Amma kino hara firlatsan, pul tələb edən şeydir. İnternet hər aktyora karyera vermədi. Bu dünyada yeni bir mərhələdir. Bəlkə də mənim videolar çəkmək imkan olmasaydı, hələ də hansısa şirkətdə işləyirdim, ya teatrda, ya da başqa bir yerdə, bilmirəm.

- İşdən çıxıb özünü tamamilə bu işə həsr etmək risk idi. Bu addımı atmaq çətin olmadı? Birdən olmasaydı?

- Bu, intuitiv bir şeydir. Mən 2011-ci ildən 2017-ci ilə qədər başqa sahədə işləmişəm, ömrümün 6 ilini - gənc sevgili rolları oynayacaq yaşımı - başqa bir sahədə olmuşam. Çox riskli addım idi, o vaxt uşaqlarım balacaydı, xərclər çox idi. Amma mən inanırdım ki, bacaracam. Çox şükür ki, bacardım. İşdən çıxdığım andan bəri çox nadir hallarda olub ki, maddi çətinlik çəkmişəm. Mənim bu addıma qədər səhvlərim vardı, ancaq bu qərar düzgün qərar idi.

- Bir müddət teatrda çalışmısınız. Yenidən teatra qayıtmaq haqqında düşünürsünüz?

- Haradasa altı-yeddi il əvvəl qayıdardım, amma indi yox. Çünki teatr elə bir sənətdir ki, sən gərək ona həyatını sərf edərsən. Bu arzularla, bu qrafiklə teatra qayıtsam, məni ləngidə bilər.

- Bəs, televiziyaya keçməyi düşünürsünüzmü?

- Televiziyaya keçməyi heç vaxt düşünməmişəm. Televiziya internetin geridə qalmış formasıdır. Dəfələrlə aparıcılıq təklifləri gəlib, qəbul etməmişəm, özümü orda görməmişəm.

- Bəzən siyasi mövzularda yazılan statuslarınızı da görürük. Heç kiminsə sözü ilə status sildiyiniz olubmu?

- Bir dəfə olub. Düzü, mənim elə bir məmur ətrafım yoxdur. Dostlarımın əksəriyyəti uşaqlıqdan tanıdıqlarımdır. Bir dəfə şirkət xahiş edib. Həmin vaxt onlarla müqaviləm vardı. Həmin ərəfədə mən kəskin sosial bir video çəkmişdim. Çoxsaylı xahişlərdən sonra həmin şirkətlə olan münasibətləri nəzərə alıb videonu bağladım. İnsanların çoxu elə bildi ki, o videonu mənə dövlət sildirib. Əslində, məsələ bu cür olmuşdu. Bu günə qədər heç bir dövlət adamı mənə gəlib deməyib ki, bu statusu silməlisən.

- Ad gününüzdə xanımınız bir vaxt satmağa məcbur olduğunuz üzüyü aldığını paylaşmışdı. Deyəsən, həyat yoldaşı sarıdan bəxtiniz gətirib. Sizin xanımınız Rasimin xanımı kimi olmayıb.

- Biz ən çətin vaxtlarımızda bir yerdə olmuşuq. Mən onda arzuları olan bir aktyor idim. Dava elədiyimiz vaxtlar olub, hərdən özünü Rasimin arvadı kimi də aparıb. Çətinliklərimiz olsa da, ancaq həmişə yanımda olub. Vaxtikən satdığımız üzüyü də ad günümdə alıb. Ad günümdə çox içmişdim deyə, heç bilmirdim kim nə paylaşıb, sonradan gördüm. Düzü, mən bu haqda danışmağı xoşlamıram. Çətinlik olub, keçmişik, vəssalam.

- Onda bir az yeni filminiz haqqında danışın.

- Həmişə kino çəkmək istəmişəm. Çəkdiyim bütün videolar bu məqsədə məni yaxınlaşdırmaq üçün vasitə idi. Mən aktyor kimi ondan çox filmdə çəkilmişəm. Ancaq bu filmdə həm də müəllifəm. Orxan Mərdan, Cəlil Cavanşir, Pərviz Həsənov - ssenarini bir yerdə yazdıq. Filmdən gözləntilərim, ümidlərim böyükdür. Çünki personaj sevilir.

- Komandanızdan razısınız?

- Hə, razıyam. Amma nə qədər gördüyün işdən əmin olursan ol, son qərarı verən tamaşaçıdır. Çox narahatam, çox həyəcanlıyam. Hər tamaşaçımın filmə baxarkən simasını, reaksiyasını görmək istəyirəm.

- Bu filmlə nə demək istəyirsiniz?

- Məşhur bir deyimdə deyildiyi kimi: yaradıcılıq deməyə sözünün olmalıdır. Sən bir bankda, ofisdə hamını bir yerə yığıb deyə bilmərsən ki, həyat fanidir. Desən, hamı deyəcək ki, get, işinlə məşğul ol. Amma bunu filmdə deyə bilərsən. Mən indi konkret demək istədiyimi deyə bilmərəm. Bunu demək çox çətindir. Amma bir cümlə ilə ifadə etsəm, deyərdim ki, hamının sevgiyə ehtiyacı var…

Söhbətləşdi: Aytac Sahəd

# 4713 dəfə oxunub

Oxşar xəbərlər

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
# # #