"Bakını görmək ona qismət olmadı..." - Səlim Turan haqqında

"Bakını görmək ona qismət olmadı..." - Səlim Turan haqqında
21 aprel 2024
# 10:00

Kulis.az Azər Turanın "Səlim Turan: Bir Paris əfsanəsi" yazısını təqdim edir.

Səlim Turan "Sanat ve Toplum üzerine" kitabında "Sənət də uzaqlarda parıldayan bir dəniz fənəri kimidir. Orada bütün insanlar bərabərdir. Kral və dilənçi arasındakı bərabərsizlik silinmişdir (Qoyya). Oradakı yoxsul kəndli və ya bir pinəçi Hz. Süleyman və Hz. Davuddan fərqsizdir (Rembrant)" deyir. Bəlkə abstraktsionizmi elə bu şəkildə də anlamaq lazımdır. Belə olarsa, Səlimin çəkdiyi nonfiqrativ rəsmlərin dərinliyindəki obrazları görmək mümkün olar... Çarmıxdakı Hz. İsanı, ay-ulduzlu qırmızı bayraq daşıyan süvarini... Səlim Turan əsl sənətin görüntünü ilahiləşdirə biləcəyinə inanırdı.

O, türk rəssamlığında abstraktsionizmin banisidir. Baxmayaraq ki, türk sənətşünasları onun Türkiyədə lirik abstraktsionizmin banisi olduğu qənaətindədirlər. Amma buna rəğmən, Türkiyədə soyut rəsmlərin dövriyyəyə girməsi 1950-ci illərin əvvəllərində baş verirsə, Səlim Turanın yaradıcılığında bu, hələ 1940-cı illərin ortalarından etbarən müşahidə olunmağa başlamışdı və o, 1947-ci ildə Türkiyədən Fransaya təfəkkür tərzi etibarilə abstraktsionist olaraq gəlmişdi. Sonrakı mərhələdə üslubunda həm lirik, həm də geometrik abstrakt meyillər bir-birini əvəz edirdi. 1948-ci ildə Parisdə keçirilən və "La Rose des Vents" (Ruzigar gülü) adını verdikləri sərgidə gələcəkdə dünyanın aparıcı abstraksionistləri olacaq braziliyalı Antonio Banderia, şotland Uilyam Gear, fransız lirik absrtraktsionizminin banisi Marsel Lyubçanski, fransız rəssamı və kibernetik Nikolas Şoffer və holland əsilli fransız Kristina Boumeesterlə birgə Səlim Turan da var idi. Bu, abstraktsionistlərin belə geniş tərkibdə təmsil olunduqları ilk sərgiydi və Səlim Turanın Avropa sənət dünyasına ilk təqdimatı da həmin sərgidə gerçəkləşdi. Kristina Boumeester sonralar Nyu-Yorkdan Parisə gəlmiş sürrealist Qoetzlə evləndi və Qoetzlər ailəsinin ən əziz dostu da Səlim Turan oldu. Ardıyca çoxlu fərdi sərgilər. Avropa ünlü sərgilərdə Səlimin əsərlərini eşsiz və ən həyəcanverici tablolar olaraq etiraf etdi. 1960-cı illərdə seyrçilər Səlim Turanın abstrakt rəsmlərinə, az qala, dini ayin kimi tamaşa edirdilər. Orda - uzaqlarda parıldayan dəniz fənərinin işığında Hz. Musanı, Qüdsdəki Zeytun dağını, Hz. İsanın qəlbindəki həyəcanları görürdülər. Tablolarda görünən fiqur yoxdur. Amma parçalanmış, səpələnmiş, yayılmış rənglər haqqında söhbət gedən obrazları birmənalı şəkildə yansıdır. 1950-60-cı illərin fransız sənətşünasları bu tablolarda bənzəri olmayan dərinliyi sezir, onları əmsalsız və enerji dolu örnəklər kimi dəyərləndirirdilər. Səlim Turanın qara ləkələrlə qurduğu bu abstrakt kompozisiyalardan biri - Hz. İsanın çarmıxa çəkilməsi adıyla tanınan əsər 1950-ci ildə Parisdə nəşr olunan "La Revue Moderne" dərgisinin üz qabığında çap olunmuşdu. Səlim qara rəngin və qara rəngli xətlərin kosmoqonik dövriyyəsi ilə təxəyyüldə hadisəni gerçəkləşdirir. Türkiyə sənətşünaslarından Səma Olqaç qeyd edir ki, "Sezanda kainatı, Rembrantda dünyanı görərsiniz. Səlim Turan isə kosmik qasırğanın içərisində dünyanın bir alt ifadəsini göstərir". Doğrudan da, kosmik qasırğanın alt və dərin ifadəsidir.

Əli bəy Hüseynzadənin oğlu Parisdə Ranson Akademiyasında, Fontenblo Sənət Məktəbində və Qots Akademiyasında rəngkarlıqdan dərs deyirdi. Pikassonun xanımı Fransuaza Jilonun da sənət müəllimi Səlim Turan olmuşdu. Pikasso da Səlimi çox sevirdi. Bir yerdə yemək yeyər, zarafatlaşar, çimərliyə istirahətə gedərdilər. Dəniz kənarında çəkilmiş şəkilləri də var: "Pikasso ara-sıra məni və arkadaşım Qoetzi bəzən qəhvəyə, bəzən də yeməyə dəvət edirdi. Özü yeməyi zeytun və bir az çörəklə keçişdirirkən, biz istədiyimizi yeyirdik. Zaman-zaman Valorisdəki emalatxanasına gedib çalışmalar yapardıq. Bir gün Mark Şaqal gəlmişdi, at rəsmi çəkmək istədi, amma alınmadı. Bunun üzərinə Pikasso aldı və bir eşşək rəsmi çəkdi..."

Səlim Turan Parisdə qərib deyildi. Pikassodan başqa o, öz düşüncə əqrəbaları - Andre Jid, Andre Breton, Mark Şaqal, Araqon, Sartrla təmasdaydı. Çevrəsində taşizmin yaradıcılarından olan abstraktsionist və Səlimin Parisdəki ilk xeyirxahı Hans Hartunq var idi. Simvolistlər, sürrealislər, ekzistensialistlər.... Səlimin fərqli sənət gələnəyinə sahib olması, təzhib və miniatür, əbru və xəttatlıq sənəti barədə dərin bilgiləri və yaradıcılıqda bunu yetərincə və professional şəkildə ifadə etməsi onu Parisin sənət çevrəsində arzulanan bir intellektuala çevirmişdi. Türkiyə üçün də beləydi. Səlim Turan iki dünyanın adamıydı. O, İstanbulda Topqapı muzeyində, Parisdə Luvr muzeyində çalışmışdı.

Fransız sənətşünasları onun əsərlərində zəngin bir oriyentalizmin saysız-hesabsız tonlarını görürdülər.

Yeri gəlmişkən, Səlim hələ İstanbuldaykən, İsmayıl Hikmətin hazırladığı Fatih divanına miniatürlər çəkmişdi...

Fransada soyut, mücərrət, abstrakt rəsmin önəmli təmsilçilərindən olan Səlim, hələ Fransaya getməmiş, 1941-ci ilin mayında İstanbulda "Yenilər" qrupunu yaradanların ilk sırasındaydı, "Yenilər" təmayülünün əsasını qoymuşdu. Gözəl Sənətlər Akademiyasının məzunu Səlim Turanın da qatıldığı Liman sərgisi Türkiyə rəssamlığının modernizm üfüqlərinə gedən yolunu açırdı. Türkiyədə istər rəssamlıqda, istərsə də, poeziyada Yeni hərəkatı eyni vaxta hərəkətə gəlirdi. Birinci Yeni dalğasının əsas siması Orxan Vəli, burda da Səlim Turanın - Yenilər qrupunun yanındaydı. İkisinin də estetik qayəsi eyniydi. Modernizmin obrazlar sisteminə adi insanları qoşmaq, sadə insana enmək, onun yaşantılarını təsvir etmək, İstanbulun zənginlərini və aristokratiyasını deyil, Sirkəçidəki həyatı, İstanbul limanındakı balıqçını təsvir etmək. Rəssamlıqdakı bu Yeni dalğanı Orxan Vəli ilə yanaşı Tanpınar, Hilmi Ziya Ülken də dəstəkləyirdilər. Lakin rəssamlıqdakı türk Yenisi poeziyadakı Türk Yenisi kimi olmadı. Yenilər qrupunun fikri istiqaməti marksizmə yuvarlandı. Sosrealizm üslubunda çəkməyəcəyini əvvəlcədən bəyan etmiş Səlim Turan bir sıra səbəblərdən Yenilərlə yolunu ayırdı: "Yenilər Qrupu" üzərində basqı yoxdu. Aralarında dedi-qodu başladı, mən də bundan sıxılaraq ayrıldım".

Cümhuriyyət Xalq Partiyasının 1938-1944-cü illərdə keçirdiyi "Yurd gəziləri" layihəsində iştirak edən 10 seçilmiş rəssamdan biri də Səlim Turan idi və Muğlada, Bodrumda çəkdiyi rəsmlərlə altı il davam edən həmin müsabiqənin dəyişməyən qalibi hər dəfə Səlim Turan olmuşdu.

Bir Paris əfsanəsi olan Səlim Turan "Sarı qız" əfsanəsinin içərisində əfsanələşmiş bir ömür yaşadı. O, Sarı qıza çoxlu rəsmlər, abidələr, hətta mobil heykəllər həsr etdi. 1993-cü ildə Ankarada Qurtuluş Parkında qurduğu Sarı qızın heykəli öz ətrafında dönən, hərəkət edən nadir heykəldir. Abidənin bənzəri və təkrarı yoxdur. Səlim Turan təsəvvüfə dərindən aşinadır. Sarı qız obrazının aurasına açıq havada mövləvi atmosferi verib. Öz dairəsində hərlənən Sarı qız, sanki səma ayinini icra edir. Səlim, sanki Sarı qıza gizli sevgisinin etirafı olaraq, öz şəxsi vəsaiti ilə Taxtaçı türkmənləri üçün bir etnoqrafiya muzeyi açdı. Taxtaquşlar kəndində 1991-ci ildə yaradılmış bu muzey Türkiyədə dövlət yardımı olmadan açılmış ilk etnoqrafiya muzeyi idi. İndi Səlim Turanın adını daşıyır.

Səlim Turanın Sarı qız motivlərinə romantik sevgisindən bəhs edən türkiyəli sənətşünasların diqqətdən qaçırdıqları özəl bir məqam var. Xatırlatmağı lazım bilirəm. "Troya pərisinin hekayəsi"nin (Homer. "İliada") sərbəst tərcüməsini yapan Əli bəy Hüseynzadə izahlarının bir yerində Qırx könüllü türklərdən, Taxtaçı türkmənlərdən, "Sarı qız" məbədindən və Sarı qızın yanyatır sürəgindən bəhs edir. "Çingiz xana aid Alankova mənaqibini xatırladan bu Sarı Qız Məbədi daha İda dağının aid olduğu Qaz dağı silsiləsində bir çamlı təpədə bulunur. Qədim yunanlılarla türklərin bu dağa aid etiqadlarındakı oxşarlıq şayani-təqdirdir!.. Hər iki tərəf burasını eşq makdəsinin təcəlligahı ədd edərlər".

Türkiyə tədqiqatçılarının nəzərindən qaçan məqam təkcə bu deyil. Sarıqız barədə ilk informasiyalar onun qələmindən çıxdığı kimi, həm də bu unudulur ki, türk dünyasında modernist estetikalar, müxtəlif cərəyanlar barədə ilk informasiyanı türk oxucusu Səlimin atası Əli bəy Hüseynzadənin yazdıqlarından alıb. Bu mənada, Səlimin pərvəriş tapdığı ilkin qaynaq atasının yazdıqlarıdır. Belə məqamlar çoxdur.

Səlim də atası kimi, gördüyü böyük işlərə rəğmən, hər zaman pərdənin arxasındadır. Haqqında yazılmış kitabların birində o, "öz sərgisinin açılışına belə gec gəlib bir kənardan izləyəcək qədər alçaqkönüllü, dəbdəbədən uzaq bir adam", - deyə tanıtdırılır. Hələ 1950-ci ildə keçirilmiş ilk fərdi sərgisi barədə yazdığı məqaləsində fransız sənətşünası Robert Vrinat duyğusal bir ruh kimi səciyyələndirdiyi Səlim Turanı "sakit və sadə bir böyüklüyün tək örnəyi" adlandırmışdı. Yaxud 1955-ci ildə Fransaya gedən Əhməd Həmdi Tanpınarın Parisdən tənqidçi Adalet Cimcoza yazdığı 28 fevral tarixli məktubunda da Səlimin obrazı eynən bu şəkildədir: "Səlim o qədər gizli və çəkingən ki... Bir türlü baş-başa danışa bilmədim. Fəqət o da çox bəyənilir". Səlim Orxan Vəli ilə də dost idi. Bir-birinin evlərinə get-gəlləri vardı. Hər ikisinin İstanbulu eyniydi. Səlimin liman sərgisi üçün çəkdiyi İstanbul lövhələri eynən Orxan Vəlinin İstanbul şeirindəki İstanbuldur. İlk baxışda adi, amma düşündükcə gizli və dərin... Səlimdən sənət tarixinə hər ikisinin - Gözəl Sənətlər Akademiyasında ona estetikadan dərs demiş Tanpınarın və Orxan Vəlinin portretləri yadigar qaldı. Bir də Nazim Hikmətin portretini çəkib. Nazimlə 1930-cu illərdə İstanbulda Əhməd Ağaoğlunun evində görüşüblər. İkinci görüşləri isə Parisdə olub...

Səlim Turan Fransanın müxtəlif guşələrini - küçə və meydanlarını bəzəyən bir sıra heykəllərin müəllifidir: Lille Texniki Universitetinin bağçasında qurduğu heykəllər, Tuluzada bir sənət məktəbinin qarşısında uşaqlara həsr olnmuş zəngin kompozisiyalı heykəl seriyası - "Gəzin, düşünən çocuqlar" və s.

Onun 1975-ci ildə Fransada qurduğu bir abidə var. "Tezis Antitezis və Sintez" adlanır. Monumental və mistik görkəmli bu abidənin fəlsəfi qaynağı, şübhəsiz ki, Səlimin atasının - Əli bəy Hüseynzadənin fikirləridir. Yusuf Akçura deyirdi ki, "Əli bəy Hüseynzadə tezis və antitezisləri yüksək bir sintez halında birləşdirmişdir". Əli bəy bunu XX yüzilin əvvəllərində Bakıda türk dünyasının xoşbəxt əsasını - bayrağımızdakı üç ümdənin sintezini yaradarkən etmişdi.

Səlim Turanın 18 yaşı olanda, yəni 1933-cü ildə çəkdiyi bir karikatura var. Atasını təsvir edir. Hüseynzadə dəmir atın - Eyfel qülləsinin tərkindədir. Qüllənin əzəməti proporsiyadan kənara çıxa bilmir. Nə düşünüb, niyə belə çəkib? - Bilmirəm. Amma Parisin yüyəni Hüseynzadənin əlindədir... Bu, XXI yüzilin əvvəllərində Parisdə Hz. Məhəmmədin karikaturasını çəkən fransız rəssama yüz il əvvəl verilmiş ən mədəni və kübar cavabdır. Mədəniyyətin fəlsəfəsi tezis və antitezisi sintez etməkdən, onları birləşdirməkdən ibarətdir... Bunsuz mədəni cəmiyyət qurula bilməz.

Səlim Turan 1944-cü ildə Şahika Arutayla ailə qurmuşdu. Ömrünün sonuna qədər Parisdə ikiotaqlı mənzillərində iddiasız bir ömür yaşadılar. "Tam bir ermiş ömrü" yaşadıqlarını deyirlər... Can Yücel də 1948-ci ildə Parisdə onlara müsafir olub. Sonralar yazdığı "Səlim bir insana, Səlim bir rəssama" şeirində Can Yücel ermiş ömrü yaşayan Səlimi də, Şahikanı da misralara mistik ovqat qataraq xatırladır: "Mən ki, Matissi də bilirəm, Pikassonu da / Məxsus söyləyirəm böylə / Səlimi, Şahikayı tanıdım / Oh, - dedim o küçücük odada / Yağlıboya qoxusunu çəkdim burnuma / Bir rahib, bir rahibə / Heç konuşmadan mənə anlatdılar / Mikrokosmos nəymiş / makrokosmos nəymiş... /

Səlimi səlim bir ur kibi

Böyrümdə daşıyacağam

Zaman-zaman sızlayan.

Səlim Turanın 1947-ci ildən 1979-cu ilə qədər 33 il İstanbula gəlmək imkanı olmadı. İzn vermədilər. Dünyanın hər yerini gəzdi, hər ölkəsində, bütün böyük şəhərlərdə - Paris, Nyu-York, London, Bordo, Viviuan, Edinburq, Pitsburq, Təl-Əviv və Brüsseldə sərgiləri təşkil olundu, amma Türkiyədə...

Yalnız 1979-cu ildə Başbakan Bülənt Ecevitin imzaladığı bir qərarla Səlim Turanın İstanbula gəlişinə şərait yaradıldı və elə həmin il Türkiyə prezidenti Fəxri Korutürkün dəvəti ilə Səlim İstanbula gəldi.

İstanbuldan sonra Bakıya gəlmək, ata yurdunu görmək Səlim Turanın böyük xəyalıydı. Bunu hələ orta məktəbdə oxuyanda atamdan eşitmişdim. Amma Azərbaycana gəlmək Səlimə nəsib olmadı. Türkiyədən Fransaya qayıdandan sonra Parisdən Bakıya - professor Abbas Zamanova ünvanladığı belə bir məktub var:

"Möhtərəm qardaşım Zamanov. Maaləsəf bir sənə də keçdi. Bəzi üst-üstə gələn hadisələrdən bugünədək yazamadığımdan üzgünəm.

İlkin, qarım bir qəza keçirdi. Bacağını qırdı. O iyiləşdiyində 33 sənədir getməmiş olduğum Türkiyəyə girmək üçün bir fürsət edildi. Keçən temmuz ayında 2 ay üçün oraya getdik. Orada ailədən və sənətkar, yazar qəzetəçilər ayrı-ayrı aradılar və məşğul oldular və açmış olduğum davanı qazandım. Daha sonra bir sərgi açdım. Çox bəyənildi. Həpsi satıldı. Nəhayət, 7 ay sonra Parisə döndük.

Parisə gəldiyimizdə bir çox adminstrativ işlər birikmiş bulduq. Onları yapdıqdan sonra gözümdən əməliyyat oldum... Şimdi çox iyi görüyorum gözlüklə. Göz əməliyyatından bir ay sonra qarnımda bəzi narahatlıqlar oldu, doktorlar tədavi ediyordu, birdən artdı. Klinikdə əsaslı bir kontrol yapıldı və az qalsın qalın bağısaq dəlinəcək və ya tıkanacaqmış... Bu təhlükədən qurtardılar. Şimdi tədavi ilə kontrol ediyorlar. Böylə iyi gedərsə, əməliyyat yapmayacaqlar. Onun üçün uğraşıyorlar. İştə, əzizim, bizə arxa-arxaya gələn hadisələri izah etdim.

İnşaallah, yaza qədər tamamilə iyiləşir və sonbahara Azərbaycana bu səfər artıq gəlmək olur.

Yeni il münasibətilə sizə və bütün ailənizə sağlıq və səadət təmənnalarımızla hörmət və sevgimizi sunarız. Səlim... Paris".

Bakını görmək ona qismət olmadı.

1994-cü ilin 13 oktyabrında Parisdə dünyasını dəyişdi. "Gecə yarısı əl-ayaq çəkildikdən sonra rəsm çəkməyə başladı. Sabah üçə yaxın, fırçanı yana qoydu. Həmən oradakı yatağına girdi. İşığı söndürdü. Uyudu. Və sonra oyanmadı. Rəssam doğulmuşdu. Rəssam öldü" (Erhan Karaesmen).

Süleyman Dəmirəlin qatqısıyla Səlimi Parisdən İstanbula gətirdilər. Qaracaəhməddə atasının məzarına dəfn olundu. Bunu isə 3 Kasım 1994 tarixli "Cümhuriyyət" qəzet yazırdı: "Erhan Karaesmen, Selim Turan için yapılan toplantıya "uğurlama" değil, "karşılama" diyordu. Erhan Karaesmenin çağrısı üzerine dostları, yakınları mikrofona gelerek birkaç tümceyle duygularını belirttiler. Bunlar arasında şunlar da vardı:

Savunman Necla Fertan, Mimarlar Odası Yönetim Kurulu Başkanı Safih Pekin, Azerbaycan Yazarlar Birliği Başkanı Anar Rızayev (O, bir Nazım Hikmet dostuydu), Paristen gelen Osmanlı tarihçisi Stefan Yerasimos, ünlü ressam Ferruh Başağa, sanat eleştirmeni Kıymet Giray, eski galeri yöneticisi yazar Suna Gönen, Kültür Bakanlığı eski yöneticilerinden Altuğ İzat, Tahtakuşlar Köyünden Alibey Kudar, Selim Turanın eşi Şahika Turan..."

Səlimdən sonra Şahika xanım İstanbulda qaldı. Parisə qayıtmadı, Adalarda - Heybəliadada yaşadı və dünyasını da orada dəyişdi.

1915-ci ildə dünyaya gələn Səlim Turan Əli bəy Hüseynzadənin üç övladından biri və tək oğluydu. Nə bacılarının, nə də özünün övladı olmadı... Hüseynzadələr, Can Yücel demişkən, mikrokosmosun, makrokosmosun nə olduğunu susaraq anlatdılar və getdilər...

***

Mədəniyyətimizi dünyaya çıxarmağın yolları barədə çox danışırıq. Bizdən olan, bizim olan Səlim Turanı dünya tanıyır və etiraf edir. Biz tanıyırıqmı?

2 aprel 2024

# 1199 dəfə oxunub

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyi Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yaydı

16:25 22 may 2024
"Qadın kişidən zəifdir, bu, həqiqətdir..." - Niyə Marsa qadın gödərmək istəyirlər?

"Qadın kişidən zəifdir, bu, həqiqətdir..." - Niyə Marsa qadın gödərmək istəyirlər?

16:00 22 may 2024
Depardyeyə daha bir ittiham

Depardyeyə daha bir ittiham

16:00 22 may 2024
Kıvanç Tatlıtuğ 12 milyonluq təklifi rədd etdi

Kıvanç Tatlıtuğ 12 milyonluq təklifi rədd etdi

15:30 22 may 2024
Ramiz Əskər vəfat etdi

Ramiz Əskər vəfat etdi

14:39 22 may 2024
“Sonuncu hərbi əmr”  nəşr olundu

“Sonuncu hərbi əmr” nəşr olundu

14:30 22 may 2024
# # #