"Sehrbazlar dərəsi"ndə qara rəngin mahiyyəti - Elmir Həsən

"Sehrbazlar dərəsi"ndə qara rəngin mahiyyəti - Elmir Həsən
4 dekabr 2023
# 14:40

Kulis.az Elmir Həsənin “Sehrbazlar dərəsi”ndəki əbədi dünya ilə gerçək dünya arasındakı assosasiya və qara rəngin mahiyyəti" adlı yazısını təqdim edir.

Yazıçı Kamal Abdulla öz yaradıcılığında hər şeydən əvvəl düşündürücü məqamları ilə oxucu təfəkkürünün inkişafına yönəlmiş yazıçı məqsədinə malikdir. O, ortaya atmış olduğu problemlə Sokratsayağı oxucunu həm qəhrəmanın əməlləri və həyati situasiyaları barədə düşünməyə, həm də onların öz hərəkət və sözlərini müəyyənləşdirən əsas prinsiplər və görüşlər barədə fikir yürütməyə məcbur edir.

"Yarımçıq əlyazma" romanında bizlər üçün sabitləşmiş motivlərin burada tamamən fərqli təqdim olunduğunu görürük. Postmodern əhvali-ruhiyyədə yazılmış bu əsər Azərbaycan ədəbiyyatında xüsusi əhəmiyyətə malikdir.

Kamal Abdulla magik realizm cərəyanına da müraciət etmiş, dərin mənalar kəşf edə biləcəyimiz simvollar əhatəsində yenilikçi ruh ortaya atmışdır.
Niyə məhz Karvanbaşının cəllad atası Məmmədqulunun ruhunu çağırmaq üçün axtardığı dərənin adı “Sehrbazlar dərəsi” idi? Çünki burada adlı-sanlı sehrbazlar gəlib məskən salmışdılar. Nə üçün buranı seçmişdilər – bax, bunun səbəbindən agah olan bir kimsə yox idi. Dərədən bircə yol məmləkətə qalxırdı ki, bu da sehrbazlar üçün həyat mənbəyi idi. Çünki bir kimsələr bu yolla getdiyində sehrbazlardan hansınısa özləri ilə aparar, cadu-sehrdən istifadə edər, məqsədinə yetişəndən sonra həmin sehrbazın möcüzkarı köməyinə, şəxsinə iman gətirərdilər. Həmin sehrbaz da qazancından bərabər şəkildə hamıya paylayırdı. Yazıçının sehrbazlar dərəsini bir növ Nizami Gəncəvinin xoşbəxtlər ölkəsi ilə bənzətmək də mümkündür. Xoşbəxtlər ölkəsi dahi şairin görmək iddiasında olduğu, həyatı ərzində ideal cəmiyyət, bərabərlik, humanizm kimi axtarışlarının bədii-estetik saflıq, möhtəşəmlik zirvəsi idi.

K.Abdulla da məhz bu əzəmətli ideallardan öz əsərində böyük mərtəbə inşa edir. Tərki-dünya - təkcənəlik hər bir sehrbazın gün ərzində 1-2 saatlığa çəkildiyi düşünmə, öz özüylə danışması, özünün daxilindəki məninə yetişməsi məqamıdır. Bu məqam həm də ən qutsal məqamdır. Bu an yalnız sən daxili mənin qarşısında özünü sorğuya çəkmiş olursan. Bu mənada ən yuyunmuş batini saflığında özünü mühakimə edə də bilərsən, yaxud da əksi. Ən əsasən, sən özünlə baş-başasan.

Post-modernizmin yozumluğu müstəvisində cilalanmış roman təbiət mənzərəsinin ən çılpaq, ən yuyunmuş halında bərqərar olmuş sehr dünyasından ibarətdir. Ümumilikdə, K.Abdullanın yaratdığı əsərlərin qəhrəmanları daha çox mülayim xarakter ölçüsünə uyğun gəlir. Qara rəngin ağ rəng ilə antaqonizmi və bu dayanışma müstəvisində qaralığın sahibkarlığı elan edilir.

Qara rəngin müxtəlif mərtəbələrdən fərqli-fərqli yozumları bəllidir. Büsbütün qaranlıq ənginlik fəzasında zaman axını. Qara insan həyatının ən mühüm rəngidir. Günəşin pamparlaq şüaları, imisti hərarəti altında ağarmaq əvəzinə qaralmaq, ağ və qara rəngin zidd təşkil etdiyi gözlər, qorxu, "qara saçlı", "qara qaşlı", "qara bəxt", "qara xəbər" kimi daşlaşmış ifadələr qaralığın minbir mənfi və müsbət mənalarda parlaması onun sirrinin fövqünü bir qədər də yüksəldir. Qara rəng gəncliyin təcəssümüdür, ağ rəng ömrün qürub çağının rəngidir. Ancaq yazıçı əsərdə Qara rəngi var olan kainatın yaradıcı rəngi kimi təsvir edir.

Magik realizm əsərlərindəki dünya real dünyaya əsaslanır, ancaq bu dünyada fantastik elementlər formal hesab olunur. Nağıllarda olduğu kimi magik realizm romanları da fantaziya ilə reallıq arasındakı sərhədi melanxolikləşdirir. Kamal Abdullanın magik realizmi Borxesin magik hekayələrindən daha çox Markesin bu üslubda yazılmış hekayə və romanları (“Yüz ilin tənhalığı”) ilə kəsişir. Borxesin magik hekayələrini oxuduğumuz vaxt qərbin elmi intellektuallığına yaxınlaşırıq, baxmayaraq ki, Borxesin magik hekayələrində kifayət qədər Şərqin ən qədim tarixindəki sirrlərlə az-az qarşı-qarşıya qalmırıq. Onun “Babil kitabxanası” hekayəsi sərt, ziddiyyətli, sirli dinamikanın proyekasiyasını təşkil edirsə, Kamal Abdullada dünya, fanilik, yaşadığmız dünyadan sıyrılıb, ən dolğun reallıqlara yetişmək və s əsas mövzu təşkil edir. Kamal Abdulla öz magik realizm əsəri ilə Qərbdə yaranmış cərəyanının Şərq qolunu yaradıb. Qədim Şərqin fəlsəfəsi ilə əhatələnmiş “Sehrbazlar dərəsi” romanı oxucunu müxtəlif həqiqət və sirrlərlə xəfif, ahəstə-ahəstə tanış edir. Q.Q.Markes və Kamal Abdullanın əsərləri bu yöndə Borxesin magik əsərlərindən fərqlənir.

Kamal Abdulla göy üzünün qaranlığını bütöv aləmin elmi-bədii düsturu kimi təqdim edir. Göstərir ki, göy üzünün qaranlığı bir pərdə halına gələrək bizim qarşımızda çəkilib, ancaq onun arxasındakı ulduzlar isə onun gerisindəki işıq bolluğunun varlığına işarədir. Amma o sonsuz - bizim gözlərimizin əhatə etdiyi pərdənin sökülən yeri isə insanların daxili dünyasındakı qaranlıq künclərə işıq salır, onların mənəvi, ruhi aləminə aydınlıq qərq edir. Bu abstrakt düşüncələr, şübhəsiz ki, Ağ Dərvişin fikirlərini yorğun düşmüş halında məşğul edirdi. "İşığın sərhəddinə, əlbəttə ki, qaranlıq keşik çəkir". Ağ Dərvişin sual dolu nəzərlərində cəm olunan bu fikirlərin cavabı da onun dilində idi:

"Gecə vaxtı göy üzünə nəzər salın. Yaxşı baxın. Allaha gedən yol ulduz adlandırdığımız deşiklərdən işığın görükən yoludur. Bu yol əvvəl-əvvəl qaranlıqdan keçir."

Bütün çətinliklər qaranlıq bir pərdədən ibarətmiş kimi düşünsək, ulduzların isə həmin qaranlıqlardan süzülüb bizlərə yetişən işıqucu ümid hesab etməməyə haqqımız çatmır. Qaranlıq müəzzəm bir həyatdır. Qaranlıq olmasa idi işığı tanımaz olardıq, çətinlik, keşməkeşli günlər olmasa idi, rahatlığın mahiyyətini anlamaz olardıq, ayrılıq olmasa, sevginin birliyini, ucalığını duymazdıq. Bizim daxili dünyamız büsbütün qaranlığın ənginliyindən ibarətdir. Ki, bizlər onu müxtəlif zaman çərçivələrində ya aydınlığa doğru, ya da zülmətə doğru dəyişmiş oluruq. Ağ Dərviş bu mənada özünü mühakimə edir, gerçək mənaya yetişməyə cəhd edir.

Afina filosofu Sokrat qeyd edirdi ki, fəziləti ifadə etmək üçün yunan dilində “arete” sözü var idi. İlkin olaraq o, sözün dar mənasında, moralizator sayağı mənada "fəzilət"i, bir sıra əməllərdən özünü saxlamanı nəzərdə tutmurdu: "yaxşı olardı ki, xoşagəlməz vəziyyətlərə düşməyəsən", "yaxşı olardı ki, lazımsız yerə pul xərcləməyəsən", və i.a. Fəzilət bir arete olaraq daha çox cəmiyyətdə, digər insanlarla münasibətlərdə əsl insani potensialın təcəssüm etdirilməsidir.

Karvanbaşı ilə atası cəllad Məmmədqulunun ruhunun qarşılaşması xüsusi mühakimə məqamını özündə təcəssüm etdirir. Karvanbaşı intiqam hissi ilə coşub-daşan, Məmmədqulu isə ondan heç cür fərqlənməyən yazıçı qəhrəmanı, amma xeyr, Məmmədqulunun cəllad olmasına aparan alt səbəblər də var, əgər biz Məmmədqulunu anlamaq istəsək, gərək ki, yazıçının xüsusi təəssübkeşliklə yanaşdığı qəhrəmana qarşı bir az da səmimi hisslər göstərək. Məmmədqulu Pərnisənin eşqinin təsirindən Kafkanın "Çevrilmə"sinə bənzər melanxoliya yaşayır. Ancaq burada problemə aparan yol fərqli, amma nəticə oxşardır. Belə ki, cəllad Məmmədqulu Pərnisə qarşısında, Qreqor isə düşdüyü cəmiyyət içərisində böhrana yuvarlanır. Amma bu o demək deyil ki, bu iki əsər hər ikisi eyni ortaq müstəvidə kəsişir. Məmmədqulu Pərnisəylə qarşılaşanda Pərnisə Məmmədquluya cavab verir:
– “Hamı səndən qorxur, bilirəm, amma mən
bax bu boyda da qorxmuram, heç zərrə qədər
qorxmuram. Bil…”
– “Sən məndən niyə qorxmalısan ki. Mən ki
səni tanımıram, sən də məni tanımırsan.
Qorxma…”

Demək ki, qorxunu duymaq üçün gərək ki, qarşındakını tanımış olasan, eynilə hər hansı fəlakət baş verməmiş ona qarşı sərgilənən məsuliyyətsiz davranış kimi, gər ki, hadisə baş verdi, ondan sonra yaranan peşmanlıq faydasız olur, hara burulsan da. İnsan da belədir, daxili hörümçək toru kimi hörülmüş qaranlıq, həm də qorxulu yuvadır. Ki, tam mərkəzində hörümçək daim öz ovunu gözləyir ki, samsadə səhvindən ovunu peşman etsin. “gəl, gəl qız, mən ki həyatım boyu əsl məhəbbətin, əsl nəşənin nə olduğunu bilmədim, həsrət bilmədim, vüsal bilmədim, həyatı necə və kimə və nə üçün qurban verməyi bilmədim” bu fikirləri deyən də məhz cəllad Məmmədqulunun baxışları idi. Sevgi həssas qəlblərə tez yol tapır deyirlər, amma Məmmədqulu isə bu həssaslığın təsirindən cəllada çevrilmişdir.

Quranda belə bir ayə var: «Səndən ruh barədə soruşsalar, de ki, Rəbbimin işindəndir bu. Sizə elmdən az verilmiş» (İsra- «Gecə aparılma» surəsi, 85-ci ayə).

Karvanbaşının atasının ruhu ilə qarşılaşması gerçək aləmin özündə baş verir. Karvanbaşı intiqam hissi ilə özünə sığmır, ruh isə daha təmkinli, bu işləri Allaha saxlamağı məsləhət bilir. Gər ki, Karvanbaşı başqa tərəfdən düşünür və bu intiqam yanğısı onu gec-tez uçuruma aparır. Ümumən zəhərli düşüncə yalnız insanın özünü zəhərləmiş olar. Sonda şahın əlinə keçməmək üçün ruhun çağırışı ilə xəncəri köksünə saplıyır. Karvanbaşınım ölümü də kədərli oldu. Bəli, kədərli ölümün özü də bir məyusluqdu, ona görə ki, ölüm son nəticənin məhsuludur, amma doğuluşun şərəflisi, şərəfsizi olmur, dünyaya doğulan hər kəs saflıq içərisində olur. Amma ölüm belə deyil, ölümün məsuliyyəti daha böyükdür bu fani insan həyatında.
Ən nəhayətində "Sehrbazlar dərəsi" əsəri istər yazılış manerası ilə, istərsə də özündə cəmləşdirdiyi iyerarxik sirləri ilə diqqət çəkir. Kamal Abdullanın bu əsəri sehrli elementlərin əhatəsində məhdud malumatla qapanır. Müəllif mümkün qədər qeyri-adiliyi normallaşdırmaq və gündəlik həyatın bir hissəsi olduğunu oxucuya anons vermək üçün əsərində sehri bilərəkdən izah edilməz şəkilə salmağı məqsədləyir.

Sonda isə oxucu öhdəsinə düşən əsas məsuliyyət əsərin gedib çıxa bildiyi ən uzaq sirlər aləminə özünün çatmasıdır.

# 1616 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #