Salam Salamzadə - Yasaqlar dövrünün rəssamı

Salam Salamzadə - Yasaqlar dövrünün rəssamı
7 mart 2024
# 12:00

Bu gün Xalq rəssamı Salam Salamzadənin doğum günüdür.

Kulis.az Əsəd Quliyevin "O, tamam fərqli bir sənətkardı..." adlı yazısını təqdim edir.

Azərbaycan təsviri sənət aləmində özünəməxsus yeri var Onun. Təsviri sənətin dəzgah rəngkarlığı sahəsində fəaliyyət göstərib, yaddaqalan əsərlər müəllifi kimi tanınıb və həmçinin, incəsənət istiqaməti üzrə uğurlu ictimai fəaliyyət göstərib. Haqqında söhbət açdığım şəxs Xalq rəssamı Salam Əbdülqasım oğlu Salamzadədir (1908-1997).

S.Salamzadə Bakı şəhərində dünyaya göz açıb. O, sənətin sirlərinə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda yiyələnib və sonra Azərbaycan Dövlət Pedaqoji İnstitunda təhsil alıb. Hələ tələbə ikən "Şərq qadını" və "İnqlab və mədəniyyət" jurnallarında bədii tərtibatçı işləyib, illüstrasiyalar çəkib. Rəssam yaradıcılığı boyu süjetli tablo, portret, mənzərə və natürmort janrlarında maraqlı, məna və məzmun yükünə malik sənət əsərləri qalereyası ərsəyə gətirib. S.Salamzadənin Bakı (1959), (1962), (1974), Moskva (1969), (1974) və Kiyev (1974) şəhərlərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Rəssam həmçinin, ictimai fəaliyyətlə də məşğul olub, Azərbaycan Milli İncəsənət Muzeyinin və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru vəzifəsində işləyib. Əməkdar incəsənət xadimi (1940), Xalq rəssamı (1982) fəxri adlarına, eləcə də Nasir adına Beynəlxalq mükafata (1974) layiq görülüb. Əsərləri ölkəmizlə yanaşı xarici ölkələrin də muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

XX əsrin əvvəllərində Azərbaycan təsviri sənət məktəbini dövrün tələbləri səviyyəsində inkişaf etdirmək, üçün mövcud ictimai siyasi quruluşun və bu quruluşun gətirmiş olduğu yeni qaydaların təsiri son dərəcə hakim rol oynayırdı. Bu baxımdan bir növ mütərəqqi dünya təsviri sənət ənənələri ilə tanışlıq, milli tarixi ənənələrə sadiqlik ciddi tənqid olunub, yasaqlanırdı. Hətta Rusiya rəssamlıq məktəbinin Avropa rəssamlığından əxz etdiyi klassik sənət dəyərləri belə rus mədəniyyəti kimi təqdim və təbliğ olunurdu. Bu dövrdə təhsil alan, müstəqil bədii yaradıcılıqla məşğul olan sənət adamları mürəkkəb yaradıcılıq mühitində fəaliyyət göstərirdilər. S.Salamzadə də yaradıcılığının əvvəllərində daha çox bədii axtarışlarda olmuş, milli təsviri sənət ənənələrimizi mütərəqqi sənət üsulları ilə çuğlaşdıraraq, yeni sənət əsərləri ərsəyə gətirməyə üstünlük vermişdi. Rəssamın yaradıcılığını şərti olaraq iki mərhələyə bölmüş olsaq, birinci mərhələdə onun daha çox dekorativliyə, təmiz rəng keçidlərinə, sadə kompozisiya quruluşu və səthi perspektiv həllinə üstünlük verdiyini müşahidə etmiş olarıq. Sadalanan bu sənət metodları təbii ki, miniatüra sənətimizin təsirindən irəli gəlirdi. Rəssamın belə əsərlərinə Gəncə və Lənkərana səfər edərək görüb müşahidə etdikləri əsasında yaratdığı "Sap sexi" (1930), "Gəncə toxuculuq fabrikində" (1931), "Komsomolçular iş vaxtı" (1931), "MTS-in açılışı" (1932), "Konserv fabrikində" (1932) və başqalarını qeyd etmək olar.

Yaradıcılığının ilkin illərində rəssam özünün də təsirləndiyi, ilham aldığı ənənələrə qarşı çıxaraq bunun sosialist realizminə zidd olduğunu düşünürdü. "İnqilab və mədəniyyət" jurnalında dərc olunmuş geniş məqaləsində rəssam o dövrün sənət mühitini və sənət dəyərlərini qiymətləndirərək, sənət və sənətkarlar haqqında öz mülahizələrini irəli sürmüşdü. Baxmayaraq ki, rəssamın bu mövqeyi ziddiyyətli olduğu qədər də, doğru deyildi. "Sosialist realizmi və Azərbaycan rəssamlarının yaradıcılıqları" adlanan məqaləsində o yazırdı: "Repindən istifadə etmək "olar", lakin Matisdən "olmaz"; Surikovdan istifadə etmək "olar", Krubedən "olmaz", Sezandan "olar", Qoqendən "olmaz"..."

S.Salamzadə İkinci Dünya müharibəsi illərində daha çox müharibə qəhrəmanlarının portretlərini və Ədəbiyyat Muzeyi üçün süjetli kompozisiyalar işləmişdi. Rəssam müharibə illərindən sonra yaradıcılıq miqyasını genişləndirərək, ölkəmizin cənub bölgəsinə (Lənkəran, Astara) yaradıcılıq ezamiyyətlərinə yollanmış, bir çox uğurlu əsərlər yaratmışdı. S.Salamzadənin təqdimatında incəsənət xadimlərinin portretləri, əmək adamlarının iş prosesində təsvir olunmuş surətləri olduqca inandırıcı, obrazların xarakterik və psixoloji xüsusiyyətlərini təcəssüm etdirən, daxili aləmlərini açan, həmçinin, sənaye mənzərələri və təbiət lövhələrində lirik bədii təfərrüatları özündə əks etdirən bədii elemenlərlə zəngindir. Rəssamın portret əsərlərinə "Manya Kərimovanın portreti" (1938), "Üzeyir Hacıbəyovun portreti" (1941), "Xalq artisti Sidqi Ruhullanın portreti" (1944), "Röyal arxasında" (1955), "Azərbaycanın ilk qadın kino rejissoru Qəmər Almaszadənin portreti" (1957), "Gilənarla qızın portreti" (1957), "Nəriman Nərimanovun portreti" (1958), "Gənc kolxozçu qızın portreti" (1964), "Kəndli qız" (1972) və başqalarını misal göstərmək olar. Sadalanan portretlərin hər biri haqqında ayrıca bəhs olunmağa layiq əsərləridir. Rəssam ömür-gün yoldaşı - məşhur şair Əliqulu Qəmküsarın qızı, ölkəmizdə ilk qadın kinorejissor olmuş Qəmər Salamzadənin bir çox portret əsərlərini çəkmişdi. S.Salamzadə süjetli tablo və mənzərə janrında yaratmış olduğu əsərlərində bəzən sintez üsulu ilə iki janrın xüsusiyyətlərini bir tabloda birləşdirərək əks etdirmişdi. Süjetli tablo və məzərə əsərlərindən "Rüstəmin Əfrasiyabla döyüşü" (1934), "Günəş altında" (1958), "Sovxoz çölləri" (1959), "Suya gedən qadınlar" (1968), "Çay plantasiyası" (1970), "Rəfiqələr" (1970), "Qürub çağı" (1973), "Toya gedənlər" (1974), "Astara subtropik sovxozu" (1976), "Rezervuarlar" (1976), "Lənkəran çaybecərənləri" (1977) və digərlərini qeyd etmək olar.

S.Salamzadənin xarici ölkələrə yaradıcılıq ezamiyyət və səfər nəticəsində yaratmış olduğu tablolar onun yaradıcılığının ayrıca bir istiqamətini təşkil edir. Rəssam ərəb ölkəllərində uzunmüddətli yaradıcılıq ezamiyyətində olmuşdu. O, yarım ilə yaxın ərəb ölkələrində yaşamış, Misir, İraq, Suriya, Livan və başqa ərəb ölkələrində gördüyü, müşahidə etdiyi hal və hadisələri rəssam təxəyyülündən keçirərək, diqqəti cəlb edən rəngkarlıq əsərləri yaratmışdı. Rəssamın yaradıcılığının 10 ilə yaxın dövrü ərzində ərsəyə gətirdiyi müxtəlif janrlı əsərlər "Ərəb ölkələri silsiləsi"ni (1961-1970) təşkil edir. Sənətşünas, AMEA-nın müxbir üzvü Kərim Kərimov bu haqda bildirib: "Ərəb ölkələrində çox rəssam olmuş, lakin heç kəsə S.Salamzadə qədər ərəblərin həyatı ilə yaxından tanış olmaq, geniş müşahidələr aparmaq, hadisələrin mahiyyətini duymaq və gələcək əsərləri üçün bu qədər material toplamaq nəsib olmamışdı".

S.Salamzadə uğurlu bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı, ictimai sahədə də səmərəli çalışıb, həmçinin, ölkəmizdə sənətşünaslıq elminin təşəkkülündə iştirak edib, təsviri sənət istiqaməti üzrə jurnal və qəzetlərdə onlarla məqalə dərc etdirib. Müstəqillik illərində isə rəssam xatirələrini qələmə alaraq "Nizami Muzey sərgisi necə yarandı", "Mədəniyyətimiz, adımız, soyadımız..." adlı məqalələrlə mətbuatda çıxış edib, öz xatirələrini bölüşüb. Rəssam ikinci məqaləsində yazırdı: "Yadımdadır, "İnqilab və mədəniyyət" jurnalının məsul katibi, yazıçı və ictimai xadim Əvəz Sadıqla hal-əhval tutarkən o dedi ki, "İnqilab və mədəniyyət"dən ancaq "və" qalmışdır. Çünki jurnalın adını çevirib "Revolyusiya və kultura" qoymuşdular".

İki qərinəlik yaradıcılıq yolu keçmiş, həyatı boyu yüksək bədii estetik zövq aşılayan sənət əsərləri yaratmış Xalq rəssamı S.Salamzadə öz adını incəsənət tariximizə daimi həkk edən sənətkarlardandır.

# 1090 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
"Bahar"ın aktrisası yeni serialda

"Bahar"ın aktrisası yeni serialda

09:36 12 dekabr 2024
Məşhur aktyorun nəvəsi:  "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

Məşhur aktyorun nəvəsi: "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

09:00 12 dekabr 2024
İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
# # #