Salam Qədirzadənin oğlu: “Atamın adından istifadə eləməyi xoşlamıram” – Müsahibə

Salam Qədirzadənin oğlu:  “Atamın adından istifadə eləməyi xoşlamıram” – Müsahibə
15 noyabr 2023
# 21:00

Bu gün mərhum yazıçı Salam Qədirzadənin anım günüdür.
Kulis.az yazıçı Salam Qədirzadənin oğlu Ruslan Qədirzadə ilə müsahibəni təqdim edir.

- Əvvəlcə tanış olaq...

- Mən, Ruslan Qədirzadə, Azərbaycan Dövlət Universitetinin (indiki BDU – red.) şərqşünaslıq fakültəsini bitirmişəm, fars dili mütəxəssisiyəm. Bir müddət Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişəm, “Azərnəşr”də işləmişəm, indi Stolüstü Tennis Federasiyasının mətbuat katibiyəm.

- Gənc nəsil Salam Qədirzadəni tanımır...

- Həmişə demişəm, Salam Qədirzadə unudulub. Çünki, dünyasını dəyişdiyi 27 il ərzində əsərləri, demək olar ki, çap olunmayıb. Bircə, 1998-ci ildə öz hesabımıza “Qış gecəsi” romanını buraxmışıq. Amma indi “Hədəf” nəşriyyatı ilə müqavilə bağlamışıq, atamın bütün əsərləri orda çap olunacaq. “Qış gecəsi” və “Qırx altı bənövşə” artıq çap olunub. Ümid edirəm, bundan sonra tanıyacaqlar.

- Ananız milliyyətcə rusdur...

- Hə... 1952-ci ildə - atam Qorki adına Ədəbiyyat İnstitutunda oxuyanda tanış olublar. Özü də bilirsiniz harda? Elektrik qatarında. Anam mütaliəni çox sevirmiş, oturub nəsə oxuyurmuş, bunlar da bir dəstə cavan oğlan qatarla gedirmişlər. Əli Kərim, İsa Hüseynov, Nəbi Xəzri, İsgəndər Coşqun və atam bir yerdə oxuyub, Peredelkinoda yataqxanada qalıblar. Qatarda həmişə dörd nəfər gənc qızla rastlaşırmışlar: üçü deyir-gülür, biri eləcə kitab oxuyur. Atamın diqqətini çəkib və yaxınlaşıb.

- Bilmirsiniz, həmin vaxt hansı kitabı oxuyurmuş?

- Bu qədər detallı bilmirəm. Anam toxuculuq fabrikində işləyirmiş və həmin qatarla işə gedib-gəlirmiş. Atamgilin yataqxanası vaxtıyla Aleksandr Fadeyevin bağ evi olub. Elə həmin il də ailə qurub atamla-anam. 53-də mən dünyaya gəlmişəm, 58-də bacım doğulub. Bacım indi reklam agentliklərinin birində məsul vəzifədə işləyir.

- Adınızı Puşkinin əsərindən götürüblər yəqin ki...

- Adımı atam qoyub. Çox yəqin ki, elədir. Adımdan heç vaxt xoşum gəlməyib. Hətta arada dəyişib Rüstəm eləmək istəyirdim, kimsə məni inandırdı ki, elə Ruslan da Rüstəm adından düzəlib. Rüstəm-Zal filan... O da qəhrəmandır axı...

- Ananız indi Hüsü Hacıyevdəki evinizdə yaşayır?

- Yox, o evdə mən qalıram. Sonuncu yazıçı İsa Muğanna idi orda, o da dünyasını dəyişdi.

- Övladları qalır...

- Hə, övladları qalır...

- Siz bu evdə doğulmusuz?

- Yox, mən “Sovetski”də, Nərimanov heykəlinin arxasındakı beşmərtəbədə yaşayarkən dünyaya gəlmişəm. Qapı qonşumuz Ziya Bünyadov və Şıxəli Qurbanov idi. Atamla yaxın dost idilər. Hətta Şıxəli Qurbanov ideologiya üzrə katib işləyəndə atamı “SK”-ya şöbə müdiri qoymaq istədi, razılaşmadı. Dedi, mən yazıçıyam, vəzifə adamı deyiləm.

- Sizcə, düz elədi?

- Düz elədi.

- O zaman siz niyə tərcüməçiliyi atıb məmur işləyirsiniz?

- Mən başqa, o başqa.

Image result for Salam Qədirzadə

- Mühafizəkar Bakı mühitində doğulan adamın rusla evlənməsi bir az çətin olardı.

- Bir az narazılıq olub, soyuq qarşılayıblar ki, bizsiz getdin, gətirdin... Həm də atamın burda sevdiyi başqa bir qız varmış. Heykəltəraşmış. Bir neçə dəfə görüşüblər də. Buna görə də narazılıq olub. Amma ailə qurandan sonra söhbət səngiyib. Görüblər anam yaxşı insandı.

- Nə əcəb atanızı Moskvada saxlamayıb?

- Atam bir gün anamı Yazıçılar İttifaqına aparır, pilləkəndə Səməd Vurğunla qarşılaşırlar. Atam onları tanış edəndə, Səməd Vurğun da eyni sualı verir. Anam deyir, ərim haralı, mən də oralı! Səməd Vurğun gülüb deyir, demək, məhəbbət vətən sevgisinə qalib gəldi.

- Azərbaycanca necə bilir?

- Əla. Dilimizi də, mətbəximizi də öyrənib. Nənəm onu öyrədib. İndi də, baxmayaraq ki, 84 yaşı var, Azərbaycan xörəklərini elə bişirir, heç kim onunla yarışa bilməz.

- Sizinlə hansı dildə danışır?

- Hər iki dildə. Amma, təbii, doğma dili rus dilidir.

- Bəs sizin ana diliniz?

- Hər iki dili eyni səviyyədə bilirəm. Amma Azərbaycan məktəbində oxumuşam. Bacım rus məktəbinə gedib.

- Deyirlər, Salam Qədirzadə çox baməzə adam olub...

- Həəə... Həddən artıq... Qabillə çox zarafatlar edirdi.

- Ələ salırdı onu?

- Yox, elə demək olmaz, zarafatlaşırdılar. Qabil də baməzə adam idi. Bir dəfə gül ticarəti ilə məşğul olan pullu dostları bunları Buzovnaya qutab qonaqlığına çağırır. Qabil də təzəcə kitab kimi çıxan “Nəsimi” poemasını ona hədiyyə edir. Atama deyir, o qədər yazmışam ki, avtoqrafa söz tapa bilmirəm, səncə, bu kitaba nə yazım? Atam deyir, heç nə, yaz ki, ver qutabı, al kitabı. Qabil elə də yazır...

- Bəzi adamlar düşünür ki, Azərbaycan qadını yaradıcı kişiylə yaşaya bilmir. Rus və gürcü qadınları daha yaxşıdır...

- Anam atamı çox dərindən başa düşürdü. Atam işləyəndə evdə səs olmazdı. Bizi də danışmağa, nadinclik eləməyə qoymazdı. Gələn telefon zənglərini də atamın otağına bağlamırdı, deyirdi, işləyir, sonra zəng edin. Anam atamı o qədər sevirdi ki, bizə həmişə onu misal çəkirdi: “Papa kimi olun!” Ancaq siz dediyiniz bu fikirlə razı deyiləm. Bu, millətdən yox, adamın özündən, kitaba, ədəbiyyata münasibətindən asılıdır.

- Atanız ananızı aldadıb, mən bilən... Yazarlarda olur...

- Bu aldatmaq deyil. Anam qəbul edirdi ki, bu kişidir. Hara istəyir gedə, nə istəyir edə bilər. Narahat olmurdu buna görə.

- Yaxşı içirmiş...

- Aludəsi deyildi, amma yeyib-içirdi. Dostlarla... Toy-düyünlərdə... Təkbaşına içdiyini heç vaxt görməmişəm.

- Siz ailə quranda müdaxilə elədi?

- Mən 27 yaşında ailə qurdum. Bu vaxtacan, sözün həqiqi mənasında, kef eləmişəm... Yaxşı yaşayırdım, yüksək təqaüd alırdım. Atam da kömək edirdi... Dostlar, tanışlar...

- Qızlar...

- Cavanlıqdı dəəə... Qızlar bəzən evə zəng vururdular. Sevgi deyildi bu. Gənc idik, əylənirdik. Atam telefonu götürəndə hirslənirdi. Deyirdi, bu qızlar kimdir? Biri gürcücə danışır, biri rusca... Narahat olurdu. Günlərin birində anam dedi ki, daha bəsdir, evlənməlisən. Etiraz elədim. Sonra atam söhbət elədi mənimlə. Dedi, sənə bir ay vaxt verirəm, evlənməlisən. Yenə başısoyuqluq elədim. Bu ay da keçdi. Axır anam, o vaxt “Azərenerji”də işləyirdi, xoşuna gələn gənc bir iş yoldaşını nişan verdi, görüşdük, tanış olduq və ailə qurduq. Maraqlıdır ki, onun da anası rusdur... Bacım da ailə quranda atam dedi, gedin, görüşün, biri-birinizin xasiyyətinə bələd olun. Əgər tutarsa, evlənərsiniz. Azad düşüncəli adam idi.

- İmtahanlarda sizi tapşırırdı?

- Bircə dəfə məktub yazıb. Onu da özüm dedim. Dialektik materializmdən ehtiyat edirdim. Tapşırdı və imtahansız-filansız yüksək qiymət yazdılar.

- Nədən rəhmətə getdi?

- Balaca insult keçirmişdi əvvəllər. Sonradan şiddətləndi, komaya düşdü. Bir həftə komada qaldı, ona görə vəsiyyət də edə bilmədi.

- Ad vermədilər ona...

- Vermədilər. Bəlkə də səhhətinə elə bu təsir elədi. Nazirlər Sovetinə müraciət də eləmişdi. Demişdi, SSRİ Yazıçılar İttifaqının üzvüyəm, müharibə veteranıyam, 35 kitabım çıxıb, niyə mənə fəxri ad vermirsiniz? Cavab vermişdilər ki, adın bu titullara dəxli yoxdur. Buna görə, əsəbiləşir, gərgin olur, siqareti daha çox çəkirdi.

- Sizcə niyə görə vermədilər?

- Bilmirəm.

- Partiyadan yazırdı?

- Bircə cümləsi də yoxdur.

- Buna görə olmasın?

- Yəqin ki, buna görə idi. Partiyanın üzvü olsa da, yazılarında bəhs eləmirdi.

- Sizcə, yazıçı niyə görə addan bu qədər asılı olmalıdır?

- Addır, şöhrətdir...

- Olmasın. Bunu dərd eləmək nəyə lazım?

- Hamıya verilirdi dəəə... Hətta layiq olmayanlara da!

- Baxın, ad alan şairlər hara, Əli Kərim hara...

- Sizinlə razıyam. İstedad ada baxmır.

- Bu yaxınlarda Seymur Baycan Salam Qədirzadənin hekayəsi əsasında fərqli bir hekayə yazmışdı. Səs-küy yaratdı. Siz eşitdiniz bu barədə?

- Bacım dedi, hə. Bu işlərlə bacım məşğul olur. Müəllif Hüquqları Agentliyinə məktubla müraciət etmişik, yəqin məhkəməyə də verəcəyik.

- Bu dekonstruksiyadır, plagiat deyil...

- Aydınlaşdıracağıq. Dekonstruksiya olsa, heç bir problem yoxdur.

- Sizi Salam Qədirzadənin oğlu kimi tanıyırlar?

- Yox, çoxu tanımır. Bəzi adamlar olur ki, familiyadan bilir. Özüm də atamın adından istifadə eləməyi xoşlamıram. Amma, təbii, soruşan olanda, deyirəm.

- Qədirov çoxdur, Qədirzadə azdır...

- Hə... Gənc yox, yaşlı nəsil soyaddan tanıyır məni.

- Son olaraq nə demək istərdiniz?

- Aprelin 10-u atamın doğum günüdür. Bircə söz deyərdim: layiq olan adamları unutmasınlar.

# 2967 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
# # #