Kulis.az sovet repressiyasına məruz qalmış azərbaycanlı saksafonçu, cazmen Pərviz Rüstəmbəyov haqqında maraqlı faktları təqdim edir.
Pərviz İsmayıl bəy oğlu Rüstəmbəyov 1922-ci il yanvarın 7-də Bakıda anadan olub. Onun ulu babası Əsəd kişi Salyanın çox savadlı və hörmətli mirzələrindən idi. Dörd oğul atası olan Əsəd kişi oğlanlarından birini - Pərvizin babası Məmmədi çox erkən, 19 yaşında itirib. Digər 3 oğlu Fətulla, Baxış və Şahbaz isə Peterburqda ali təhsil alıb savadlı mütəxəssilər olublar.
***
Qardaşlardan birinin - Baxışın övladı olmadığına görə o, erkən rəhmətə getmiş qardaşı Məmmədin oğlu İsmayılı və onun oğlu Pərvizi övladlığa götürüb. Buna görə də Pərvizin sənədlərində “İsmayıl oğlu” deyil, “Baxış oğlu” yazılıb. Atası İsmayıl 1942-ci ci ildə vərəm xəstəliyindən vəfat edib.
1937-ci ildə orta məktəbi bitirməmiş musiqi kombinatında klarnet sinfinə daxil olub. Pionerlər Evində musiqi dərnəyinə gedib və burada klarnet ifa edib.
Atası onu və bacısı Fəridə xanımı opera teatrına apararmış. Xüsusi musiqi duyumu və güclü yaddaşının sayəsində Pərviz “Şah İsmayıl” operasınının musiqisini əzbər bilirmiş.
***
1940-cı ildə 18 yaşında ikən Tofiq Quliyev onu “Sənətkarlıq” kinoteatrında çıxış edən orkestrinə dəvət edib.
***
Bacısı Fəridə Rüstəmbəyova Pərvizin məşq etdiyi, improvizələri üzərində işlədiyi günləri belə xatırlayır:
“Haradansa caz musiqisi yazılmış vallar tapıb gətirirdi. Bir şeyə neçə dəfə qulaq asmaq olar? Onun yerinə biz dəli olurduq. Bilirdi ki, onun dönə-dönə məşq etməsi bizi, qonşuları dəng edə bilər. Ona görə də ürəyində məşq etməyə öyrəşmişdi. Bir də görürüdün, sakitcə otağa çəkilərdi, bir neçə saat uzanardı, sonra saksafonu əlinə alardı. İlahi, bu melodiyalar onda nə qədər gözəl alınırdı?! Qonşuluqda yaşayan yəhudilər ondan “İsrafilin fəryadı” adlı caz melodiyasını çalmağı xahiş edərdilər. Pərviz çalardı, qoca yəhudilər isə xısın–xısın ağlayırdılar”.
***
Pərviz 1941-ci ilin aprelin 28-ni xüsusi sevinc və həyəcanla gözləyirmiş. Həmin gün böyük səhnədə orkestrlə ilk konsertini verəcəkdi…
Fəridə Rüstəmbəyova xatırlayır:
“Ayaqüstü yeyib-içirdi. Saksafon onun hər şeyi idi. Çox səbirsiz idi. Anam deyərdi ki, sən hər şeyini, sağlamlığını da işinə qurban verirsən. 1940-cı ildə “Krasnı Vostok” da işləyəndə üzünü bir səhər görürdük, bir də axşam. O, işi ilə nəfəs alırdı. 1941-ci ilin aprelində Caz Orkestrinin açılışı baş tutmayanda Pərviz özünə yer tapmırdı. Az qalırdı uşaq kimi ağlasın”.
Anası Münəvvər xanım və bacısı Fəridə ilə birlikdə
***
İkinci Dünya müharibəsi başladıqdan sonra orkestrin gənc ifaçıları fəaliyyətlərini hərbi hissədə davam etdiriblər. Onları Naxçıvanda yerləşən 402-ci atıcı diviziyanın sərəncamına göndəriblər.
Həmin günlərdə Pərviz Rüstəmbəyov Naxçıvandan anasına yazırdı:
“Əziz ana, necə dolanırsan, səhhətin necədir? Biz yaxşıyıq. İşləyirik. Tezliklə qastrollarımız başlayacaq. Tofiq bizə söz verib ki, qastrollardan əvvəl həyat yoldaşlarınız bir neçə günlüyə bura gələcəklər. Onda Tasiçka da yanıma gələr. Çox istəyirəm, oğlum Adiki görüm. Yəqin, o, artıq gülür”. 1942-ci il 7 aprel.
***
1942-ci ilin sonunda orkestr buraxıldıqdan sonra Pərviz Rüstəmbəyov A.V.Şestapalovun rəhbərliyi altında olan Aviasiya cazına təyinat alıb. 1943-cü ilin iyulunda isə xəstələndiyinə görə tərxis olunub.
***
1944-cü ildə Eddi Rosnerin rəhbərlik etdiyi məşhur caz orkestri Bakıya konsert verməyə gəlib. Pərviz Rüstəmbəyovun ifası Rosnerin çox xoşuna gəldiyi üçün onu öz orkestrinə birinci saksafonçu və klarnetçi kimi dəvət edib. Pərviz bu dəvəti qəbul edib və Rosnerin orkestrində ifa etməyə başlayıb. Orkestrlə birlikdə konsertlərdə ifa edən o, bir müddət Moskvada yaşayıb. Burada olduğu müddətdə Leonid Utyosov da onu öz ansamblına dəvət edib.
Pərvizə "Sovet Benni Qudmeni" deməyə başlayıblar.
***
Moskvada dostları ilə birgə “Metropol” restoranında şam edərkən, orada çıxış edən caz orkestrinin üzvləri Pərvizi tanıyaraq onu ifa üçün səhnəyə dəvət ediblər. Amerika klassiklərinin musiqilərini ifa etməsi restorandakı amerikalıların marağına səbəb olub. İfadan sonra onlar Pərvizlə tanış olub, onu ABŞ-a dəvət edib təcrübə qazanmağı təklif ediblər. Amerikalıların dəvəti ilə ABŞ səfirliyinə gedib. Səfirlikdə mədəniyyət attaşesi ilə görüşmək istəsə də, onu yerində tapmayaraq geri qayıdıb. Səfirlikdən çıxdıqdan sonra sivil geyimli iki DTK üzvü ona yaxınlaşıb, Amerika səfirliyində nə etdiyini soruşublar. Pərviz isə səfirliyə nə üçün getdiyini onlara deyib. Sonradan Pərvizdən Moskvanı tərk etməsi istənilib. Növbəti günlərdə də izlənildiyini hiss edən Pərviz məsləhət üçün o vaxt Moskvada olan Tofiq Quliyevin yanına gedib. Tofiq Quliyev isə ona pul verərək təcili bilet alıb Bakıya qayıtmağını tapşırıb.
***
Bakıya qayıtdıqdan sonra, öz orkestrini yaratmaq qərarına gəlib. Əvvəlcə “Qırmızı Şərq”, sonra isə “Sənətkar” kinoteatrında öz orkestri ilə birlikdə çıxış etməyə başlayıb. Lakin 1949-cu ilin yanvar ayında "Qərbə pərəstişkarlıq" etməkdə təqsirləndirilərək işdən azad olunub.
***
İşdən qovulduqdan sonra bir müddət iş tapa bilməyib. Daha sonra vağzal yaxınlığında kiçik bir restoranda işə düzəlib. Dörd aydan sonra, 1949-cu il mayın 20-də Pərviz Rüstəmbəyov AzSSR Daxili İşlər Nazirliyinin hərbi prokuroru, ədliyyə mayoru Ayriyanın göstərişi ilə həbs olunub. 15 il həbsə məhkum edilib. Onun həbs qərarında bildirilir:
"Rüstəmbəyov antisovet və amerikapərəst əhval-ruhiyyəli şəxsdir. O, amerikalıların həyat tərzini, məişətini və incəsənətini tərifləyir, sovet həqiqətlərini qaralayır, əcnəbilərlə əlaqə saxlayır. Qeyri-qanuni olaraq xaricə qaçmaq niyyətindədir".
***
1949-cu ilin dekabrın 29-da, gecə saat 3:50-də 877 nömrəli məhbus Pərviz Rüstəmbəyov Azərbaycan DTN-in daxili həbsxanasında müəmmalı şəraitdə dünyasını dəyişib.
Fəridə Rüstəmbəyova Pərvizin ölümü barədə deyir:
“Həbs olunandan sonra 7 ay yaşadı. Həbsdə olan zaman arada onu əsəb xəstəxanasına yerləşdiriblər. Heç nə yemirmiş, qızdırması bərk qalxıbmış. Bir neçə ayın içərisində gözləri çuxura düşmüşdü. Pərvizi axırıncı dəfə xəstəxanada gördük. Bizə təsəlli verirdi ki, yaxın vaxtlarda çıxıb gələcək. Həmişə səliqəli, qəşəng geyinərdi. Köynəyi, şalvarı hər gün ütülənməliydi. Ancaq xəstəxanada baxımsız qalmağa öyrəşmişdi. Axrıncı dəfə 1949-cu ilin 24 dekabrında yanına getmişdik. Bizə dedilər ki, Pərviz yoxdur, gedib.
Anamın həyatının son günlərində Pərvizin adı dilindən düşmürdü. “Məni harada basdıracaqlar, ay bala? Qəbrin də olmadı ki, səninlə yanaşı dəfn olunum”,- deyirdi”.
***
Onun ölümü ilə bağlı bir neçə versiya mövcuddur. Sənədlərdə onun xəstəlikdən öldüyü yazılsa da, yaxınları sabun udub intihar etdiyini deyiblər.
Bundan başqa, Pərviz Rüstəmbəyovun güllələndiyini deyənlər də var.
***
1957-ci ildə musiqiçinin anası Münəvvər xanımın bir neçə il davam edən şikayətlərindən sonra respublika prokurorluğu DTK-ya Pərviz Rüstəmbəyovun işinə aydınlıq gətirilməsi ilə bağlı müraciət etdi. 1958-ci il yanvarın 6-da Pərviz Rüstəmbəyov haqqında açılmış cinayət işi dəlillərin çatışmazlığı səbəbindən ləğv edilib və işə xitam verilib.
***
Pərviz Rüstəmbəyov sovet totalitarizminin yoxa çıxarmaq istədiyi adlardandır. Onun haqqında yalnız arxiv materialları və bir neçə solğun şəkil var.
***
Pərviz 1941-ci ilin aprelində 19 yaşında Stepanova Taisiya Mixaylovna adlı qızla evlənib. Bu evlilikdən bir oğlu olub. Uşağa bəstəkar Tofiq Quliyevin qardaşı, dostu Adilin şərəfinə Adil adını qoyub. Ancaq uşağın yaş yarımlığında qəfil ölümü bu münasibəti də bitirib. Onun ikinci evliliyi isə 1943-cü ildə olub. 1945-ci ildə ikinci dəfə ata olub. Pərvizdən sonra uşaq və anası Moskvada yaşayıb.
Yoldaşı Taisya və oğlu Adillə birlikdə
***
Tanınmış caz araşdırmaçısı, musiqiçi Y.Saulski onun haqqında yazırdı:
“Pərviz Rüstəmbəyov bütün dinləyənləri mat qoyurdu. Onun improvizəçiliyi təbii vergi idi. Çox mürəkkəb musiqi frazaları quran Rüstəmbəyov harmoniyaya sanki fəhmlə gəlib düşürdü. Bir dəfə mənim işlədiyim ansambla gəlmişdi. Bizimlə bir neçə pyesi çaldı. Onun çalğısında nə qədər təravət, təzəlik vardı… Leonid Kaufmanın ustalıqla improvizələri, Aleksandr Osnovikovun tükənməz harmonik ixtira qabiliyyəti, Piro Rüstəmbəyovun soloları, Emil Heyqnerin bitkin üslubu, Yan Frenkelin təsirli soloları çoxlarının yadından çıxmayacaq. Bütün bunlar sovet cazının ayrılmaz parçasıdır. Caz o vaxt indikindən qat-qat çətin bir şəraitdə idi. Bütün bu musiqiçilərin yaradıclığı ən böyük ehtirama layiqdir…”
İstifadə olunmuş ədəbiyyat:
Şahanə Rəhimli - "Azərbaycan cazının erməni əli ilə KQB-də məhv edilən əfsanəsi"