Azərbaycanın Müstəqillik Günü münasibəti ilə Romada, Auditorium Conciliazione konsert zalında Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin təşkilatçı dəstəyi ilə Xalq artisti, bəstəkar Eldar Mansurovun əsərlərindən ibarət simfonik konsert təşkil olunub.
Kulis.az xəbər verir ki, konsert proqramında bəstəkarın 11 simfonik əsəri səsləndirilib.
Dirijor Fuad İbrahimovun rəhbərliyi ilə təqdim olunan musiqi əsərlərində milli motivlər klassik musiqi ilə birləşərək tamaşaçılara zəngin musiqi təcrübəsi yaşadıb.
Tədbirdə diplomatik nümayəndəliklərin üzvləri, musiqi xadimləri, İtaliyada yaşayan azərbaycanlılar və yerli tamaşaçılar olmaqla təxminən min nəfər iştirak edib.
Konsertin sonunda Eldar Mansurov səhnəyə çıxaraq dinləyicilərə və tədbir iştirakçılarına minnətdarlığını bildirib, həmçinin Müstəqillik Günü münasibəti ilə bütün soydaşlarımızı təbrik edib.
Qeyd edək ki, bu konsert Azərbaycan musiqisinin beynəlxalq arenada tanıdılması və Azərbaycan-İtaliya mədəni əlaqələrinin möhkəmlənməsi baxımından əlamətdar hadisə kimi yadda qalıb.