Qadın yazıçılar niyə təbliğ olunmaqdan qaçırlar? - Səmra yazır...

Səmra Həsənzadə

Səmra Həsənzadə

31 mart 2023
# 16:20

Kulis.az Səmra Həsənzadənin yazısını təqdim edir.

Son zamanlar belə bir tendensiya yaranıb ki, ədəbiyyatımızda qadın yazarlar passivdir və ədəbiyyatla sadəcə olaraq hobbi kimi məşğul olurlar. Təfərrüata keçmədən öncə, “qadın yazarlar” birləşməsini işlətdiyim üçün əfv diləməyi özümə borc bilirəm, zira ədəbi əsərlərin dəyərinin genderə uyğun yox, bədii tutumuna görə sıralanması gizli deyil. Hə, qayıdaq mövzumuza; düşünürəm ki, burada sərt bir tərəf tutub, onu müdafiə etmək bir az vicdansızlıq olar. Hələ-hələ son illərdə qadın yazıçıların ortaya qoyduqları işlərə baxanda...

Düşünürəm ki, qadın yazıçılar kəmiyyət etibarilə kişilərdən geri qalır ki, buna səbəb kimi bir sıra amillərin (bioloji, sosioloji, psixoloji və eyni zamanda psixolinqvistik və s.) kombinasiyası şəklində baxmaq lazımdır. Onu da qeyd edim ki, təkcə bunu yazıçılıq, ədəbiyyat aspektindən yox, elə bir çox sahələrdə müşahidə etmək mümkündür.

Biolojik tərəfdən yanaşdıqda dünya qurulan gündən qadınlara sanki analıq ruhu ötürülmüşdür. Və bu ruha sahiblik onları daha çox evə, ailəyə bağlayır. İkinci bir tərəfdən, artıq buradan cəmiyyətin tələb modeli formalaşır. Yəni içərisində yaşadığımız toplumun qadın və kişidən gözlədikləri tamam fərqli şeylər olur. Cəmiyyətin qadınlardan tələb etdiyi modellər və davranış şəkilləri onların özünü evinə, həyat yoldaşına, uşaqlarına həsr etməsidir. Yəni, qadın yaxşı ana, yaxşı həyat yoldaşına sinonim tutulub, qadının rolu məişət qayğıları ilə örtüşüb. Və artıq bu sosioloji amillər onlarda istər-istəməz psixoloji təsirləri də gücləndirib. Sadə bir misal deyək, qadınlar çox danışmağa üstünlük verirlər, kişilərdə isə bunun əksi müşahidə olunur. Artıq sonrakı proses nitq məsələsinə gəlib dayanır: müşahidələr göstərir ki, qadın nitqi özündən asılı olmayaraq bütün bu təsirlərin nəticəsində məişət səviyyəsində yer edirsə, kişilərdə daha çox ictimai tutum sərgilənir. Nitqdən dilə, dildən isə ədəbiyyata...

İkinci bir tərəfdən, müasir dövr artıq reklam tələb edir. Və mənə elə gəlir ki, bir çox qadın yazıçılar təbliğ olunmaqdan qaçırlar. Bilmirəm, bunu kiber şiddətlə və yaxud mentalitetdən gələn sterotiplərlə əlaqələndirmək nə dərəcə doğrudur, amma hər halda azca da olsa, haqlılıq payı var. Üstəgəl, hər halda belə düşünmək olar ki, qadın həmrəyliyi zəifdir. Doğrudur, bir çox yazıçılarımızın bir-birinə verdiyi dəstəyi gözardı etmədən demək olar ki, belə bir ənənə formalaşmayıb, yəni formalaşacaq səviyyədə fəallıq göstərilməyib.

Belə düşünürəm ki, ədəbiyyat ağlımıza gələ biləcək bütün sahələrdən qat-qat çox enerji və vaxt tələb edir. Bir yazıçı gündəlik olaraq mütaliə etməlidir, müşahidə etməlidir, düşünməlidir, yazmalıdır və sair və ilaxır. Bu qədər vaxt və enerji tələb edən bir sahədə məişət qayğıları ilə birgə müəyyən nailiyyətlər qazanan qadın yazarlarımız göz önündə durduğu halda onlara passiv damğası vurmaq haqsızlıq olar. Həmçinin çağdaş ədəbiyyatımızda qadın sənətkarlar arasında yazıçılardan çox şairlər özünü göstərir. Məsələn, nəsr əsərlərindən daha çox şeirlərini sevərək oxuduğum Fəridə xanımın adını çəkə bilərəm. Nəsr məsələsinə gəldikdə isə, kifayət qədər güclü qadın yazıçılarımızın adını sadalamaq vacibdir. İlk olaraq Nərmin Kamalın adını və onun bu yaxınlarda yazılan bir-birindən güclü “Nana sevirdi”, “Ülvi küçəsi”, “İtaətsiz otlar” və s. kimi hekayələrinin adını sadalamaq olar. Samirə Əşrəfin “Mənim üçün qızılgül” adlı hekayələr kitabı son dövr ədəbi nəsrimiz üçün əlamətdar hadisədir. Bir neçə gün əvvəl Sevinc Elsevərin qələmindən oxuduğum “Azad” hekayəsinin insan üzərində buraxdığı təsir şəksizdir. Bu sıranı mümkün qədər davam etdirmək olar...

Və ən nəhayət, son iki ildə “İlin hekayəsi” yarışmasının qalibi qadın yazıçılar olduğu halda, üstəgəl elə ədəbiyyata hobbi kimi baxılan bir cəmiyyətdə qadın yazıçıları passivliklə günahlandırmadan əvvəl mövcud şərait hesaba alınmalıdır ki, bəlkə, nəticə çıxaraq...

# 4191 dəfə oxunub

Oxşar xəbərlər

"Həzrət Əli Azərbaycanda olmayıb, amma "Əli ayağı" piri var" – Folklorşünasla müsahibə'

"Həzrət Əli Azərbaycanda olmayıb, amma "Əli ayağı" piri var" – Folklorşünasla müsahibə'

16:42 10 dekabr 2025
Milli Konservatoriyada Ümummilli Liderin xatirəsi anıldı

Milli Konservatoriyada Ümummilli Liderin xatirəsi anıldı

15:47 10 dekabr 2025
"Mənə güc verən konslagerdəki bir insana olan sevgim idi…" - Gestapo istintaqında səsini itirən Nobel mükafatçısı

"Mənə güc verən konslagerdəki bir insana olan sevgim idi…" - Gestapo istintaqında səsini itirən Nobel mükafatçısı

15:00 10 dekabr 2025
XIX əsrdə sevgi haqqında açıq danışan modern şair - Ona niyə “çəkingən rahibə” deyirdilər?

XIX əsrdə sevgi haqqında açıq danışan modern şair - Ona niyə “çəkingən rahibə” deyirdilər?

14:37 10 dekabr 2025
İncəsənət Kollecində “Bir əsrdən artıq yol” adlı sərgi açılıb

İncəsənət Kollecində “Bir əsrdən artıq yol” adlı sərgi açılıb

13:52 10 dekabr 2025
Virtual sərgi: “Beynəlxalq İnsan Hüquqları Günü”

Virtual sərgi: “Beynəlxalq İnsan Hüquqları Günü”

13:20 10 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər