O, türk pop musiqisinin ən məşhur simalarından biridir. Mahnıları dillər əzbəridir. Özünəməxsus səs tembri milyonların zövqünü oxşayır.
Bu gün Sezen Aksunun doğum günüdür.
Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı məlumatları təqdim edir.
Fatma Sezen Yıldırım 1954-cü ildə Sarayköydə anadan olub. Valideynləri müəllimdir. Nihad adlı qardaşı var.
Sezen yaradıcılığa 1970-cı illərin ortalarından başlayıb. 1974-cü ildə İstanbula köçüb və bir il sonra Sezen Seley adıyla ilk 45-lik valı “Haydi Şansım”ı buraxdırıb. 1977-ci ildə “Allaha ismarladıq”, ardınca “Sərçə”, “Firuzə”, “Sən Ağlama”, “Sezen Aksu söyləyir”, “Gülümsə”, “Dəli qızın türküsü”, “Xəyal bağçaları” albomları işıq üzü görüb.
Bu günəcən 50 milyondan çox diski satılıb. Bir müddət rəsm, teatr və rəqs dərsləri alıb. Üsyankar xarakteri ilə seçilən sənətçi əslində, rəqqasə olmaq istəyirmiş. Bir müsahibəsində özü haqqında “Allahın atama yazığı gəldi deyə, musiqiçi oldum” – deyir.
1979-cu ildən filmlərə çəkilməyə başlayıb. İlk filmi “Minik sərçə” olub. Ancaq film uğur qazanmayıb.
1983 və 1984-cü ildə “Avroviziya”ya qatılmağa qərar verir, fəqət Türkiyə finalında qalib ola bilmir. 1985-ci ildə bir də cəhd edir. Yenə də uğursuzluqla üzləşir.
TRT-nin şərtlərinə uyğun gəlmədiyi üçün əvvəl-əvvəl kanal onun mahnılarını yayımlamırdı. Mahnıları TRT-də yayımlanmağa başlayandan sonra Sezen məşhurlaşmağa başlayır.
“Gözləyirdim, amma bu qədərini yox. Bütün musiqi sevərlərə ürəkdən, candan təşəkkür edirəm”
“Hey” jurnalına verdiyi müsahibədən
Nəhayət, “1985-ci ilin qadın musiqiçisi” seçilir.
20 May 1994-cü ildə əvvəl evli olub ayrıldığı, həmin vaxt bərabər işlədiyi Heparinin idarə etdiyi motosikletlə aktyor Demet Akbağın avtomobilinə çırpılırlar. Sezenə heç nə olmasa da, qəzadan bir gün əvvəl ata olan Hepari dünyasını dəyişir. Sezen Aksu bu hadisədən sonra Uzay Heparinin xatirəsinə “Yas” adlı musiqi bəstələyir.
2002-ci ildə “Türkiyə mahnıları” adlı konsert turuna çıxıb. Konsertlərdə sənətçini rum, ortodoks, erməni və Diyarbəkir Bələdiyyəsinin uşaq xoru müşayiət edib. Səhnələrdə türkcə, kürdcə, rumca musiqilər, türkülər oxunub.
2005-ci ildə satışa çıxartdığı “Bəhanə” albomu xeyli populyarlıq qazanıb. Aksunun karyerasının 30-cu ilinin xatirəsinə yayımlanan “Bəhanə” albomu satışa çıxarıldığı ilk iki həftədə 320 min ədəd satılıb.
Aksu 1975-2006-cı illərdə yazdığı musiqi sözlərini 2006-cı ildə “Əksik şeir” kitabı adı ilə dərc edib. Kitab böyük maraqla qarşılanıb və 4 gündə 17 min ədəd satılıb.
Sezen Aksunun 400-dən çox şeiri və bəstələri var. Bu şeirlərin 197-si “Əksik şeir” kitabında yayımlanıb. O, ictimai problemlərə və hadisələrə də biganə qalmayıb. 2009-cu ildə demokratik islahatlarına görə Türkiyə prezidentinə zəng vurub dəstəyini bildirdiyi üçün köşə yazarı Hikmet Çetinkaya sənətçinin atasının “fətullahçı” olduğunu iddia etmişdi.
2012-ci ildə Türkiyə-PKK münaqişəsində ölən türk əsgərləri üçün “Tanrının gözyaşları” adlı musiqi yazıb.
2013-cü ildə “Taksim Gezi parkı” etiraz aksiyasına qoşulub və həmin aksiyalarda həyatını itirən 15 yaşlı Berkin Elvan üçün “Berkine” adlı yazı yazıb.
Sezen Aksu qadın düşmənliyi, oxuma-yazma, ayrı-seçkilik kimi ictimai mövzulara da münasibət bildirib. Bundan əlavə o, homoseksuallara qarşı zorakılığı pisləyib.
2008-ci ildə “Ümumi əxlaq prinsiplərinə qarşı” məhkəmə qərarı ilə bağlanan LGBT dərnəyinin qapadılmaması ilə bağlı təşkil olunan aksiyalara qoşulub.
İlk dəfə 1972-ci ildə universitet tələbəsi Hasan Yüksektepe ilə evlənib. Amma bu evlilik cəmi üç gün davam edib.
Hasan boşandıqdan sonra in ən yaxın rəfiqəsi Baharla evlənib. Bu xəbərdən sonra sənətçi depresiyyaya düşüb və uzun müddət özünə gələ bilməyib.
1974-cü il noyabrında Ali Engin Aksu ilə ailə həyatı qurub, ancaq bu evlilik də qısa sürüb. Onların ailə həyatı tez bitsə də, Sezen “Aksu” soyadını ondan götürüb.
1980-cı ilin 10 iyulunda, üç aylıq hamiləykən Sinan Özer ilə evlənib, ancaq bu evliliyin də müddəti bir neçə ay olub.
Sinan Özerdən boşanandan dərhal sonra, 1993-cü ildə jurnalist Ahmet Utlu ilə evlənib. Bir neçə ay davam edən birgəlikləri dava-dalaşla bitib. Elə həmin il Uzay Hepari ilə evlənən müğənni bir müddət sonra ondan da ayrılıb.