Orxan Zeynallı: "Amerikaya getməyimdə məcburiyyət olmayıb, sadəcə..." - Müsahibə

Orxan Zeynallı, reper

Orxan Zeynallı, reper

31 oktyabr 2022
# 09:00

Kulis.az reper Orxan Zeynallı ilə müsahibəni təqdim edir.

– Konsertinizə bilet satışı rekord qırdı. Bir günə bütün biletlər satıldı. Deyirlər, ölkədə belə bir şey olmayıb. Necə hazırlaşırsınız konsertə?

– Hə, mənə də elə dedilər ki, belə bir şey olmayıb. Üç günə beş mindən artıq bilet satışı nə yerli, nə də xarici müğənnilərin konsertində görülüb. Məni gözləyirdilər. İndi dinləyicilərin bu hörmətinin, məhəbbətinin əvəzini vermək lazımdır. Ona görə də, konsertə ciddi hazırlaşırıq.

– Yeni mahnılar olacaq?

– “Yaraşır” trekini onlayn etdik. Konsertə qədər bir dənə də mahnı təqdim edəcəm. Konsertdə isə yeni mahnılar olacaq. İnşallah, dinləyicilərin mənə olan inamını doğruldacağıq.

– Azərbaycana həmişəlik qayıtmısınız?

– Yox, müvəqqətidir. Konsertdən sonra getməyi planlaşdırıram.

– 2016-cı ildə “Qravitasiya” konsertini verəndə, səhv xatırlamırsa, son konsert olduğunu demişdiniz...

– Hə, o vaxt dinləyicilər Amerikaya gedəcəyimi bilmirdilər. Ani qərar olmuşdu. Bir növ həmin konsert vida konserti idi. Elə də oldu. Yalnız altı il sonra Bakıya qayıtdım. 6 il ərzində on bir mahnı çıxdı. Bəzən dalbadal, bəzən müəyyən fasilələrlə. Bəzi mahnıları hələ çıxarmamışıq, bəziləri bəlkə də heç çıxmadı. Amma yaradıcılıq davam edirdi.

– Amerika yaradıcılığınıza necə təsir etdi?

– Mənim yazdıqlarım daha çox melanxolik tərzdədir deyə sıxıntılar, problemlər mənə ilham verirdi. Orda da problemlərdən korluq çəkmirdim. İstər şəxsi, istər mənəvi, istər maddi problemlər çox olurdu. Bu da mənə ilham verirdi. Bəzən hər gün nələrsə yazırdım, bəzən aylarla heç nə yazmırdım.

– Amerikaya hansı səbəbdən getmişdiniz?

– Getməyimdə bir məcburiyyət olmayıb. Sadəcə sıfırlanmaq istəyirdim. Burda hər şey yolunda gedirdi. Məktəb, ali məktəb, musiqi, karyera, iş, qazanc. Hər şey var idi. Sadəcə yenilənməyə ehtiyac duydum. Məncə, yerinə də düşdü. Çox şey öyrəndim. Adamların belə dəyişikliyə ehtiyacı olur, olmalıdır. Amerikada mən tanınmış biri deyiləm, Onlar məni nə AİD, nə də Orxan Zeynallı kimi tanıyır. Orada özümü sıfırdan təqdim etməliydim. Öz dəyərlərimi aşılamalıydım. Bu baxımdan özünifadə tərzim də dəyişdi. Amerika mənim özümə məlum olmayan tərəflərimi də göstərdi. Çətinliklər, problemlər məni yorurdu, amma bu həm də mənə ilham verirdi.

– HOST-dan sonra solo karyeraya başladınız. HOST-da siz bir o qədər tanınmırdınız...

– Solo karyerama elə HOST-un dövründən başladım. O dövrdə elə mahnılar var ki, məsələn, “Mavi qızılgüllər”, “Hisslər danışanda” indi də populyardı, on iki ilin mahnılarıdı, amma yenə dinlənilir. HOST-da bir ideya ətrafında toplaşmışdıq və daha çox o ada işləyirdik. 2012-ci ildə qrup dağılanda artıq mənim müəyyən qədər təcrübəm var idi. 2007-də HOST yarananda oradakı uşaqlardan ən təcrübəsizi mən idim. Mətn yazmağı, musiqini yaxşı bilmirdim. Sonra solo mahnılar yazdım. “Karusel” həmin illərin mahnılarıdır. Qrup dağılandan sonra AİD ləqəbini də yekunlaşdırdım. Orxan Zeynallı kimi çıxırdım səhnələrə. İndi AİD ləqəbi heç yerdə istifadə olunmur.

– Mənim nəsildaşlarım sizi AİD kimi, bizdən sonrakılar isə Orxan kimi tanıdı.

– Orxan Zeynallı adını brendə çevirmək istədim və məncə, alındı. Ən populyar mahnılarım bu imza ilə çıxdı.

– AİDlə Orxan arasında ən böyük fərq nədir?

– AİD 19 yaşlı romantik bir uşaqdı. Orxan isə özünü ifadə edə bilir. İndi tək işlər görə bilirəm. 2015-dən sonra isə karyerama komanda olmadan davam etdim. Amerikada heç kim yoxdu yanımda. Bu gün insanların mənə olan güvənini Orxan qazanıb. 5700 bilet artıq satılıb, 6000 olacaq. Dinləyici reperin konsertinə təkcə mahnılara görə gəlmir, həm də fikirlərə görə gəlir. Bu gün o biletlərin satılmasında təkcə mənim musiqilərim yox, statuslarım, hekayələrim, müsahibələrim də rol oynayır. Digər müğənnilərdə isə bu belə deyil. Repin digər musiqi janrlarından əsas fərqi yəqin ki budur.

– HOST repə yeni bir tərz gətirmişdi. Musiqilərin mətnləri daha ağır və intellektual idi. Sonra bu ənənə davam etdi. Rep daha çox jarqonlarla dolu küçə sənətidir. Bu qədər intellektuallıq repi öz mahiyyətindən çıxarmır?

– Repin bir çərçivəsi yoxdu, azad musiqidi. Xüsusi bir tərz gətirməmişdik. Sadəcə bizə qədər Azərbaycan repində dil axsayırdı. Reperlər Azərbaycan dilini yaxşı bilmirdi, bu da mətnlərə təsir edirdi. Populyar ifaçıların çoxu rusdilli idi. Qırılma Uranın dövründən başladı. Uran səlis Azərbaycan dilində yazmağa başladı. Azərbaycan dilini ən yaxşı bilən reper idi, ona görə də “partlatdı”. Biz dilimizi yaxşı bilirdik, amma repə iddialı deyildik. Komandanın kapitanı Qaraqan idi. O da müsahibələrində tez-tez deyirdi ki, mən reper deyiləm. Bizim ideyamız var idi sadəcə. Bir şeyi də deyim, Azrep ifadəsi bizdən sonra yarandı. Azərbaycan repi anlayışını HOST gətirmişdi. O vaxtlar küçədə çıxıb soruşa bilməzdin ki, azrepdən kimi dinləyirsən? Çünki ayrı-ayrı fərdlər var idi, amma azrep yox idi. Xose var idi, Dərya var idi, Dəyirman var idi, sonra Uran, sonra HOST, sonra Azrep. Azrep fenomeninin yanında çoxlu reperlər profisonallaşdı. Xpert, Paster o dövrün ən məşhur adları idi. 2013-dən sonra yaxşı mənada bazar yarandı. Dostlaşdılar, dalaşdılar, duetlər yarandı və Azrep inkişaf etdi. Klublar, partilər yarandı. İndi mən o "kruq"un içində deyiləm. Soruşsanız, heç kimi məni azrepdən saymayacaq. Mən o qazanda bişə bilmədim. Bu "kruq"lar necə yaranır? Reperlər dostlaşır. Bunu da ilk dəfə HOST etdi. Var idi HOST və onun dostları. Sonradan digər reperlər də birləşib leybllər yaratdı.

– Rep dünyada ən məşhur musiqi janrıdır. Bununla razılaşırsınız?

– Əlbəttə, rep indi inkişafdadır. Hazırda popçular da, rokçular da reperlərlə işləyir. Bütün məşhur mahnıların imzası reperdi. Azərbaycanda da belədir. Bəstəkar musiqiləri dövrü qapanıb. Əlbəttə, bunun belə olmasını mən də istəmirəm. Bütün mahnılarda eyni söz, eyni musiqi çalarları. Amma bu reallıqdır. İndi dünyada reperlər çox yaxşı qazanır. Amerikada repin müxtəlif çalarları meydana gəlib. 90-ların repi ilə günümüzün repi arasında çox böyük fərq var.

– Azrep niyə dünya repindən geri qalır? Ən yaxınımızda Türkiyədir. Onların repindən belə çox geridəyik...

– Bunun çox sadə izahı var: İndustriya, pul. Sənin reperin 9-6 işdə olur. Rep işdən sonrakı bir məşğuliyyət halına düşür. Sərbəst məşğul ola bilmirlər. Türkiyə reper sadəcə replə məşğuldur. Konsertlər verir, mahnıları musiqi platformalarında satılır, reklamlara çəkilir, özü mahnı satır və sair. Bizdə bu şərait yoxdu. Dinləyicilər bir manat verib musiqini leqal yolla dinləmək istəmirlər. Mənim öz dinləyicilərimdən şikayətlənməyə haqqım yoxdur. Mən pulla bilet satdım və 6000 adam o bileti aldı. İndi mən onlara daha yaxşı performans təqdim etməliyəm ki, sabah yenə o pulu verib gəlməyə həvəsi olsun. Fləşkartı taxıb oxumağa qalsa, onu da edərəm, böyük pulları qatlayıb qoyaram cibimə. Amma dinləyici o mahnıları onsuz da dinləyib. Onlara yeni şeylər təqdim etməliyəm. İndi bunun üçün çalışıram. Mən dinləyicilərimi on beş yaşdan iyirmi beş yaşına kimi saxlaya bilmişəm. On beş yaşında evdən izacə ala bilməyən, biletə pul tapmayan dinləyicilərim bu gün mənim konsertimə yetkin bir adam kimi gəlirlər. Bu sevindiricidir. Deməli mən onları saxlaya bilmişəm. Bəzi reperlərimizin konsertinə çox az adam gəlir, çünki fərqli heç nə təqdim etmirlər. Qayıdaq əsas suala. Dünyanın heç bir yerində dövlət reperə pul vermir. Özü qazanır, dinləyici qazandırır. Bu isə ancaq industriya ilə mümkündür.

– HOST dağılanda qrup üzvləri arasında bir problem var idi?

– Bir yerdən sonra birləşib söz demək istəyi yoxa çıxdı. Və biz də bitirdik. Böyük səs-küy yaratmış bir qrupun sadəcə ad olaraq qalmasını istəmirdik. Üzvlər arasında heç bir problem yox idi. Hər şey yaxşı idi. Hamının öz işi var idi. Qrupun məşhur üzvü Elxan idi. Kreativ işlərə o baxırdı. Mən konsertlərin təşkilatçılığını edirdim, köynəklərin satışı ilə maraqlanırdım, Promete studiya işinə baxırdı. İndi gec-gec də olsa, əlaqə saxlayırıq bir-birimizlə.

– Dediniz ki, HOST bir ideya ətrafında yığışanların komandası idi. İndi Camal Əli ilə Prometenin dayandığı cəbhə arasında fərqlər var. Hətta mən deyərdim kəskin fərqlər. Siz hadisələrə tamam fərqli mövqe sərgiləyirsiniz. Qaraqan yoxdu. Bu fərqlər qrup yarananda da var idimi?

– Düşüncələr arasında fərq həmişə olub. 19 yaşlı uşaqların düşüncəsi ilə 23-24 yaşlı gənclərin düşüncəsi arasında fərqlər var. Böyüdükcə başqa cür düşünürsən. Başqa cür yanaşırsan. Fikirlərin inkişaf etmirsə, bu, bədbəxtçilikdi. Əqidə dəyişməyə bilər, amma hadisələr baxış bucağın dəyişməlidir. HOST heç vaxt siyasi mövzulardan yazmadı. Ona görə də, orda olnaların siyasi dünyagörüşü qrupun fəaliyyətinə mane olmurdu. İndi qrup yoxdu, onun üzvləri ayrı-ayrı fərdlərdi. İnanın mənə, Camalın da düşəncələrində müəyyən dəyişikliklər olub, mənim də Prometenin də. Bu normaldır.

– Bir neçə reperlə müsahibəmdə demişdilər ki, reperin kitab oxuması vacib deyil...

– Kitab oxumaq hamı üçün vacibdir. Nəsə öyrənmək indi şərtdir. Mütaliə etmək təkcə kitab oxumaq deyil, həm də video izləməkdi, audi qulaq asmaqdı. Mənim üçün ən yaxşı mütaliə, məsələn, məşhurların müsahibələridir. Çox şey öyrənirəm. Davamlı baxıram. Nyu-Yorkda yaşayanda üç saat yolda olduğum vaxtlar var idi. Mən o dövrdə yüzdən artıq sənədli filmə baxmışdım.

– Ən çox sevdiyiniz kitab və ya kitablar hansıdır?

– Son dövrlər bioqrafik kitablar oxuyuram. Sonuncu dəfə ameriaklı aktyor Matthew McConaugheyin bioqrafiyasını oxumuşam. Əla kitabdı, hamıya məsləhət görürəm. Amerikada bir uşağın necə çətin şərtlərlə böyüyüb ulduz olması haqqındadır. Sevdiyim romanlar çoxdur. “İdiot”u sevirəm, “Atalar və oğullar” romanı maraqlıdır, hətta o adda mahnım da var, klipdə də kitabı göstərmişəm. Remarkın “Üç yoldaş” əsəri məni heyrətləndirən romanlardandı. “Balaca şəhzadə” isə mənim üçün əbədi rəfimdə olacaq kitabdı.

– Bəs yerli ədəbiyyatımızdan?

– Təəssüf ki, müasir ədəbiyyatımızdan çox oxumamışam. Ancaq bilirəm ki, ciddi, gözəl əsərlər yazılmaqdadır. Gənclik illərimdə “Əli və Nino” mənə təsir etmişdi. Hüseyn Cavidin “İblis” əsərini sevirəm. “Müsibət-i Fəxrəddin” də yaddaşımda qalan əsərlərdəndi.

– Repdən, kitabdan danışdıq. Mədəniyyət sahəsi niyə bizdə inkişaf etmir?

– Məncə, mədəniyyət sahəsinə ayrılan pullar düzgün istifadə olunmur. Kinonu yaxşı çəkənlərə pul verilmir. Yaxşı musiqiçilərimiz təbliğ olunmur. Sevda Ələkbərzadəni, cazmenlərimizi, Alim Qasımovu bütün dünya tanıyır, Amerikada onlar haqqında danışırlar və bütün bunlar onların öz səyləri ilə olub. Deməli, talant var, deməli, yaxşı sənətkarlarımız var. Sadəcə pullar ayrılmalı və düzgün istiqamətə yönləndirilməlidir. İnsanlarda potensial var, sadəcə maliyyələşdirmək lazımdır.

# 12404 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
"Bahar"ın aktrisası yeni serialda

"Bahar"ın aktrisası yeni serialda

09:36 12 dekabr 2024
Məşhur aktyorun nəvəsi:  "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

Məşhur aktyorun nəvəsi: "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

09:00 12 dekabr 2024
İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
#
#
# # #