Öpüşməyin fabulası ətrafında

Öpüşməyin fabulası ətrafında
26 oktyabr 2022
# 17:00

Kulis.az Vüqar Babazadənin “Öpüşməyin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Biz o zaman kinolara daha çox,
Dal sırada öpüşməyə gedərdik...

Ayaz Arabaçı


Yazıya başlamazdan əvvəl onu qeyd edim ki, bu yazı çox əla yazıdır. Bəziləriniz əsəbiləşəcəksiniz, bəziləriniz güləcəksiniz, bəzilərinizin çox xoşuna gələcək. Özüm yazdığım üçün demirəm, çox maraqlı yazıdır. Dəhşətli həyat həqiqətlərini başa düşəcəksiniz. Bu yazı sizin həyatınızı dəyişəcək.

Qeyd: Yazılarımın adında işlənən “fabula” sözünü çox adam başa düşməyib. Hamı yazır ki, Vüqar bəy, fabula nə deməkdir? Niyə yazılarınızın adını “filan şeyin fabulası ətrafında” qoyursuz? Öyrənmək ayıb deyil. Amma internet əsrində bu nə sualdı, siz Allah? (imanlı oxucularımız diqqət etdisə, “Allah” sözünü böyük hərflə yazdım. Beləliklə həm cənnəti qazanıram, həm də imanlı oxucularımızın qəlbini) Açırsız “Google”u (qoqle), orda axtarış yeri var, həmin hissədə yazırsız: “Fabula nədir”. Ordan rahatca öyrənə bilərsiz fabula sözünün nə olduğunu. Qorxmayın, hər kəs hər şeyi bilmək məcburiyyətində deyil.

9-cu sinif uşaqları öpüşərkən video çəkiblər, sosial şəbəkələrdə yayılıb. Xalqımızın “qiryet, namıs” gözətçiləri yenə ham-ham-ham eləməyə başlayıblar. Biri özünü saxlaya bilməyib deyirdi ki, “dinimiz elden gedir. Dinimiz mehf oldi. Olum hokmu yeniden berpa oluinmalidir”.

Öpüşmək nədir?

Gəlin əvvəlcə öpüşməyin tərifini öyrənək:

A kiss is the touch or pressing of one's lips against another person or an object.

Başa düşdünüz? Tam səmimi cavab verin. Başa düşdüz, yoxsa yox? Başa düşmədiniz, təbii ki. Çünki ingilis dilini bilmirsiz. Ona görə öpüşən insanları qınamaq, boş-boş işlərlə məşğul olmaqdansa, yaxşı olar ki, gedib ingilis dilini öyrənəsiz. İstədim sizə ingilis dilini bilmədiyinizi elə-belə xatırladım. Bir az xəcalət çəkəsiz.

Deməli, öpüş nə oldu?

Öpüş, dodaqların bir şəxsə və ya bir əşyaya toxunması, basılması deməkdir.

Kiminsə dərisinin harasınısa dodaqlarınızı toxunduranda, siz öpüşmək əməliyyatı həyata keçirirsiz. Uşaq anasını öpür, ana uşağını öpür, ər arvadını öpür, arvad ərini öpür, nə bilim, sevgililər boş park tapan kimi öpüşürlər, adamlar salamlaşanda öpüşürlər, ayrılanda öpüşürlər, idmançılar kubok, medal qazananda onu öpürlər, bir-birinə hörmət əlaməti olaraq öpüşürlər (alından öpmə), böyüklük bildirmək üçün öpüşürlər (əldən öpmə). Hətta mənim yadıma gəlir, bədənimin hansısa hissəsinə nəsə olanda, anam gəlib öpürdü, xəstə, ağrıyan yer dərhal sağalırdı.

Öpüşmək bir az doğma, bir az səmimi, bir az gözəl, bir az ehtiraslı, bir az sevgi dolu, məhəbbət ifadə edən yaxşı əməldir. Öpüşməkdən heç kimə indiyə kimi ziyan gəlməyib.

Ən azından öpüşməkdən heç kim ölməyib. Medianı bir az diqqətlə izləsəz, görərsiz ki, hər gün hansısa rayonda balaca qızlar zorlanır, ər arvadın başını kəsir, kimsə kimisə öldürür, kimsə kimisə güllələyir.

Sizcə, bunlar nədən, hansı səbəbdən baş verir? Əksər cinayətlər özü də cinsi zəmində törədilir. Ya xəyanət, ya zorlama, ya yetkinlik yaşına çatmayan uşaqların evləndirilməsi və s.

Bütün bunlar adamların normal şəkildə cinsi istəklərini həyata keçirə bilməməyi səbəbindən baş verir. Bu ehtiyacı normal şəkildə qarşılaya bilməyən adamlar daima aqressiv, əsəbi, gərgin vəziyyətdə olurlar. Heç kim öpüşməkdən ölmür. Hüseyn Cavidin əfsanəvi bir hikmətli kəlamı var. Deyir ki, “mənim tanrım gözəllikdir, sevgidir”.

Adamlar uzun əba geyinmiş, saqqalı din xadimlərinə inanırlar və onların fitvaları ilə həyatda qərarlar verirlər. Nəticə də göz qabağındadır. Hamısı məişət və cinsi zəmində baş verən cinayətlərdir.

Cinsi tələbatını müxtəlif səbəblərdən qarşılaya bilməyən arvadlar və kişilər başlayırlar öpüşən, xoşbəxt olmaq istəyən gənclərə düşmən kəsilməyə. Öz yarımçıq həyatlarının acığını cavan uşaqlardan çıxırlar.

Öpüşənlərə, öpüşməyə pis baxan adamlar cahil adamlar təcili şəkildə daşyonanlarını və zopalarını götürüb mağaralarına geri qayıtmalıdır.

Öpüşməyə pis baxan arvadlar vaxtilə ərlərini deyinə-deyinə öldürüblər, indi də öpüşə bilmirlər deyə, başlarından tüstü çıxır.

Öpüşməyə pis baxan kişilər isə öpüşməyə qadın cinsindən bir adam tapa bilmirlər ki, oturub ədəb-ərkanla öpüşsünlər. Ona görə də öpüşən adam görən kimi dəli olurlar, qeyrət-namus direktoru olurlar.

Hərdən parkda görürəm ki, iki gənc öpüşür. Vay dədəm vay. həmin parkdakı adamlar, ordan keçənlər hamısı onlara baxır. Bu görməmişliyin, natamamlığın göstəricisidir. Adamlar sevgiyə o qədər möhtacdırlar ki, sevən-sevilən adam görəndə özlərindən çıxırlar, paxıllıq edirlər, gəlib adamın başını xarab edirlər ki, “qeyrət, namus, camaatın anası-bacası var”.

Hələ yaşı 40 və 40-dan yuxarı arvadlar harada öpüşsən də gəlib səni tapır. Fərqi yoxdur. Harda istəyirsən öpüş, gəlib səni tapır və yaylığını başında açıb-bağlayaraq deyir: “Nç, nç, nç, nç, nç. Bunların yiyəsi yoxdu??” Elə bil bu arvadlar bu cümləni demək üçün yaranıblar. Həyatda bundan başqa heç bir funksiyaları yoxdur. Sadəcə öpüşən cütlük görən kimi necəsə orda bitirlər və deyirlər: “nç, nç, nç, nç. Bunların yiyələri yoxdur?”.

Hələ bir ara polis də müdaxilə edirdi bulvarda-filan. Deyəsən, o söhbət ləğv oldu.

Bu gənclər bəs harada öpüşsünlər? Qız tapanda ev olmur, ev tapanda qız olmur, hər ikisini tapırsan məhəllədə qarakurtkalı qaqaşlar deyir, “burda mənim anam-bacım yaşayır”, başıyaylıqlı arvadlar deyir, “nç, nç, bunların yiyələri yoxdur?” çox axmaq vəziyyətdir. Hərə bir şey deyir. Adamın başı xarab olur. Axırda tüpürürsən hər şeyə zahid kimi yaşamağa başlayırsan.

9-cu sinifdə oxuyan uşaqların öpüşməyində pis bir şey yoxdur. Bir-birini söymülər, döymürlər, hansısa tərbiyəsiz hərəkət etmirlər.

Kiminsə dodaqları bir-birinə dəyir deyə durub burda artistilik etməyin. Yekə adamlarsız. Uşaqlara imkan verin öz gəncliklərinin dadını çıxarsınlar. Öpüşsünlər, sevişsinlər, oxusunlar, necə istəyirlər qərar versinlər. İmkan verin yaşasınlar. Uşaqları həyatdan bezdirməyin. Öz natamam həyatlarınızın acığını gedin başqa şeylərdən çıxın.

# 11657 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #