“Onu bütə çevirmək lazımdır!” – Vaqif Mustafazadənin evindən reportaj

“Onu bütə çevirmək lazımdır!” – Vaqif Mustafazadənin evindən reportaj
8 iyun 2022
# 09:00

Kulis.az Rəvan Cavidin Vaqif Mustafazadənin ev muzeyindən yazdığı reportajı təqdim edir.

İçərişəhərin dar, sonu məchul küçələri ilə gəzişəndə Vaqif Mustafazadənin barelyefini görüb, küçələr kimi dar pilləkənlərlə dahi bəstəkarın ev muzeyinə qalxıram.

Binanın içində daha bir barelyef.

Həmişə Vaqif Mustafazadənin adını eşidəndə düşünmüşəm: bir azərbaycanlı sənətkar kimi onunla fəxr edirəm. Bir neçə belə sənətkar var ki, onları “bütləşdirməyin” tərəfdarıyam. Qoy dünya bizi onlara görə tanısın.

Mənzilə daxil olanda məni bəstəkarın kiçik heykəli və üzərində disklər, jurnallar olan xırda jurnal masası qarşılayır. Bu disklərdə Vaqifin bütün yaradıcılığı toplanılıb. Otaq sakit olsa da, mənim qulaqlarım hardasa uzaqlardan onun bəstələrini eşidir. Xüsusən də, bizim nəsillər onu daha yaxşı duya bilir. Muğam-caz sintezi. Ənənə və yenilikçilik. Şərq və Qərb. Bakı kimi.

Muzey işçiləri Vaqif haqqında məlumat verir, məndən başqa muzeyi gəzməyə gələnlər onlara qulaq asır, mən isə Vaqifin pianosunun üzərindəki fotoşəkillərə baxıb onun uşaqlığını təsəvvürümə gətirməyə çalışıram. Vaqif Mustafazadə bax bu pəncərədən İçərişəhərə baxıb. Onda “Alov qüllələri” yox idi və Vaqifin qarşısında dənizlə səmanın lap uzaqlarda kəsişdiyi bir mənzərə dayanırdı. Vaqif “Düşüncələr”i, “Günəş”i, “Bakı gecələri”ni, “Vals”ı bu mənzərənin fonunda ifa edib.

Otağın o biri başındakı masada ailə albomları var. O albomlarda Vaqifin uşaqlığı, ailəsi, balaca Əzizənin körpəliyi yaşayır. Yanından keçdiyim divana və büstə o qədər də fikir verməyib albomlara sarı gedirəm. Albomlarda Zivər xanımın, Əziz bəyin, Əzizə xanımın, Vaqifin, Eliza xanımın müxtəlif dövrlərə aid xatirələri saxlanılır. Vaqifin məşq zamanı, konsertlərindən əvvəl kulisdə olan şəkillərində diqqətimi Eliza xanımın onun gah qalstukunu, gah pencəyini düzəltməyi oldu. Eliza xanım həm də Vaqifin yaratdığı janrın ilk ifaçılarından biridir. Albomda onun da çıxış zamanı şəkilləri var. Albomların yanında təxminən 90-cı illərin ortalarına aid maqnitofonda “Kəklik” mahnısı otağın xatirəsini bir az da doğmalaşdırır.

Masadan soldakı pəncərənin qabağında isə Vaqif Mustafazadənin valları və qrammofon düzülüb. Valların bəziləri onun öz dövründə yazılanlardır. Val həvəskarı olaraq bir-bir hamısını açıb baxdım. Dostuma şəkillərimi çəkməyini xahiş edəndə elə həmyaşıd olduğum başqa bir ziyarətçi məni danlamağa başladı:

– Muzeyə də ancaq şəkil çəkdirmək üçün gəlirsiniz. O vallar dinlənilmək üçündür, şəkil çəkdirmək üçün yox. İndi gedib paylaşıb yağlı-yağlı sözlər də yazarsınız!

Cavabımı gözləmədən çıxıb getdi. Açığı, mən də o şəkilləri paylaşmaq üçün çəkdirirdim. Amma o sözlərdən sonra ayıbdı deyib, saxladım reportaja.

Otağın içində Vaqif Mustafazadənin büstü də var. Büstün arxasındakı divarda isə Vaqifin son illərində çəkdirdiyi şəkillər asılıb. Şəkillərin arasında diqqətimi bəstəkarın anası Zivər xanımın anım gününə həsr etdiyi şeir çəkdi. Bir ananın övladının anım gününə şeir həsr etməsi dünyanın ən ağır hissi olmalıdır.

Ev muzeyinin direktoru, bəstəkarın dayısı qızı Afaq xanım gəldi. O gələndən sonra muzeydə sanki bir canlanma oldu. Adamlar axışdı. Musiqinin səsi yüksəldi. Gözümə ancaq bəstəkarın gülümsədiyi şəkillər göründü. Afaq xanımda, əlbəttə, Vaqifin ruhu var idi. O, həvəslə şəkilləri mənə göstərir, muzey haqqında danışırdı. Burada, bu ev muzeyində yaşayır.

Muzey 1989-cu ildə ozamankı Mədəniyyət Naziri Polad Bülbüloğlunun təşəbbüsü ilə yaradılıb. Muzeyin ilk rəhbəri cazmenin anası Zivər xanım olub. Ölümündən bir müddət əvvəl cazmenin anası muzeyi qardaşı qızı Afaq xanıma vəsiyyət edib. 1997-ci ildən etibarən muzeyin rəhbəri Afaq Əliyevadır. 2004-cü ildə məhz onun təşəbbüsü ilə muzeyin həm özü, həm də eksponatları təmir edilib. Həmin ildən etibarən muzey Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında dövlət muzeyi kimi fəaliyyətə başlayıb.

Muzeydə Vaqif Mustafazadənin müxtəlif illərdə Bakıda və xaricdə təşkil olunan konsertlərinin afişaları, xarici cazmenlərin onun haqqında dediyi müsbət fikirlərin yazıldığı çərçivələr də var idi.

Afaq xanımla Əzizə Mustafazadədən danışdıq. Deyir, bu yaxınlarda yenidən gələcək Bakıya. Vaqifin irsini təkcə Əzizə xanımın qoruyub saxladığını deyən Afaq xanım danışdıqca kövrəlirdi.

Evdən çıxanda “Yollar” musiqisini eşidirəm.

Düşünürəm ki, bu musiqiləri ifa etmək üçün, görəsən, nə qədər yaxşı tanıyıb şəhəri? Həmişə yazıçıların öz şəhərlərinə, bəstəkarların öz evlərinə, rəssamların öz ölkələrinə xüsusi bir bağlılıqlarının olmasını düşünmüşəm. Nə qədər çox gəzsələr də, nə qədər çox adam tanısalar da, yenə eyni yerə qayıdıb dünyanı o balaca şəhərdə, o balaca küçədə, o balaca otaqda yaşayırlar. Hər kəsi oradan görür, hər şeyə oradan baxırlar. Vaqif isə yolları elə tanıyıb. İçərişəhərdə onu itirmək asan olub yəqin. Ya da sahildə təkbaşına gəzəndə gözlərini yumub pianosunun arxasına keçib elə bu bəstəni işləyib.

Vaqif Mustafazadə 39 ilə Qərbdən Şərqə, Şərqdən Qərbə uzun bir yolu keçə bildi. Amerika cazını yolun başından götürüb Azərbaycan muğamına qədər gətirdi. “Yollar”ı dinlədikcə, bunları düşünmədən belə fərqinə varırsan ki, necə böyük bir sənətkarın şəhərindəsən.

Musiqi bütün hallarda sehrlidir. Əgər o, Bakıda yaranıbsa, onun daha müqəddəs sehri, aliliyi özünü göstərir. Mədəniyyət bu yerlərə xasdır. Buralardan başladı hər şey, buralarda da davam edir. İncəsənət dünyanı xilas edəndən sonra elə buralarda da qeyb olacaq. Buralarda – Vaqifin doğulduğu və yaratdığı şəhərdə.

# 3153 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #