Ərini döyərək öldürən qadına niyə 1 il 6 ay iş verildi?

Ərini döyərək öldürən qadına niyə 1 il 6 ay iş verildi?
9 oktyabr 2025
# 14:00

Kulis.az Rəna Nevzatın "Məhkəmə, yoxsa məzhəkə" adlı yeni yazısını təqdim edir.


Elə gün olmur ki, absurd məhkəmə qərarları ilə qarşılaşmayaq. Keçən dəfə iki aşiqin məhkəmə salonunda bir-birinə sevgi etirafına baxmayaraq, gəncləri ayıran, oğlanı həbsə yollayan “ədalət” bu gün daha bir hadisə ilə hamımızı təəccübləndirib.

Təəccüblənmək yumşaq sözdür. Mən hər şeyi öz adı ilə çağırmağın tərəfdarıyam.

İkrah hiss etmək.

Bəli, hissin adı məhz budur!

Bəşəri dəyərlərin ən qabaqda gedəni ədalət axı nə üçün bizdə ikrah hissi oyatmalıdır?

Sual dəqiq və aydındır.

Demək, 39 yaşlı Raidə Mahmudova ərini döyür, başına zərbə vurur, hətta çarpayıdan yerə itələyir, beləliklə, kişi dünyasını dəyişir.

Hadisəni araşdıran prokurorluq deyir: “Bu, sağlamlığa ağır zərbə nəticəsində ölümlə nəticələnən hadisədir.”

Məhkəmənin cavabı isə gecikmir: “Hər ailədə belə şeylər olur. Nə olsun ki vurub? Hər vuran ölmür ki! Günah öləndədir. Mərhum yaşamaq istəsəydi, ölməzdi. Hər kim yüz il yaşamırsa, günah onun özündədir”.

Və qərara gəlir ki, bu əməl xanımın ehtiyatsızlığından baş verib!

Görünür, insan həyatına son qoymaq artıq “ehtiyatsızlıq” sayılır, amma küçədə siqaret kötüyünü yerə atsan, artıq inzibati məsuliyyətə cəlb olunursan.

Bu paradoks deyil, faciənin parodiyasıdır.

Hakim deyir: “Əməl Cinayət Məcəlləsinin 124-cü maddəsinə uyğundur.”

Baxırsan, 124-cü maddəyə, o maddənin sanksiyası maksimum 3 ildir. Raidə xanım isə cəmi 1 il 6 ay həbs cəzası alıb. Həm də məntəqə tipli cəzaçəkmə müəssisəsində.

Yəni, cəza çəkə-çəkə dincələ bilər.

Hətta müəyyən hallarda müəssisədən çıxmağa icazə də var.

Ən maraqlısı nədir?

Hökmün qüvvəyə minməsini gözləmək lazımdır. Yəni, əgər yuxarı instansiya “doğrudan da ehtiyatsızlıq olub” desə, Raidə xanım altı ay sonra azadlığa çıxacaq. 1 il 6 ay. Bunun 1 ili artıq keçib, qalıb 6 ay.

Yəni, təxminən, gələn ilin yayında Raidə xanım azadlıq havası udacaq.

Nəticədə, insanın həyatına son qoymaq bir yay tətilinə bərabər cəza ilə yekunlaşacaq.

Təklif edirəm, gələcəkdə “ölümlə nəticələnən ehtiyatsızlıq” cinayətləri üçün inzibati cərimələr gəlsin. Məsələn, yolda maşınla adam vurursan? Nə etmək olar? Olana çarə yoxdur. 500 manat cəriməni ver, get işinin dalınca.

Rəqəm şərtidir. Arta da bilər, azala da.

Elə bilməyin ki, bu hadisə təkcə ailə faciəsidir. Bu hadisə cəmiyyətin ədalət hissinə çalınan baltadır.

İnsan düşünür: bəlkə, bizim məhkəmələr “cinayət”i yox, “hissləri” mühakimə edir?

Yəni, kim daha emosional, daha peşman görünürsə, o, yüngül maddə ilə xilas olur.

Bəlkə də, hakim belə düşünüb: “Əlbəttə, günah ərdədir. Onsuz da günah həmişə kişidə olur. Evdə dava düşüb, qadın da əsəbiləşib, nə bilsin axı belə qurtaracaq? Kimin ağlına gələrdi? Heç kimin.”

Axı məhkəmə zalı məsləhət bürosu deyil. Orada “əsəbiləşmişdim” arqumenti qanunu yüngülləşdirməməlidir.

Əgər bir insanın ölümü belə asanlıqla “ehtiyatsızlıq” sayılırsa, sabah küçədə baş verən qətllərə də “eləcə vurmaq istəmişdim, bilmirdim öləcək” deməklə bəraət qazandırmaq mümkün olacaq.

Ehtiyatsızlıq sözü bizlərə necə də tanışdır.

Bizdə hər şey “ehtiyatsızlıqdan” olur. Tikintidə ölən fəhlə ehtiyatsızlıqdan yıxılır, yolda ölən piyadanı sürücü ehtiyatsızlıqdan vurur, xəstə səhv müalicəyə görə ehtiyatsızlıqdan dünyasını dəyişir.

Və nəhayət ədalət də ehtiyatsızlıqdan pozulur.

Bəlkə, elə bu hadisənin özü simvoldur. Qanunları sərt yazırıq, amma tətbiq edəndə yumşaldırıq. Qanun kitabçasında 12 il yazılıb, amma məhkəmədə 1 il 6 aya “endirim” olunur.

Bu, endirim deyil, əziz oxucu, bu, ədalətin qiymətdən düşməsidir.

Bəlkə, bir gün qanunlar da, hakimlər də, cəza anlayışı da “ehtiyatsızlıqdan” azad olacaq.

Amma görünən odur ki, o vaxtacan biz hələ çox belə qərarlara baxıb, təəccüblənəcəyik...


# 2275 dəfə oxunub

Oxşar xəbərlər

Dünya bayraqları haqqında bilmədiklərimiz - Maraqlı faktlar

Dünya bayraqları haqqında bilmədiklərimiz - Maraqlı faktlar

15:00 9 noyabr 2025
"Göz yaşlarını onun gəlişinə saxlamışdı..." - Bayramların ən gözəli: ZƏFƏR

"Göz yaşlarını onun gəlişinə saxlamışdı..." - Bayramların ən gözəli: ZƏFƏR

17:13 8 noyabr 2025
Qarabağın ən məşhur  tarixi abidələri

Qarabağın ən məşhur tarixi abidələri

15:00 8 noyabr 2025
"Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı keçirilib

"Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı keçirilib

10:40 8 noyabr 2025
Mətanət Vahid:  "Vətəni anamız kimi deyil, balamız kimi sevməliyik..."

Mətanət Vahid: "Vətəni anamız kimi deyil, balamız kimi sevməliyik..."

10:00 8 noyabr 2025
"Oğulların qanı ilə boyandı bayrağının qırmızısı..." - Nuray Rəşid

"Oğulların qanı ilə boyandı bayrağının qırmızısı..." - Nuray Rəşid

10:00 8 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər