"Ömər ilə Əli həzrətlərini rüsvay etməyəsiniz" - Müəllimliyi həccə getməkdən üstün bilən yazıçı

"Ömər ilə Əli həzrətlərini rüsvay etməyəsiniz" - Müəllimliyi həccə getməkdən üstün bilən yazıçı
23 mart 2024
# 15:00

Bu gün görkəmli maarifçi, yazıçı və şair Sultan Məcid Qənizadənin anım günüdür.

Kulis.az Faiq Ələkbərovun ""İttihadçı" və türkçü Sultan Məcid Qənizadə" yazısını təqdim edir.

Azərbaycan milli ideyasının formalaşmasında mühüm rol oynayan mütəfəkkirlərimizdən olan Sultan Məcid Qənizadə (1866-1937) Türklüyə və İslama münasibətdə də özünəməxsus yer tutmuşdur. Hələ, 1880-ci illərin sonlarından başlayaraq Azərbaycan türklərinin maariflənməsi uğrunda mübarizəyə başlayan Sultan bəy bu dövrdə digər Azərbaycan türk mütəfəkkiri Həbib bəy Mahmudbəyovla birlikdə, 1887-ci ildə Bakıda «Rus-Tatar məktəbi» adlı ilk yeni tipli ibtidai məktəbin əsasını qoymuşdur. Çünki bu dövrdə əsasən dini elmiləri öyrədən mədrəsələr mövcud idi və orada da dərslər yalnız fars və ərəb dillərində həyata keçirilirdi. Ancaq yeni tipli məktəbdə isə Azərbaycan türkcəsi əsas dil kimi tədris olunur, eyni zamanda burada dünyəvi elmlər (coğrafiya, riyaziyyat, tarix və s.) tədris olunurdu.

Bu məktəbin yaradılması Azərbaycan milli ideyasının inkişafına da müsbət təsir göstərmişdir. Belə ki, həmin məktəbin məzunları arasında Azərbaycan türklərinin ideoloqu Məhəmməd Əmin Rəsulzadə də olmuşdur.

Sultan Məcid bəy Azərbaycan türk dilinin inkişafına da böyük diqqət yetirmiş, 20-ci əsrin əvvəllərində onun «Lüğəti-rusi və türki», «İstilahi-Türki» və başqa kitabları nəşr olunmuşdur.

S.M.Qənizadə ilk dövrlərdə bir maarifçi kimi, daha çox cəmiyyətin savadlanmasına, elm və bilik sahibi olmasına çalışmışdır. Onun fikrincə, müəllimin əsil övladları öz uşaqları deyil, məhz şagirdləri olmalıdır. Eyni zamanda, müəllimin mal və dövləti dərs və təlimdir, müəllimin kəsb və icrəti isə millətinin rəğbətidir. Qənizadə yazırdı: «Müəllimin evi kitabxanadır, müəllimin nökəri məkitəb mülazimidir, müəllimin təvabe və ətbari cocuq-şagirdlərdir, müəllimin müxəlləfatı qara-qura məktəb mizləridir, müəllimin sazı, nəğməsi məktəb şagirdlərinin sədasıdır, müəllimin istirahəti dəftərlər təsihihdir… Ax, Xudavənda, tədris nə girənmayə məta, millət iradəti nə pürəyar bəhadır! Tila (qızıl) və nürqə (gümüş) ilə tədris və təlim mabeynində nə böyük təfavütlər var! Xudavənda, təkrarən sənə şükür olsun ki, mən aciz bəndəyə süni-müəllimliyi tərbiyə verib, məktəbdarlıq peşəsin nəsib edibsən! Hər sübh və şam qapıma gələn cocuqlar tila-nüqrə (qızıl-gümüş) əvəzinə məndən elm və tərbiyə istəməkləri mənim üçün səadətdir».

Onun fikrincə, artıq mədəniyyət əsrində Xacə Hafizin xətm etdiyi qəzəliyyat yolu ilə getmək, zülf və şövqlə mədhiyyələr oxumaq hünər deyildir. Artıq dünyəvi elmlərə meyil etmək, cəmiyyəti maarifləndirəcək əsərlər yazmaq lazımdır. Bu yolda Qənizadə bir sıra əsərlər («Məktubati-Şeyda bəy Şirvani», «Allah xofu» və s.) yazmışdır. O, həmin əsərlərində də ilk növbədə yeni tipli məktəbblərdən və həmin məktəblərdə dərs deyən müəllimlərin milli ruhlarından bəhs etmişdir. Azərbaycan mütəfəkkiri hesab edirdi ki, dini xurafat və mövhumatdan, cahillik və nadanlıqdan qurtulmağın ilk yolu məktəblərin yaranmasından və həmin məktəbdə millətin övladlarına bilik vermək istəyən müəllimlərin olmasından başlayır. Onun fikrincə, müəllim millətini cəhalətindən qurtarmaq üçün hər şeyi gözə almalıdır: «Millətin cəhalətindən həzər edən müəllim öz balasına nifrin edən ata kibidir. Hünərli ustad xam dəmirdən səbirlə misri qılınc yapa bilərsə, yaxşı müəllim kəctəb millətdən xoşəxlaq cəmiyyət hazırlaya bilər».

Hətta, Qənizadə müəllimliyi həccə getmək istəyən müsəlmanın vəzifəsindən də ağır vəzifə hesab etmişdir. Onun fikrincə, xüsusilə dövründə müəllim çox məsuliyyətli bir vəzifə daşıyır: «Müəllimliyə təklif olan şəxs həcc və zəkatə müstəti olmadıqda «kimləri öyrətdin və nə öyrətdin?» sorulub bazxast (tələb) olacaqdır. İnsafən müəllimlik təklifi ağır təklifdirsə, müəllimlik şəni həm uca şəndir. Müəllimlik hər bir əsrdə ağır olubsa, bu əsrimizdə daha ağırraqdır! Əsrimiz bir əsrdir ki, gündüzlər qiraət, gecələr kitabət müəllimlər üçün din borcudur».

S.M.Qənizadə İslam dinində məzhəblərarası mübarizəni, o cümlədən şiə-sünni məsələsini isə birmənalı şəkildə pisləmişdir. O açıq şəkildə bildirirdi ki, müsəlmanlar arasında sunni-şiə məsələsini ortaya salanlar əsil müsəlmanlar ola bilməzlər. Çünki müsəlmanlar kitabı da, peyğəmbəri də birdir. Qənizadə bildirirdi ki, bu mənada, əgər müsəlmanlar sünni və şiə adları altında bir-birlərini öldürüb cənnətə gedəcəklərini düşünmələri cəhalətdir. Qənizadə yazırdı: «Allahı sevirsinizsə, Ömər ilə Əli həzrətlərini rüsvay etməyəsiniz. Öz zamanlarında o cənablarından baş verən əməllər indii gah islam və gah əcnəbi tarixçilərinin sərdəftəri olmuş ikən, sizin kibi cahillər bu kəsafəti-bəşəriyyə ilə onlar kibi ali cənabları müaxəzə etmək şayəstə deyil…. Ələlxüsus ki, indi dörd yüz ildir ki, bu bihudə məsələ söylənib-söylənib axır bir səmərə vermədiyi xud müzurr olduğun sübut edir».

Sultan Məcid bəyin fikrincə, bu məsələlərin həllində nicat yolu yalnız islamın bütövlüyüdür. O, «Allah xofu» əsərinin mövzusunu da real həyatdan götürüb təsvir etməklə yanaşı, cəmiyyətin problemlərinin həllində çıxış yolu kimi İslam dinini, konkret olaraq Quranı göstərmişdi. Onun fikrinə görə, insanlar Allahın qoyduğu şəriətlə getsə, cəmiyyət daxilində elm və şəriət intişar tapsa insanlıq şərəfi və vicdan isməti də itməz: «Əgən insanlar Allah qoyduğu şəriətə zindəganlıq etsələr, əlbəttə ki, dünyada hərgiz oğurluq ola bilməz, çünki hər kəs oğurluqda olan murdar qəbahəti boynuna götürməz… Amma çifayda! Elm və şəriət hala o dərəcədə intişar tapmayıbdır ki, hamı insanlar insanlıq şərəfini anlayıb, vicdan ismətin saxlaya bilsinlər».

Qeyd edək ki, S.M.Qənizadə İslamda qadın məsələsinə də xüsusi diqqət yetirmişdir. Onun fikrincə, müsəlman dünyasından neçə əsrlərdən bəri davam edən bu adətə son qoymaq lazımdır. Çünki qadınların azadlıqlarının əlindən alınması son nəticədə millətin inkişafına zərbə vurmuşdur. Qənizadə yazırdı: «Filhəqiqə bəzi millətlər arasında qadın tayfası hürriyyət səmərəsində binəsib ikən, bəzi hüquqdan məhrum qalmışlar. Biz Qafqaziya müsəlmanlarının arasında qadın çağırdığımız mehriban canlar, analar və bacılar übudiyyət qeydlərində bağlanmaları zülm və fəzihətdir və bunca nagüvara adətlər şəri-Məhəmmədiyə bərəks olduqda tədric ilə islam millətlərinin arasından tərk olacağına etimad çoxdur».

Ancaq o, kişilərlə qadınların tamamilə bərabərhüquqlu olması məsələsinə gəlincə, burada bir qədər fərqli mövqedən çıxış edirdi. Qənizadənin fikrincə, kişi ilə qadın arasında başlanğıcdan müəyyən fərq olduğu üçün, indii də bəzi məsələlərdə kişi qadından üstündür: «Dünyada hər bir zatın tərəqqisi üçün bir şərt mövcud ikən həmin tərəqqinin təkmili üçün həm bir dərəcə müəyyəndir. Hakəza qadın məsələsi hürriyyət və insaf üstündə bina tutduqda mədəniyyət aləmində bir dərəcəyəcə çatacağına həm etimad çoxdur, amma amerikalılar istətdiyi bərabərlik dərəcəsinəcən yox. Zira ki, ümumi insaniyyət üçün hürriyyət mütləqən mümkün olmadıqda, qadınla kişi arasında hər bir cəhətcə bərabərlik mümkün deyildir».

Qeyd edək ki, S.M.Qənizadə Azərbaycan Cümhuriyyəti dövründə də (1918-1920) milli və dini dəyərləri təbliğ etməkdə davam etmişdir. Qənizadə Azərbaycan Parlamentinin millət vəkili kimi, ən çox diqqəti «İslam-Türk» birliyinə yönəltmiş və türk-islam məfkurəsinin sintezindən çıxış etmişdir.

1917-1920-ci illərdə mövcud olan «İttihad» partiyasının liderlərindən bir kimi Qənizadə hesab edirdi ki, İslam bayrağının ucalmasında türk qövmləri müstəsna rol oynamışdır və oynamaqda da davam edir. Bu mənada, Qənizadə şəriətin qayda-qanunlara əməl olunmasını vacib saymaqla yanaşı, türklüyün də müdafiəsində dayanmışdır. O parlamentdəki bir çox çıxışlarında bəyan edirdi ki, «İslam birliyi»ni aparıcı rolu türklüyə məxsusdur.

Qənizadə parlamentdəki çıxışdarında daima türklük və islamlıq əleyhinə çıxış edən daşnaklara və bolşeviklərə qarşı olmuşdur. Xüsusilə, o, 1918-ci ildə Azərbaycan türklərinin xilasına gəlmiş Qafqaz-İslam ordusuna və onun komandanı Nuru paşaya dəfələrlə böyük sevgi və hörmətini ifadə etmişdir. Qafqaz-İslam ordusu Azərbaycanı tərk etməyə məcbur olduqdan sonra parlamentdə türk əsgərlərinə qarşı hədyan yağdıran bolşeviklərə və onların əlaltılarına ən sərt cavab verənlər arasında S.M.Qənizadə də olmuşdur.

Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra da mədəni-maarif işlərini davam Qənizadə, ancaq SSRİ repressiyasından qurtula bilməmişdir. Belə ki, onun vaxtilə islamçılıq, o cümlədən türkçülüklə bağlı çıxışları 1937-ci ildə repressiya olunması il nəticələnmişdir. Beləlliklə, ömrünün böyük bir hissəsini xalqının maariflənməsinə və savadlanmasına həsr edən Qənizadə bu yolda, sözün həqiqi mənasında şəhid olmuşdur.

# 1245 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən məşhur 7 kitab sərgisi - Siyahı

Dünyanın ən məşhur 7 kitab sərgisi - Siyahı

12:00 12 oktyabr 2024
Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

10:26 12 oktyabr 2024
Fədakarlıq həzz almaqdır - Loğman

Fədakarlıq həzz almaqdır - Loğman

10:00 12 oktyabr 2024
Təbrizli şairin Azərbaycanda ilk kitabı çap olundu

Təbrizli şairin Azərbaycanda ilk kitabı çap olundu

17:45 11 oktyabr 2024
Aktyor onu tənqid edən şəxsin mesajlarını paylaşdı

Aktyor onu tənqid edən şəxsin mesajlarını paylaşdı

17:11 11 oktyabr 2024
Geyimin əxlaqa nə təsiri var? - Elmir Həsən

Geyimin əxlaqa nə təsiri var? - Elmir Həsən

14:46 11 oktyabr 2024
# # #