Oğlu ondan utanır, arvadı sevmir, iş yoldaşları ələ salır - Sarı avtobusun bədbəxt sərnişini

Oğlu ondan utanır, arvadı sevmir, iş yoldaşları ələ salır - Sarı avtobusun bədbəxt sərnişini
24 oktyabr 2023
# 14:00

Kulis.az Samirə Əşrəfin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsəri əsasında hazırlanan eyniadlı tamaşası haqqında yazısını təqdim edir.

Bəlkə də, çoxları bilmir, yazıçı Anarın bu qədər uğurlu olmasının çox incə və sadə bir səbəbi var.
O, bütün əsərlərində gördüyü, tanıdığı, bildiyi adamlardan, şəhərlilərdən, Bakı mühitindən və insanından yazıb.
Onun qəhrəmanları mətbəələrdə, redaksiyalarda, televiziya kanallarında, teatrda işləyir. O, yazıçısından, alimindən, aktyorundan, dalandarından, quşbazından və digər epizodik qəhrəmanlarınacan - obrazlarını çox gözəl tanıyır. İşlədiyi yerlərdə, qarşılaşdığı bu tipajların heç birini gözündən qoymayıb, onları diqqətlə, için-için müşahidə edir, sonra əsərlərinə gətirir.


Üstəlik, bu qəhrəmanların demək olar ki, hamısı kədərli və çox tənhadırlar. Burada bir haşiyə çıxmaq istəyirəm. Bu ilin əvvəlində Anarla müsahibə üçün AYB-yə üz tutmuşdum. Yağışlı, çiskinli, yazdan çox, payızı xatırladan hava vardı. Yağış yağıb dayanmış, hava sakitləşib durulmuş, şüşə kimi şəffaflaşmışdı.
...katibəsi məni otağa göndərdi. Hündür tavanlı otağın iç-içə olan ağır qapılarını aralayıb içəri girməyimdən Anarın xəbəri yox idi. Yarıqaranlıq otağındakı kreslosunda sakitcə əyləşib küçəyə açılan pəncərəyə baxır, navalçalardan damcılayıb küçədəki avtomobillərin hərəkətinə qarışan su səsinə qulaq asırdı. Həmin məqamda Anarın daxilən, həm də elə zahirən nə qədər tənha olduğunu anladım.

Bir neçə saniyəlik bu müşahidə mənə bəs etdi ki, onun “Ağ liman”da, “Otel otağı”nda, “Macal”da, “Əcəl”dəki qəhrəmanlarına öz tənhalığından çox şeylər verdiyini hiss edim. Ətrafında nə qədər dostu və düşməni olur olsun, Anar bir insan kimi, yazıçı kim, qəhrəmanları kimi uzun illər təkcənə, tənha yaşadı.
“Dantenin yubileyi” hekayəsindəki Kəbirlinsiki isə əlbəttə Anarın prototipi deyildi, amma Kəbirlinskidə də Anardan nələrsə vardı. Anarın əsərləri içərisində ən yaxşılardan biri hesab olunan “Dantenin yubileyi” hekayəsi indi bizə çox uzaq görünən 1968-ci ildə yazılıb. Bu əsər yazılandan on iki il sonra mən dünyaya gələcəkdim. 24 il sonra qaçqın düşəcəkdim. Bakıya köçəcəkdim, 55 il sonra isə Anarın bu əsəri əsasında rejissor Ərşad Ələkbərovun hazırladığı tamaşaya baxıb, səhnəyə qoyulan qədimi sarı rəngli avtobusu görüb keçmişə, uşaqlıq illərinə qayıdacaq, erməniləri növbəti dəfə lənətləyib, bu yazını yazcaqdım.


Ancaq tamaşaya keçməzdən öncə bir məsələ üzərində dayanmaq istəyirəm. 2020-ci ilin fevral ayında “Azər Paşa Nemətovun çökdürdüyü milli teatrımız” adlı yazı yazmışdım. Azərpaşa müəllim indi haqq dünyasındadır, Allah rəhmət eləsin. Amma baş vermiş faktı heç kim dəyişdirə bilməz.
Həmin yazımda Akademik Milli Dram Teatrına yolları bağlanan gənc rejissorların adlarını çəkmişdim. Ərşad Ələkbərovun adı bu sıradan üçüncü idi. Üçüncü sıra, yer, məkan pis deyil, hətta hərdən çox yaxşıdır. Ərşad bəyin teatr təhsili, təcrübəsi, istedadı haqqında çox eşitmişdim.

Rus Dram Teatrında səhnəyə qoyduğu “Mərasim” tamaşasına baxmışdım, bu tamaşa haqqında yazı yazmışdım. “Mərasim” tamaşası da hansısa səbəblərdən səhv etmirəmsə, cəmi üç dəfə nümayiş olundu. Vəssalam! Bundan sonra biz bu tamaşanı bir də teatr səhnəsində görə bilmədik. İndiyə qədər də bir tamaşaçı kimi həmin tamaşanın qaranlıq taleyi məndə təəssüf yaradır. Ərşad Ələkbərov kimi yaradıcı insanların ölkənin digər teatr məkanlarında olmaması və yaxud da daha az olması əslində çox məyusedici idi. Bildiyimə görə Ərşad Ələkbərov daha çox xarici ölkə teatrları ilə işləyir. Amma bizim ölkə teatrlarının da Ərşad və onun kimi digər istedadlı rejissorlara ehtiyacı vardır.



Bu ilin may ayında Dram Teatrına Əməkdar İncəsənət xadimi Mehriban Ələkbərzadənin bədii rəhbər təyin olunması xəbəri mədəni həyatımıza yenilik gətirdi. Hər kəs gözləyirdi, əmin idi ki, ölkənin ana teatrında mütləq nə isə yaxşılığa doğru prosseslər başlanacaq. Başladı da! Mehriban Ələkbərzadə Dram Teatrının qapılarını gənc rejissorların üzünə açdı.
Ərşad Ələkbərovun və Nihat Qulamzadənin teatra dəvət olunmaları, onlar üçün yeni tamaşalar hazırlanmasına şəraitin yaradılması, qapıların taybatay açılması sevindirici hal idi. Mehriban Ələkbərzadə göstərdi ki, yaradıcı, istedadlı adamları ölkə teatrlarına cəlb etmək, Azərbaycan teatrı, mədəniyyəti üçün səmərəli etmək mümkündür.

Nəticə etibarı ilə “Dantenin yubileyi” tamaşası ilə teatra yenilik gəldi. Baxmayaraq, əsər 50 il əvvəl yazılıb və səhnə əsərində nəsr klassikası qorunub.
Teatrşünasların gözündən uzaq səhnə əsəri barədə nəqlə keçməzdən əvvəl, onların könlü xoş olsun deyə, nəzərlərinə çatdırım ki, tamaşanı teatrşünas kimi yox, yazıçı kimi saf-çürük edəcəm. Çünki taleyin qismətidir, nədir, öz qızım da teatrşünaslıq üzrə təhsil alır və indi mən bu yazını yazarkən o, başımın üzərində dayanıb deyir:
- Ana, sənə elə gəlmir ki, jurnalistin işi tamaşadan press-reliz hazırlamaqdır?
- Press-reliz nədir?
- Xəbər.
- Bu sözü sənə kim öyrədib?
- Sən.
- Ay sağ ol. Həm də mən jurnalist kimi yox, yazıçı kimi münasibət bildirməyə çalışıram. Bəd ayaqda tamaşaçı kimi...
Qızımı qınamıram, tamaşa haqqında o da mənim təkidimlə yüngülvari cızma-qara edib. Bir neçə ortabab cümlə yaza bilib, cümlələrin gücündəndir, nədirsə, indi müqtədir ədası ilə gələcəkdə atacağı oxların yerini nişan alır. Ancaq ona deyə bilmirəm ki, yazısındakı “Və mən düşünürəm ki, avtobus kasıb həyatı simvolizə edir. Bunu tamaşa bitdikdən sonra yarım saat, bəlkə də, daha çox avtobusu gözləyəndə daha yaxşı anladım.” cümləsi hələ bilikli və istedadlı teatrşünas olmasından yox, mənim genetik kodlarımın onun şüuraltına diktəsindən xəbər verir. Lakin hazırkı məqamda yaradıcı eqoizmin, “Analar və qızlar” ədəbi tənliyinin vaxtı deyil. Zamanı gələndə, mən qocalmış dişlərimi, o, isə gənc caynaqlarını şaqqıldadar.
Beləliklə, biz səhnədə sarı avtobus görürük. Avtobusun damından bakılılar demiş, zivə çəkilib. Aktyorların mizanları dairəvidir. Kəbirlinskinin “Bu gecə. Bu qoca. Bu ocaq” sözlərindən sonra rejissorun yerindən atlanıb düşməsi bir olur.
Beləliklə, Kəbirlinski (Sabir Məmmədov) 40 ildir ki, teatrda aktyor kimi fəaliyyət göstərir. Onun teatrdakı növbəti səhnə əsərində cəmi üç sözü var: "Bu gecə. Bu qoca, Bu ocaq."
Ancaq tamaşanın rejissoru Səyavuş (Elşən Rüstəmov) nə qədər cəhd edirsə, bu sözlər onun istədiyi kimi, xüsusi istedadla deyilmir. Bununla da dramaturgiya, həm də Kəbrilinskinin həyatına ekskursiya başlanır. Ömrünün böyük hissəsini həsr etdiyi teatrın kollektivi onu ələ salır, lağ edir.
Ancaq onun ailəsində də hörməti yoxdur. Arvadı Həcər (Sənubər İsgəndərli) tez-tez ona gəldiyi üçün özünü bəxtsiz, yarımamış hesab edib, özünü günahlandırır, hətta dünyadan köçmüş bacısını yaxşı kişiyə ərə getdiyi üçün özündən qat-qat bəxtəvər hesab edir. Ərinin fərsizliyinə qəzəblənib, rişxənd edərək, qəzəb püskürür. Kəbirlinskinin oğlu Eldar (Elsəvər Rəhimov) (əslində, əri ilə qəzada dünyasını dəyişən baldızının oğludur) atasından utanır, onun haqqında yanında lağlağı edən adamlarla dalaşır.

O, həm də ona yox, daha imkanlı oğlana ərə gedən qızı Rənanı (Nəzrin Abdullayeva) sevir. Teatrda Kəbirlinskini Cavad Cabbarov (Anar Heybətov) guya qoruyur. Əslində, bu himayənin özündə istehza, ironiya var. Teatrda premyerası keçirilən tamaşaya Həcər üçün dəvətnamə götürmək istəyən Kəbirlinskiyə dəvətnamə tapılmır. Özmrünün ən kədərli, səmimi monoloqunu deyən, həyatından şikayətlənən Kəbirlinskinin “dadına” Məcid Ələsgərov (Vüsal Mustafayev) çatır. Ona məhz premyera gününə “Dantenin yubileyi” tamaşasına ikinəfərlik dəvətnamə verir. Təzə bəy kimi Həcəri də yanına alıb yubileyə gedən Kəbirlinskinin bəxti bu dəfə də gətirmir. Məlum olur ki, onu aldadıblar. Və kütlə Məcid Ələsgərovun timsalında yenə də əclaflıq edir.
Kəbirlinski, əlbəttə ki, ideal obraz deyil, hətta sıradan, bəsit, arzu edilməyəndir. Xarakteri yoxdur. O, Həcərin qeyd etdiyi kimi doğurdan da əfəldir, hətta bəzi situasiyalarda çox zəlildir, yazıqdır. Özünü insanların tənələrindən, lağlağalarından, atmacalarından qoruya bilmir. Qırx il bir teatrda başqalarının yerini tutmaqla boşuna zaman itirib. Ancaq evə əlində dəvətnamə gətirən zaman o, birdən birə dəyişilir, “qüvvətli”, mənəm-mənəm deyən ailə başçısına çevrilmək istəyir.
Əvvəlcə tamaşanın ən parlaq qəhrəmanlarından başlamaq isəyirəm.

Sabir Məmmədov olduqca istedadlı, bacarıqlı, ömrünün böyük hissəsini, ifa etdiyi Kəbirlinskidən fərqli olaraq teatra səmərəli şəkildə həsr edən aktyorlarımızdan biridir. Sabir bəyi çox tamaşalarda izləmişəm, Kəbirlinski obrazında da səmimi qəlbdən əziyyət çəkir, işləyir, cani dildən hər bir ştrixi, detalı tamaşaçıya çatdırır. İndi Sabir Məmmədov fakturasında, səs tembirində, plastikasında aktyorlarımz barmaq sayı qədər azdır.
Həcər rolunun ifaçısı Sənubər İsgəndərlini uzun illərdir ki, bu cür obrazda görmürdük. “Yaşlı xanımın gəlişi” tamaşasındakı obrazı onun bioqrafiyasının ən parlaq məqamlarındandır. Ancaq həmin roldan sonra Sənubər xanımı “Sinif yoldaşları" və “Dəli yığıncağı” tamaşalarını çıxsaq, niyəsə digər tamaşalarda görmədik.

Aktrisanın “Danteniin yubileyi” tamaşasındakı rolunu izləyən zaman rejissor faktoru, rejissor və aktyor işinin qarşılıqlı vəhdətini görmək, hiss etmək mümkündür. Bunu danmaq olmaz. Sənubər xanım bakılıdır, Bakı mühitində böyüyüb, təhsil alıb. Hələ uşaqlıq illərindən onun qonşuluğunda, qohumlarında Həcər kimi qadınlar mütləq olub. Sənubər xanım da şəhər mühitini, şəhər insanlarını yaxşı tanıyır. Və Həcər obrazına da həmin dövrdən şüuraltında qalanları peşəkar formada qatmağa nail olub.
Bəzi yerlərdə komik situasiyaları ifa etməklə yanaşı aktrisa həm də dramaturgiyanı, kədəri də tamaşaçıya ötürməyə çalışır. Misalçün, Kəbirlinski Eldara onların oğlu olmadığını demək istəməsini Həcərə bildirdikdə, aktrisa yalnız baxışları ilə bu situasiyanın onlar üçün nə qədər ağrılı, qəbul olunmaz olduğunu çatdıra bilir.
Tamaşanın digər qəhrəmanı Anar Heybətov bu dəfə də fakturası hesabına udur. Tamaşadakı yaltaq teatrşünas kimi mən də, misalçün, aktyorlar Cümşüd Zeynalovun və yaxud da Vüsal Mustafayevin ifasını tənqid etmək ifkrində deyiləm.
Məhz Anar Heybətovun oyunu haqqında yazmaq istəyirəm.

Anarın nə səhnə diksiyası, nə səsi, nə də plastikasıı səhnədə onun dadına çatmır. O, cüzi istedadını təəssüf ki, heç vaxt aça bilmir. Hərdən mənə elə gəlir ki, aktyor canı dildən ondan nə Kefli İsgəndər, nə Müşfiq, nə də Cavad Cabbarov olmayacağını sübut etmək üçün səhnəyə çıxır. Ola bilər, Anar Heybətov Kəbirlinskidən fərqli olaraq bəxti gətirmiş aktyordu, ancaq təəssüf ki, Cavad Cabbarov ifası ilə o, Kəbirlinskidən istedadlı deyil!

Tamaşda ortaya qoyulmuş sarı avbtobus keçmişi, sadə həyatı simvolizə edir. Rejissor mizanlarda, tamaşanın nəqlində yenilikçi olmağa çalışsa da, əsərdəki ümumi atmosferə toxunmayıb. Misalçün, metro qəpiklə işləyir, Həcər paltarları dəmir vannada yuyur, avtobusun damından asılan zivə də keçmişi simvolizə edir. Ümumilikdə, tamaşa boyu sovet dövrünün nostalgiyasını duymaqla yanaşı həm də, teatrın səhnəsində izaholunmaz yeni nəfəsi, ümumən teatrdakı canlanmanı hiss etməmək mümkün deyil.

Premyera günü olduğundan zalın yarısı demək olar ki, aktyorlar, rejissorlar, dramaturqlar, media adamlarıdır. Tamaşanın bəzi yerlərində zalda oturan aktyorların kədərləndiklərini, fikrə getdiklərini, ah çəkdiklərini, şaqqanaq çəkib güldüklərini görürəm.
Deməli, 55 il əvvəl yaranan Kəbirlinskidən bu günün aktyorlarında da mütləq nə isə vardır. Heç bir aktyor Kəbirlinski olmaqdan sığortalanmayıb. İstənilən aktyor həyatın hansısa mərhələsində Kəbirlinskiyə çevrilə bilər. Bunun olmaması üçün isə şəxsi keyfiyyətin, xarakterin, istedadın olmağı, bitməməsi, qorunması çox vacibdir.

Tamaşa boyu biz səhnədə gənc aktyorların pərvaz etdiklərini görürük. Hərdən bu pərvazlanma, avtobusun ətrafında dairə vurmaq çox yorucu və bezikdirici təsir bağışlayır. Əsərdəki hadisələrin aktyorlar tərəfindən cümlə-cümlə nəqli də xeyli qarışıqlıq yaradır, tamaşaya əsərdən xəbərsiz, ilk dəfə baxan tamaşaçının fikrini qarışdırır.
Ümumilikdə isə xeyli zəhmət bahasına hasilə gələn tamaşada Mətləb Abdullayev (Ağamehdi), Şəlalə Şahvələdqızı (Səfura), Şəhla Əliqızı ​(Anaxanım), Rüstəm Rüstəmov ​(Əlikram), Vüsal Mustafayev (Məcid Ələsgərov), Məhsəti Tahirzadə (Lena), Ramin Şıxəliyev (Gənc tənqidçi), Cümşüd Zeynalov (Mamed), Elsevər Rəhimov (Eldar), Tural İbrahimov (Aydın), Nəzrin Abdullayeva (Rəna) və Lalə Süleymanova ​(Roza) obrazları canla-başla canlandırdılar
Onların səhnəyə fərəhlə çıxdıqlarını və ən əsası teatrda, səhnədə hiss olunan yeniliklərdən xoşbəxt olduqlarını görmək mümkündür.
Ümid edək ki, belə tamaşalar davamlı olacaq, insanlar pərdələr bağlanana qədər həvəslə teatrı, tamaşa heyətini alqışlayacaqlar!

# 4026 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #