O niyə ümmətçilikdən uzaqlaşmaq istəyirdi? - Faciələrlə keçən ömür

O niyə ümmətçilikdən uzaqlaşmaq istəyirdi? - Faciələrlə keçən ömür
2 dekabr 2024
# 14:43

Bu gün görkəmli yazıçı, Türk Tarix Qurumunun ilk sədri Yusuf Akçuranın doğum günüdür.

Kulis.az Azər Turanın onun haqqında yazısını təqdim edir.

28 yaşı var.

Yaşadığı evin tavanı qara rənglənmiş, döşəmənin taxtaları bir-birindən bir-iki barmaq aralı, divarın adam boyundan yuxarı hissəsində qırmızı boyalı xırda bir pəncərə...

Gecədən keçib. Soba yanmır. Səhərə qədər yaşıl abajurlu masaüstü lampanın işığı sönmür...

Üstü-başı çəkdiyi siqaretlərin külünə bulaşmış. Barmaqları buz kimi soyuq... Yeni türk dövrünü başlamaq üçün "Üç tərzi-siyasət"i yazır...

1904-cü ildir.

Buna qədər İstanbuldan Tripoliyə sürgün edilib, sonra Parisə hicrət edib, fransız dilini Şeyx Şamilin nəvəsi Zahid bəydən öyrənib. Paris Siyasi Elmlər Akademiyasını bitirib...

***

"Üç tərzi-siyasət" elə həmin il - 1904-cü ildə Qahirədə çıxan "Türk" qəzetində dərc olundu. Bu əsəri ilə 28 yaşlı Yusuf Akçura türk milli özünüdərkinin münifestini irəli sürdü, siyasi türklüyün əsasını qoydu.

Milli məfkurənin ilk ideoloqlarından biri kimi o, Rus imperiyası ilə yanaşı, Osmanlı imperatorluğunun də çökəcəyini fəhm edirdi. Türkləri xilas etmək üçün vahid Osmanlı milliyyətini yaratmağın da mümkün olmayacağına inanırdı. Bunun isə bir neçə təzadlı səbəbi vardı. Belə bir milliyyətin yaradılmasını, ən əvvəl, Osmanlı türkləri qəbul etməzdi. Qeyri-türklərlə eyni statusu bölüşməyi bu torpaqların üzərində imperatorluq quran bir millət istəməzdi. Digər tərəfdən, Osmanlıda qeyri-müsəlman və qeyri-türk olan toplumun türklərlə, müsəlmanlarla öz haqq-hesabı vardı. Osmanlı millətinin yaranmasını həm də Rusiya istəməyəcəkdi. Osmanlı dövlətinin o zamankı ən böyük düşməni olan ruslar türklərin bu şəkildə güclənməsiylə ona görə razılaşmayacaqdı ki, Osmanlının süqutu ilə Rusiya bütövlükdə Qara dənizə, Bizansın baş məbədi sayılan Ayasofyaya sahib çıxacaqdı...

Yusuf Akçura üç istiqamətin - osmanlıçılığın, islamçılığın, türkçülüyün hər hansı birinin inkişafının digərlərinin zəifləməsinə səbəb olacağını da bilirdi. Düşünürdü ki, türklüyün mənfəəti bir sıra hallarda İslamın mənfəəti ilə üst-üstə düşmür. Onun qənaətinə görə, türklüyün tətbiqi islam birliyini "türk və türk olmayan hissələrə bölərək zəiflədəcək", Osmanlı cəmiyyətində nifaqı qızışdıracaqdı. O ərəfədə, hətta ərəblərin milliyyətçilik duyğusu ənənəvi ümmət düşüncəsini üstələmişdi, ən böyük islam imperatorluğunun çöküşünə zəmin hazırlayan proseslərdə ərəb millətçiləri, ingilislərlə eyni məfkurəni bölüşürdülər. Ərəb də, ingilis də islam xəlifəsinin türklərdən olmasını qəbul edə bilmirdi.

Yusuf Akçura dərk edirdi ki, əlac türkləşdirməkdədir. Çünki "türklük siyasəti də eynən İslam siyasəti kimi ümumidir, Osmanlı hüdudları ilə məhdud deyildir"...

***

1904-cü ildə Yusuf Akçura ideal sistem və ideoloji təməl axtarışındaydı. Elə həmin ərəfədə bu üç siyasi tərzin, istiqamətin ideal şəklini Əli bəy Hüseynzadə müəyyənləşdirdi: türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq düsturunu irəli sürdü. Hüseynzadənin milli triadasını ilk alqışlayanlardan biri də Yusuf Akçuraydı. Yazırdı ki, "Əli bəyin üçlü düsturu türk millətinin yaxşı tapılmış xoşbəxt əsaslardandır".

Akçura siyasi türkçülüyü həm də tarixşünalıqda tətbiq edirdi. Osmanlı tarixini türk tarixinin tərkibində araşdırmağın zəruriliyini xatırladırdı. Qəbləl-tarix (tarixdən öncəki) türklər, Çingiz xan dövrü, osmanlı mərhələsi və çağdaş türk tarixi Akçuranın bölünməz türk tarixi konsepsiyasının əsas konturlarıydı. Çingiz xanın türk milli kimliyini Osmanlı elmi camiasında ilk dəfə Əli bəy Hüseynzadə və Yusuf Akçura irəli sürmüşdülər. "Əfəndilər, Osmanlı dövlətinə pək çox zərəri toxunmuş Napoleona, ən ziyadə şöhrətini Osmanlı türklərinə qələbələri ilə qazanmış Katerinaya tarixlərimizdə heç çəkinmədən, heç sıxılmadan "böyük" deyirik də, Teymurdan, Çingizdən bəhs edəcək olunca ismlərinə təhqirçi bir sifət əlavə etmədən tələffüz edə bilmirik... Çingizin qopardığı fitnə, məsələn, İskəndəri-kəbirinkindən daha böyükdürmü? Teymurun tökdüyü qan böyük Ramsesin tökdüyü qandan daha fazlamıdır?".

Beləcə, Yusuf Akçura Osmanlıda yeni türk təfəkkürünün əsaslarını qoyurdu...

Əlində Bartold və Leon Kahunun əsərlərindən başqa qaynaq yoxdur, amma Çingizin şəcərəsini yazır, onun qurduğu imperatorluğun idarəetmə düzənini, sərhədlərini türk tarixşünaslığının predmetinə çevirirdi...

Akçura elmdəki varislərinə səslənirdi: "Biz özümüzə, qövmümüzə, irqimizə yabançıların gözlərimizə taxdıqları gözlüklə baxırıq. Əgər türkləri, türklərin keçmişini olduğu kimi görmək istəyiriksə, yabançıların taxdığı gözlüyü qırıb ataraq, hadisələrə öz türk gözümüzlə baxmalıyıq: yəni babalarımızın buraxdığı əsər və sənədləri tədqiq edərək hökm verməyə çalışmalıyıq".

Onlar sözün həqiqi mənasında millət ataları idilər. Tariximizi avropalıların gözümüzə taxdıqları yad gözlüklərlə deyil, öz türk gözümüzlə görməyi və araşdırmağı təlim edirdilər. Hələ üstəlik, Əli bəy Hüseynzadə Avropanın mədəsində həzm olunmaq deyil, Avropanı beynimizdə həzm etməyin yollarını öyrədirdi.

Yusuf Akçura 1915-ci ilin dekabrında Hüseynzadə ilə bir yerdə "Turan heyəti"ni qurur, çökməkdə olan rus imperiyasındakı müsəlman-türk toplumunun siyasi müqəddəratını müəyyənləşdirmək üçün Avropa ölkələrinə səfərə çıxırlar. 1916-cı ildə İsveçrədə - Sürixdə Leninlə görüşüb müzakirələr aparır, təkcə Leninlə deyil, Avstriyanın baş naziri Stork, Macarıstanın baş naziri Tisza, Almaniyanın xarici işlər naziri Paqu və Bolqarıstanın baş naziri Rodoslovla görüşürlər, Sofiyada, Vyanada, Budapeştdə, Berlində dövlət başçıları ilə söhbətlərində də Rusiya müstəmləkəçiliyindəki türklərin milli taleyi müzakirə olunur. Memorandumlar imzalanır. Amerika Birləşmiş Ştatlarının Prezidenti Vilsona, hətta Rusiyanın müttəfiqlərinə "Rusiya müsəlmanlarının haqlarının tanınması" çağırışı ilə teleqram göndərirlər. Bu, Rusiya türklərinin tarixdəki ilk istiqlal həmləsidir.

Rusiyada əsirlikdə olan türk əsgərlərinin azad edilməsi naminə yaradılmış Osmanlı Hilali-Əhmər Cəmiyyətinin təmsilçisi olaraq, Danimarkanın, İsveçin, Almaniyanın, Rusiyanın, Finlandiyanın rəsmi məqamlarını narahat edən, Petroqrad, Moskva, Kazan, Ufa şəhərlərini türk əsirlərinin sorağıyla qarış-qarış gəzən Yusuf Akçura 1917-18-ci illərdə imperiyanın türklər yaşayan bölgələrində təbliğat işləri də aparırdı, əsirlərin axtarılıb tapılması işini, az qala, özü təkbaşına gerçəkləşdirirdi. 1918-ci ildə Helsinki və Stokholmda türk dünyasının problemlərini müzakirə edirdi. Danimarkaya gedib Orxon yazılarını oxumuş Tomsenlə görüşürdü, ona türk milləti adına elmi çalışmalarından dolayı təşəkkür etməyi özünə borc bilir və bütün bunlardan sonra - 1919-cu ilin avqustunda gəmi ilə türk əsirlərinin İstanbula gətirilməsini təmin edirdi.

Siyasi fəaliyyətinin iki məqamında Akçuranın çıxardığı qərarlar onun şəxsiyyət kimliyini dəyərləndirmək baxımından ibrətlidir. 1905-ci ildə Rusiyada "İttifaqi-Müslimin"in, yəni ilk müsəlman Partiyasının qurucularından olsa da, hansı səbəbdənsə Osmanlıda "İttihad və Tərəqqi" Partiyasının üzvü olmaqdan imtina edir. Onun İstanbul həyatında mənəvi və maddi böhrana yol açan, siyasi fəaliyyətini xeyli əngəlləyən bu inadkar davranışının səbəbləri barədə fikir söyləmək çətindir. Dostu Ziya Gökalpın təşviqi ilə Akçuranı, nəhayət, partiya sıralarına qatılmağa razı sala bilsələr də, o, qəbul qaydalarına əsasən müqəddəs kitaba əl basmaq məqamında dəstəmazsız olduğunu bəhanə edib Qurana əl basmır və Türkiyədə "Türk Dərnəyi", "Türk Yurdu", "Türk Ocağı", "Türk Birliyi" kimi ilk türkçü təsisatların qurucularından biri, "Türk yurdu" dərgisinin yaradıcısı və baş redaktoru Akçura "İttihad və Tərəqqi"nin sıralarına qoşulmur... Bəlkə elə bu səbəbə görə İstanbul Darilfünunundan uzaqlaşdırılan Akçura Heybəliada Dəniz liseyində sıravi tarix müəllimi olmaqla yetinir... Bir məqamı xüsusən vurğulamaq istəyirəm, istər "İttihad və Tərəqqi"yə qəbuldan yayınması, istər elmi və şəxsi müstəvidə aralarında yaranmış soyuqluq məfkurə məsələsində Ziya Gökalpla Akçuranın fikir qardaşlığını əngəlləyə bilmədi. Tarixçi Ənvər Ziya Karalın qənaəti isə bu mənada xeyli düşündürücüdür: "Yusuf Akçuranın Türkiyə Cümhuriyyətinin qurulmasında, türk yenilikçi hərəkatının istiqamətləndirilməsində Ziya Gökalpdan daha çox xidmətləri olmuşdur".

Milli mücadilə dönəmində Atatürkün tərəfini saxladı, İstiqlal savaşında Anadolu cəbhələrinə getdi, Sakarya döyüşlərində iştirak etdi. Türk Milli Firqəsinin qurucularından oldu. Cümhuriyyət Xalq Partiyasına daxil oldu. Əvvəl İstanbuldan, sonra Qarsdan Böyük Millət Məclisinə seçildi. Türkiyə Xaricı İşlər Nazirliyində Şərq məsələləri şöbəsinin müdiri, Atatürkün mədəniyyət məsələləri üzrə müşaviri, Türk Tarix Qurumunun yaradıcısı və ömrünün sonunacan bu Qurumun rəhbəri oldu. 1932-ci ildə keçirilən Birinci Türk Tarixi Qurultayına Atatürkün tövsiyəsi ilə sədrlik etdi...

***

Akçuranın həyatı faciələr, gərginliklər içində başlayıb. Simbirskdə doğulub. Atasını erkən itirib. Sonra anası, məşhur burjuy Yunusoğluların qızı Bibi Qəmər Banu da ruhi sarsıntı keçirib. Ailənin Rusiyada qalmasını məsləhət görməyən həkimlərin təkidi ilə Yusuf və xəstə anası 1883-cü ildə Türkiyəyə köçüblər... Türkiyədə fabrik quran Bibi Qəmər Banu işlərini yönəldə bilməyib və borclulardan yayınmaq məqsədilə onlar yenidən Rusiyaya - Stavropol şəhərinə qayıdıblar. Amma borcluların tutduğu rus vəkili ailəni tapır və əldə qalan hər şeylərini satdırıb borclarını ödətdirir. Akçuralılar yenidən Türkiyəyə qayıdır. O zaman Yusufin yeddi yaşı vardı...

İsmayıl bəy Qaspıralı Yusuf Akçuranın eniştəsidir (yeznəsidir). Ümumiyyətlə, böyük türk aydınları təkcə məfkurə aspektində deyil, ailə, ocaq, izzəti-nəfs anlamında da türklüyün birləşməsini, yaxınlaşmasını təmin edirdilər. Akçuranın əmisi Kazanlı tacir İsfəndiyar bəy tək övladı olan Zöhrə xanımı Krımlı İsmayıl bəy Qaspıralıya, İsmayıl bəy isə qızı Şəfiqə xanımı gəncəli Nəsib bəy Yusifbəyliyə ərə verirdi...

***

...Yusuf Akçuranın 1931-ci ilin 23 iyununda Əli bəy Hüseynzadəyə yazdığı bir məktub var: "Rahatsız olduğunuzu bu günlərdə eşitdim. Çox mütəəssir oldum... Ah Əli bəy, əlli, altmış il əldən gəldiyi qədər çalışdıqdan sonra həyatımız bizə bu mükafatımı verəcəkdi? Maamafih buna da şükür. Allah betərindən saxlasın!".

...İstanbul Darülfünunun yeni dövr siyasi tarix professoru 1935-ci il martın 11-də Ədəbiyyat fakültəsindəki dərslərini tamamlayıb səkkiz yaşlı oğlu Toğrulla evlərinə qayıdırdı. Yolda infarkt keçirdi. Müvazinətini itirdi. Yıxıldı və dünyasını dəyişdi... 58 yaşı vardı...

# 93 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

16:08 2 dekabr 2024
Orqan musiqisini sevənlər üçün konsert proqramı

Orqan musiqisini sevənlər üçün konsert proqramı

16:04 2 dekabr 2024
"Müharibəni gözləyərkən" təqdim edildi

"Müharibəni gözləyərkən" təqdim edildi

13:24 2 dekabr 2024
Hadisəyə "Avroviziya"  təklifi

Hadisəyə "Avroviziya" təklifi

13:02 2 dekabr 2024
Ancelina Coli:  "Yaş artdıqca daha yaxşı oynayıram"

Ancelina Coli: "Yaş artdıqca daha yaxşı oynayıram"

12:40 2 dekabr 2024
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirildi

Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirildi

11:19 2 dekabr 2024
# # #