Əkrəm Əylislinin fabulası ətrafında

Vüqar Babazadə, Əkrəm Əylisli

Vüqar Babazadə, Əkrəm Əylisli

30 sentyabr 2022
# 09:00

Kulis.az Vüqar Babazadənin “Əkrəm Əylislinin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Şəhərin mərkəzində yerləşən binaların birindəki ofisdən çıxıb, Dənizkənarı bulvara gedəndə canımda məhz bu gün və heç gözlənilmədən peyda olmuş qəribə yüngüllüyə özüm də mat-məəttəl qalmışdım. Birdən-birə bu qədər yüngülləşib qıvraqlaşmağımın səbəbi, görəsən, doğrudanmı, kitab sərgisində Əkrəm Əylisini görə biləcəyim fikri idi, yoxsa bunun başqa səbəbləri də vardı?

Sərginin keçirildiyi binanın qarşısında anamla görüşürük. Bir müddət içəridə gəzəndən sonra ana şəkil çəkdirmək istəyir. Anamın şəkillərini çəkirəm. Cana yığılmışam, hər dəfə nəsə pis bir şey tapıb, yenidən çəkdirir. Bu anda balaca boy bir kişi binanın qarşısında peyda olur. Qeyri-ixtiyari gözüm ona tərəf gedir, zillənir və çəkilmir. Həyəcanlı şəkildə öz-özümə və anama müraciət edirəm.

– Ay Allah, Əkrəm Əylisli?

Sanki anamın da, Allahın da yadına Əkrəm Əylisli düşür. Hamı qanrılıb ona baxır. Yəqinləşdirirəm ki, gördüyüm kişi Əkrəm Əylislidir. Diqqətlə sifətinə baxdığımı görcək mənə baxıb gülümsəyir. Bilmirəm neynim. Gedim salamlaşımmı, salamlaşmayımmı? Adam Əkrəm Əylislini görəndə nə etməlidir?

Bu suallar arasında girinc qalarkən o ustufca qapıya yaxınlaşır, yumşaq addımlarla içəri daxil olur. Kostyum geyinib, ayağında bir az sport, bir az da klassikə bənzər ayaqqabı var. Boğazı ilan dili kimi azacıq haçalanıb. Saçları əngin taxıl zəmilərindəki sünbüllər kimi xış-xış xışıldayır. Əlimi dişləyib fikirləşirəm ki, “boyu nə balacadır bu kişinin?”. Bəlkə, gördüyüm bayaqkı kişi Əkrəm Əylisli deyildi? Belə Əkrəm Əylisli olar? Bu anda tanımadığım bir oğlan mənə yaxınlaşıb deyir: “Gördün, Əkrəm Əylisli idi o”.

Dağlar deyir ki, soyuqdur...

İçəridə Kəramət Böyükçöllə dayanmışam. Kəramətin sifətində qəribə bir mənzərə var. Elə bil anası ölən ceyran balasıdır. Gözləri zürafələrin gözü kimi ləngər vura-vura hərəkət eləyir. Başını asta-asta tərpədib deyir: “Bircə, feysbuku silmək azadlığım var, onu da çox görürlər mənə”. Sözünü yarımçıq kəsib onu dolayıram: “Neçəyə satıldın, ay Kəriş, düzünü de?”. Nəzərlərim uzaqdan sərgini gəzib kitablara baxan Əylislinin üzərindədir. Gözlərimi də mənimlə birgə aparıb, gəzdirir. Kəramət yenə nəsə deyir. Hiss edirəm ki, ürəyi doludur. Gözləyirəm ki, boşaltsın içini. Sakit-sakit dayanıb dinləyirəm.

əkrəm də qocalıb ha anardan cavan görünür maşallah dava filan düşməsin bircə görəsən kimsə gəlib artıq-əskik nəsə deyər yəqin özü də bir az narahatdır həə nəsə həyəcanlı idi ana hardadı indi yəqin şəkil çəkdirir hardasa kəramət niyə belə yorğundu əkrəmin boyunun balaca olmağı heç yaxşı olmadı bu boyda adam necə o boyda əsərlər yaza bilib

Düzlər deyir ki, su yoxdur...

Görüş başlayır. Əkrəm müəllim oturub. Ətrafına adamlar toplaşıb. Görüş baş tutur Bakı İdman Sarayının foyesində. Əkrəm Əylisli bir az həyəcanlı.

(I pərdəli yazı)
I pərdə

Ş a h b a z X u d u o ğ l u (gülə-gülə) Buyurun, Əkrəm müəllim, söz sizdə.

Ə k r ə m Ə y l i s l i (pis bir iş görmüş kimi çiyinlərini çəkərək) Mən nə danışım? Olar ki, siz sual verəsiz?

Ş. X. Yaxşı, Əkrəm müəllim. Demək olar ki, üç ildir bizimlə görüşmürsüz. Necə keçir həyat? Nələr edirsiz?

Ə. Ə. (ağlayacaqmış kimi olur) 80 yaşdan sonra irəliyə baxmaq olmur. 80 yaşdan sonra irəlidə ancaq qəbir görünür. Ona görə geriyə baxıram. 50-60 il bundan əvvəlki həyatıma. Uşaqlığıma... Orda baş verən hadisələrə. Təsəvvür edin, ovaxtkı hadisələr elə bil dünən olub... İndiyə kimi bütün yazılarımda uşaqlıqla bağlı mütləq bir detal olub (doluxsunur).

Ş. X. Kimin sualı varsa, verə bilər...

T a m a ş a ç ı (1) Əkrəm müəllim, necə oldu qərar verdiniz ki, mən yazmalıyam?

Ə. Ə. (hövsələsiz) Ay oğlum, bir az yüksəkdən danış, eşitmirəm.

T a m a ş a ç ı Deyirəm ki, necə oldu qərar verdiniz ki, mən yazmalıyam?

Ə. Ə. Çox bayağı formada alındı. Uşaq olanda bir qız sevirdim. Bilmirdim özümü ona necə göstərəm. Başladım, şeir yazmağa. Taylarım özünü göstərmək üçün hündürlükdən tullanırdı, ağaca dırmaşırdı, güləşirdi. Mənim də əlimdən ancaq şeir yazmaq gəlirdi. Yazırdım, yazırdım, axırda qızın gözünə girdim. Beləcə yazmağa davam elədim.

Sonradan “Kirpi” juranlı üçün çox yazdım. Uzun müddət “Kirpi”də işlədim. Hətta məndən son illərdə yolda bir kişi soruşdu ki, daha “Kirpi”də yazmırsan?

(Zalda gülüşmə səsləri)

R a s i m Q a r a c a Əkrəm müəllim, Azərbaycan jurnalında o vaxt kimləri çap etmisiz və kimlər üzünüzə ağ olub? Nələr baş verib həmin dövrlərdə?

Ə. Ə. (ətrafa baxa-baxa. Səs gələn tərəfi axtarır) Hər kəsi. Demək olar ki, yaşlıların əksəriyyətini çap etmişəm. Eldar Baxışdan Ramiz Rövşənə qədər. O vaxt Qabil idi müavin. Deyirdi ki, gənc şairlərin filan misraya qədər çap edilmək haqqı var. Çox misra oldu, çap edə bilmərik. Qabil heç bir gəncə işıq üzü vermirdi. Deyirdim ki, bu qanun harada var ki, gənclər filan qədər misradan artıq çap oluna bilməzlər? Gördüm ki, bu imkan vermir, qovdum getdi...

(Zaldakılar yenidən gülüşürlər)

Rasim Qaracanın bu sualı haqqında 20 dəqiqədən çox danışır. Ürəyi soyumur.

V i d a d i H ü s e y n o v (ehmalca mikrofonu əlinə alaraq) Əkrəm müəllim, gənclər sözdən niyə qorxmurlar? Təzə başlayan kimi roman yazırlar. Halbuki roman yazmaq çox çətin işdir.

Ə. Ə. (irişir) Gənclər, ümumiyyətlə, kökdən uzaqlaşıblar. Başa düşülməyən, qəliz, mürəkkəb şeylər yazırlar. İstəyirlər ki, onları heç kim başa düşməsin. Ona görə romanlar yazmaq istəyirlər. Kafka oxumaqla böyük yazıçı olmaq olmaz, amma Azərbaycan nağılları oxuya-oxuya böyük yazıçı olmaq olar.

Hər bir cümləni işləməlisən. Hər bir cümləni. Roman yazmaq çox çətindir. Texnikanı qurmalısan. Biz hələ nəsrin dilinin açarını axtarırıq. Hansı ki, həmin açar yazıçının həyati müşahidələrinin ən alt qatındadır. Onu ordan hər bir yazıçı necəsə çıxarmalıdır.

(Zalda alqış səsləri)

Dünya indiyə kimi belə əclaf olmamışdı. İnsanın dəyəri heç bir dövrdə belə ucuz deyildi. Hamı insafsız olub, hamı biganələşib. Kökümüzdən uzaq düşmüşük. Əlaqə itib. Bu yaxınlarda öyrənmişəm ki, Əylisdən keçən il cəmi iki uşaq məktəbə gedib. İki nəfər uşaq. Əylisin hamısı Moskvadadır. Əylisdən ikinci Əkrəm çıxmayacaq... (Uzun müddətli pauza) Gəlin mövzunu dəyişək.

T a m a ş a ç ı (2) Əkrəm müəllim, “Daş yuxular” haqqında danışmaq istəyirsinizmi?

Ə. Ə. (dikəlir, qürurlanır) Daş yuxular əsər yox, əməldir. Bəzi əsərlər var ki, onlar əməldir. Məsələn, Cəfər Cabbarlının “Sevil”i. Bu da əməldir. Ondan sonra nə qədər ailədə Sevil adı qoyuldu. Ona kimi belə bir ad yox idi. Camaat həmin əsərə görə uşaqlara Sevil adı qoyurdular. Bu, əməldir. (Bu anda anamla baxışırıq. Axı onun da adı Sevildir)

Mən istəyirdim ki, ermənilər Azərbaycanı sevsin. Çıxışlarımda demişəm, mənim əsərimə görə 1 nəfər də olsa belə, Azərbaycanı sevib. O kitaba görə bir nəfərin də olsa, Azərbaycana nifrəti azalıb. Heç bir əməlimdən peşman olmamışam. Həmçinin o əsəri yazmaqla da səhv etdiyimi düşünmürəm. O azərbaycanca nəşr olunmayıb. Azərbaycanca kimsə onu öz istədiyi formada, bir az ordan-bir az burdan çıxardı, informativ şeyləri tərcümə elədilər. O kitabın mənimlə aidiyyəti yoxdur. Çünki heç kim mənim əsərimi məndən yaxşı yaza bilməz. Hər bir əsərin öz taleyi var. Onun da öz taleyi oldu.

(Zala xitab edərək) ədəbiyyatla məşğul olmaq üçün yanmaq lazımdır. Yanmasan xeyri yoxdur. Yanmasan heç nə olmayacaq. Məhrumiyyətlər, yoxsulluq, imkansızlıq, hamısı yanmaqdır. Hələ daha sərt formaları da olacaq. Ədəbiyyatda yanmayan yazıçı yoxdur. Yanırsan və işıq saçırsan. Yanırsan və küllərindən yenidən doğulursan.

(Gurultulu alqışlar)

Dağlar deyir ki, soyuqdur. Düzlər deyir ki, su yoxdur. Dağlara baxıram – ağlamağım, düzlərə baxıram – ulamağım, bağlara baxıram – bağırmağım, yollara baxıram – bu kənddən baş götürüb, getməyim gəlir.

Bir saatdan çox çıxış alındı. Sonda bizim üçün kitab imzalamağa başladı. Xeyli kitab imzaladı. Məndə bütün kitabları vardı, amma imzalı yenə birini aldım. Birini də Samirə Əşrəf üçün imzalatdırdım. Kitabımı imzalayanda Məmməd Orucla göz-gözə gəldilər. Durub qucaqlaşdılar. Möhkəm formada bir-birinə sarıldılar. Bu qucaqlaşma bir az başqa cür qucaqlaşma idi. Bilmirəm, allah haqqı, amma mənə elə gəldi ki, onlar döyüşdə məğlub olan ordunun sağ qalan iki sərkərdəsidir.

Əkrəm diqqətlə Məmməd Oruca baxıb dedi: “Əla, əla. Gəlmisən... Əla... Fərasətinə qurban”. İstədim ki, mən də onları qucaqlayım, qucaqlayım, bağrıma basım...

Kitabımı imzaladı. Dedi, kim? Dedim, Vüqar. Dedi, həə, Vüqar, səni çox oxumuşam. Hekayə də yazırsan, hə?”. Dedim, bəli, Əkrəm müəllim, yazıram. Dedi, həə, sağ ol, Vüqar.

Bir-iki saat əvvəl bulvara quş kimi uça-uça gedərkən, indi ordan ağır-ağır işə qayıdırdım. Sanki çəkim çoxalmışdı, bədənim, qarın-qursağım yekəlmişdi. Əynimdəki yüngül payız pencəyi də indi mənə hiss olunacaq dərəcədə ağırlıq eləyirdi.

Ürəyimdə: “Ay Əkrəm, – deyirdim, ay səni, ay səni...”

# 3809 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
# # #