O heç kimə nümunə deyil – Azər Cabbarov yazır...

Budda heykəli

Budda heykəli

10 yanvar 2022
# 13:40

Kulis.az Azər Cabbarovun "Budda niyə qayıtdı? Yaxud Vahid Məmmədlinin bir hekayəsinə 10 il sonrakı baxış" adlı yazısını təqdim edir.

Vahid Məmmədli müasir azərbaycan ədəbiyyatında əhəmiyyətli yer tutmasına, son illərin ən çox tərcümə olunan, əsərləri bestsellerə çevrilən qələm sahibi olmasına baxmayaraq, yaradıcılığa təxminən 10-15 il bundan əvvəl başlayıb. Bu səbəbdəndir ki,yazıçının əsərlərində daha çox yeni dövrün, indinin və sabahın hadisələri, insanları əks olunur. Hətta tarixi janrda, fentezi tərzində belə qələmə aldığı əsərlərində qəhrəmanlar çox müasirdirlər və onların yaşantıları bizə o qədər tanış gəlir ki... O, bəzək-düzəksiz, oxucunu mürəkkəb və yorucu mükaliməyə aparmayan bir tərzdə yazır. Onu oxuyanda çevrəmizdə hər gün gördüyümüz insanların, ətrafımızda daim dönən hadisələrin qeyri-adi, orijinal formada qələmə alınmış bədii əksini görürük. Bir çox hallarda əksər oxucular ədəbiyyatda nağılvari süjetlər, xoşbəxt sonluq, sirli məhəbbət oyunları kimi arzulanan nəsnələr görmək istərlər. Vahid Məmmədli bunu sizə vəd etmir. O, həyatı ağrısı-acısı, sevinci, kədəri, həqiqətləri, yalanları, fədakarlıqları, xəyanətləri ilə olduğu kimi, amma özünəməxsus formada göstərir.

Bəli, onun qəhrəmanları “müsbət” və ya “mənfi” klişelərinə (qəliblərinə) sığmayacaq qədər mürəkkəb obrazlardır. Yazıçı əsərlərində oxucuya su kimi axıb gedən, bir neçə saat sonra unudula bilən süjetlər, gözqamaşdırıcı həyat tərzi yaşayan, az qala dünyanı qurtarmağa qadir super qəhrəmanlar təqdim etmir. Onun insanları bizimlə eyni planetdə, eyni küçədə yaşayır. Biz onlarla hər gün qarşılaşırıq. Uzaqdan salamlaşıb keçdiyimiz yüzlərlə adamlardan biridirlər. Bu qəhrəmanlar dəqiq işlənmiş, məharətlə tapılmış obrazlardır. Onların həyat hekayələrini, nələrin uğrunda yaşadıqlarını, faciələrini unutmaq çətindir. Yazıçı bizə hər bir insanın bənzərsiz, fərdi və anlaya biləcəyimiz qədər dərin olduğunu aşılamağa çalışır. O, balaca adamların da, güclü şəxsiyyətlərin də təxminən eyni havanı udduqlarını, eyni acını yaşadıqlarını, eyni sevinclərə, sevgilərə, ayrılıqlara malik olduğu deməyə çalışır. Tarixi mühit, zərurətlər və formalaşma kimi proseslər zaman keçdikcə insanları fərqli zümrələrin, xarakterlərin, missiyaların adamı edir. Qalanı təfərrüatdır... İnsan insandır! Vahid Məmmədli sanki milyonlarların arasından təsadüfü olaraq birinə işıq salır və bizə qəhrəmanın iç dünyasını, sevincini, kədərini, faciəsini, onun cəmiyyətdə, dünyada yerini göstərir. Oxuyuruq, görürük ki, yazdıqları ağrılıdır, düşündürücüdür, təsirlidir. Ədəbiyyatın missiyası zatən bu deyilmi?

Yazıçı daim oxucu ilə qəribə, interaktiv əlaqədir. O, heç zaman qəhrəmanların, hadisələrin, detalların ifrat dəqiqləşdirməsinə getmir, sanki oxucunu da özünə şərik qoşaraq bütün dəqiqləşmələri, detalları onun ixtiyarına buraxır. Vahid Məmmədli üçün önəmli olan problemin özüdür, qloballığıdır! O, problemi göstərir və oxucu ilə birgə bu problemin kökünə enməyə çalışır.

Yazıçının təxminən 10 il əvvəl qələmə aldığı “Buddanın qayıdışı” əsəri yuxarıda qeyd olunan məsələlər üçün çox xarakterikdir. İlk baxışdan əsas qəhrəmanın seçimi, bəlkə də, ədəbi nöqteyi-nəzərindən o qədər də uğurlu görünməyə bilər. Cinayət axtarışı şöbəsində uzun illər çalışan polis zabiti bu baxımdan oxucu üçün niyə maraqlı olmalıdır ki? Yazıçı bir qədər də pastulatları qıraraq təqaüdə çıxmağa hazırlaşan polisi detektiv janrda olmayan əsərin əsas qəhrəmanı edib. Daha çox sərt olan, qəti qərarlar verməyə qadir, güclü iradəyə malik insanlar kimi qəbul etdiyimiz polis zabiti obrazı bu əsərdə tamamilə fərqli formatda işlənib. Yazıçı özünün yaradıcılığına xas olan zaman, məkan anlayışlarının dəyişdirilməsi metodlarından burada da məharətlə istifadə edib. Qəhrəmanın əsər boyu vaxt və yer transformasiyası oxucunu qəribə bir ruh halında saxlayır.

Məsudun heç də məsud olmayan həyat kəsiminə şahidlik edən oxucuya, əslində, yazıçı tərəfindən bir əsas mesaj verilir: Hər bir insan bir dünyadır. İçində olmadığımız, görmədiyimiz, duymadığımız bir dünya! Və hər bir insanın mütləq səssiz yaşadığı bir faciəsi var! Rutin həyat ritminin, standart, yeknəsəq yaşam qaydalarının şərtlərinə uyğun olaraq biz hər gün daha da yadlaşır, özümüzə qapılır, başqalarının dərdləri, problemləri, mənəvi ehtiyacları ilə maraqlanmırıq. Nəticədə robotlaşmış topluma çevrilməyə başlayırıq. Vahid Məmmədli cəmiyyət tərəfindən anlaşılmayan, qəbul edilməyən, bizdən fərqli düşünən insanların taleyinə biganə olmamağa çağırır. Əgər bu insanlar mübarizə apara bilmirsə, məhvə məhkum olmalıdırlarmı? Yazıçı indi sürətlə formalaşan və bir-birindən seçilməyən standart insan profillərinin əleyhinədir. Hamı fərqlidir və əslində, həyatın gözəlliyi də bundadır! Yetər ki, bir-birimizi anlayaq, qəbul edək, dinləyək...Əks təqdirdə, Məsudun taleyini yaşayanlar çox olacaq!
Hekayənin nə süjet xətti və finalı ədəbiyyatımız üçün xarakterik deyil. Vahid Məmmədli yaradıcılığında işlənilməyən mövzular, fərqli qəhrəmanlar, gözlənilməz sonluqlar yaratmağı sevir.

Vahid Məmmədlinin qəhrəmanı Məsud balaca adamdır, amma, əslində, adı böyük hərflərlə yazıla biləcək əsil insandır. Xeyirxahdır, ədalətlidir. Ətrafındakı onlarla oğru, cani xislətli məxluqlardan fərqlənir. Amma, reallıq budur ki, o heç kimə nümunə deyil. Əksinə, bəzən başqaları üçün rişxənd, gülüş obyektidir. Məsud bəzi pafoslu qəhrəmanlar kimi ədalətsizliyə ucadan, nümayişkaranə etiraz edə bilmir və yaxud etmək istəmir. Yəni, təbiət etibarilə inqilabçı ruhlu deyil. Amma, adam yaşayır, sevir, ümid edir, xəyallar qurur... İnqilabçı olmağı mütləqdirmi? Niyə belə bir obraz bizim ədəbiyyata gəlməsin ki? Əslində, “balaca adam” sindromlu insanı baş qəhrəmana çevirmək yazıçıdan xüsusi bir məharət tələb edir. Məncə Vahid müəllimdə bu gözəl alınıb.

Oxucu əsər boyu xəyalən zaman-zaman Hindistana gedir, real mühitdən Məsudun romantik nostalji dünyasına göz qoyur. Həyatında yeganə işıqlı yaşantıları, sevincli anları bu qədim ölkə ilə bağlı olan qəhrəman üzərindən illər keçməsinə rəğmən yalnız bu xatirələrə tutunur. Xəyallarını, ümidlərini bununla bağlı qurur. Həyatında yalnız bir dəfə, gənclik illərində, bir neçə günlüyə yad ölkədə olasan, onda da birini sevə biləsən... Özü də elə sevəsən ki, zaman bu sevgini unutdura bilməsin... Min kilometrlər, fərqli mədəniyyətlər və hətta ölüm belə bunda aciz qalsın... Bu zaman Budda niyə qayıtmasın ki?

Yazıçı hekayədə Tac-Mahal əhvalatına, maraqlı tərəfdən yanaşaraq əbədi məhəbbətin, ölməz ruhi bağlılığın təcəssümünü gözəl təsvir edə bilib. Ümumiyyətlə, Hindistan xətti oxucunu qəribə tarixi, ekzotik, nostalji və romantik hisslər burulğanında saxlayır.

Hekayəni oxumamış olanları əsərdən soyutmamaq üçün süjetini təsvir etmək fikrindən uzağam, amma, əminəm ki, bu hekayə çox gözəl bir film üçün uğurlu ssenariyə də çevrilə bilər. Xüsusilə, qısametrajlı film yaratmaq istəyənlərə tövsiyə edərdim.

“Buddanın qayıdışı” Vahid Məmmədlinin erkən yaradıcılıq dövrünə aid olsa da, əsərdəki ictimai-mənəvi mesajlar bu gün üçün də aktualdır. Yazıçı bütün əsərlərində həmişə qlobal miqyaslı, ümumbəşəri problemlərə toxunur. Onun ən çox tərcümə olunan azərbaycanlı qələm sahibləri sırasında inamlı mövqe tutmasının da səbəbi yəqin ki, budur. İnsanın mənəvi tənhalığı həmişə qələm adamlarını düşündürüb. Vahid Məmmədli hekayəsi də bu qəbildən dəyərlidir. O, bu “həmişəyaşar” problemə Məsudun timsalında işıq salmağa çalışıb. Bu gün biz Məsudlara əl uzatmasaq, onları qurtarmasaq, sabaha ümidlərimiz qalmayacaq. “Buddanın qayıdışı” bu baxımdan Vahid müəllimin səssiz hayqırtısıdır! Ruhi, mənəvi tənhalığa qarşı yazıçı etirazı və mübarizəsidir!


.

# 2141 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #