Naşirlərlə kitabçılar görüşdü

Naşirlərlə kitabçılar görüşdü
22 fevral 2022
# 15:40

Bu günlərdə Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə yerli naşirlər və kitab mağazaları nümayəndələrinin görüşü keçirilib.

Kulis.az birliyə istinadən xəbər verir ki, görüşdə 15 nəşriyyat və 9 kitab mağazasının nümayəndəsi iştirak edib.

ANAİB-in sədri, “Hədəf Nəşrləri” və “XAN” nəşriyyatının təsisçisi Şəmil Sadiq kitab sahəsinin, kitab nəşri, satışı və təbliğinin vəziyyəti barədə məlumat verib.

“Altun Kitab” nəşriyyatının rəhbəri Rafiq İsmayılov çıxışında öz təcrübəsindən, 1990-cı illərdən bu günə kimi Azərbaycanda kitab bazarının keçdiyi yoldan danışıb. Keçmiş SSRİ dövründə, eləcə də müstəqillik illərində kitabın yayılmasında təşkilatçılıq, yaranan problemlər, keçmişdə və bugünkü iş mexanizmlərinin müqayisəli şəkildə üstünlükləri, çətinlikləri barədə məlumat verib.

“Parlaq İmzalar” nəşriyyatının rəhbəri və ANAİB-in katibi Nurman Tariq həm naşir, həm də ANAİB təmsilçisi kimi nəşriyyatların kitablarını oxucuya çatdırmasındakı problemlərdən söz açıb. Bu işdə daha çox mağazalar üzərinə iş düşdüyünü qabardaraq onların fəaliyyətində görmək istədiklərini, xüsusən nəşriyyatların mağazalarda təqdim olunmasındakı çatışmazlıqlardan söz açıb.

“Libraff” kitab mağazaları şəbəkəsinin ictimai əlaqələr şöbəsinin nümayəndəsi, kitab blogeri Sərxan Rüstəmov təmsil etdiyi mağaza adından diqqət çəkən problemlərə aydınlıq gətirib, bir kitab blogeri kimi konkret misallarla Azərbaycan nəşriyyatlarının dünyada çox satılan kitabların tərcüməsində 10-50 il geri qaldığını qeyd edib, həmin tərcümə işlərinin effektiv olmayacağını, digər dillərdə olan nəşrlərinin oxucuları qane etdiyini, Azərbaycan dilli nəşrin satışının buna görə də aşağı düşdüyünü deyib. Nəşriyyatların marketinq və reklam sahəsində də geri qaldığını, sosial şəbəkə hesablarından daha səmərəli şəkildə istifadəsinin mümkünlüyünü də vurğulayan Sərxan Rüstəmov nəşriyyat və kitab mağazalarının reklam işində çalışan nümayəndələrini daha aktiv əlaqə qurmağa səsləyib.

“Bakı Kitab Mərkəzi”nin baş satış meneceri Cəmilə Abdullayeva tərcümə kitablarının hazırlanmasında peşəkarlığın artırılmasının zəruriliyini qeyd edib. Bununla yanaşı, kitabın daha tez tərcümə olunmasına diqqət ayrılmasından, keyfiyyətə nəzarətin azlığından, bunun satışa mənfi təsirlərindən, ölkəmizə gələn xarici qonaqlara və turistlərə təqdim etmək üçün yerli ədəbiyyatın, mədəniyyətimizi təbliğ edən kitabların xarici dillərə tərcüməsinin də zəruriliyindən söz açıb.

“Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı müəllif-nəşriyyat əlaqələrinin pozulmasından, nəşriyyatların müəllif, redaktor və korrektorlara az məbləğdə qonorar verməsindən, xərcləri azaltmaq üçün ümumiyyətlə, redaktor, korrektor xidmətindən istifadə etməmələrindən narazılığını bildirib.

“Məktəbli” mağazalar şəbəkəsinin təmsilçisi Rəna Bayramova Bakıda, Sumqayıtda hansı janrda kitabların daha çox satılmasından, təmsil etdiyi mağazalar şəbəkəsində kitab satışı üçün ayrılan yer və diqqətin getdikcə daha çox artırılmasından bəhs edib.

“Ali və Nino” mağazalar şəbəkəsinin satış təmsilçisi Davud Səlimov həm kitab satıcısı, həm də oxucu kimi yeni növ romançılığın, elmi, fantastik, elmi-detektiv və s. tipli romanların tərcüməsinin səmərəli olacağını diqqətə çatdırıb.

“Üçbucaq” kitab evinin rəhbəri Tural İlyas həm naşir, həm də onlayn kitab mağazasının sahibi kimi nəşriyyatların öz nəşrlərinin onlayn satışı və çatdırılmasını təşkilindən narazılığını ifadə edib.

“BookZone” nəşriyyatı və kitab evinin rəhbəri Seymur Tağıyev iştirakçıları ANAİB-lə əməkdaşlığa, dəstək olmağa çağıraraq ölkə kitabçılığına verilə biləcək töhfələrdən danışıb.

Qeyd edək ki, görüşdə “Hədəf Nəşrləri, “XAN” nəşriyyatı, “Parlaq İmzalar”, “Altun kitab”, “Şərq-Qərb” “Libra kitab”, “İz”, “Çapar yayınları”, “Qələm”, MİMTA, “Qədim qala” nəşriyyatları, “Kitabevim.az”, “BookZone”, “Libraff”, “Ali və Nino”, “Baku Book Center”, “Bakumoz”, “Üçbucaq” və “Məktəbli” kitab mağazaları təmsil olunub.

# 1763 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
# # #