Mətanət Vahid: “Sənətə iddialısansa, cəmiyyətlə hesablaşmamalısan…” – Müsahibə

Mətanət Vahid:  “Sənətə iddialısansa, cəmiyyətlə hesablaşmamalısan…” – Müsahibə
25 iyun 2026
# 10:00

Kulis.az Sevinc Mürvətqızının “QadınVari” layihəsində filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas alim, esseist, “LitArtAz” ədəbi agentliyinin təsisçisi Mətanət Vahidlə müsahibəni təqdim edir.

Həyatın bütün sahələrində zərifliyi, estetik duyumu, gözəlliyi, mübarizliyi, sevgisi, mərhəməti, ruhani müdrikliyi və özünəməxsus, əvəzedilməz toxunuşu ilə Qadın Var... “QadınVari” layihəsi qadınların müxtəlif sahələrdəki fəaliyyətini daha qadınsayağı aspektdən təqdim etməyi qarşısına məqsəd qoyur. Bu, qadın dünyasının dərin qatlarına yönəlmiş mənəvi və intellektual bir səyahətdir. Bu səyahətdə növbəti yol yoldaşım ədəbiyyatşünas alim, esseist Mətanət Vahid oldu.

Bu söhbət boyunca ipək kimi zərif, qaya qədər məğrur duruşu ilə daxili işığını yayan, dibə vurduğu nöqtələrdən çırpına-çırpına ucalara uçmağı öyrənən bir ruhun hekayəsini vərəqlədim. Bu müsahibədə intellektual qadın kimliyinin akademik ciddiyyəti ilə sönməz sevgi enerjisinin heyranedici vəhdəti səmimi etirafların fonunda oxuculara təqdim edilir. Mətanət Vahidin mətndən musiqiyə, yaradıcılıqdan mübarizəyə, qadınlıqdan analığa, sevgidən unutmağa, ruhun bənövşəyi çalarlarından təbiətin şəfalı səssizliyinə qədər bir çox maraqlı mətləbləri əhatə edən cavabları həm də bizi məişətin ortasından boy verən əsl sənətin sehrinə inanmağa səsləyən və nə olursa olsun, öz adını günəşin köksünə yazmağa cəsarətləndirən dolğun ədəbi manifestdir...

- Mətanət xanım, bloqunuzda belə bir şüar var: "Adımı günəşin köksünə yazdım". Bu sloqan sizin üçün ağrılardan keçməyi ifadə edir, yoxsa daxilinizdəki işığın miqyasını göstərən iddialı bir yanaşmadır?

- Məncə, əgər valideynlər öz övladlarını uşaq vaxtı içlərindəki işığa inandırırlarsa, onların öz güclərinə inanmaları üçün ağrılardan keçmələrinə ehtiyac olmur. Uşaq vaxtlarından əmin olurlar ki, mən işıqlıyam, yaxşıyam, bacarıqlıyam... Daim danlaq görən, müqayisə olunan uşaqlar isə özlərindən bədgüman qalırlar, içərilərindəki işığa inanmaq üçün ağrılardan keçirlər.

- Siz hansılardansınız?

- Mənim özümə inam prosesim olduqca gec başlayıb. Adımı günəşin köksünə yazanda öz içərimdəki işığın yenicə fərqinə varmışdım. Bir gün bütün yaşadıqlarıma rəğmən “alınmış” mənə nəzər salanda gördüyümdən məmnun oldum.

- Sizi buna nə inandırdı, hansı təkan nöqtəsi?

- Dibə vurmaq və batmamaq. O ağrının elə bir həddidir ki, “daha bundan o yanası yoxdur” deyirsən. Düzünü desəm, son illərdə tez-tez səslənən “qadın gücü”, “öz ayaqları üstündə dayanmaq” filan tipli ifadələrin qabardılıb ucuzlaşmasını sevmirəm. Çünki insan ümumiyyətlə, güclü, dözümlü olmalıdır, başqa yolu yoxdur. İndi düşünürəm ki, dibə vurub batan insanlar yəqin, öz işıqlarının fərqində ola bilməyənlərdir; yoxsa dözər və içlərindəki gücə tutunub vəziyyətdən çıxar, çırpına-çırpına uçmağı öyrənərdilər.

- Bu işıq məsələsinin astar üzü də var. İnsan öz işığının fərqinə varanda ətrafda bundan narahat olanlar da tapılır. Siz belə bir halla rastlaşmısınızmı?

- Bir az özünə güvənli olanda yəqin qıcıqlandırdığın adamlar da olur. Mən uşaqlığımdan bəri nədənsə ətrafa çox təkəbbürlü görünmüşəm. Həmişə deyiblər ki, nə qədər də özündənrazı biridir! Halbuki o görüntü mənim özümüqoruma mexanizmim olub. İndi isə bu mənim zirehim deyil, doğrudan da öz gücümə inanıram, öz ambisiyalarına görə başqalarını tapdalayıb keçənlər daha məni qorxutmur. O ki qaldı “işığından narahat olanlar” deyirsiz, Mark Avreli deyirdi ki, reallığı bizim düşüncələrimiz formalaşdırır. O adamlara əhəmiyyət vermirəm deyə, münasibətləri daha mənə təsir də etmir. Bu xüsusiyyəti isə kiçik oğlumdan öyrənmişəm: Ömər həmişə deyir ki, istənilən seçim və davranışında özünü doğru hesab edirsənsə, buna kimin necə reaksiya verməyi səni narahat etməməlidir. Son iki-üç ildir, həqiqətən, başqalarının mənim haqqımda nə düşündüyü ilə maraqlanmıram.Yəni mənim reallığımda yer tutmurlar. Münasibətləri də buna uyğun qururam – kiminsə məndən xoşu gəlmir, yaxud lap zəhləsi gedir, canı sağ, məndən uzaq olsun; o adamları sezirəm və ünsiyyəti kəsirəm.

- Təsisçisi və rəhbəri olduğunuz “LitArtAz” ədəbi agentliyində işlər nə yerdədir?

- Bizə müəlliflər müraciət edirlər, oxuyuruq, seçirik. Özümüzün müraciət edib kitabını çapa hazırladığımız müəlliflər də var. Tamamən çapa hazır kitablar var əlimizdə, əsas problemimiz maliyyə çətinliyi ilə bağlıdır. Ona görə bir az yubanırıq. Amma bu işə qərar verəndə bütün çətinlikləri gözə almışdım. Hər bir halda, hər şey yaxşılığa doğrudur.

- Esselərinizdə rəngləri mənalandırdığınıza rast gəlirəm. Ədəbiyyat adamının bu rəng sevdası haradandır, ruhunuzun sevimli rəngi hansıdır?

- Ədəbiyyatla yanaşı, incəsənətin bütün növlərini - rəssamlığı, heykəltaraşlığı, rəqsi, teatrı, kinonu, musiqini sevirəm. Bəzən deyirəm ki, kitab oxumadan yaşaya bilərəm, amma musiqi dinləmədən yox. İçimdə daim səslənən bir nəğmə var. Bir on il əvvəl də musiqi ilə ədəbiyyatın sintezi maraqlı gəlmişdi, araşdırmışdım. Sonra məlumum oldu ki, bu, “intermediallıq” adlanan ayrıca bir sahədir və Azərbaycan ədəbiyyatşünaslığında bu aspekt ümumiyyətlə işlənməyib. 2016-cı ildə ilk dəfə o araşdırmalarımın nəticəsi olaraq “Ədəbiyyat qəzeti”nə silsilə yazılar yazmağa başladım. “Ədəbiyyat və yeddi not”, “Rənglər - ədəbi podtekst kimi”, “Ədəbiyyat va yeddinci sənət” və s. yaza-yaza bir gün dönüb böyük bir araşdırma mövzusu oldu. Hazırda intermediallıq mövzusunda doktorluq dissertasiyası üzərində işləyirəm. İntermedial kontekstdən danışarkən söz sənətinə daha çox musiqi və rəssamlığın, rənglərin təsirindən bəhs etmək olur. Ona görə oxuduğum mətnlərdə də rənglər və ümumiyyətlə, vizuallıqla bağlı nəsə müşahidə edəndə yazıram. Mənim ruhumun rənginə gəlincə, yasəmən rəngindən tutmuş tünd-bənövşəyiyə qədər bənövşəyinin bütün çalarlarıdır. Bu, tac çakranın rəngidir, əslində, mənəvi yetkinliyi, emosional stabilliyi ifadə edir. Bir də ki, bənövşəyi təbiəti etibarilə zidd olan iki fərqli rəngin – qırmızı ilə göyün birləşməsindən yaranır. Qırmızının enerjisi ilə göyün tarazlıq halı tərs-mütənasib olduğu qədər də tamamlayıcıdır, mənim xarakterimi ifadə edir.

- Daxilinizdə həmişə səslənən musiqidən söz açdınız, o, hansı musiqidir, ən çox nə dinləyirsiniz?

- Hə, o musiqi heç susmur, beynimdə deyil, ruhumdakı musiqidir. Hansı musiqini dinləməyim isə əhvali-ruhiyyəmdən asılı olur. Hard-rokdan slou-caza, xalq mahnılarından təsəvvüf ilahilərinə qədər hər şeyi dinləyirəm və zövq alıram.

- Yaradıcı və intellektual qadın olmaq bəzən özü ilə bərabər tənhalığı gətirir. Sizdə də bu olub?


-Tənhalıq səni anlayan çevrənin olmamasıdır, çoxluq içindəki təklikdir. Son illər həyatımı analiz edəndə görürəm ki, uşaq vaxtı, gənc vaxtı həmişə tənha olmuşam. Çünki çevrəm əsasən mənim seçimlərimdən ibarət olmayıb və onlar da məni heç vaxt başa düşməyiblər, qəbul etməyiblər. Onlardan fərqli düşünmüşəm deyə, “çirkin ördək balası” olmuşam, itələyiblər ki, sən bizdən deyilsən. Mənim idealist, maksimalist böyüməyimə isə lap kiçik yaşlarımdan başladığım mütaliəm səbəb olub, düşüncələrimi kitablar formalaşdırıb. Amma beynimdəkilərlə həyatımdakılar düz gəlməyib deyə, mən yaşamamışam, həmişə mübarizə aparmağa məcbur olmuşam. İndi isə həyatım öz seçimlərimdən ibarətdir. Ətrafımda danışsam da, sussam da, məni başa düşən dostlarım, doğmalarım var. Bir də ki, məncə, insan yaradıcılıqla məşğuldursa, onu oxuyan, izləyən, mövqeyini paylaşan bircə nəfər belə varsa, tənha ola bilməz. Əksinə, yaradıcılıqla, oxuyub-öyrəndiklərinlə tamamlanır və öz çevrəni tapırsan. Hazırda mən özümü tənha hiss etmirəm.


- Bir essenizdə yazını "unutmağa qarşı müqavimət" kimi xarakterizə etmisiniz. Yazı sizə nələriunutdura bilir?

- O ifadəni, səhv eləmirəmsə, Sevil Gültənin kitabı haqqında yazanda istifadə etmişəm. Ümumiyyətlə, mətnlə bağlı hansısa bir fikri ifadə edəndə bu, həmin əsərin o məqamda məndə oyatdığı refleksiya ilə bağlı olur. İndi sual verirsiniz, görürəm ki, bəli, yazı özüm üçün də unutmağa qarşı müqavimətdir. Çünki elə vaxtlar olub, mən ümumiyyətlə, heç vaxt heç kimə demədiyim və deməyəcəyim şeyləri yazıb, beləcə, unutmuşam. Unutmaqdan ötrü qarşıma yazmaq məqsədi qoymuşam. Kompüterimdə "Elektron gündəlik" adlı bir faylım var. Daha çox uşaqlığım və gəncliyimlə bağlı daim beynimdə qövr edib məni incidən xatirələri ora yazıram. Yazandan sonra görürəm ki, vəssalam, bitdi, elə bil öldürdüm o xatirəni. Yenə arada yadıma düşür, amma daha məni incitmir. Deməli, yazı, haradasa həm də terapiyadır.

- Qadın hissiyyatı ilə elmi obyektivlik arasında qaldığınız məqamlar olurmu? Məsələn, bir mətn ədəbi cəhətdən zəifdir, amma bir qadın kimi sizə təsir edib...

- Ola bilər təsirləndirsin, amma peşəkarlığım mütləq o hissiyyatın önünə keçir. Agentlikdəki işlərimiz gərəyi Hədiyyə Şəfaqətlə tez-tez ədəbiyyat söhbətləri edirik, hərdən mübahisəmiz də düşür. Hər dəfə mənə deyir ki, sən sırf ədəbiyyatşünas kimi yanaşırsan, oxucu kimi, yaxud yazıçı kimi baxanda filan şey belədir. Deyirəm ki, mən dəyərləndirdiyim mətnə sıradan oxucu kimi baxa bilmərəm, istəmirəm bunu, çünki ədəbiyyatşünasam. Ola bilsin, hər hansı bir mətn çox zəifdir, qüsurlarını qeyd edirəm, ədəbi kriteriyalara cavab vermədiyini, hansısa nüanslara görə isə maraqlı olduğunu deyirəm. Bəyənmədiyim mətn haqqında təqdir yazısı yazdığım heç vaxt olmayıb. Heç bir cəhətilə bəyənmədiyim mətn haqqında isə ümumiyyətlə susuram. Yazmışamsa, demək, o mətndə bir işıq görmüşəm. Qeyd etdiyiniz dilemma ilə bağlı bir nümunə gətirmək istəyirəm. Orxan Həsəninin "Və dalğalandı yaddaş tarlası" romanı xoşuma gəlmişdi, müzakirəsini də keçirmişdirk. Ondan sonra oxuduğum "Müharibəni gözləyərkən" romanı nisbətdə zəif əsər idi. Həmin roman haqqında ayrıca yazmadım, çünki deyəcək çox sözüm yox idi. Sadəcə, sosial şəbəkədə paylaşıb haqqında beş-altı cümlə yazmışdım ki, müəllif o romandan sonra belə bir zəif əsər yazıb, ciddi ədəbiyyat nümunəsi saymıram. Sonda da bir fikir işlətmişdim ki, əgər bu mətni ədəbiyyatşünas kimi yox, bir ay sonra oğlu əsgər gedəcək ana kimi oxusaydım, romanı bitirəndən sonra hönkür-hönkür ağlayardım. Amma mən onu ədəbiyyatşünas kimi oxumuşdum, bir ay sonra oğlumun əsgər gedəcəyi və həmin şeyləri yaşayacağı fikri də mənim roman barədə qənaətimə təsir göstərməmişdi. Bu o deməkdir ki, mövzu ədəbiyyatdırsa, mənim peşəkarlığım bütün hallarda qadın kimliyimin, ana kimliyimin önünə keçir.

- Qadın ədəbiyyatşünas kimi öz akademik çəkinizi, sözünüzü qəbul etdirərkən görünən və ya görünməyən stereotiplərlə, maneələrlə qarşılaşmısınızmı?

- Təhsilimi davam etdirmək barədə ailəmdə maneələrlə qarşılaşsam da, bu baxımdan hər şeyə xeyli geciksəm də, sonrakı mərhələdə maneələr bir az fərqli olub. Yəni artıq karyera yoluma başlayandan sonra da maneələrlə çox rastlaşmışam, amma bu, qadın olduğum üçün olmayıb. Tutaq ki, rüşvət istəyiblərsə, bunu kişidən də istəyirlər, qadından da. Amma o məqamda sizinlə razılaşıram ki, bir də görürsən, hansısa bir yazıçı özündə nəyə görəsə cürət tapıb deyir ki, Mətanət xanım, zərif çiyinlərinizə bu qədər yük götürmüsünüz, neyləyirsiniz gəlib ədəbiyyatın təəssübünü çəkirsiniz?! Öz yanaşmalarına uyğun tövsiyələr də verirlər. Bu düşüncədə olan adamlarla heç polemikaya da girmirəm, dəyməz. Bir də ki, ədəbiyyatda deyiləcək sözüm varsa, bu, sadəcə ədəbiyyatşünas sözüdür, qadın yox.

- Son dövrlərdə çağdaş nəsrimizdə ardıcıl olaraq hekayələr və romanlar yazılır. İndicə vurğuladığınız ədəbiyyatşünas sözü ilə bu çoxsaylı əsərləri necə dəyərləndirirsiniz, ortada həqiqətən ciddi eksperimentlər varmı?

- Hekayələrdə eksperimentlər daha çox nəzərə çarpır, xüsusilə gənc müəlliflərdə. Son zamanlar maraqlı eksperimentləri Vüqar Van, Əli Zərbəli, ondan öncə Orxan Həsəni, Ulucay Akif, Həmid Piriyev və digər yazıçılarda görürəm. Gənclər köhnə mövzulara yeni nəfəs verməyə çalışırlar; bəzən alınır, bəzən eksperiment xatirinə eksperiment şəklində qalır, həllini tapmır. Əsas odur, cəhdləri var. Gənclər axtarışdadırlar və bunu həmişə təqdir edirəm, hətta eksperimentləri alınmayanda belə. Məsələn, indi yadıma düşdü, Vüqar Vanın "Rikoşet" hekayəsini hazırlıqsız oxucu mənasız hesab edə bilər. Amma o hekayənin bütün mahiyyəti söylənməyən sözlərin yükünü ön plana çıxarmaqdadır – buna da yalnız sərlövhə ilə işarə vurur. Ümumiyyətlə, Vüqar Van son dövrlərdə mənə görə, ən maraqlı gənc imzalardan biridir. Əlbəttə, daha çox adlar çəkmək olar, sadəcə, söhbətimizi imzalar üzərində qurmaq istəmirəm. Bircə onu bilirəm ki, həqiqi sənət yaratmayan müəllif bir yerdən sonra tükənir. Tükənməyib son nəfəsinə kimi qrafomanlığa davam etsə belə, yazdıqları qalmır, özü ilə birgə ömrünü başa vurur.


- Sizcə, bu eksperimental prosesdə qadın imzalar niyə o qədər nəzərə çarpmır?

- Bizdə ədəbiyyat naminə nələrsə etməyə çalışan cəmi bir ovuc istedadlı qadın imza var. Çox həvəsli idtedadsızlar da var. Qalanları ya cürətsiz, ya da tənbəldirlər. Bir qismi də özünü məişət yükü altında əzilmiş kimi göstərməyi, qurban psixologiyasında olmağı sevir: "Məişət məni yaradıcılıqla məşğul olmağa qoymur". O məişət qayğıları hamımızda var. Amma əsl yaradıcılıq odur ki, məişətin ortasından da boy verir, "məni yaz" deyə müəllifin yaxasına yapışır. Əsl yazıçının yaradıcılığı məişətə uduzmur, onun içərisində özünə yer qazanır.

- Cürətdən də danışdınız. Azərbaycanın qadın yazıçısı səmimi, cürətli bir mətn yazsa, dərhal hədəfə alınmayacaqmı? Bizdə oxucu əsərin içində eşələyib yazıçının şəxsi həyatını axtarır. Sizcə, cəmiyyətimiz qadın yazıçının cürətinə hazırdırmı?

- Cəmiyyət buna hazır deyil və heç vaxt da olmayacaq. Yazıçı isə daim oxucunun, cəmiyyətin fikri ilə hesablaşmağa çalışacaqsa, ortaya yeni, fərqli heç bir şey qoya bilməyəcək. Sənətə iddialısansa, cəmiyyətlə hesablaşmamalısan. Mirzə Cəlil demişkən, "Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər...” Kişi, qadın, fərqi yoxdur, yazıçı bütün mövzularda yaza bilər. Şəxsən mənim üçün mövzu xüsusi bir əhəmiyyət kəsb etmir. Önəmli olan bircə şey var: nədən yazırsansa, yazdığın ədəbiyyat olsun. Əgər müəllif sırf cürətli görünməkdən ötrü intim detalları mətnə daşıyır, yaxud siyasi mövqeyini təlqin edirsə və ortada ədəbiyyat yoxdursa, onun yaradıcılığı şəxsən mənə lazım deyil. Amma dediyiniz o cürətli fikirləri bədii mətnə çevirə bilibsə, bu, artıq ədəbiyyatşünaslıq materialıdır.


- Sizcə, milli mədəniyyətlərin, ədəbiyyatların “ərimək” təhlükəsinin olduğu bu qloballaşma epoxasında Azərbaycan ədəbiyyatı dünyaya öz lokal, milli xüsusiyyətləri ilə çıxmalıdır, yoxsa qlobal trendləri mənimsəməlidir?

- Əsas məsələ uğurlu inteqrasiyaya nail olmaqdır. Azərbaycan ədəbiyyatı nə yalnız milli xüsusiyyətləri ilə kifayətlənməli, nə də qlobal trendlərin içində özünü itirməlidir. Necə ki, məsələn, Eurovision səhnəsində müasir mahnılarla milli musiqimizin elementləri sintez olunur; nə dərəcədə uğurlu alınır, bunun üzərində düşünmək və təkmilləşmək lazımdır. Digər sənət sahələrində də eyni prinsip işləyir. Məsələn, “Şərikli çörək” filmini götürək. İçərişəhərdə, bir məhəllədə cərəyan edir. Amma onu dünyanın harasında izlətsən, yaxşı filmdir. Onu universallaşdıran müharibədən keçən insanların yaşadığı ağrını göstərə bilməsidir. Hər kəsə tanış ağrıya azərbaycanlı gözü ilə baxır, azərbaycanlı kimi danışır. Bəşəri olandan öz səsimiz, ritmimiz, ahəngimizlə bəhs etməklə həm milliliyimizi qoruya, həm də dünyaya açıq ola bilərik.

- Bu gün süni intellekt şeir, roman yazır, musiqi bəstələyir, hətta ədəbi tənqidlə məşğul olur. Sizcə, bu gedişatla gələcəkdə yazıçıya, tənqidçiyə ehtiyac qalacaqmı, yoxsa süni intellekt insan ruhunun heç vaxt nüfuz edə bilməyəcəyi bir nöqtəsinə çatanda oradan keçə bilməyəcək?

- Düşünürəm ki, bu gün süni intellektdən istifadə etməmək zamandan geri qalmaqdır. Hətta "Google"da axtarış edirsən, Sİ cavab verir. Süni intellekt bəzi sahələrdə insanı üstələyə bilər, amma insan zəkasının bütün xüsusiyyətlərini tam şəkildə əvəz etməsi bizimçün hələ açıq sualdır.

Əgər insan süni intellektə şüuraltına nüfuz etmək imkanını proqramlaşdıra biləcəksə, təbii ki, bunu da bacaracaq. Həmkarlarım bəzən narahat olurlar ki, süni intellekt məqalə yazırsa, bizə nə ehtiyac qalır?! Məncə, bu, bir az emosional yanaşmadır. Ötənlərdə Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş qısametrajlı filmin süni intellekt texnologiyaları vasitəsilə hazırlandığı barədə xəbər izlədim. Süni intellektdən istifadə sayəsində xərclərin, səhv etmirəmsə, dörd dəfə azaldığı qeyd olundu. Bu, çox ciddi bir qənaət deməkdir. Dövlət tədbirlərində də Sİ imkanlarından geniş istifadə olunduğunu görürəm. Elə isə niyə bundan istifadə etməyək?! Əlbəttə, harada mümkündürsə, faydalanacağıq. Məncə, gələcəkdə insan daha çox həyati əhəmiyyətli sahələrə yönələcək, texniki və təkrarlanan işlər isə daha çox süni intellektin üzərinə keçəcək.

- Övladlarınızın kitablarla dolu dünyanıza, ədəbiyyata münasibətləri necədir? Onları böyüdəndə real dünyanın qanunlarına üstünlük vermisiniz, yoxsa kitablardan aldığınız maksimalist ideyalarla tərbiyə etmisiniz?

- Övladlarım mənim yolumu davam etdirmədilər. Bundan məyus deyiləm, əksinə. Böyük oğlum Cavid ixtisasca turizmçidir, amma məşğul olduğu işlər qrafik dizayn və futbol blogerliyidir, hazırda isə əsgərdir. 15 yaşına qədər çox mütaliə edirdi, daim kitab alırdım, onu uşaq kitabları təqdimatlarına, sərgilərə aparırdım. Yaşına görə, zəngin kitabxanası vardı. Sonra mütaliədən uzaqlaşdı. Kiçik oğlum isə heç vaxt kitaba meyilli olmayıb. Mənim ədəbiyyatçı olmağımdan da məmnun deyil. Həyata çox praqmatik, realist münasibəti var. Mən dadlı yeməklər, şirniyyatlar hazırlayıram deyə, həmişə deyir ki, kaş sən aşpaz olardın, restoran açardın – ədəbiyyat səni yorur, ona bu qədər enerjini verməyinə dəyməz. O ki qaldı tərbiyə məsələsinə, mən, ümumiyyətlə, istər ədəbiyyatda, istər həyatda - uşaqlara deklamasiya etməyin, nəsihət verməyin əleyhinəyəm. Düşünürəm ki, valideyn övladına yaxşı örnək olmaqla ona düzgün tərbiyə vermiş olur. Ömür boyu idealist, maksimalist bir insan olsam da, son illər balansı qorumağa çalışıram; uşaqlarıma və ümumən gənclərə xeyli güzəştli davranıram. Gənclər üçün həyat asan deyil. Övladlarıma həm ana, həm də dostam. Bir şeyi etiraf edim ki, mən necə anam olmasını istəyərdimsə, özüm o cür anayam. Onlara öz istəklərimi diqtə etmirəm, həmişə ilk növbədə, onların nə istədikləri ilə maraqlanıram, mümkün olduğu qədər öz seçimlərinə buraxıram. Fikirlərimizi, təcrübəmizi paylaşırıq, bir-birimizi öyrədirik. Biz valideyn olaraq uşaqların boynuna "səni əziyyətlə böyütmüşəm, saçımı süpürgə etmişəm" yükünü qoymamalıyıq. Övladlarımı böyütmək valideyn kimi borcumdur, məsuliyyətimdir. Ona görə də bunu fədakarlıq hesab etmirəm. Onlar yuvadan çıxıb gedəndə təbii ki, darıxacağam. Oğlum əsgər gedəndən sonra mən anladım ki, həyatdakı ən böyük darıxmaq bir ananın öz əsgər övladı üçün darıxması imiş. O gedəndən sonra 2-3 ay depressiyada oldum, sosial şəbəkələri qapatdım, heç kimlə danışmadım. Amma yaxın gələcəkdə harada kimlə öz yuvalarını qursalar, harada xoşbəxt olsalar, əlimdən gələn köməyi edib onlara görə mən də xoşbəxt olacağam, təki onlar öz həyatlarından məmnun olsunlar.

- Əgər övladlarınız sizin haqqınızda bir yaddaş mətni və ya gündəlik yazsaydılar, orada sizinlə bağlı hansı cümlənin keçməsini istərdiniz?

- Bu sual kövrəltdi məni... Bir xatirəmi oyatdı. Övladlarım indi 24 və 16 yaşındadırlar. Uşaq vaxtı ayrı-ayrı illərdə, bir-birindən xəbərsiz açıqcalarda həmişə bu ifadələri yazardılar: "anaların ən yaxşısı”, “sən ən ideal anasan”, “səninlə qürur duyuram" və s. Bir doğum günümdə böyük oğlum mənə təbrik mətni yazmışdı və orada təxminən belə bir cümlə keçirdi: "Əgər valideynlərimi özümün seçmək imkanım olsaydı, mən yenə səni və atamı seçərdim". Düşünürəm ki, övladın bunu ürəkdən deyə bilməsi bir valideynin ən böyük xoşbəxtliyidir.


- Analığın ülviyyətindən danışdıq, bəs bir qadın bu qədər qayğıların içində daxilindəki "ilahə”ni, qadın enerjisini necə qorumalıdır?

- Yalnız sevgi ilə. Mən ümumiyyətlə, sevgi dolu insanam. Evdən çıxanda başımı qaldırıb "Salam, günəş, səni sevirəm!" deyirəm təbəssümlə. Təbiəti, çiçəkləri, dənizi, göy üzünü, ağacları sevirəm. Yolumun üstündə bir ağac var; tumurcuqlayıb çiçəkləməyə başlayandan hər gün şəklini çəkirdim, ta ki çiçəyini tökənə qədər. Heç kəs görməyəndə o ağacımın budaqlarını qucaqlayıb, çiçəklərini öpdüyüm olub. Sevgini bununla məhdudlaşdırmıram: valideynə, övlada, vətənə, ümumən insana sevgi var və nədənsə bu, bir az pafoslu səslənir. Bir də var qadın sevgisi. Mənim içimdə yaşatdığım bir obraz var və daim onu sevirəm. Artıq onun realda kimləsə uyğunlaşıb-uyğunlaşmaması mənə maraqlı deyil. Sevməyən insan yaradıcılıqla məşğul ola bilməz. Daxilimdəki ilahəni məhz bütün mənalarda sevgi ilə qoruyuram.

- Sevgi haqqında o qədər xoşbəxt və hüzurla danışırsınız ki... Bəs niyə ədəbiyyatda sevgini daha çox ağrı ilə assosiasiya edərək yazırlar?

- Sevgi ilə yanaşdığın hər şeydə hüzuru tapırsan. Əslində, gözəllik baxdığımız obyektdə deyil, baxanın öz gözlərində, öz ruhundadır. Sevgidən niyə ağrılı yazırlar? Məncə, ona görə ki, biz sevdiyimiz obyektə o qədər sevgi veririk ki, özümüzü tükəndiririk. Mən bir çiçəyə baxıb ona sevgimi yönəldəndə həm də özüm xoşbəxt oluram deyə sevirəm. Biz övladlarımızı da elə sevməli deyilik ki, özümüzü onlarla tükəndirək. Yaxşı ana olmaq özümü məhv etmək deyil. "Hər şey uşaqlar üçün olsun" deyib özümüzü unutmamalıyıq. Verdiyin sevgi qədərini də özünə saxlamalısan. Bu, kişi-qadın münasibətlərinə də aiddir. Bu balansa nail olmayanda sevgi şeirlərdəki ağrıya dönür.

- İmkanınız olsaydı, ədəbiyyat tarixindən hansı qadın yazıçı və ya obrazla oturub dərdləşərdiniz?

- Düzünü desəm, heç vaxt buna bənzər istəyim olmayıb. Amma indi ki soruşursunuz, ağlıma ilk Xurşidbanu Natəvan gəlir. Məncə, onunla bir-birimizi başa düşərdik. Və yəqin ki, hətta ondan əsrlər sonra yaşayan və daha çox təcrübəyə çatmış bir insan kimi, Natəvan xanıma müəyyən tövsiyələr verməyə də cürət edərdim. Deyərdim ki, əziz Natəvan xanım, sizə necə münasibət bəslədiklərinin çox da dərdini çəkməyin. Bəyənmirlər, bəyənməsinlər. Siz xoşbəxtsinizsə, xoşbəxt olmağa davam edin. İki-üç il bundan qabaq mənim üçün də başqalarının haqqımdakı fikirləri maraqlı idi – yazdığım məqalədən tutmuş, necə göründüyümə qədər. İndi isə qətiyyən buna əhəmiyyət vermirəm. Kimsə məni sevirsə, sağ olsun, dəyərlidir mənim üçün. Kimsə məni bəyənmirsə, o da sağ olsun, üzünü o tərəfə tutsun.

- Şəhərin səs-küylü xaosundan, qaçhaqaç-qovhaqovundan bezəndə dinclik üçün haraya çəkilirsiniz?

- Ümumiyyətlə, mən sakitliyə meyilli adamam və həmişə deyirəm ki, mənim ən hüzurlu olduğum vaxt tək qaldığım vaxtdır. Bu, qəti surətdə ünsiyyətdə olmağı sevmədiyim anlamına gəlmir. İnsanın özünübərpa prosesi olmalıdır. Mütəmadi olaraq sosial şəbəkələrdəyəm, AMEA-da işləyirəm, daim insanlarla ünsiyyətdəyəm, mesajlar, zənglər gəlir və yorulursan. Mən öz-özümə bərpa olunan adamam, dincəlmək üçün daxilimdəki “səssiz otağım”a çəkilirəm. Məhəllədə bir parka düşürəm, bəzən saatlarca tək oturub quşların səsini dinləyə, ağacların yarpaqlarının tərpənməsini izləyə bilirəm – təbiət məni bərpa edir. Çox vaxt zarafatyana deyirəm ki, bir ağac kimi, çiçək kimi doğulmaq varkən, nəyə görə mən dünyaya insan kimi gəlmişəm?! Hətta arzulayıram ki, kaş öləndə ağaca çevriləm. Özümü o dərəcədə təbiətin bir parçası hiss edirəm. Ona görə, bütün bu xaosun içərisində mən hər gün öz səssizliyimi dinləməliyəm. Susanda duruluram. Dostlarım çox vaxt deyirlər, “danış, dərdini deməyən dərman tapmaz”. Danışdığım məsələ məni daha da emosionallaşdırır. Susduqca hüzurluyam.


- Sonda “Qadınvari” mesajınız nə olardı?

- Hər kəsə “nə olur-olsun, sevməkdən və öz sevginiz uğrunda mübarizə aparmaqdan çəkinməyin” - deyərdim. Bu, sevdiyin sənət də ola bilər, necə ki, mən öz sevdiyim sənətdən ötrü on il mübarizə aparmışam və istəyimə çatmışam. Bu, öz övladının arzularına görə, sevdiyin işə, sevdiyin insana, sevdiyin həyat tərzinə görə mübarizə də ola bilər...

# 182 dəfə oxunub

Oxşar xəbərlər

"Pilləkən"  filminin ulduzu vəfat etdi

"Pilləkən" filminin ulduzu vəfat etdi

11:00 25 iyun 2026
Lent.az-ın 18 yaşı tamam oldu

Lent.az-ın 18 yaşı tamam oldu

10:30 25 iyun 2026
QS reytinqi: prestij, yoxsa pulla alınan şöhrət? - Qismət Rüstəmov

QS reytinqi: prestij, yoxsa pulla alınan şöhrət? - Qismət Rüstəmov

18:25 24 iyun 2026
Səməd Ağaoğlunun hekayələrinə dair ilk araşdırma işıq üzü gördü

Səməd Ağaoğlunun hekayələrinə dair ilk araşdırma işıq üzü gördü

18:00 24 iyun 2026
"Oskar"lı rejissorun qızı və həyat yoldaşı avtomobildə ölü tapıldı: Dəhşətli hadisənin sirri

"Oskar"lı rejissorun qızı və həyat yoldaşı avtomobildə ölü tapıldı: Dəhşətli hadisənin sirri

17:30 24 iyun 2026
Narkomaniyaya Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş sərgi açıldı

Narkomaniyaya Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş sərgi açıldı

17:09 24 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər