Məryəm bu dünyaya sevmək üçün gəlmişdi - Elçin

Məryəm bu dünyaya sevmək üçün gəlmişdi - Elçin
18 fevral 2025
# 17:45

Kulis.az Xalq yazıçısı Elçinin gənc yaşında vəfat edən rəssam Məryəm Ələkbərliyə ithaf etdiyi "Məryəmin gözəl devləri" yazısını təqdim edir.

Məryəm son zamanlar devlərin rəsmini çəkirdi, ancaq bu devlərin heç bir xofu, vahiməsi, hövlü yox idi və bu devlər təşvişdən, təlaşdan çox uzaq idi, çünki Məryəm onları sevə-sevə çəkirdi.

Məryəm bu dünyaya sevmək üçün gəlmişdi.

Məryəm bu dünyada nə görürdüsə, sevgi ilə, istəklə görürdü, çünki Məryəm başqa bir aləmdə yaşayırdı – bizim qavraya bilməyəcəyimiz bir aləmdə və Məryəmin o aləmində Yer üzündə zülm, məşəqqət, məkr, riya, hiyləgərlik yox idi, onun devləri də sevən və sevilən məxluqlar idi.

Təbiət Məryəmi elə yaratmışdı ki, onun ömrü adi insanların ömrü kimi uzun olmayacaqdı, çünki Məryəm adi insan deyildi, o, adi insanlardan uzaqlıqda və ucalıqda idi.


Uzaqlardakı o Məryəm ucalığını biz dərk edə bilmərik və yəqin heç vaxt da dərk edə bilməyəcəyik.

Məryəm orada – o ucalıqda gördüklərini çəkirdi, oradakı sevincini bizlə bölüşürdü, arzularını bildirirdi və onun çəkdiyi güllər də, ağaclar da, dağlar, dalğalar da adi deyildi. Bəzən onun günəşi ağappaq, batikləri isə süjetsiz olurdu və biz: "Günəş də ağ olar?" - demirdik, çünki bu ağlıq yalnız paklığın, təmizliyin rəmzi deyildi, belə olsaydı, çox sadə olardı.

Məryəmin bu ağappaq günəşi, ləkə götürməyən bu bəyazlıq onun özünün daxili aləminin rəngi idi.

Məryəmin xalça naxışları, elə bil, harasa tələsirdi, harasa can atırdı, ancaq hara? Bunu ancaq o, özü bilirdi.

Artıq Novruz bayramına az qalıb və Məryəm bu növbəti Novruzu görməyəcək, ancaq onun çəkdiyi Novruz həmişə bizimlə qalacaq.

Onun çəkdiyi Novruz əslində sevincin, xoşbəxtliyin portreti idi və onun bu gözəl "Novruz" tablosunda heç kim görünmür, o devlər də bu tabloda yoxdur, güllər, çiçəklər də yoxdur, ancaq əslində, isə biz hamımız birlikdə o tablodakı sevincin içindəyik.

Məryəm "Azərbaycan muğamı"nda xanəndənin, tarın, kamnçanın, qavalın yox, muğamın özünün portretini çıkirdi, muğamın sözlə, səslə, avazla dediklərinin, muğamın zəngulələrinin, pəsinin, zilinin rəsmini çəkirdi.

Bu sözləri yazıram və Çoban Əfqanın uzun illər bundan əvvəl söylədiyi bir misra yadıma düşür:

A bu dünya, görüm səni viran qal…

Məryəmin yaşayıb-yaratdığı aləm onun fırçası ilə aşığın bu qarğışını, ümumiyyətlə bəşəri sənətin “a bu dünya” ilə bağlı yanlışlığını heç vəchlə qəbul etmirdi və onun çəkdiyi "Qobustan" silsiləsində qədim insanların əl-ələ verərək "Yallı" getməsi həyatla bağlı əbədi bir rəqsdir – əbədi şükranlıq, minnətdarlıq rəqsinin ifadəsilir. Sadəcə, biz bunu bilmirik, dünyanı qanlı-qadılı bir dünyaya çeviririk, sonra da sözümüzlə, sənətimizlə qarğış edirik.

Ancaq Məryəmin tabloları bizimlə hirs-hikkə ilə, hirslə, acıqla yox, mərhəmət hissi ilə danışırdı.

Məryəm Ələkbərlinin əsərləri dünyanın bir çox ölkələrində nümayiş olunub, onun Avropa, Asiya mədəniyyət mərkəzlərindəki sərgiləri sensasiya yaradıb, alınıb, kolleksiyalara salınıb və bu, ötəri bir ajiotaj yox, həqiqi rəngkarlıq hadisəsi olub.

Məryəm – bir meteor sürəti ilə Azərbaycan rəngkarlıq sənətinə daxil oldu və o zaman mən onun əsərlərinin sirli-sehrli təəssüratı altında 2006 və 2011-ci ildə "Məryəmin missiyası" adlı iki esse yazmışdım. Axtarıb o yazılardan birini – "Məryəmin missiyası-2"-ni tapdım və orda deyirdim:

"Bu gün Məryəm, şübhəsiz ki, beş il bundan əvvəlki Məryəm deyil, ancaq eyni zamanda Məryəm, yenə də şübhəsiz ki, həmin Məryəmdir və bu sözlərdə heç bir paradoks yoxdur, söhbət istedadın özünüifadəsindəki, bəlkə də, bu beş ilin zaman çərçivələrinə sığmayan bir inkişafından və eyni zamanda, bu inkişafın sürəti müqabilində o istedadın mənəvi ünvanının – məxsusiliyinin qorunub saxlanmasından gedir.

Bu beş ildə artıq professional rəssam Məryəmin əsərləri Bakıdan başqa, Berlində, Moskvada, İstanbulda, Ankarada, Romada, Dovildə, Riqada, YUNESKO-da nümayiş olunub və sənətsevərlər, tamaşaçılar bu əsərləri dəfələrlə Paris sərgilərində də görüblər. Həmin sərgilərdən birini mən xüsusi qeyd edirəm: 2015-ci il iyun ayında Art Shoppinq Festivalı çərçivəsində Luvr muzeyinin Karusel qalereyasında Məryəmin işlərinin sərgisi keçirildi və gənc bir azərbaycanlı rəssamın Luvrda sərgisinin keçirilməsi yalnız gənc rəssamlarımızın həyatında deyil, ümumiyətlə, Azərbaycan rəngkarlığında bir hadisə oldu.

Bu beş ildə Məryəmin haqqında bədii-sənədli film çəkildi, televiziya verilişləri göstərildi, onun yaradıcılığı ilə bağlı Azərbaycanın da, xarici ölkələrin də mətbuatında məqalələr dərc olundu, görkəmli fransız, ingilis, rus, türk sənətşünasları yüksək fikirlər söylədilər..."

İndi isə Məryəmin həmin meteor sürəti ilə sənətə gəlməsindən az qala iyirmi il keçib və bu iyirmi il onun yaradıcılığının sonudur.

Bu iyirmi ildə də onun istedadı özünüifadəsini dəyişmədi.

Məryəm devləri yalnız son zamanlar çəkdi, ancaq o gözəl güllər, çiçəklər, o ağappaq günəş kimi o açıq ürəkli, xeyirhax, gülməli devlər də, “Yallı” gedən o Qobustan qədim insanları da onun aləminin sakinləri idi. O xalça naxışları da onunla bir yerdədir.

Məryəm bu dünyadakı missiyasını yerinə yetirdi və birdən-birə də uçub getdi.

Məryəm Ekzüperinin "Balaca şahzadəsi"ni sevirdi və bu əsərə gözəl illüstrasiyalar çəkmişdi. O vaxt mən ssenarisini yazdım və Məryəmin balaca şahzadəsi haqqında cizgi filmi çəkildi.

Balaca şahzadə kosmosda səyahət edirdi, planetlərdən planetlərə uçurdu və yəqin, elə buna görə də Məryəm bu əsərə bu qədər bağlı idi.

Məryəm uzaqlardakı o ucalıqdan gəlmişdi, uçub, o ucalığa da qayıtdı.

16 fevral 2025. Bakı.

# 5177 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər