Mənəviyyatını "halal kolbasa” ilə ölçən cəmiyyət

Aqşin Yenisey, yazar

Aqşin Yenisey, yazar

10 aprel 2023
# 17:25

Kulis.az Aqşin Yeniseyin "Mənəviyyatın “halal kolbasa” ölçüsü" adlı yeni yazısını təqdim edir.

Casus ideoloji parazitdir. Casuslar alınmaz qalaların içindən oyulan yerləridir. Casuslar şəhərlərin gizli qapılarıdır. Casuslar tarixin oynaşlarıdır. Casuslar ölkələrin kabuslarıdır.

İsanı öpüşlə satan İuda xristianlığın ilk paraziti idi. Amma xristianlığın dünyaya yayılmasında İsanın qabırğalarının arasındakı yaradan çox, İudanın dodaqlarının arasındakı öpüşün daha çox faydası oldu. Xristianlıq ələ keçimək istədiklərini İuda öpüşü ilə aldatdı. İuda xristianlığa öpüşün əzabdan daha güclü silah olduğunu öyrətdi. Vatikan Papaları cüzamlı yaraları, kirli ayaqları öpə-öpə xristianlığın gücünü bu günlərə gətirib çıxardılar. Casus öpməsə özü zəhərlənər.

Tarixin bütün dövrləri din, sənət, elm adamı adını daşıyan və casusluq işləri görən tiplərlə zəngin olub. Orta əsrlərdə şəhər darvazalarının ağzı dolu olurdu gözləri çıxarılmış dərvişlərlə. Niyə o dərvişlərin yalnız gözlərini oyurdular? Çünki bu adamlar casusluqla məşğul olan əksərən ədəbiyyat adamları idilər, xalqdan fərqli olaraq yaza və oxuya bilirdilər. Dövrlərinin filosofları da onlar idi, şairləri də, müğənniləri də, hətta rəqqas və rəqqasələri də.

Avropadan Yaponiyaya, Hindistana göndərilən xristian missionerlərin hamısı casus idilər. Bu missioner casusların sayəsində XIV əsrdə Yaponiya xristianlaşmanın bir addımlığında idi. XVIII-XIX əsrlərin əksər Qərb orientalist alimləri Avropa dövlətlərinin casus şəbəkələrinə işləyirdilər. Almaniya ilə Fransa arasında II Dünya müharibəsi illərində casusluq edən rəqqasə Mata Harini dünyada tanımayan yoxdur. Onun haqqında Koelyonun məşhur "Casus” romanı da var. Yaxud məşhur "Soyuqdan gələn Casus” romanın müəllifi Con Le Karre özü ingilis kəşfiyyatında çalışırdı. Keçmiş sovetlər ölkəsindən xaricə göndərilən bütün sənət, ədəbiyyat adamlarına xüsusi tapşırıqlar verilirdi. Türkiyədə FETO hadisələri baş verəndə ilk ifşa olunanlardan biri bu ölkədə casusluq fəaliyyətində təqsirləndirilən amerikalı bir rahib oldu. Təsadüfi deyil ki, Bakı da siyasi ədəbiyyatda "Casuslar şəhəri” adlanır. Bu gün də Bakıda bir çox ölkənin, xüsusilə Rusiya, Türkiyə, İran və İsrailin casus şəbəkələri mövcuddur. Bu gün Azərbaycandakı "İmam Hüseyin aşiqliyinin” izinə düşüb getsək Kərbəlaya deyil, İranın xüsusi xidmət orqanlarının binalarına gedib çıxarıq. Bu casusluğun "Hüseyin aşiqliyi” pərdəsi altında son illər ölkədə o qədər beyin yuyulub ki, sayı-hesabı yoxdur.

Casusluğa gəlincə, bunlar elə İranda inqilab edəndə də xarici kəşfiyyat orqanlarının maraqlarına xidmət edirdilər. Mehdinin təmsilçisi göydən "Air France" təyyarəsi ilə enmişdi.

Bu gün Azərbaycandakı vəziyyəti inqilab öncəsi İranla müqayisə edəndə açıq-aydın görünür ki, ölkə addım-addım adı islam olan inqilaba doğru gedir.
Sadəcə, bir fərq var; İranda inqilabın hədəfi höküməti yıxmaq idi, Azərbaycanda dövləti yıxmaqdır.

İran inqilabını gerçəkləşdirən bütün səbəblər bu gün Azərbaycanda təmin olunub.

Yerli dini liderlər varmı, var.

Orta biznes dini burjuanın əlindədirmi, bəli.

"Nicat şəriətdədir" təranələri ilə ofsunlanmış kütlələr get-gedə böyüyürmü, necə lazımdır. ("Təranə" dedikdə təkcə dini moizələri nəzərdə tutmuram, meyxana yoluyla kütləvi şəriət hedonizminə xidmət edən şou-biznes də artıq təranələşib Azərbaycanda)

Liberal, solçu, demokratik və s. zümrələr hökumət əleyhinə eyni fikirdədirmi, bəli.

Dindarların gücündən istifadə edib hakimiyyətə gəlmək üçün onlara sığınan xam xəyallı siyasi liderlər varmı, var.

Ən əsası, ölkədəki aydın, ziyalı təbəqə ya küsüb, ya susub, ya da dini təbliğatın qulbeçəliyini qəbul edibmi, hər üçü danılmaz reallıqdır.

Yetişməkdə olan bu inqilabın qarşısını yalnız aydın, mütərəqqi düşüncələrə meydan verməklə almaq olar, başqa heç bir güc təcrübədə özünü doğrultmayıb.
Casusluq sevginin, inancın zatında gizli yaşayan xəyanət ehtimalıdır. Bu ehtimal bütün mənəvi ölçülərin zəif yeridir və təkcə vətənlə bağlı xəyanət deyil.
Dilinə, şəxsiyyətinə, milli kimliyinə xəyanət edənlər də müxtəlif casusluq əməllərinin qurbanlarıdır.

Məsələn, bu gün şəxsiyyətini müxtəlif dəblərə, trendlərə qurban vermiş insanların mühasirəsindəyik. Bu dəblərdən biri də altında haram niyyətlər gizlədilmiş "halal”lıqdır.

Dinin bütün məsələlərdə sərhədsiz hegemonluğunun nəticəsdir ki, bu gün "bazarkomlaşdırılmış" allah obrazı kolbasanın, sosiskanın belə "həyatına" mənəvi təcavüz edir.

Bu gün hansı sahədə çalışmasından asılı olmayaraq insanlarımız özlərinə "halal kolbasa" imici yaratmağa çalışırlar.

"Halal kolbasa"nın mənəvi ölçüyə və kütləvi dəbə çevrilməsinin nəticəsidir ki, demokratiyadan dəm vuran bir partiya içki içən üzvünü halallıq vermədən partiyadan qovur ki, cəmiyyətdəki "halal siyasətinə" xələl gəlməsin.

Mənəvi məsələlərdən danışan fəlsəfə doktoru Azərbaycan qızlarına məktəb açan Hacı Zeynalabdini unudub, mütləq yunanlaşdırılmış İmam Əlidən, hədisləşdirilmiş sufi əhvalatlarından sitat gətirir ki, cəmiyyətdə "halal filosofluğuna" simpatiya yaratsın.

Həkimlər, psixiatrlar, universitet müəllimləri, musiqiçilər, yazarlar və s. bütün peşə sahibləri bu "halal dəbin" girovuna çevriliblər.

Tənqid hədəfi olan da Allahın, inancın deyil, dəbin "hallalaşdırdığı", mənəviyyatını "halal kolbasa” ilə ölçən qondarma, riyakar bir cəmiyyətdir.

İfşa olunan isə hələlik yalnız dilsiz-ağızsız "halal kolbasa"sıdır.

qaynarinfo.az

# 2854 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #