Məğlubiyyət kompleksi, yenilmək utancı - Sevgi şeirlərində müharibə dilində danışan şair

Məğlubiyyət kompleksi, yenilmək utancı - Sevgi şeirlərində müharibə dilində danışan şair
15 aprel 2025
# 10:51

Kulis.az ədəbiyyatşünas Məti Osmanoğlunun İlham Qəhrəmanın "Qəmin eşqi" şeirlər kitabı haqqında yazdığı "Orada, yurd yerində" yazısını təqdim edir.

Dağlara yolum düşəndə yamac aşağı sallanıb nəhrə can atan, iki yaxasında öz kiçik dünyasını yaradan, fərqli çiçəklər bitirən dağ çayı özümdən asılı olmayaraq diqqətimi üzüyuxarı yönəldir. Daşların arasından özünə yol tapan suyun haradan gəldiyini görmək marağıma və həvəsimə dov gələ bilmədiyim də olub...

Ədəbi ictimaiyyət arasında həm şair, həm tədqiqatçı, həm də insan kimi özünəməxsus yeri olan İlham Qəhrəmanın şeirlərində də yüksəkliklərdəki qayalardan, quzeylərdəki qardan süzülüb gələn çılğın dağ çayının təpərini və təravətini hiss edirəm, bu şeirlərdəki gözlənilməz deyimlərin, yaddaşı diksindirən obrazların baş alıb gəldiyi yer xəyalımdan keçir. Elə İlhamın özü də onun şeirlərinin qaynağını axtarmaq istəyən oxucunun ağzını yal yuxarı salğayır:

Mən sənə şeir yazıram.
Şeiri özüm yazmıram,
Kimdisə deyir, yazıram...

Qədim-qayım dostum İlham Qəhrəmanın növbəti şeirlər kitabı haqqında ön söz yazarkən ilk növbədə həm özüm, həm də kitabın dəyərli oxucuları üçün şairin şeirlərinin qaynağına, sözün yurd yerinə baş çəkmək istəyimdən yaxa qurtara bilmirəm. Şeiri özü yazmadığını, ona kiminsə dediyi sözü qələmə aldığını iddia edən şairə bu sözləri məhz kimin dediyini, hansı gücün dedirtdiyini müəyyənləşdirməyə ehtiyac duyuram: İlham Qəhrəmanın kökü dərinə işləyən şeirlərinin mənbəyi haradadır, bu sözlər hansı estetik qaynaqdan baş alıb gəlir?

Bu kitabdakı şeirlərin (eləcə də İlhamın bütün şeirlərinin) mayasında üç enerji mənbəyinin əriş-arğac birləşdiyini düşünürəm:

Şairin öz fərdi dünyası, həyatı boyu yaşadığı sarsıntılar (görünür, sarsıntılar olmasa, şairlik də olmur), həyat təcrübəsi, dünyanın avand və tərs üzləri, insan, zaman və ömür haqqında düşüncələri;

Sözün yaddaşı: özünü qorumaq, bir zamandan başqa zamana daşımaq məcburiyyətində olan bədii sözün yaddaşı insanın fərdi yaddaşına qovuşanda öz xilaskarını tapır, şair yaddaşın tərcümanı vəzifəsini yerinə yetirmiş olur;

Şairin gözünü açanda ilk dəfə gördüyü landşaft, içindən keçib gəldiyi təbiət, yadında saxladığı ev, doğma yurd, ayaqlarının altındakı torpaq, başının üstündəki göy...

İlham Qəhrəmanın şeir dünyasının iqlimini yaradan, ona söz qoşduran və bir-birinə sıx bağlı olan bu ayrılmaz üçlüyün təməlində dayanan isə şairin el-obası, dədə-baba yurdu, doğma od-ocağı, ata evidir. İlhamın insan və şair taleyindəki yurd, ata ocağı olmazın bəlalar gördü. Sözü bəlanın içindən keçirmək şairdən hünər tələb edirdi.

Laçına gedə bilsəm,
evimizin daşları tanıyar məni
qarnıma güc verib
bir-bir dəzgaha qaldırmışam...

Yurd motivinin bədii düşüncədə fəallaşması müharibədən əvvəlki zamana düşür. Keçən əsrin ortalarından etibarən Azərbaycan ədəbiyyatında önə çıxan aparıcı obrazlardan biri yurddur. Çox vaxt təbiətlə, kəndlə səsləşən yurd obrazı həm fərdlə cəmiyyət arasındakı tarazlığın, həm də şair şəxsiyyətinin ilkin özülünü təşkil etməkdədir. Yurd yeri yaddaşın, torpağın, xalqın maddi və mənəvi dəyərlərinin rəmzi kimi kultlaşdırılır. Dünyanı öz idrak qabiliyyəti, baxışları səviyyəsində hiss və dərk edən şair dünya haqqında təsəvvürlərini şeirə, sözə çevirərkən təbii olaraq onun duyğu və düşüncələri doğma yurdun şüur altında yatan xatirələrindən mayalanır və bu xatirələri silkələyib oyadır. Mayanın doğma təknədən götürülməsi həm də şeirin orijinallığını, şairin bədii dünyasının bənzərsizliyini təmin edir. Yurd ənənələrin, tarixi dəyərlərin qorunduğu müqəddəs məkan kimi təqdim olunur.

İlham Qəhrəmanın yaradıcılığında doğma evin, dədə-baba ocağının fərdi yaddaşın, dünyaya baxışın, insanlara və cəmiyyətə qiymət verməyin arasıkəsilməz enerji mənbəyi olduğunu görürük.

İlham məcrasına sığmayan kür şairdir. Onun kürlüyü, davası evlə, ocaqla, yurdla dünyanın gərdişi, zamanın gedişatı arasındakı tarazlığın pozulmasından irəli gəlməkdədir. Ancaq onun kürlüyü özünə qarşıdır, o daha çox özünə üsyan eləyir:

Dağların qarı tükənər,
Heç tükənməz məlal məndən,
Yaxam qalıb öz əlimdə,
Sən bu məni gəl, al məndən.

Şairlə zaman arasında münaqişə iki fərqli fəzada baş verir. Qeyd etdiyim kimi, İlhamın təmsil etdiyi şairlər nəsli dünyanın düz vaxtında kənddən şəhərə gəlməklə yurddan iraq düşməyin xiffətini yaşayırdı və onların şeirlərinə bu xiffətin kədəri hakim idi. Taleyin dönüklüyündən əsrin sonlarına doğru yurdun üstünü qara buludlar bürüdü, tək-tək insanların yurdu deyil, Vətən torağı yağı düşmən tərəfindən işğal edildi, şairin və şeirin daim xiffətini çəkdiyi torpaq əsir düşdü. Dövranın bu tərs dönüşü insanların içində güclü silkələnmə yaratdı və işin faciəli tərəfi də bu idi ki, məğlubiyyət kompleksi, yenilmək utancı insanları öz içlərində yaşadıqlarını çölə tökməyə imkan vermədi. İlhamın hətta sevgi şeirində belə, insanın içində basdırılan duyğunun etirafı “müharibə dilində” danışaraq obrazlaşdırılır:

Döyüşsüz təslim olmuş
sərkərdəyəm –
doğma şəhərim gedəndə
barmaq barmağa vurmadım,
qollarım şəhərimdən boşaldı.
Məğlubiyyətdən məmnunluqla
gözümüzü gizlədirik bir-birimizdən...

İlham Qəhrəmanın bu kitabındakı şeirlərin hamısı torpaqlarımız düşmən işğalından azad olunandan sonra yazılıb. Müzəffər Ordumuzun şanlı zəfərinin ədəbiyyata verdiyi ən böyük dəyərlərdən biri məğlubiyyət kompleksinin yenilməsidir. İndi insanın içi də, şairin şeiri də məğlubiyyət utancından azaddır. İndi, yaşının ahıl çağında İlham eşqin qəmindən və qəmin eşqindən daha sərbəst söz aça bilir. Kitabda şanlı qələbəmizə, sinəsini Vətənə sipər eləyən şəhidlərimizin əziz xatirəsinə, qəhrəman əsgərlərimizin rəşadətinə həsr olunmuş şeirlərin də mayası yurd sevgisindən tutulub. İki davadan şərəflə çıxan, hər iki Qarabağ müharibəsinin qazisi mayor Muxtar Həşimova həsr olunmuş şeirdə şairin eşitmək istədiyi ilk zəfər müjdəsi yurdun səsi, dağların sevincidir:

Bir az xatırla, komandir,
Yaddaşının küncünü de,
Əsgər dağa dikləndikcə
Dağların sevincini de.

Ümumiyyətlə, bu kitabdakı şeirlərdə yurd və ev yalnız şairin yaddaşın o biri ucunda güc verib daşlarını dəzgaha qaldırdığı yaşayış yerindən, içində yaşadığı mənzildən ibarət olmayıb, daha geniş məna daşımaqdadır. Şairin yaradıcılığında ev obrazı o evin ətrafındakı çəpərin fövqünə yüksəlir və orada böyüyən uşağın dünyası daim qeybdən şairin üzünə və sözünə boylanır.

Laçına niyə gedirəm?
Dağlarda çəni görməyə.
Şəhər içində cökəni,
Meşədə vəni görməyə.

Yurda can atmaq, yurdu xatırlamaq sadəcə, təbiəti, səhərlər dağlara çökən çəni, dağlar qoynundakı şəhərdə boy atan cökəni, vəni, günəşin doğmasını, batmasını... görmək istəyi ilə məhdudlaşmır, yurdu içində daşıyan insanla eyniləşir:

Ayə, insafınız varmı,
Gedirəm məni görməyə.

İlham Qəhrəmanın “mən”inin yurdu şeirin hansı mövzuda yazılmasından asılı olmayaraq obrazlı deyimlər şəkilində oxucunu müşayiət eləyir, oxucu ilə yoldaş olub yola çıxır. Yurdun içində şairin bir vaxtlar “dəhnədən arxını vurub, suyunu gətirdiyi ağaclar”, “unudulmuş qara dam”, “yeddi taxta tuman geymiş arvadlar”, “nənənin balacalıqda nəvəsinin köynəyinə sancaqlayıb asdığı dua”, “toya gedən nənənin açdığı sandıq”, “yağ çəkib od tutan piltə”, “axşamlar naxır dalınca gedən” yeniyetmə, “çəni çəkilmiş dağ zirvəsi”, “köçə qoşulan quzu”, “yaz göyərən qamış kimi şivərək oğlan”, bir canıyanmışın “əvvəl-axır çıxacağı”, “hazır süfrə üstə çıxanda çomağını yana atan çoban” oxucunun yaddaşında əks-səda verir. Oxucu da yaddaşının bir küncündə “yolda arxası üstə düşmüş tısbağanı çevirib avandına qoyur”. Bu cür deyimlər oxucunun gözlərində yurdun göy qurşağı kimi min bir rəngli mənzərələrini canlandırır...

Dədə-baba mirasına çevrilmiş söz, şeir ənənələri də yurdun yaddaşda əks-səda verən görüntüləridir. İlham Qəhrəmanın şeirlərinin süzülüb gəldiyi yüsəklikdə iki təkanverici güc mənbəyi var. Birincisi, heç şübhəsiz ki, Sarı Aşığın yaradıcılığı, onunla bağlı el yaddaşında yaşayan rəvayətlərdir. Fədakar təqdiqatçı olan İlham Qəhrəman Sarı Aşığın bayatılarını el dilindən, eləcə də müxtəlif yazılı mənbələrdən toplayaraq “Gül dəftəri” kitabını nəşr etdirib ki, bu, ədəbiyyat tariximiz üçün də qiymətli töhfədir. İlham Qəhrəmanın yaradıcılığına, bədii düşüncəsinin formalaşmasına Sarı Aşığın yaradıcılığının təsiri ayrıca bir yazının mövzusudur. Sarı Aşığın böyük mətləbləri, insan duyğularının mübhəm incəliklərini həcmcə kiçik olan bayatıya yerləşdirmək hünəri İlham üçün sənət örnəyidir. Bir kitab bayatı yazan İlham Qəhrəman (onun bayatılardan ibarət “Dəyirmanın su dərdi” kitabı nəşr olunub) Sarı Aşığı təqlid eləmir, ona nəzirə yazmır, böyük ustadın saldığı yolu XXI əsrdə davam etdirir.

Bu kitabda İlhamın Sarı Aşıqla Yaxşıya həsr elədiyi şeirinin verilməsi yurd yerinə sədaqətin bir nişanəsi kimi qəbul edilə bilər.

Aynadı sular sevgiyə,
Ağladı qular sevgiyə.
Heykəl qoydular sevgiyə,
Yaxşı ilə Sarı Aşıq...

Kitabdakı təcnislərin yurd yerini, ata ocağını Sarı Aşığın cinaslı bayatılarında axtarmaq lazım gəlir.

İlham Qəhrəmanın yaradıcılığının mənəvi təməllərindən biri də şairin boya-başa çatdığı yurdun üstündə ruhu dolaşan Seyid Nigari ənənələrindən gələn irfandır. Təmsil etdiyi nəslin bəzi nümayəndələrindən fərqli olaraq İlham Qəhrəmanın şeirlərində irfan bədii düşüncənin alt qatındadır. Bu kitabdakı şeirlərdə yol obrazının ev və yurd obrazlarını tamamlaması gəlişigözəl təsadüf sayıla bilməz:

Evdi – girəcək görünməz,
Yoldu – duracaq görünməz,
Belə görəcək görünməz
Eşq sənə çəkdirər, aşıq!

İlham Qəhrəmanın şeirlərində yol bir çox hallarda ilkin yurda, evə, eləcə də insanın özünü özünə aparır.

Yol həm də təriqət sözünün qarşılığıdır. İlham Qəhrəmanın şeirlərində irfan bir fəlsəfənin ifadəsi olmaqdan daha çox şairin həyat və düşüncə tərzinin təzahürüdür. İlhamın irfan yolu ürəyindən keçir.

Ürəyimdən keçən adam,
Başına yol qəhətdirmi?!
Utanıram soruşmağa –
Barı yolun rahatdırmı?!

“Keçmək” feilindən düzələn, ayrılıqda müxtəlif mənalar verən “ürəkdən keçmək” və “yoldan keçmək” ifadələrini bir araya gətirib, onlara ustalıqla şeir donu biçməyi bacaran şair öz duyğularını sözün sınanmış ülgülərinə salıb təqdim etməyə üstünlük verir və bunu bacarır. Ancaq bəzən söz inad göstərir, ülgüyə gəlmir. Şairin fərdi dünyası sözün yaddaşının təklif etdiyi ülgüyə gəlməyəndə sözün düzümü qabığını çatladır, sərbəst şeir dünyaya gəlir. Bu baxımdan, şairin Laçın ağrılarına ortaq olan yazıçı Şərif Ağayara müraciətlə yazdığı şeir səciyyəvidir:

Laçına gedə bilsəm...
...Orda qalan bir uşaq,
bir uşaqlıq var,
Suyum şirin gələr,
şübhəli nəzərlərlə üzümə baxar,
“bu odur, o deyil?!” – deyə
Bəlkə o məni tanımaya,
heç mən də
özümü isnad verəcək halda deyiləm.
Bircə Laçına getsəm...

İlham Qərhəmanın şeirlərinin yurd yeri Laçın, Bəylik kəndi indi öz tarixinin yeni dövrünü yaşayır. Uca dağlar diyarı müharibənin dəhşətli dağıntılarından sonra tikilir, qurulur, yeni sakinlərinin yurduna çevrilir.

Vətən öz əyninə təzə don biçir,
Şair arzusudu bu gerçəkləyən,
Sənə salam deyir qələmdən keçib
Laçının qaşında Qar çiçəkləyən.

Bu, artıq İlham Qəhrəmanın xiffətini çəkdiyi, köhnə Bəylik kəndində qalan yurd yeri deyil.

Yəqin ki, vaxt gələcək, yeni Laçın da, yeni Bəylik kəndi də indi orada doğulan bir uşağın şairanə xəyallarının yurd yeri olacaq...

# 398 dəfə oxunub

Oxşar xəbərlər

Hacı İsmayılov:  "Dedi, çıxart ikinci rejissora 10 manat ver" - Müsahibə

Hacı İsmayılov: "Dedi, çıxart ikinci rejissora 10 manat ver" - Müsahibə

21:00 15 aprel 2025
Telman Adıgözəlov kimdir?

Telman Adıgözəlov kimdir?

18:29 15 aprel 2025
Şərqi Qərbə satan yazıçı - Rəvan Cavid

Şərqi Qərbə satan yazıçı - Rəvan Cavid

18:00 15 aprel 2025
Ermitaj bağlandı - Səbəb

Ermitaj bağlandı - Səbəb

17:30 15 aprel 2025
65 il əvvəl oğurlanan heykəl Türkiyəyə qaytarıldı

65 il əvvəl oğurlanan heykəl Türkiyəyə qaytarıldı

17:00 15 aprel 2025
"Düyməcik"  tamaşasının premyerası keçiriləcək

"Düyməcik" tamaşasının premyerası keçiriləcək

16:00 15 aprel 2025
#
#
# # #