Mədəniyyət və "hara?" sualının cavabı

Mədəniyyət və "hara?" sualının cavabı
18 iyul 2022
# 17:00

Kulis.az Vüqar Babazadənin “Kəndli fabulası ətrafında” adlı yazısını təqdim edir.

Bayaq istədim ki, bir haşiyə çıxam. Sonra öz-özümə dedim ki, dayan görək, haşiyə vaxtıdır, sən canı? Onsuz da, son yazıların az oxunur. Dur nəsə elə, dostum. Bir başa mətləbə keç.

Dünən gecə yerdə uzanıb ayaqlarımı göyə qaldırmışdım. Fikirləşirdim ki, necəsə edib özümü söydürməliyəm. Yoxsa bu belə davam edə bilməz. Yerdə uzanıb, ayaqlarımı göyə qaldırmağı bir özünü inkişaf təlimçisindən öyrənmişəm. Ayaqları göyə qaldıranda beyinə yaxşı qan işləyir. Siz nə biləsiz belə şeyləri? Kəndçi şeysiz.

Kəndçi demişkən, bu yaxınlarda şəhərin səkilərinin birinin üstündə yeriyirdim. Adamlar yanımdan keçəndə bir adamlıq məsafə saxlayırdılar. Hər addımda sənsizliyin altında qalıb əzilirdim. Yaxşı, yaxşı, zarafat eləyirəm, bir simsarım məni pleysteyşn oynamağa çağırmışdı. Belə pis də çıxmasın, yaxşı pleysteyşn oynayıram. Tələbəliyin 4 ilini buna həsr etmişəm, zarafat deyil. Yolda gedə-gedə min dənə şey fikirləşirdim.

Gah deyirdim meyvə yeməliyəm, qidalanmaya fikir verməliyəm, gah deyirdim ayın hələ 20-i olmayıb, 30 manat pulum qalıb, gah deyirdim mamam bir-iki günə Lerikdən Bakıya təşrif buyuracaq, evdə siqaret çəkmək vızqırtdı, gah 4-cü sinifdə sevdiyim qız olan Tünzalə yadıma düşmüşdü (vacib qeyd: bir gün dərsə gələndə gördüm ki, o, qulağında pambıq tıxışdırıb, təmiz gözümdən düşdü, sevgimə elə oradaca xitam verdim), ağlımın bir ucunda da “gizlədərəm səni gözümün qarasında, iki daşın arasında, taparsan məni dünyanın harasında, harasındaa?” mahnısı oxuyurdum. Cənabü-rəbbil-aləmin ağılımızı elə yaradıb ki, nə istəsən fikirləşmək olur.

Qərəz, qabağımda da bir oğlan gedirdi. Yaşı olardı 30-31-filan. Yerişindən, duruşundan, hərəkətlərindən başa düşmək olurdu ki, dünən Damcılı mağarasından çıxıb. Homo-sapiens növü ilə heç bir əlaqəsi olmayan bu oğlan əlindəki yarım-litrlik “Fanta” butulkasını atdı yerə. Özü də düz şəhərin mərkəzindəyik. Adamlar çox, maşınlar çox. Bir sözlə, tünlükdür. Üstəlik, bir addım qabaqda da zibilqabı var. Hirsimdən az qala dəli olmuşdum. Bu necə bir tərbiyəsizlik? Dedim yox, gedib bu azıxantropla danışmasam, ürəyim partlayar.

Elə bir-iki addım atmışdıq ki, arxadan səsləndim:

– Ay qardaş, zibili nə üçün yerə atdınız? Zəhmət olmasa, onu götürüb zibilqabına atınız. Yerə zibil atmaq düzgün deyil axı. (Özüm də mədəni adam, sınız-siniz-sunuz-sünüz şəkilçiləri ilə danışıram ki, özünü itirsin. Hörmət görməyib axı, qoy başı getsin)

O da çevrilib mənə baxdı. Saçları yağlı idi. Dırnaqlarında yalan olmasın bir kilo kir. Eybəcər saqqalı var idi. Şəpi geyinmişdi. Rəngi getmiş qara rəngli “polo” köynəyinin altından da haçansa ağ olmuş maykası görünürdü. Bədəni iricüssəli, qolları da yekəydi. Yəni əgər dava düşsə, mənə bir dənə vurmağı bəsdi ki, bekara yıxılım, ürəyim getsin. Amma yolumuz haqq yoludur, meyxana folklorun bir qoludur. Sözümü deyirəm həmmeşə.

Bu mənə qayıtdı dedi ki:

– Ayə, nə deyirsən?

Cavab verdim:

– Deyirəm ki, zibili yerə atmağınız düzgün deyildir. Mümkünsə, onu yerdən götürün, zibilqabına atın.

O mənə “getmək” sözünün söyüşlü formasını dedi və çıxıb getdi.

Qaldım yana-yana. Məcbur oldum, zibili özüm yerdən götürüb zibil qutusuna atdım.

Ümumiyyətlə, kəndli-şəhərli qurplaşmasına qarşıyam. Bunun bir ucu gedib çıxır irqçiliyə. İrqçilik, yəqin, bilirsiz də nədir? Rasizm. İrqçilik. Yəni kimisə, dərisinin rənginə, fiziki xüsusiyyətlərinə görə təhqir etmək, alçaltmaq.

Kəndli-şəhərli də bir növ ayrıseçkilikdir. Niyə insanları haralı olduqları və harada yaşadıqlarına görə qruplaşdıraq ki?

Amma və lakin, kəndçi deyə bir anlayış da var. Düzü, irqçilik olsa da, olmasa da daha deyəcəyəm. Onsuz da, həmişə səhv başa düşürsünüz. Amma bir Allah bilir ki, niyyətim heç kimi təhqir etmək və alçaltmaq deyil.

Kənddən şəhərə gələn adamlar özlərini apara bilmirlər. Kənddən şəhərə gələn adamlar elə bilir ki, Bakıda hansı tərbiyəsizliyi etmək istəsən, edə bilərsən. Kənddə o qədər xış sürüb, daşdan əmək alətləri ilə çalışıb, kəndin ənənəvi əxlaq qaydalarının altında qalıb əzilib ki, Bakını əxlaqsızlıq etmək üçün münbit yer kimi fikirləşir. Əvvəla, onu burda heç kim tanımır. İkincisi də, əgər pul tapa bilsə, müəyyən qədər öz əxlaqsız, tərbiyəsiz, səviyyəsiz hərəkətlərini gerçəkləşdirə bilər.

Yerə tüpürürlər, burunlarını fıırrrrrr eləyirlər, tər iyi verirlər, kiminsə ayağını tapdalayanda üzr istəmirlər, mədəni davranış nədir başları çıxmır, qızlara söz atırlar, camaatın dalına baxırlar, ən çuşka məkanlarda oturub 7 manata sadə, “çaşkada” qəlyan çəkirlər, elə bilirlər ki, bütün qısa geyinən qızlar fahişədir, yolu keçə bilmirlər, yemək yeyə bilmirlər, qışqıra-qışqıra danışırlar, bir sözlə, özlərini insan yox, uzunqulaq kimi aparırlar. (Redaksiyamızda təhqirə yol verməyi mənə qadağan etdikləri üçün uzunqulaq yazdım, yoxsa elə eşşək yazardım, ürəyimdən tikan çıxardı. Amma təəssüf ki, eşşşşək yaza bilmirəm)

Adam baxır, deyir ki, bunu kim açıb buraxıb tövlədən?

Ağır əməkdən bezən bu adamlar veş-vüşünü yığıb gəlirlər Bakıya çörək dalıyca. Ay, hay. Burda da çörək tökülüb axı.

Bir qohum evi tapıb başlarını soxurlar ora. Bütün ev əhlini narahat edirlər. Tualetdən çıxanda əllərini yumurlar, çıxdıqları otaqdan işığı yana-yana saxlayıb çıxırlar, krantı bağlamırlar, stolda yemək yeyə bilmirlər, görməmişlik edirlər, əgər evdə balaca oğlan uşağı varsa, ona söyüş öyrədirlər, özlərinə baxmırlar, ayaqlarından iy gəlir, necə gəldi yatırlar. Mən çox görmüşəm belə tiplər. Min dənə də kaprizləri olur. Nə yaxşılıq edirsən et, elə bilir ki, bu sənin borcundur, etməlisən.

Bir iş tapıb işləmək lazımdır. Davay, bir dənə navastroykada fəhləlik. Günə 20 manat. Nə zülmlərlə o pulu qazanırlar, axşam da ofisiantı yekə döşlü xala olan bir day-day kafesində noxudla, pivə içirlər. Elə bilirlər, kafedə çoxlu pivə içəndə yekə döşlü ofisiant xanım onlara deyəcək ki, ah, sən indiyə qədər hardaydın, nə yaxşı pivə içirsən, nə yaxşı pul xərcləyirsən, mən sənə vermək istəyirəm. (Redaksiyada erotik təşbehlər istifadə etməyimə də qadağa qoyduqları üçün, vermək feilini, ürəyimi, könlümü vermək kimi başa düşün, xahiş edirəm).

Üst-başı kir-toz, kubik rəngində olan bu adamdan soruşsan ki, niyə ağır zəhmətlə qaznadığın 5-3 manatı belə mənasız yerlərdə xərcləyirsən, kənddə arvad-uşaq səndən pul gözləyir, deyəcək ki, “qaqa, kişi gərəy kayfınnan qalmasın”.

Uzunburun ayaqqabı, köynək şalvarın içinə salınıb, bir dənə üstündə “SSRİ” yazılan zırpı kəmər, ağ corab, çolka, çeçələ barmağın uzun dırnağı, ”prastoy” Nokia, Üzeyir Mehdizadə, Orxan Lökbatanlı, “20 Yanvar”da ayaqüstü peraşki, “Vot takaya dolya varavskaya”, toyuq dönəri, bazlıq, qonşunun vay-fayı. Ööüüəəə

Bir az daha uzun müddət Bakıda yaşayanları və maşın sürənləri isə “Bolt”a qoşulub, başlayır, necə deyərlər, taksavatdığ eləməyə. Boz rəngli Priusu da şirkət verdi. İndi sənə nə qalır? Çək patıdan səhər-axşam işlə, gündəlik 30 manat planı doldur, sonra nə işlədin sənindi, onu da apar xərclə pivnoyda. Maşınla da hər cür qaydanı poz. Kim nə deyir? Kimsə nəsə desə, düş bir dənə bıçaq sox get türməyə. Yaxşı oğlanın məkanı zondur.

Bilirəm, işinizi-gücünüzü atıb, şirin-şirin bu yazını oxuyursuz. Amma hər bir gözəl şeyin sonu olduğu kimi, bu yazının da sonu gəldi çatdı.
Bunu da yazım, yazını bitirək. Hər kəs əvvəlcə özünün hansı təbəqəyə mənsub olduğunu müəyyənləşdirməli və ona görə yaşamalıdır. Əgər sənin üstünə düşən iş kənddə təsərrüfat işiylə məşğul olmaqdırsa, Bakıya gəlib kirayələrdə, ya da qohum evində qala-qala fəhləlik etməməlisən. Əgər sənin işin şəhərlə bağlıdırsa, kənddə öz həyatını zay etməməlisən. Bu müddəalar qarışanda ortaya belə targikomik vəziyyət çıxır.

# 7269 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #