Mədəniyyət Nazirliyinin yarım milyonluq hiyləsi

Mədəniyyət Nazirliyinin yarım milyonluq hiyləsi
8 iyul 2022
# 15:00

Kulis.az Mirmehdi Ağaoğlunun "Mədəniyyət Nazirliyinin yarım milyonluq satınalmasının gizli tərəfləri" adlı yazısını təqdim edir.

Bir neçə il əvvəl Mədəniyyət Nazirliyindəki yüksək təyinatlardan, struktur dəyişikliklərindən sonra çoxunun içində bir ümid göyərdi ki, artıq müsbətə doğru nəsə baş verəcək. Mədəniyyət adamlarının da canı sükunətdən, köhnəlikdən qurtulacaq, mədəniyyət aləmi beş-on nəfər harın məmurun güdazına getməyəcək, əksinə yenilənmə, canlanma gələcək.

İnsafən ilkin vaxtlarda nazirliyin strukturunda aparılan islahatlar, bir çox şöbənin adının dəyişdirilməsi, təkmilləşdirmələr, idarəetmədə atılan addımlar belə düşünmək üçün müəyyən mənada baza yaradırdı.

Tez-tez vurğulanan fikirlərdən biri də bu idi ki, həyata keçirilən layihələr şəffaf formada baş tutacaq. Buna görə də 2 ildən bir keçirilən və qeyri-obyektivliyi ilə müstəsna ad qazanmış “Qızıl kəlmə” mükafatının verilməsi dayandırıldı.

Nazirlik hələ də yeni ədəbi müsabiqə barədə düşünür. Bununla bağlı ilin əvvəlində içi özüm qarışıq bir sıra yazarlarla görüş keçirilib, məsləhətləşmələr aparılıb. Gözləyirik, görək nəticə necə olacaq.

Köhnə nazirin dövründəki kitab satınalmaları ilə bağlı layihənin şəffaflaşdırılacağı, bunun üçün xüsusi komissiyanın yaradılacağı da bildirilmişdi.
Haqq üçün, ötən il deyildiyi kimi də oldu. Səhv etmirəmsə, 2021-ci il iyun ayında nəşr məhsullarının satınalınması ilə bağlı nazirliyin rəsmi saytında müsabiqə elan edildi. Elan xəbəri müxtəlif saytlarda paylaşıldı, ictimaiyyət də bundan xəbər tutdu, kimlərsə öz kitabını komissiyanın baxması üçün göndərdi. Oktyabrda da nəticələr açıqlandı.

Nə yalan deyim, builki satınalmalarda mən də iştirak etmək niyyətindəydim. Bunun üçün də hələ ilin əvvəlində nazirlikdəki əməkdaşlardan satınalmanın nə vaxt başlayacağını soruşmuşdum. O zaman mənə bildirilmişdi ki, 2022-ci il üçün nəşr məhsullarının satınalınması başlayanda mətbuatda elan ediləcək, hələ vaxta var.

Və budur! İki-üç gün öncə qəfildən nazirliyin saytında ““Nəşr məhsullarının satınalınması” müsabiqəsinin nəticələri müəyyən olunub” xəbəri çıxır.

Əcəba satınalınmaların başlaması nə vaxt elan olunmuşdu ki, indi də nəticələr açıqlanır?

Axı mən mədəniyyət sahəsində çalışan bir jurnalist olaraq gün ərzində azı 50 dəfə Mədəniyyət Nazirliyinin saytını açıram, zarafat olmasın, bəlkə də, heç nazirliyin əməkdaşları gün ərzində mənim qədər öz saytlarına baxmırlar. Bəs onda necə olub ki, elan gözümdən qaçıb?

Bu təlaş və şübhə ilə nazirliyin rəsmi saytında axtarış elədimsə də builki müsabiqənin elanı ilə bağlı məlumat tapmadım.

Bihudə axtarışlardan sonra nazirliyin müsabiqənin nəticəsi ilə bağlı xəbərində qeyd olunan əlaqə nömrəsinə zəng etdim. Kitab sənayesi şöbəsinin əməkdaşı mənə nə desə yaxşıdır! Elan aprelin 5-də verilib. Soruşuram, axı mən gün ərzində 50 dəfə sizin sayta baxıram, elanı necə vermisiniz ki, görməmişik? Lap elə biz görməmişik. Axı başqa xəbər saytlarında da getməyib. Necə olur ki, nazirlik “Youtube”a adi bir video yerləşdirəndə bunun xəbər kimi tirajlanmasını israr edir, amma bu cür vacib bir elan sayta yerləşdirilmir? Nədir bunun açıqlaması? Yaymısınızsa harada yaymısınız ki, biz görməmişik?

Suallarım qarşısında lal qalan əməkdaş əlaqə nömrəmi götürüb bir azdan geri zəng edəcəyini dedi.

Dana bilmərəm, operativ işçi idi, heç 5 dəqiqə çəkməmiş geri zəng edib eynən belə dedi:

– Müəllim, sayta girin, girdiz? İndi yuxarıda, soldan ikinci “nazirlik” bölməsi var, ora girin, girdiz? Həmən orda yazılıb: “əsasnamə”, “struktur və əməkdaşlar”, “ regional idarələr”, ay sağ ol, dörd sütundur, siz gəlin üçüncü sütuna, orada “elan” bölməsi, vurun onun üstünə. Vurduz? İndi gəlin lap aşağı, aşağı, aşağı, bir az da aşağı.
Mən də onun dediyi kimi laaap aşağı çəkirəm kursoru.
– “Mədəniyyət Nazirliyi “Nəşrlərin satınalınması müsabiqəsi”ni elan edir”, bu?
– Ay sağ ol. Gördüz, qoymuşuq, 5 apreldə, özü də 1189 dəfə də oxunub. İndi gördüz elanı vermişik?

Bax belə, əziz oxucular, nazirlik dəyəri 498 174 manat olan 454 adda kitabdan 50465 nüsxənin alındığı ciddi satınalma prosesi keçirir və bunun elanını saytın “40-cı otağı”ında gizlədir.

Ortaya sual çıxır.

Mədəniyyət Nazirliyi nə üçün yarım milyona yaxın dəyəri olan bir satınalmanın elanını gizlədib? Niyə ötən ilki kimi qabaqcadan elanı yaymayıb? Axı bunu açıq şəkildə el-aləmə bəyan etmək olmazdı ki, hamı gətirib kitabını təqdim etsin?

İndi kim deyə bilər ki, satınalınma prosesi şəffaf, obyektiv təşkil edilib, kimlərləsə, nələrsə razılaşdırılmayıb? Buna ictimaiyyəti necə inandırmaq olar?

Deyəlim ki, ədalət naminə adını çəkməli olduğum, mənim əzizim, dostum Fərid Hüseyn daha ayıq tərpənərək elandan xəbər tutub və dörd adda kitabı ilə müsabiqədə qalib gəlib. Əcəba, Vidadi Babanlı necə xəbər tutub kitabını komissiyaya təqdim edib? Necə olur ki, 90 yaşlı Vidadi Babanlı – Allah ömür versin – elandan xəbər tuta bilir, bütün gününü internetdə, saytların qabağında keçirən biz yox? Sizcə burda düz getməyən nəsə yoxdurmu?

Hələ mən niyə siyahıda vaxtilə Azərbaycan təhsilini böyrü üstə qoymuş Misir Mərdənov kimi bir adamın müştərək və tək yazdığı yeddi adda kitabın da yer aldığını demirəm.

Bu şübhəli məqamlar insanın içinə qurd düşürməzmi, düşürər? Əgər yeni təyinatlardan sonra da əvvəlki dövrdəki kimi nazirliyin fəaliyyətində bu cür gizlin məqamlar olacaqdısa, o zaman niyə “islahat, islahat” deyə gözə kül üfürülürdü?

Bundan sonra biz mədəniyyət, qələm adamları nazirliyin fəaliyyətinə necə etimad göstərək, necə inanaq ki, hər şey şəffaf, təmiz, aydın, ədalətli olacaq, heç bir gizli, pozucu iş olmayacaq?

Belə çıxır ki, gözləntilərimiz bihudə, dəyişikliklər də yalnız gözdən pərdə asmaq üçünmüş?

Və hər şey məlum məsəldə deyildiyi kimidir?

# 2464 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #