Əl atıb biləyimi qırdı - Bircənin romanı

Əl atıb biləyimi qırdı - Bircənin romanı
13 noyabr 2020
# 09:01

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

İyulun on beşində Həmidin bacısı oğlunun nişan mərasimi keçiriləcəkdi. Bacılar yığıncağa ana-bala bizi də dəvət eləmişdilər. Di gəl, məclisə getməyi mən oğlumun, oğlum da mənim üstümə atırdı.

Nişan gününün səhəri ertədən Səməndər zəng vurdu:

- Sizə kənd payı göndərirəm, oğluna de, qarşılasın. İrana gedib qayıdanda yolumu Bakıdan salıb əsgəri görməyə gələcəm.

Yükü gətirən sürücünün telefon nömrəsini verib Cavidi avtovağzala göndərdim. Demə tənbəl oğlum Həmidi çağırıb ayın-oyunu gətirməyə onun maşınıyla gedər. Qayıdanda mənə Taylanın telefonunu uzatdı.

- Hardan tapdın bunu? - soruşdum.

- Həmidin maşınının çəkməcəsindən.

- Gördü götürdüyünü?

- Yox, görmədi.

Telefon Cavidinkiydi, əsgər gedəndə Taylana vermişdi.

- Həəə, demək uşağımızı Doneş deport elədib.

- Ana, hələ bilmək olmaz.

- Necə bilmək olmaz, telefon sənə hər şeyi demirmi?

- Bir az səbr elə mən soruşacam, görüm nə deyəcək.

- Heç nə soruşma, yeri gələndə özüm deyəcəm.

Telefon əlimdə burnumdan qan açıldı. Halımın yaxşı olmadığını görən oğlumun mənə rəhmi gəldi:

- Ana, nişana mən gedərəm, sən sakitləş. Bəlkə yanılırıq, bəlkə biz düşündüyümüz kimi deyil?

- Heç sən də getmə, Allah vursun onları da, nişanlarını da.

- Ana, qarğış tökmə, axı mən də nişanlıyam.

Özümü ələ alıb oğlumu məclisə yola saldım. Tapdığımın telefonunu bəzəkli xonçalardan birinin içinə qoydum. Ac-susuz, pulsuz-parasız, əyni-başı köhnə uşağı polislərin necə sürüdüyünü, maşına necə mindirdiklərini xəyalıma gətirdikcə cızdağım çıxırdı. Dədəmin adı kimi əmin idim – Doneş onu ələ verəndə, telefonunu əlindən alanda ləzzətlə gülmüşdü, köməksiz qəribi əzməkdən, alçaltmaqdan, sındırmaqdan leşə daraşan siçovul kimi həzz almışdı.

***

Yayın orta ayının ortasında yerin tavanı deşilmişdi, şıdırğı yağış yağırdı. Bir qanlı leysan da can evimin tavanını dəlib mənim içimə-içalatıma, sümüyümə-iliyimə damırdı.

Güzgü kimi üzümə tutduğun göyü, göydə ulduzları, yerdə çiçəkləri, yerlə göyün arasında böcəkləri çoxdan unutmuşdum, Dostum. Quluzumlara düşəndə dərdimi danışdığım, kölgəsində nə kişilər qonaqladığım, altından iki meyid köçürdüyüm üzlər görmüş qovağım da heç yadıma düşmürdü. İndi o qovağa tay bir insana ehtiyacım vardı, onun sinəsinə sıxılıb, çiyninə baş qoyub dişi qurd kimi ulayardım.

Di gəl, xəyalıma kimi gətirib ona sarılmaq istəyirdimsə bir anda surətini dəyişib üzünə Doneşin sifətini geyirdi...

Handan-hana üzü Doneş maskası götürməyən birini tapdım – Sabirə zəng vurdum:

- Salam.

- Salam, ay qaçaq, haralardasan?

- Elə buralarda, cəhənnəmin isti bucağında.

- Oralarda soyuq yer çətin tapasan.

- Sənə deyiləsi sözüm var, sinəmi deşən dərdim var, hara deyirsən ora gəlim.

Həmişəki kimi uzun pauza, sonra yenə burunda mızıldanma:

- Elə bildim yenə sənəd-zad verəcəksən.

- Nə vaxtacan insanlara sənəd kimi baxacaqsan, bir yaralı barmaq sarısana.

- Səni incidəni göstər qəzetimdə anasını ağladım. Xəstəmiz var, heç yerə çıxa bilmirəm.

- Qəzetiniz də özünüz kimi namərd oldu, kürəkdən bıçaq vurmağı ona da öyrətdiniz, - deyib telefonu qapatdım.

Geyindim kilsəyə gedəm, yağış blokdan çıxmağa qoymadı. Bir də axı kilsədə neyləyəcəkdim, keşişə nə deyəcəkdim? Hansı qəhrəmanlığımdan danışacaqdım? Bir qərib, kimsəsiz uşağı axıratan qoruyammadım, təzmiş quzunu başsız buraxıb müxənnət çaqqalın caynağına verdim...

***

İyulun iyirmisində Anarı da Cavidə qoşub Türkiyəyə yola saldım. İki bacı sözləşib uşaqların səfərə çıxdığını qardaşlarımızdan gizlədik.

Bundan iki gün keçmiş Səməndər rayondan Təbrizə getdi – Şəhriyar haqda monoqrafiya yazmışdı, onu tamamlamaq üçün şairin məqbərəsini, yaxınlarını, doğmalarını ziyarət eləməliydi.

Qardaşımı qiyabi uğurlayandan sonra yaxasının yırtığını mürdəşir tikmiş zəng vurdu:

- Həə, necəsən? Qarnındakı qurdlar qoymadı bacım oğlunun nişanına gələsən?

- Vaxtım olmadı, biz də Cavidə elçi getdik, bəlgə apardıq.

- Aaaa, kimə? Bizə niyə xəbər vermədin? Heç oğlun da bu barədə bir söz demədi axı. Kimlə getdin elçiliyə?

- Taylanla.

Xəttin o başında Doneşi tüstüyə verilmiş porsuq kimi öskürək tutdu.

- Taylan bəyəm burdadı, bəs o getməmişdi?

- Hə, burdadı, - dedim, - toydan sonra gedəcək.

Bir müddət səsi çıxmadı, eşitdiyinə inana bilmirdi.

- Sənin türkünü dəyirmanın boğazından ölü salsan xortlayıb bu başdan qabağına diri çıxar.

- Elə bildin deport elətmisən deyə daha geri qayıtmayacaq? Sən çuğulladın apardılar, mən də geri gətirtdim.

- Yəqin o mənə cummaq istəyən qohumunun əliylə gətirmisən.

- Sənə cumdu, yoxsa boynunun ardına donuz şilləsi vurdu?

Dil pəhləvanıyla söz güləşdirəsi halda deyildim, telefonu onun üzünə dəmir qapı kimi qapatdım. Ertəsi gün işdən qayıdanda Həmid məni pilləkəndə xırxaladı:

- O nə sözdü deyirsən, mənim sənin türkünlə nə işim var?

- Ay alçaq, guya bilmirsən, - dedim. - uşaq telefonla danışanda eşitdin, tez qaçıb satdın yazığı. Barı əynini geyinməyə də qoymadılar, çəkələkdə apardılar yetimi.

- Mama qəbri mənim bu işdən xəbərim yoxdu.

- Yalansa mamanın yanına uzanasan, bəs bu telefon sənin maşınında nə gəzirdi, yol azmışdı?

Həmid telefona diqqətlə baxıb əl atdı əlimdən qapa, vermədim.

- İlk dəfə görürəm bunu, mənim heç nədən xəbərim yoxdu.

- Neylək, yoxdu olmasın. Mən bu telefonu götürüb gedərəm polisə, ondan sonrasına baxarıq.

Bayaqdan tülkü dərisi geymiş adam şirə döndü:

- Həə, oynaşın gedib deyə darıxırsan? Yaxşı eləmişəm, mənim qızımı, arvadımı hamının gözündən saldı, ikisinə də şər yaxdı. Qızımın elçi getdiyin o qızdan nə fərqi var? Hamısına o yetimçə bais oldu.

- Sənə kim demişdi ki, qızını mənim oğlum alacaq?

- Cavidi o, yoldan çıxartdı.

- Kül sənin də, qızının da başına! Ay peysər, get gör arvadın neyləyir, qızın, bacıların hardadı?

Qapımın ağzındaca deyişməyə başladıq. Açarı salıb qapını açsaydım özünü evə təpəcəkdi.

- Abrıma qısılıb polisə getmirdim, amma indi gedəcəm. Məsələni araşdırmağa bu telefon yetər.

- Oğlun da özünə oxşayıb ee. Mən eşşək kimi sizə yük daşıyıram, o da mənim maşınımı eşələyir.

- Səndən kim xahiş elədi bizə eşşək olasan?

- Telefonu ver mənə, daha sənlə işim olmayacaq.

- Sən bu havanı çox oxumusan.

Əl atıb biləyimdən tutdu, qolumu burub telefonu almaq istəyəndə başladıq süpürləşməyə. Biləyim burxulanda sümüyümdən qəribə bir şaqqıltı qopdu; elə bildim əlim biləkdən üzüldü, sümüklərimi çilik-çilik qırıb dərimə doldurdular. Ağrısam da səsimi çıxarmırdım, hər latayırı alçaqdan onun üzünə üfürürdüm.

Axırda gücüm çatmadı, telefonu əlimdən alıb pilləkən aşağı götürüldü. Alt mərtəbənin əydirməsini enəndə Niyaz Doneşi xırxaladı:

- Aha, sən yenə burdasan?

Niyazı görcək pillələri cüt-cüt düşüb Taylanın telefonunu Həmidin əlindən aldım.

- Sənə deməmişdim bir də buralara ayağın dəyməsin?!

Doneş cələyə keçmiş ov kimi titrəyirdi. Qohumum üzünü mənə tutub soruşdu:

- Nolub, nə məsələdi? Mən bayaqdan bunun dediklərinin hamısını eşidirdim. Neyləyib sənə, düzünü de.

- Türkümü polisə çuğullayıb, uşağı mən işdə olanda küçədən tutub aparıblar.

Niyaz Doneşin yağı daman sifətinə yağlı bir şapalaq çəkdi:

- Sənin kişi boyunu yerə soxum, nə istəyirsən, əə, bu camaatdan, - dediyini gördüm.

Həmid bir balaca əl-qol atmaq istəyəndə Niyaz sürüyüb onu pilləkəndən düşürdü, blokun qarşısında şillə-yumruğun qabağına qatıb yerlə bir elədi. Doneşin üfürə-üfürə geyindiyi paltarlar özü qarışıq küçənin tozuna-qumuna bələndi.

Bu dəm hardansa gələn Gülü xala zənbilini tullayıb özünü zərərçəkmişin üstünə yıxdı, əlini Niyazın sinəsinə verib yalvardı:

- Atam-anam sənə qurban, o yetimi (məni deyirdi) qana salma, bunu da mənim ağ saçlarıma bağışla. Bu, quru kəllədi, qan çanağıdı, burax getsin.

Niyaz bir-iki təpik də Doneşin yıxılısına vurub dedi:

- Səni qurban olasan bu ağbirçəyə, dur rədd ol burdan!

Həmid qalxıb özündən xeyli aralı düşmüş bir tay ayaqqabısını geydi, şalvarını çırpa-çırpa maşına tərəf gedəndə Gülü xala ona səsləndi:

- Bala, sənin qırx dəyirmanda bir ovuc dənin yoxdusa, nə sinəni irəli verib xoruzlanırdın? Di get dincəl!

***

Biləyimin zoqqultusu təpəmə vururdu. Qolumu sallaq görən Gülü xala ağrımı gözümdən oxuyub ehmalca biləyimdən tutdu:

- Qorxma, bekara əzilib, gedək buz qoyum keçəcək.

Niyazın təlaşını sezəndə onu da sakitləşdirib:

- Qorxulu bir şey yoxdu, - dedi, - qızım rentgenoloqdu, lazım olsa apararam yanına.

Arvad bizlə yuxarı qalxıb qapını açdı, axırıncı qutuları götürməkdə Niyaza kömək elədi. Qohumum qapıdan çıxan kimi məni divana basıb qolumu qucağına aldı:

- Bala, vallah sənin qolun yaxşı deyil.

Biləyim hər dəm bir rəngə düşürdü – dərim gah qızarır, gah bozarır, gah göyərirdi. Sümüyüm sızıldayırdı.

- Ay Gülü xala, bəlkə Könülə zəng vuraq gedim onun yanına?

- Bir az döz görək, əlli ilin tibb işçisinə qızı dəyirman yolu göstərəcək? Səni qızımın yanına aparsam, biti birənin götünə yazan gəlinlərimin dilinə düşəcəksən. Gözlə gəlirəm.

Qolumu qucağıma alıb gözlədim. Şəhərin sayrışan işıqları gözlərimin yaşında bərq vururdu. Nənəm demiş, yeyilənim yeyildi, dağılanım dağıldı, qonağım da gileyli getdi.

Gülü xala özünün təbabət kitablarından biri qoltuğunda geri qayıtdı. Üzü bozarmış kitabın titul vərəqinə baxdım – 1956-nın nəşriydi. Qonşum kitaba baxa-baxa yumurtayla həlməşik düzəltdi. Zoqquldayan biləyimin ağrısı, ağa yaxılan həlməşiyin sarısı başımda uzaq bir axşamın mürgüləyən havasını tərpətdi – körpəcə balamın qırılan qolunun sızıltısı, bir kəndi başına yığan bağırtısı şəhərin dolanbac küçələri boyu axıb gəlib canıma, qulaqlarıma doldu. Bir az təskinlik tapdım, elə bildim ağrım öz ağrım deyil, o vaxt qadasını, acısını almaqdan ötrü Allaha yalvardığım balamın o gündən bəri ürəyimə yol gələn qada-bəlası, ağrı-acısıdı.

- Qolunu düz qoy, bax bu qayım ağla yumurtanın sarısı sənin əziyini, çatını iki günə sağaldacaq.

Qolumu sarıyandan sonra Gülü xala bir ağrıkəsən iynə də vurub məni yatağıma saldı. Səhəri gün tanıdığı bir sınıqçı kişini bizə gətirib biləyimi ona göstərdi, elədiklərinin düzgünlüyünə əmin-arxayın olandan sonra toxtadı:

- Gördün, mən deyən oldu – sümüyün bekara çatlayıb. Qollu don geyin, sözünü dilə salma, görək başımıza nə gəlir...

# 8291 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #