Kitablarına and içən, qurultayda bircə səs qazanan, AYB-nin qarşısında dünyasını dəyişən məşhur şairimiz – Akif Səməd haqqında maraqlı faktlar 

Akif Səməd, şair

Akif Səməd, şair

22 iyul 2022
# 12:00

Bu gün tanınmış şair Akif Səmədin doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Akif Səməd (Məmmədov Akif Səməd oğlu) 1959-cu il iyulun 22-də Qazax rayonunun Astanbəyli kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Müxtəlif qəzetlərdə, Azərbaycan Dövlət Teleradio Şirkətində çalışıb. Gənc yaşlarından bədii yaradıcılıqla məşğul olub. “Qiblə yelləri”, “Uzaqlardan gəlirik”, “Adəmdən”, “Özümə yol” kitabları nəşr olunub.

***

İki dəfə infarkt keçirmişdi. Əməliyyatına üç min dollar lazım olub. Pul tapa bilməyib. Həkim bu rəqəmi ilk dəfə deyəndə gülüb: "Üç minim olsa ürəyim niyə ağrıyırdı ki?!"

Gallery

2004-cü ilin mayında Musiqili Komediya Teatrında Yazıçılar Birliyinin qurultayı keçirilir. Qurultayda sədr seçilməsi məqamında heç kimin gözləmədiyi bir hadisə baş verdi. Arxa cərgələrdən birində əyləşmiş Akif Səməd ayağa qalxıb öz namizədliyini irəli sürür. Hamı arxaya çevrilib qırmızı köynək, qara, miləmil kostyum geymiş adama baxır. Rəyasət Heyətində əyləşənlər də bir anlıq çaşqın vəziyyətə düşürlər. Həmin gün Akif Səmədə bir nəfər səs verir...

***

Akif Səmədə yaxın bir həkim araq içməyi qəti qadağan edir. Akif müəllim israrla yüz qram içməyə icazə ala bilir. Bir gün yüz qramdan artıq içdiyini görən dostlarından biri soruşur:
- Bəs həkim yüz qaramdan artığını qadağan eləmişdi?
Akif Səməd cavab verir:
- Üç həkim dostum var. Hərəsindən yüz qramın icazəsini almışam...

***

Dostlarının dediyinə görə, Akif Səməd həmişə and içəndə "O üç kitab haqqı" deyirmiş. Hamı da elə bilirmiş, müqəddəs kitabları nəzərdə tutur. Bir gün söhbət həmin kitablardan düşəndə şair deyir ki, öz yazdığım kitablara and içirəm, mənim də haqqım onlara çatır.

Gallery

Akif Səməd Türkiyə-Braziliya oyununa baxırmış. Hasan Şaşın performansını görüb heyrətlə deyir:
- Çox qəşəng qaçır. Araq dalınca göndərmək olar.

***

“Azadlıq” meydanına yaxın, “Köhnə Dəyirman”ın yanındakı “Nərgiz” kafesində yeyib-içən Akif Səməd Meydan hərəkatından danışan məclis əhlinə deyir:
- Mən də o vaxt milli hərəkata qoşulmuşdum. Amma hər dəfə buracan gəlirdim.

***

Başqa bir məclisdə daha bir sual verirlər:
- Akif müəllim, sizdən nə qalacaq?
- Ağamalı Sadiq imkan versə, iki-üç gəraylı...

***

Akif Səmədin dahiyanə deyimlərindən biri: “Bilirsiniz, biz vətəni niyə yarımçıq sevirik? Çünki vətən özü də yarımçıqdır: 20 faizi işğaldadır.”

Türkiyədə ciddi tədbirlərin birində türk qardaşlarımız Akif Səməddən soruşurlar:
- Şair, erməni nədir ki, onun qabağından qaçdınız?
Akif Səməd qeyri-adi cavab verir:
- Erməni nədir? Biz rus imperiyasından 80 faiz torpağımızı azad eləmişik, 20 faiz qalıb. Bizə kömək eləməkdən iynəli suallar verirsiz.

Gallery

Rəhmətə gedəndə oğlu Ulucay Akifin 9 yaşı olub. Onun sözlərinə görə şair ömrünün son illərində şahmat oynamağı öyrənib, hətta oğlu ilə oynayan zaman tez-tez ona uduzurmuş.

***

Oğlunun sözlərinə görə, atasının ölümündən sonra ata qohumları və ən yaxın dostlarının çoxu onlarla əlaqələrini kəsirlər.

***

Akif Səmədin iki oğlu, iki qızı olub. Övladlarından heç birinin toyunu görməyib. Oğlu müsahibələrinin birində deyir:
İlk vaxtlar lap ağır idi. Bir də görürdük, gecələr anam ağlayır. Biz də qoşulurduq ona. Zaman keçdikcə öyrəşir adam. Amma indinin özündə də birdən çətinliyə düşəndə atamın qarasına deyinir. Deyir, məni tək qoydu. Onun ölümündən sonra məndə şeirə maraq yarandı. Birinci şeirimi qaraladığım gecə atam yuxuma girdi və mənə belə dedi: "Mən yoxam deyə ağlama, mən artıq səndəyəm. Məni həmişə ruhunda, qəlbində hiss et". O yuxunun təsiri hələ də keçməyibdi.

***

O yaşından olduqca qoca görünürdü. İri, qalın bığları və başına qoyduğu buxara papaq bu görüntünü daha da artırırdı. 40 yaşı olanda dostları zarafatla mindikləri taksi sürücüsündən qarşıda əyləşən Akif Səmədə neçə yaş verdiyini soruşurlar. Taksi sürücüsünün cavabı qəribə olur:
- 73.
Sonralar bu əhvalatı xatırlayan Akif Səməd hirslənir:
- Kopəyoğlu elə də 73 deyir, elə bil, çox dəqiq bilir. Heç olmasa 70 deyə, 75 deyə, yuvarlaqlaşdıra, adam yanmaz.

Gallery

Günlərin birində rayona səfər edir. Dostlar, qohumlar, Akifsevərlər onu ziyarətə gəlirlər. Xəstəhal olduğu üçün müvəqqəti içmədiyini bilən dostlar, onu mümkün qədər məclislərindən uzaq saxlayırlar. Bir gün əmisi İmir, Akifgilə ismarıc göndərir ki, şeytanın ayağını sındırıb onlara da qonaq gəlsin. Akif də axşamtərəfi əmisigilə təşrif buyurur. Həyət-bacaya göz gəzdirən şair, "Maşallah, İmir əmi, həyət-bacan toyuq-cücəylə doluymuş" - deyib dodaqaltı pıçıldayır. Qardaşoğlunu mehribanlıqla qarşılayan İmir əmi xoş-beşdən, kef-əhvaldan sonra qonağı içəri dəvət edir. Qonum-qonşuya hay düşür ki, Akif Səməd gəlib. Qonşudan da bir-iki nəfər gəlir. Məclis düzəlir, fətir, pendir, göy-göyərti gəlir, çil xoruzun bişməsini gözləyirlər. Az keçməmiş, üstü qurutdu xəngəl siniləri buğlana-buğlana süfrəyə gəlir.

Bu məsələdən heç üç gün keçməmiş İmir əmiyə xəbər çatır ki, evin yıxılmasın, Akif sənin çil xoruzuna bir müxəmməs bağlayıb, aşıq Dilman da dastan edib bütün məclislərdə oxuyur.

"Pahoo, yəqin məni biabır edib" - deyə düşünən İmir kişi ondan- bundan eşidir ki, xəsis İmir əmi kimi dillərdə dastan olub. Çox götür-qoydan sonra fikirləşir ki, Akiflə Dilmanı bir də evinə qonaq çağırsın. Çil xoruzu kəsib dil-ağız etsin ki, indi də səxavətini qələmə alsın. Elə də edir. Kəndə gəlmiş şairlə aşığı evinə dəvət edir. Gözlərinin qabağında çil xoruzu kəsir.

***

Akif Səməd dövrünün ən yaxşı gəraylı ustalarından biri kimi tanınıb. Onun aşağıdakı gəraylısı çağdaş klassika hesab olunur.

A bəxtəvər, elə bilmə
Yadam mən Akif Səmədə.
Dərd ha deyil, düşmür çiçək
Badamdan Akif Səmədə.

Anam məni daş doğmadı,
Gözlərində yaş doğmadı.
Ağac yaxın, daş doğmadı
Adamdan Akif Səmədə.

Çox da yollar buz-qarıymış,
Fələklər bizə yarıymış.
Bircə qarış yol varıymış,
Adəmdən Akif Səmədə.

Gallery

Şairin ölümü gözlənilməz olub. O, 2004-cü il iyulun 6-da Azərbaycan Yazıçılar Birliyinin qarşısında 44 yaşında qəfil növbəti infarktı keçirir və elə ordaca dünyasını dəyişir. Qazaxda doğma kəndində torpağa tapşırılır.

***

Yazıçı Kənan Hacı həmin günü belə xatırlayır:

“Akif Səmədin ölümü mənim gözümün qabağında olmuşdu. Bir neçə dəqiqə əvvəl Yazıçılar Birliyinin Natəvan klubunda şair Rəfail İncəyurdun kitabının təqdimatında çıxış edirdi. Səhv etmirəmsə, tədbirin aparıcısıydı. Ondan əvvəl pilləkənlərdə rastlaşdıq, hal-əhval tutduq. Dedi, qalxım redaksiyaya, uşaqlara təzə kitabımı gətirmişəm. Birlikdə “Ulduz” jurnalının redaksiyasına qalxdıq, Qulu Ağsəsə və mənə kitablarını bağışladı, avtoqraf da yazdı. Sonra başımız söhbətə qarışdı, Akif Səməd səssizcə çəkilib getdi. Uşaqlarla sağollaşıb aşağı düşəndə Natəvan klubunun qapısından içəri boylandım. Akif Səməd səhnədə ayaq üstə dayanmışdı, danışırdı. Samir Sədaqətoğlu ilə aşağı düşdük. Bir az parkda gəzişdik. Və... Bilmirəm nə qədər müddət keçdi. Yazıçılar Birliyinin qarşısına xeyli adamın yığıldığını gördük və tez yaxınlaşdıq ki, görək nə baş verir.

Ölüm Akif Səmədə yolu keçməyə imkan verməmişdi... Yerdə uzanmışdı və xırıldayırdı. Bir az əvvəl Qulu Ağsəsin ona verdiyi “Ulduz” jurnalının son sayını kimsə başının altına qoymuşdu. O jurnalı oxuya bilmədi... Akif Səməd beləcə bir göz qırpımında canını tapşırdı. Az sonra Nizami Cəfərov da gəlib çıxdı. Əlisəmid Kür və bir neçə nəfərlə birlikdə Akif Səmədi maşına qoyduq. Yadımdadır, İlham Qəhrəman bir küncə çəkilib hönkürürdü...

# 34250 dəfə oxunub

Oxşar xəbərlər

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
# # #