Kitablar və milyonçular

Vüsal Bağırlı

Vüsal Bağırlı

6 mart 2023
# 10:10

Kulis.az Vüsal Bağırlının “Kitablar və milyonçular” adlı yazısını təqdim edir.

Bəzən kimsə soruşur:

– Boş vaxtını necə keçirirsən?

Cavabım cəld və lakonik olur:

– Kitab oxuyuram.

O, isə deyir: “düzdür, kitab oxumaq, mütaliə yaxşı şeydir, amma indiki internet, sosial şəbəkə mühitində, müxtəlif virtual oyunlarla müqayisədə darıxdırıcı məşğuliyyətdir. Kitabı açıb bir-iki səhifə çevirirəm, bezirəm. Bir neçə abzasdan sonra isə əsnəməyə başlayıram. Yuxu məni basır. Atıram bir kənara”.

Fəqət mütaliə tək məşğuliyyət, hobbi deyil. Heç yuxugətirici, əsəb sakitləşdirici vasitə də deyil. Mütaliə insana geniş dünyagörüşü üçün lazımdır. Mütaliə oxucunu bir düşüncə insanına çevirir, ona bəlli bir intellekt yükü verir. Mütaliə insanı inkişaf etdirir.

Bir şeyi oxuyarkən məlumatlı oluruq. Mütaliə insanı həssas edir, o başqaları ilə empatiya qurmağı bacarır.
Və nəhayət mütaliə həm də insana düzgün olmağı, doğruçuluğu, dürüstlüyü aşılayır. Bax, biz kitabı buna görə oxumalıyıq.

*
Tarixin kəllə-mayallaq, tərsinə gərdişi ilə qəflətən milyonçu olan insanlar öz nimdaş paltarlarını, vaxtı ilə fəhlə, nökər, muzdur olarkən istifadə etdikləri köhnə alətləri, balta, oraq və yabaları gözləri önündən asırmışlar. Bu onlar üçün bir xatırlatma imiş. Harınlamamaq, insan olduqlarını unutmamaq üçün.

Deyilənə görə, imperator Qay Yuli Sezar qalibiyyət yürüşlərindən sonra, Romada izdiham önündə zəfər gəzintilərinə çıxarkən, başı üzərində qara qul otuzdururmuş. Qul daim Sezarın qulağına onun Tanrıya çevrilmədiyini, ölümlü insan olduğunu pıçıldayır, imperatora həyatda hər şeyin nisbi olduğunu xatırladırmış.

İnsan unutqan məxluqdur, xatırlatma isə vacib şərt. Bax, yuxarıdakı əhvalatları misal gətirərək oxuculara şkafları, dolabları, evin bütün künc-bucaqlarını mümkün olduğu qədər, ədəbi xəzinələr olan kitablarla, müxtəlif əsərlərlə, bədii muntəxabat nümunələri doldurmağı tövsiyə edirəm.

Burada təbii sual yaranır. Yuli Sezarla bağlı əhvalatın şkaflara, dolablara, kitaba, ədəbiyyata nə dəxli? İndi izah edim. Çünki kitab şkaflarında, rəflərdə, dolablarda üst-üstə düzdüyümüz, yan-yana sıraladığımız, lakin qatı açılmamış cildlər, oxuyub bitirmədiyimiz kitab qalaqları, daim gözlərimiz önündə olan müxtəlif əsərlər bizim nə qədər cahil və məlumatsız olduğumuzu, nə qədər oxusaq belə hələ çox az şey bildiyimizi bizə xatırladır, dünyagörüşün məhdudluğunu yadımıza salır.

Belə xatırlatmalar, bizim inkişaf etməyimizə stimul yaradır.

Heç vaxt alığınız kitabların çoxluğuna görə narahat olmayın və kitaba verdiyiniz pula, paraya, xərcə görə qətiyyən təəssüflənməyin.

Onsuz da zaman keçdikcə, vaxt ötdükcə bəzi kitabları oxuyub-bitirir, onları yeniləyir, oxuduqca daha çox məlumat, informasiya alır, mütaliə etdikcə biliyimizi bir az da artırır, əqlimizi, təfəkkürümüzü inkişaf etdiririk. "Bir qalanın sirri” filmində deyildiyi kimi, oxuduqca otların, heyvanların, daşların da dilini başa düşürük. Bir dəfə Albert Eynşteyndən soruşurlar: övladlarımızın ağıllı olması üçün nə etməliyik? Cavab sadə və müdrik idi: "Əgər uşaqlarınızın ağıllı olmağını istəyirsinizsə, onlara həmişə nağıl oxuyun. Əgər onların daha da ağıllı olmasını istəyirsinizsə, onlara daha çox nağıl oxuyun”.

Dahi alim mütaliənin, fantaziyanın qiymətini, onların uşaq təfəkküründə yaratdığı təsəvvür və qavrama gücünü yaxşı anlayırdı.

Bəs kitab oxumaq bizə daha nə verir?

Əvvəla, özümüzü, düşüncə potensialımızı inkişaf etdiririk.
Söz ehtiyatı, savad, beyin aktivliyi, danışıq imkanı və nitq bacarığı artır.
Yaddaş problemi aradan qalxır və özünə inam güclənir.
Yaradıcılıq potensialı əlavə impuls və təkan alır.

Konsentrasiya və diqqət birə on yaxşılaşır.

*
"Klassik ədəbiyyatı gözdən keçirər-keçirməz bir yenilənmə, yüngüllük hiss edirəm. Sanki, daxilən təmizlənir və möhkəmlənirəm”.

Bu sözlər Artur Şopenhauerə aiddir.

Didro isə deyirdi: "Oxumağı dayandırmaq, düşünmə qabiliyyətini yadırğadır”. Amma, burada qəflətən qarşımıza bir maneə çıxır. Belə ki, yeni texnologiyalar həyatımıza kobud şəkildə müdaxilə edir. Kibernetik informasiya vasitələri artıq müasir cəmiyyətin əsas və vahid ünsiyyət vasitəsinə çevrilir. Virtual oyunlar mütaliəni, sosial şəbəkələr kitabları sıxışdırır, mütaliə həvəsini bir killer qəddarlığı ilə öldürür.

Kitabxanalar rəqabətdə oyun zallarına, internet klublara, “facebook”a, “instagramm”a göz-görəti məğlub olurlar. Texnoloji yeniliklər kitaba, ədəbiyyata olan marağı büsbütün məhv edir. İnsanların beyninin yuyur, onları zombiləşdirir.
Beləcə kitabxanalar oxucusuz, kitab dükanları alıcısız qalır.

Ümumiyyətlə, bədii ədəbiyyat oxumaq, zövq naminə oxumaq müasir insanın ən vacib həyat tələbatına, vaz keçilməz vərdişinə, hava, su qədər daxili tələbatına çevrilməlidir. Əsas məqsəd budur.

Ədəbiyyat bizə başqa aləmləri, başqa dünyaları göstərir, sizi yad ölkələr, fərqli-adət ənənələr, müxtəlif insan xarakterləri ilə tanış edir. Ədəbiyyat insanı dəyişdirir, inkişaf etdirir, yaxşı mənada başqalaşdırır.

Ədəbiyyat həm də nə vaxtsa ömür sürmüş, yaşayıb-yaratmış, indi isə ölüb getmiş insanlarla ünsiyyət imkanıdır.
Bədii ədəbiyyat narkotik vasitə kimidir. O insanda aludəçilik hissi yaradır. Amma bu asılılıqdan qorxmayın.
Oxuduqca, "görəsən sonra nə baş verəcək!?” fikriylə səhifələri çevirirsiniz, dayana bilmir, oxuyur, yenə oxuyursunuz. Beləcə siz fasiləsiz olaraq yeni sözlərlə rastlaşır, yeni fikirlərlə tanış olursunuz. Tədricən, həqiqi mütaliə zövqünü tapmağa, yaşamağa, hiss etməyə başlayırsınız.

Mütaliə açardır. Kitab işıqdır. Bədii ədəbiyyat qapıları açır və siz qaranlıq otaqdan çıxaraq günəşin gözqamaşdıran şəfəqini seyr edirsiniz.

# 3541 dəfə oxunub

Oxşar xəbərlər

Antik Roma eksponatı üzərindəki araşdırmalar nəyi üzə çıxardı?

Antik Roma eksponatı üzərindəki araşdırmalar nəyi üzə çıxardı?

17:37 27 aprel 2026
Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

17:00 27 aprel 2026
“Nəriman Nərimanov və Türk dünyası”  adlı tədbir təşkil olundu

“Nəriman Nərimanov və Türk dünyası” adlı tədbir təşkil olundu

15:37 27 aprel 2026
"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

15:00 27 aprel 2026
“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

14:30 27 aprel 2026
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

14:25 27 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər