"Kəbirlinski istedadsız idi..." - Tərlanə Yaqubqızı

"Kəbirlinski istedadsız idi..." - Tərlanə Yaqubqızı
29 fevral 2024
# 13:30

Kulis.az Tərlanə Yaqubqızının "Mənim sevdiyim Kəbirlinski" yazısını təqdim edir.

Bu yaxınlarda eşitdim ki, Kəbirlinski vəfat edib. Onun ölüm xəbərinə çox üzüldüm. Məkanı cənnət olsun.

İndi bəzi ağzıgöyçəklər mənə irad tutacaqlar. Axı məsəl var: "Sağlığında kor Fatı, öləndə badam gözlü".

Bu başdan sizə ərz edim ki, Feyzulla Kəbirlinski mənim üçün heç vaxt kor Fatı olmayıb. O, mənim Azərbaycan ədəbiyyatında ən çox sevdiyim kişi obrazıdır. Bu kişini sevməmək olmaz. Ailəsini dolandırmaq üçün özünü oda-közə vuran, teatrdan çıxıb dublyaja, oradan televiziyaya qaçan, özgə uşağına atalıq edən adamı sevməmək olarmı? Onu yalnız haram yolla pul qazanan fırıldaqçılar, rüşvətxorlar, gününü veyil-veyil restoranlarda, kafelərdə keçirən, ailəsindən xəbərsiz kişiciyəzlər sevməz.

Kəbirlinskinin başqa gözəl xüsusiyyətləri də var. Tolerant, tənqidə açıq bir adamdır. Ətrafındakı modernist düşüncəli, özünü bəyənən, özünü hamıdan ağıllı, savadlı, istedadlı sayan cavanlar onu ələ salır. Bu altmış yaşlı ağsaqqal isə ruhdan düşmür. Hətta boş vaxt tapanda sevdiyi işlə məşğul olur. Başına özü kimi sənətsevərləri toplayıb həsrətində olduğu baş rolları oynayaraq "gözünün qurdunu öldürür".

Qoy Kəbirlinskinin ruhu məni bağışlasın. Bir dəfə özlüyündə mənə dərs keçmək istəyən birisinə qəflətən demişdim: Mən sənin üçün Kəbirlinski deyiləm!

Adam gözünü döyüb mənə necə baxdısa, dəvənin nalbəndə baxmağı bu olsa gərək. Demə, yazıq heç Kəbirlinskini tanımırmış. Ona Kəbirlinski haqqında qısa məlumat verdim. Heç olmasa, "Dantenin yubileyi" filminə baxmasını tövsiyə etdim. Çünki görürəm ki, heç kəs heç kəsin kitabını oxumaq istəmir.

Elə bilməyin ki, onun Kəbirlinskini tanımaması məni təəccübləndirdi. "Şikayətnamə"nin müəllifinin Bəxtiyar Vahabzadə olduğunu deyən, povestlə poemanın fərqini bilməyən, Yesenini qadın zənn edən, Səməd Mənsurun yubiley tədbirində qonaqlar arasında onu axtaran ziyalı yox, ziyanlı adamlarla bir zəmanədə yaşayırıq.

Deyirəm, Kəbirlinski yaxşı ki, Ərəblinski, Sarabski kimi müqtədir sənətkarlardan olmayıb və onlarla bir dövrdə yaşamayıb. Yoxsa çoxdan repressiya qurbanı olmuşdu.

Kəbirlinski istedadsız idi, amma Nizaminin kərpickəsən kişisi kimi heç kəsə əl açmadan öz ruzisini özü qazanırdı.

Kəbirlinski saf adam idi, ona görə adamlara inanırdı. İndi bu saflıq çox az adamda qalıb.

Kəbirlinski keçən ilin yayında xəstəxanada vəfat edibmiş.

Mən o obrazı böyük yazıçımız Anarın təbirincə desəm, canlı insan kimi çox sevirdim.

Allah Kəbirlinskiyə rəhmət eləsin!

# 3512 dəfə oxunub

Oxşar xəbərlər

Hava limanına məşhur müğənninin adı veriləcək

Hava limanına məşhur müğənninin adı veriləcək

14:30 14 sentyabr 2026
Fransada Azərbaycan musiqisi və xalça sənəti nümayiş etdirildi

Fransada Azərbaycan musiqisi və xalça sənəti nümayiş etdirildi

14:00 14 sentyabr 2026
Tramp Vaşinqtonun heykəlinin ucaldılmasını tələb etdi

Tramp Vaşinqtonun heykəlinin ucaldılmasını tələb etdi

12:20 14 sentyabr 2026
Mirzə İbrahimovun nikahdankənar qızı - Uzun illər taleyi gizli qalan Zamira İbrahimova kimdir?

Mirzə İbrahimovun nikahdankənar qızı - Uzun illər taleyi gizli qalan Zamira İbrahimova kimdir?

12:00 14 sentyabr 2026
Azərbaycan ədəbiyyatına aid əlyazmalar aşkarlandı

Azərbaycan ədəbiyyatına aid əlyazmalar aşkarlandı

11:40 14 sentyabr 2026
Ağır xəstəliklə mübarizə aparan Selin Dion səhnədə göz yaşlarına boğuldu

Ağır xəstəliklə mübarizə aparan Selin Dion səhnədə göz yaşlarına boğuldu

10:40 14 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər