Kamran Həsənli: ""Tanrı" sözünü efirdə ilk dəfə mən işlətmişəm" - Müsahibə

Kamran Həsənli:  ""Tanrı" sözünü efirdə ilk dəfə mən işlətmişəm" - Müsahibə
29 may 2024
# 09:00

Kulis.az Ülvi Bahadırın aparıcı Kamran Həsənli ilə müsahibəsini təqdim edir.

- Bu yaxınlarda bəzi verilişlərin müddəti qısaldıldı. Sizcə, bunun hansısa faydası olacaqmı?

- Mən təkcə verilişləri yox, televiziyanın konseptini tənqid eləyirəm. Belə televiziya ola bilməz. Belə televiziya bir millətin, bir toplumun üz qarasıdır. Qərar verildi, sonra bu verilişlərin aparıcıları çağırıldı. Ancaq bir sual yaranır. Qərar verən kimlərdir? Mən dediyim bu idi ki, bu işlə televiziyaçılar məşğul olmalıdırlar. Qərar verən televiziyaçıdır? Onun televiziyadan anlayışı varmı? İndiyə kimi bilinmir ki, o qərarı kimlər verib, verilişlərin vaxtını kimlər azaldıb. O verilişlər formatı bütün dünyada 2 saat yarım, 3 saatdır. Bütün dünyada özünə hörmət eləyən heç bir kanalda elə verilişlər yayımlanmır. Məsələn, Türkiyədə 400-ə yaxın kanal var. Orada bu tip verilişlər evdar qadınlar üçün nəzərdə tutulmuş kanallarda yayımlanır. Çox gülünc qərardır. Mahiyyəti saxlayırlar, verilişin vaxtını qısaldırlar. 3 saatlıq işi 1 saata eləyəcəklər. Qabaq maqnitofonlarda var idi, düyməni basırdın, məzmun tezləşirdi. Elə bir şey olacaq.

- Mənası, məzmunu yoxdursa, niyə belə bir qərar veriblər?

- Televiziyadan anlayışı olmayan adamlardır. Tapşırıblar ki, nəsə eləmək lazımdır. Onlar da toplaşıb belə bir qərar veriblər. Qərar vermək üçün gərək televiziya anlayışın olsun. Bir də əsası, bu sahədə uğur qazanasan. Sən bilməlisən ki, hansı məqamlarla, detallarla insanların düşüncələrini yönəldə bilərsən. Bunun üçün də təcrübən və uğurun olmalıdır. Bu qərar əvvəlki vəziyyətdən daha gülməli vəziyyət yaradacaq. O proqramları tezləşdirərək cizgi filminə oxşadacaqlar.

Kamran Həsənli: “Döyülüb evə getməyimi anam mənə bağışlamazdı” – Yeni Çağ  Media

- İTV-də efiri tərk eləməyiniz xeyli müzakirə olundu.

- Əvvəla, mən o verilişi tərk eləməmişəm. Demişdim ki, millət vəkili Ceyhun Məmmədovla canlı efirim var. Yeri gəlmişkən, Ceyhun müəllim də həmin efirdə kanallarımızı çox kəskin tənqid elədi. Məndən də artıq. Sadəcə, ordakı çıxış daha təsirli oldu. Ordakı çıxış hamıya bir daha göstərdi ki, reytinq nədir, necə olur. Bu onlar üçün bir masterklas idi. Cəmi 10 dəqiqə çıxış elədim, ancaq o 10 dəqiqəlik çıxışın milyonlarla baxışı oldu. Elə orda da dedim ki, görərsiniz, sabah bütün ölkə bu verilişdən danışacaq. Çünki bu verilişdə mən varam. Bura mənim meydanımdır. Canlı efiri ilk dəfə ölkədə mən açmışam. “Sizin saat”la. O elə bir proqram idi ki, hamı axşam yığışırdı televizorun qarşısına. Nənə-babalarımızın ərə getməsini istəyənlər, milləti zəhərləyənlər isə yenə də yalan və iftira ilə məşğuldurlar. Çıxanda dedim ki, dalımca danışmayın haa. Ancaq yenə də danışdılar. Amma mən çıxandan sonra verilişin reytinqi 18-dən 2-yə düşmüşdü. Çünki bilmirlər ki, televizyada reytinqi necə qazanmaq lazımdır.

- Siz danışanda daha çox “Sizin saat”dan, “Musiqili meydan”dan danışırsınız. Ancaq siz həm də "Toylar kralı”nın aparıcısı olmusunuz.

- Bu dəqiqə yenə hansısa kanalda “Toylar kralı” yayımlanır. Məndən zəng eləyib icazə aldılar. Televiziyada bir proqramın uğurlu olmasının bir neçə parametri var. Məsələn, “Toylar kralı” kommersiya proyekti idi. Kommersiya tərəfindən, əgər bir layihə qazanc gətirirsə, deməli, uğurludur. Təkcə finalda 1 milyon 300 min SMS gəlib. Azərbaycan televizya tarixində belə bir şey olmayıb. Heç Türkiyə və Rusiyada belə bir nümunə yoxdur. Orda ölkənin say-seçmə sənətçiləri üzbəüz yarışıblar. “Şeron” qrupu, Qismət, Elton...

Ancaq nənələrin ərə getməsinin tərəfdarları onlara yox, başqa janrda oxuyanlara səs veriblər. Mən o verilişə qədər 7 il idi ki, musiqili veriliş aparmırdım. Əvvəllər Eyyubu, Abbası, Zülfiyyəni təbliğ eləyirdim. Xalqın zövqünü cilalayırdıq. “Toylar kralı”nda isə açıq səsvermə idi.

1,3 milyon SMS, 1,3 milyon dollar deməkdir. Qismət axırda saat yarım "Şur dəstgahı" oxudu. Hər kəs onu ayaq üstə alqışlayırdı. Əgər üstündən illər keçməsinə baxmayaraq, hələ də izləyicilərin, Kamranı sevməyənlərin yadında qalıbsa, deməli, uğurludur. Söz tapmırlar danışmağa. Bax, yenə də həmin adda veriliş açılıb. Milyon demirəm, görən, 100 min SMS gələcəkmi? SMS o deməkdir ki, tamaşaçı sənə inanır və pul göndərir. Nəticədə, 50%- i Azercellə gedirdi, 25 % - i promotor şirkətə gedirdi, o da ANS-in şirkəti idi və bütün işçilər qonorar alırdılar. O verilişdə heç kim ərə getməyib, ətəyini qaldırıb ora-burasını göstərməyib, mayallaq aşmayıb. Bəli, xalqımız Manafa səs verib, o qalib gəlib. Eltona, Qismətə səs verməyib. Məni tənqid eləyən aparıcılardan soruşdum ki, o verilişə baxmısınız? Dedilər ki, bəli. Dedim ki, siz cibinizdən telefonu çıxarıb Qismətə səs verdiniz? Dedi, yox. Dedim, bəs onda nə danışırsan? Bir dəfə də güzgüyə bax, özünü tənqid elə də. Siz SMS göndərsəydiniz, bəlkə də, nəticə başqa cür olardı. Azərbaycanda ən demokratik səsvermə “Toylar kralı”nda olub. Manaf qalib gələndən sonra ANS-in qabağında böyük bir mitinq var idi. Maşınlar düzülmüşdü dalbadal. Elə bil ki, Xankəndini almışdılar. Heç Xankəndi alınanda o qədər maşın düzülməmişdi, o qədər səs-küy də yox idi. Manafın qalib gəldiyi gün el şənliyi idi, qurbanlar kəsilmişdi. Hamı işini-gücünü atıb o verilişə baxırdı. Bəs uğur necə olur? O, kommersiya proqramı idi. “Sizin saat” intellektual veriliş idi. İndiyə qədər də proqramları açıb baxsanız, görəcəksiniz, hamısı “Sizin saat”dı; divan, müğənni, mövzu. Mən bunu 25 il əvvəl eləmişəm. Mən indi TV-də olsam, onlarla yeni layihə edərəm. Bunlar “Sizin saat” formatından çıxa bilmirlər. Ancaq Kamranın dalınca danışırlar.

- Kəramətlə xeyli yaxınsınız. Onun yaradıcılığını necə qiymətləndirirsiniz?

- Mən Kəramətin kitabları ilə tanış tanış deyiləm. Elçibəy haqqında yazdığı kitabı verib. Mütləq oxuyacağam. Ancaq mən Elçibəy haqqında özüm kitab yaza bilərəm, çünki onun müşaviri olmuşam. Kəramət çox maraqlı adamdır. Təbii ki, kitabları da çox populyardı, oxunur. Hazırda ən məşhur yazıçıdır. Ancaq onu hamıya sevdirən feysbuk statusları, orijinal, tənqidi fikirləridir. Bir yazıçının əsas qayəsi cəmiyyətdəki nöqsanları dilə gətirməyi və manerasıdır. Kəramətdə də o manera var.

- Bəzən deyirlər ki, tiktok millətin əxlaqını pozur. Doğrudan, belədir?

- Kiplinq deyir ki, Şərq heç vaxt Qərb olmayacaq, Qərb də heç vaxt Şərq. Çünki ciddi mental-psixoloji fərqlər var. Tiktok Çinin platformasıdır. Çin də Şərqdir. Feysbuk, X, Yutub – bunlar hamısı Qərbin platformalarıdır. Demokratiya qanunun diktaturasıdır. ABŞın platformalarında belə biabırçılıqları eləmək mümkün deyil. Söyüş söysən, bağlayacaqlar. Yutubda, feysbukda söy görüm... Çünki o Amerikadır, Qərbdir.
Biz hələ də Qərbin mahiyyətini anlamamışıq. Kişilərin kişilərlə evləndiyi yer kimi baxırıq ora. O faktlar da elə Şərqin bəlasıdır. Monitorinq eləyin, görün, oralarda söyüş söyənlər ingiliscə bilirlərmi? Deyəcəklər, Səddam Hüseyni sevirik. Amerikanın Tiktoku bağlaması bizim üçün bir mesaj olmalıdır. Tiktokda söyüş söyənlər televiziyada nənələrin ərəgetmə proqramlarına baxanlardır. Onlar şəbihə də gedirlər, ələm uçurdanlara baxırlar.

- Deyirlər ki, türkçülükdən, turançılıqdan danışan Kamran Həsənli verilişlərində tez-tez “azəri” sözünü işlədir.

- Mən heç vaxt “azəri” sözü işlətməmişəm. Bunun əleyhinə olan, təbliğ eləyən adam da mənəm. Mən həmişə “Tanrı türkü qorusun” demişəm. O vaxta qədər televiziyada “tanrı” sözü işlənmirdi. Turan və türkçülüyü təbliğ edirdim. Biz azəri deyilik. "Azəri" adlı millət İranda dağlarda yaşayan farsdilli xalqdı. "Azəri" adlı millət yoxdur. Erməni də bu gün bizə “türk" deyir. Ancaq taxtabaşlar anlamır. Əslini danan namərddir. Elə bil ki, aslana balacalıqdan deyilib ki, sən uzunqulaqsan. Böyüyəndə də başında qalır. Kimsə ona "aslan" deyəndə etiraz eləyir ki, yox, mən uzunqulağam.

- Siz SSRİ vaxtı millətçi təşkilat yaratmışdınız. O vaxt təhlükəsizlik orqanı hər şeyə nəzarət edirdi. Bunu necə etmişdiniz?

- 70-80-ci illərdə qılıncdan keçirən KQB artıq yox idi. Onda mən yeniyetmə idim. Onda mən Bülbül adına məktəbdə oxuyurdum. Tək yaratmamışdım o təşkilatı. Orada millətçi adamlar var idi. Onlarla birgə yaratmışdıq. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması qadağan olunmuşdu. Biz o poemanı əlyazma şəklində divarlara vururduq. Əvvəlcə “Qopuz”, sonra da “Bozqurd” adlı divar qəzetləri buraxmışdıq. O dövrdə milli azadlıq hərəkatı artıq başlamışdı. Həmin dövrdə KQB-nin daxilində turançılar da var idi. 1982-ci ildə Heydər Əliyev Hüseyn Cavidin nəşinin alıqlarını Sibirdən gətirtdi. Bu nümunələr bizi ürəkləndirmişdi.

- 20 Yanvar hadisələrində hara idiniz?

- Mən 20 Yanvar hadisələrinin iştirakçısıyam. Barrikadalarda sona qədər savaşmışıq. Bir neçə gün həbs olunmuşuq. Biz elə bilirdik ki, dəyənəklə gələcəklər, ancaq tankla gəldilər. 20 Yanvar faciə yox, qürur günüdür.

Telekanallar məni yaxın buraxmırlar”— Kamran Həsənli ilə MÜSAHİBƏ

- Turan sizin üçün nə deməkdir?

- Şəffaf sərhədlər və ümumi ordu. 250 milyona yaxın sayımız var. Rusiyanın 40 milyonu elə bizik. Bu birliyin qüdrəti düşmənləri qorxudub dostları sevindirir. Nə vaxtsa bu xəyal idi, indi isə bu barədə hamı danışır.

- Televizyada hazırda nələr dəyişməlidir?

- Televizyadakı konsepsiya yerli-dibli silinməlidir. Ortalığa yeni konsept qoyulmalıdır. Televiziyaçılar televiziyaya qayıtmalıdır...

# 7029 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #