İşığı sevməyənlər… - Onlar ifşa olunur!

İşığı sevməyənlər… - Onlar ifşa olunur!
17 mart 2025
# 16:00

Kulis.az Samir Mirzənin yeni yazısını təqdim edir.

Şəhərdə gəzərkən zövq oxşayan rəngbərəng və sadə işıqlara bir dəfə fərqli baxdım: İşıqlı insanlar da belədir – gözəldirlər. Ruhən. Onların ruh halı, çölə də vurur, cisimlərində əks olunur.

Üstündən bir müddət keçdi, evində bütün işıq lampalarını dəyişən dostum dedi ki, mənzili qəşəng işıqlı olub, amma nə qüsur var, hamısı üzə çıxıb. İşığın belə xüsusiyyəti də varmış – nöqsanları göstərmək…


Şəhərdə rəngbərəng, gözoxşayan işıqların mənzərəsi bayram ab-havasından xəbər verir. İnsanlar da belədir, işıqlı insanlar. Onlar cəmiyyətə nur saçırlar, qaranlığı aradan qaldırır, bahar gətirirlər. Filosofumuz Müşfiq Ötgünün maraqlı bir misalı var: “Otaqda bir şam yandırsan, pərvanələr haradansa çıxıb gəlib onun başına dolanacaqlar”. Bəli, işıq olsan, sən çox üzdə olmasan da, mütləq diqqət çəkəcəksən. Səni sevməyənlər də olsa, sevənlərin, yanında olanlar, kürəyini söykəyə biləcək yoldaşların olacaq.

Lakin işığın həm də ətrafdakı nöqsanları göstərmək xüsusiyyəti var. Sanki nuru ilə zövqü korlayan nəsnələri daha qabarıq edir. Qaranlıqda, boz mühitdə görünməyən ləkələri, çirkinliyi üzə çıxarır. Bu mənada işıq həmişə sevilmir, kiminsə gözünə düşür, əsəblərini korlayır, sinirlərini poza bilir.

Hamı işıqlığa çıxmaq istəmir, istəyir ki, elə qaranlıqda qalsın, toz-torpağı, çirkinliyi elə zülmətdə görünməsin. Ona görə də işığa münasibət birmənalı olmur, hökmən hamı tərəfindən sevilməyəcək. Müxtəlif insanların baxış bucağına əsasən dəyişir. Sən demə, nur saçmaq heç də həmişə, hamı üçün faydalı deyilmiş. Məsələn, “vampir” xislətlilər işığı sevməzlər, qaranlıq onlar üçün əlverişlidir. Ov ovlayıb, quş quşlayırlar özü də amansızca. Özü də qanlı, faciəli…

Bu fikir bəzən məni həvəsdən salırdı ki, axı nəyə görə işıqlı insanlar kimlərsə tərəfindən sevilməyə bilirlər. Sonradan başa düşdüm ki, qaranlıqda çirkli işlə məşğul olanlar heç zaman işığı sevə bilməzlər. Çünki bütün sistemlərini məhv edəcək. Məlum olur ki, işıqlı insan olmaq həm də təhlükəli imiş. Axı onların sönəni, sönməyəni var. Zülmətə qərq olanı, əksinə, şöləsi daha da ətrafı alovlandıranı var. Təbii ki, savadlılarla və işıqlı insan anlayışı tamamilə fərqlidir. Savadlı insanların da zülmət olmaq kimi şansları böyükdür, onlar hisslə yox, ağılla davranmağı sevirlər. İşıqlı görünməyə çalışsalar da, qaranlıq tərəfə meyilli olurlar bəzən, yaxud bir çox hallarda. İblisin yanında olmağı, şərin dəyirmanına su tökməyi sevərlər, hər nə olursa olsun qazanmağı seçərlər. Edə bilməsələr də, daxillərində ən azı onlara rəğbət bəsləyərlər.

İşıqlı, nurlu olduğunu iddia edənlər də bir başqa komediyadırlar. Onlardan danışmasaq, xətirlərinə dəyər. Elə hey istəyirlər diqqət çəksinlər, elə bilirlər ki, bu mövzuda da yalan danışa, yaxud manipulyasiya edə biləcəklər. Hamının edə biləcək işləri “evrika” kimi təqdimatı inanılmaz inancından xəbər verir. Bir toxunuşla nə isə taparlar, düşünərlər ki, onlardan başqa bunu heç kim edə bilməz. Komedik yanaşsaq, lampaya elektrik enerjisini çox ötürüb onu partlatmaq potensialındadırlar. Bu mənada “həddindən artıq” nurludurlar. Özlərinin taleyüklü səhvinə reaksiyası gülümsəməklə keçmək olar, digərlərin səhvi isə dünyanın sonu. Partlayarlar o işığı, ildırımı, şimşəyi orada göstərərlər. Məhz bu yöndə “maşallahları” var. Amandır, “razetka”dan uzaq qalsınlar.

Məşhur bir filmdə Al Paçinonun canlandırdığı obraz dostuna tövsiyə edir: “Axmaq kimi görünəcəksən, əsla diqqətləri üstünə çəkməyəcəksən, görünməz olacaqsan, kiçik görünməyə məcbursan, planda olacaqsan”. Bəzən işə yarayan məsləhət olsa da, şeytandan gələni rədd etməliyik. Hətta ağıllı söz belə desə, çünki sonda hansısa marağının gerçəkləşməsi üçün plan qurur. Səni düşünəsi deyil, onun öz missiyası var. Bu mənada işıq zatən istəsə də, özünü gizlədə, axmaq yerinə qoya bilməz. Belə etməyə çalışsa, xarakterinə qarşı çıxmış olacaq və içdən yanacaq. Dolayısı ilə yenidən üzə çıxacaq. Sadəcə gecikmə, yubanma olacaq…

# 797 dəfə oxunub

Oxşar xəbərlər

70-lərin əfsanəvi müğənnisi  vəfat etdi

70-lərin əfsanəvi müğənnisi vəfat etdi

17:45 8 avqust 2025
Sabiq "Rolling Stones" üzvü oğurlanmış gitarasının muzeydə sərgiləndiyini iddia edir

Sabiq "Rolling Stones" üzvü oğurlanmış gitarasının muzeydə sərgiləndiyini iddia edir

17:35 8 avqust 2025
Əfsanəvi "Çılpaq tapança"  30 ildən sonra geri qayıdır

Əfsanəvi "Çılpaq tapança" 30 ildən sonra geri qayıdır

17:00 8 avqust 2025
Qapalı çarşıda atasından qalma dükanda xalça və antik əşyalar satan şair kim idi?

Qapalı çarşıda atasından qalma dükanda xalça və antik əşyalar satan şair kim idi?

15:54 8 avqust 2025
Bəxtiyar Vahabzadənin ev-muzeyində yubiley sərgisi keçirildi

Bəxtiyar Vahabzadənin ev-muzeyində yubiley sərgisi keçirildi

15:20 8 avqust 2025
"Ayvazovskinin heykəlinin Xankəndidən götürülməsindən təlaşa düşənlər..." - Vereşaginin "Şuşa eskizləri"ni unutmasınlar...

"Ayvazovskinin heykəlinin Xankəndidən götürülməsindən təlaşa düşənlər..." - Vereşaginin "Şuşa eskizləri"ni unutmasınlar...

15:00 8 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər