İçərişəhərdə tonqal keyfi, papaq atan uşaqlar, əl-ələ verib qaranlığa çəkilən cütlük – Bayram reportajı

İçərişəhərdə tonqal keyfi, papaq atan uşaqlar, əl-ələ verib qaranlığa çəkilən cütlük – Bayram reportajı
21 mart 2022
# 17:00

Kulis.az Ulucay Akifin İşərişəhərdə keçirilən İlaxır çərşənbəsindən reportajını təqdim edir.

Dünən işdə pəncərəni açanda otağımıza yaz qoxusunun dolduğunu hiss etdim. Adamı xoşbəxt edən, güc verən o qoxunu deyirəm...

Hiss elədim ki, bu qoxunu duyduqdan sonra işdə oturmaq çətin olacaq. İçimdən çölə çıxmaq, gün işığı qəbul etmək, dəniz sahilində gəzişmək keçdi.

Orhan Vəlinin “Beni bu güzel havalar mahvetti” şeiri yadıma düşdü

Məni bu gözəl havalar məhv etdi,
Belə havada ərizə yazıb çıxdım işdən,
Belə havada öyrəşdim siqaret çəkməyə.
Belə havada aşiq oldum...

Bu şeir yadıma düşəndən sonra işdə otura bilməyəcəyimə daha da əmin oldum. Amma mən Orhan Vəli kimi işdən ərizə yazıb çıxmaq istəmirdim.

Bir yolunu tapıb baş redaktordan icazə almalı idim.

Sürətlə bütün bəhanələri beynimin süzgəcindən keçirməyə başladım. Ağlıma gələnlər heç özümə də inandırıcı gəlmədi. Bildim ki, yalan dediyimi hiss edəcək...

Havanın verdiyi o güclə qəfil içimə cəsarət gəldi və redaktorumuza dedim:

- Hava çox gözəldir, icazə verin bu gün tez çıxım, gəzişmək istəyirəm.

Quru səslə cavab verdi:

- Çıx...

Həm təəccübləndim, həm də belə olmalıymış kimi hiss etdim. Tez paltomu geyinib aradan çıxdım. Bilmək olmaz, qəfil nəsə iş çıxar, fikrini dəyişər...

Və budur, artıq bulvarda, Xəzərin sahilindəyəm...

Dəniz, külək, dalğalar, “gülüşən” qağayılar...

Günəş yavaş-yavaş Badamdar dağının arxasında gözdən itməyə yollanır.

Telefonuma zəng gəldi.

Dostlarımdan biri məni bayram münasibətilə təbrik etməyə zəng vurmuşdu. “İlaxır çərşənbə” olduğunu unutmuşdum. Təbrikləşdik və ruhuma bayram əhvalı doldu.

İçimdən “Ağırlığım, uğurluğum odda yansın!” deyib tonqaldan hoppanmaq keçdi. Axşam da yaxınlaşır. Mütləq tonqal tapmalı idim.

İstədiyimi İçərişəhərdə tapa biləcəyimi təxmin elədim.
Və budur, artıq İçərişəhərin qala qapılarının qarşısındayam...

Əzəmətli qala divarlarına, üzərindəki mərmi izlərinə baxıram...

Həmişə İçərişəhərə gələndə, qulağımda qılınc-qalxan cingildəyir, top-tüfəng səsi eşidirəm və içimdə qəribə bir rahatlıq, qürur hissi baş qaldırır.

Düşünürəm ki, bu gün biz burada rahat gəzə, xoşbəxt yaşaya bilək deyə babalarımız əsrlər boyu düşmənlərlə savaşıblar...

Bu qılınc-qalxan, top-tüfəng səslərindən məni alqış səsi alır. Bir dəstə uşağın qədim hamamların damında qaçışdığını, oynadığını görürəm. Ən dəcəlləri kümbəzlərin üstündə oturub, hətta uzanıb dincəlirlər.

Deyəsən, istədiyimi burda tapacam. Uşaqlara səslənirəm:

- Bayramınız mübarək! Tonqal qalayacaqsınız?

Sual yağışı görmüşdüm, amma ilk dəfə cavab yağışına düşürəm. Hamısı cavab verir:

“Hə!”

“Həri!”

“Yandıracayıq!”...

Daha da şənlənirlər.

- Nə vaxt yandıracaqsınız? – eyni sevinclə soruşuram.

Aralarından ən diribaşı mənə tərəf gəlir və elə bil, öz yaşıdıyla danışırmış kimi cavab verir:

- Bir azdan! Tonqalı hazırlamışıq! O deee! Gözləyirik hamı gəlsin!

- Əla! İcazə verərsiniz mən də hoppanım tonqalınızdan?

Uşaq gülə-gülə cavab verir:

- Hoppanarsan! Hoppanarsan!

Hava qaralmağa doğru getdikcə tonqalın ətrafına toplaşanların sayı artır. Bəlkə 20-yə yaxın, ya da daha çox uşaq bir araya gəlir. Qızlar, oğlanlar... Bəzilərinin başında, bəzilərinin əlində papaq görürəm.

Bir araya toplaşıb səs-küylə nəyisə qızğın şəkildə müzakirə edirlər. Gülürlər, qışqırırlar, rəqs edirlər...

Deyəsən, ən həyəcanlı və ləzzətli məqamlardan biri yetişib: papaq atmaq!

- Qızlar ayrı getsin, oğlanlar ayrı! – birindən təklif gəlir.

- Yox! Hamımız bir gedəcəyik! – başqası etiraz edir.

- Mən Leylaynan gedəcəm! – bayaq mənlə zarafatlaşan diribaş oğlan deyir.

O biri uşaqların “Ouuuuuu!”, “Həriiiiiii!”, “Murad!” kimi reaksiyaları artır. Fit çalıb aranı daha da qızışdırırlar.

Qızlardan hansının Leyla olduğunu tapmağa çalışıram. Deyəsən, bir kənarda rəfiqəsi ilə sakitcə dayanan sarı papaqlı qızdı. Utanmağından və üzündəki təbəssümündən hiss edirəm.

Düz də tapmışam!

Papaqatma mərasimi başlayır.

Uşaqlar qarışqalar kimi İçərişəhərin dar küçələrində qaçışıb gözdən itirlər. Təkcə özləri yox, səsləri, gülüşləri də dar küçələr boyu qaçışır.

Mən onlar qayıdana kimi tonqalın başında gözləyirəm. Tonqal başında böyüklər, uşaqların valideynləri də var. Tonqalı qalamaq üçün son hazırlıqları görürük.

Yaxınlıqdakı kafedən Yalçın Rzazadənin “İncəbellim” mahnısının sədaları gəlir...

Və elə də böyük olmayan tonqal gözümdə böyüməyə başlayır.

“Dədə Qorqud” dastanında deyilir ki, Oğuz elində şənlik, toy-bayram olanda 3 dağın başında tonqal qalanırmış... Bu kiçik tonqal da gözümdə böyüyür, böyüyür və Qələbəmizin, şənliyimizin simvoluna çevrilir.

Daha da sevinirəm...

Sevinirəm ki, bu çərşənbədə qələbə qazanmış əsgərlərimiz artıq Qarabağın dağlarında tonqal qalayıb bayram qeyd edirlər.

Bizim tonqalımız da yavaş-yavaş alovlanmağa başlayır.

Papaq atmaqdan gələn uşaqlar tonqal başına qayıdırlar.

Hamı deyir-gülür, şənlənir.

Uşaqlar rəqs edir.

Gözüm Leyla ilə Muradı axtarır və tapır.

Hamıdan aralıda dayanıb tonqala baxırlar. Leylanın qızarmış yanaqları parıldayır.

Tonqal çox gurdur deyə heç kim hoppanmağa cəsarət eləmir. Murad əlindəki bayram payı torbasını daşın üstünə qoyur və tonqalın ətrafındakı adamlara səslənir:

- Çəkilin! Çəkilin! Çəkiliiiiiiin!

Hamı Muradın tonqalın üstündən hoppanmağa hazırlaşdığını başa düşür və aralanır. Muradın bu sözündən sonra elə bil tonqal daha da alovlanır və gözümdə daha da böyüyür. Tonqal gözümdə böyük bir yanar dağa çevrilir.

Qorxuram, həyəcanlanıram. İstəyirəm, Muradı yüksək səslə çağırıb “Hələ hoppanma!!!” deyim, amma həyəcandan nitqim quruyur. Səsimi çıxara bilmirəm.

Desəm də sözümə qulaq asmayacaq.

Hamı sakitcə Muradı izləyir. Murad sürət yığaraq gəlir Vəəəə... Tonqalın üstündən hoppanır!

Alqışlar, fit səsləri, “bravo”lar, “malades”lər...

İçimə su səpilir.

Leyla sevincdən əllərini sinəsinin üstündə birləşdirib Murada baxır. Murad Leylanın yanına qayıdır. Leyla sevinclə nəsə deyir. Yəqin, Muradı təbrik edir. Murad da nəsə deyir.

Məndən uzaqdadırlar deyə heç nə eşitmirəm.

Tonqal başındakılar isə şənlənməyə davam edir. Hamı öz işindədir. Deyib-gülmək, oxumaq, oynamaq.

Elə bilirəm, məndən başqa heç kim Murad və Leylanın fərqində deyil. Bir qıraqda sakitcə oturub gah söhbət edirlər, gah da susurlar.

Birdən Murad ayağa qalxır və əlini Leylaya tərəf uzadır. Hiss edirəm ki, nəsə qərar veriblər. Nəsə edəcəklər.

Leyla Muradın əlindən tutur. Onun göyərçin barmaqlarına bənzəyən barmaqları Muradın barmaqlarının arasında düyünlənir. Tonqalın başından aralanıb dar, qaranlıq küçələrdən birinə girirlər.

Marağıma güc gələ bilməyib arxalarınca gedirəm. Nə görəcəyimi bilmirəm. Hətta nə görmək istədiyimi, istəmədiyimi də bilmirəm.

Onların girdiyi dar, qaranlıq küçəni görə biləcək bir mövqeyə keçirəm.

Və görürəm ki...

Leyla ilə Murad bir daşın kənarında dayanıblar. Bayram payı torbaları daşın üstündə.

Murad öz torbasındakı ən yaxşı konfetləri, şirniyyatları, paxlavarı seçib Leylanın torbasına qoyur...

2021

# 9029 dəfə oxunub

Oxşar xəbərlər

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
#
#
# # #