Hoçazfilmin direktoru: “Məni ruhdan saldılar”

Hoçazfilmin direktoru:  “Məni ruhdan saldılar”
6 sentyabr 2023
# 09:00

"Mən də 1000 kv.m ərazisi olan həmin məkanın tezliklə Azərbaycanda bənzəri olmayan bir pavilyona çevriləcəyinə söz verdim..."

Bu sözləri Kulis.az-a açıqlamasında "Hoçazfilm"in direktoru Amil Amal deyib.

"Laçındakı möhtəşəm yenidənqurma işlərini aparan Bakı Abadlıq Xidmətinin kinoyla bağlı bir təşəbbüsü var idi. Həm laçınlı, həm də bir rejissor kimi mənimlə tanış oldular. Sonra kinostudiya ideyası yarandı. Hoçazfilmin binası anqar olacaqdı, mənə dedilər, buradan pavilyon olar? Mən də 1000 kv.m ərazisi olan həmin məkanın tezliklə Azərbaycanda bənzəri olmayan bir pavilyona çevriləcəyinə söz verdim. Halbuki bəziləri oranın kinopavilyon kimi işə yaramayacağını deyirdi. Həmin gün rəhbərlik — şəxsən Bünyad Qasımov əlimi sıxdı, məni bu işin başına gətirdi və nə lazımdırsa, artıqlamasıyla etdi.

Daha sonra Bakı Abadlıq xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Əliyevanın köməkliyi ilə kinostudiyanın bir neçə layihəsini hazırlayıb işə başladıq. Xosrov bəy Sultanovdan bəhs edən “Qarabağ qubernatoru” filminin tizerini çəkdik, şəxsən özüm kinostudiyanın adını, loqosunu və bütün təqdimat brendiqini işləyib hazırladım. Bu işdə də mənə rejissor Lətif Lətifsoy kömək etdi.

Podratçı şirkətlə artbakers şirkətinin müraciətini dəyərləndirib dekorları sifariş etdik. Bir sözlə, bu işdə bizə dəstək olmaq, bizimlə işləmək istəyənlərə belə yol açdıq. Qolumu çirmələyib bir əlimdə qələm, bir əlimdə bel - 50 gündən çox Bakıya gəlmədim. Laçını tərk etmədim, işin başında durdum.

Hazırda Hoçazfilmin birillik planına uyğun üzərində işlədiyim layihələr var. Onlardan biri də tammetrajlı debüt filmimdir. Ümid edirəm ki, Hoçazfilmin ilk filmi uğurlu olacaq. Adı “Arılar və qəbirlər”dir. Təxminən, gələn ilin bu aylarında premyera olacaq.

Təbii ki, digər layihələrimiz də var. Hazırda onlara maliyyə axtarıram. Hoçazfilmdə təkcə mən olmayacam. Artıq hər şey tamamlanıb. Həm yerli, həm də xarici rejissorlar üçün hər cür şərait var. 1000 kv.m-lik pavilyon: bənzərsiz dekorlar, təyyarə, vertolyot, həbsxana, laboratoriya və s..."

Çəkmək istədiyim filmlərdən biri də “Titrəmə” idi

Rejissor "Titrəmə" filmi haqqında danışarkən qeyd edib ki, həmin ərəfədə kinostudiyada dörd direktor dəyişilib:

“Titrəmə” filmi 14 dəqiqədir. 14 dəqiqlik film iki ilə başa gəlib. İstədiyim kimi çəkmək üçün sözün əsl mənasında mübarizə aparmışam. Bəlkə də, yeganə filmdir ki, çəkildiyi ərəfədə Cəfər Cabbarlı adına kinostudiyada dörd direktor dəyişilib. Bunlar da istər-istəməz işimizə sirayət eləyib. Film çətin hava şəraitində çəkilib. Kino adamları, kinomanlar, daha çox da rejissorlar qışda film çəkməyin çətinliyini bilirlər. Biz bunu bacardıq. Mən bu mübarizədə qalib gəldim. Öz filmimi təqdim etdim. Festival həyatı da uğurlu oldu. Düzdür, gözləntilərim daha çox idi, amma yenə də uğurlu iş hesab eləyirəm. Çəkmək istəyib çəkə bilmədiyim filmlərdən biri də “Titrəmə” idi. 10 qısametrajlı filmim var. İkisi məni xüsusilə cəlb eləyib; “Son seçim” və “Titrəmə”. Sənədli filmlər bir qırağa, onların öz yeri var. Çəkmək istədiyim nüanslar var idi, təəssüf ki, reallaşdıra bilmədim, amma belə demək olar: bəli, istədiyim kimi alınıb. Üç ildir “Arılar və qəbirlər” filmi üzərində işləyirəm. Qarabağ hadisələri başlayandan bu ideya beynimdə fırlanırdı. Artıq üçüncü versiyasını yazmışam. Birinci versiya qısametrajlı idi. Mən onu tammetrajlı elədim. Hər şey yekunlaşıb. Yaxın vaxtlarda çəkmək niyyətindəyəm...."

Direktorun sözlərinə görə kinoittifaqların birləşməyi kino cameəsinin birləşməyi deməkdir:

"Xəbəri Laçında aldım və çox sevindim. Nəhayət, iki ittifaq birləşəcək. Düzü, Rasim Balayev AKİ-də daha səmərəli işlər görürdü. Hər şey hamının gözünün qabağında baş verirdi. Mən hər iki ittifaqın üzvü olan dörd-beş nəfərdən biri idim, ancaq nə baş verdiyini başa düşə bilmirdim. AKİ-dən qrant layihə, ARKİ-dən də 2019-cu ildə təqaüd almışdım. İki ittifaqla bağlı fikirlərim müsbətdir. Birləşməklərinə çox sevindim. Çünki onların birləşməyi kino cameəsinin birləşməyi deməkdir."

Dişimlə-dırnağımla çəkdiyim filmləri festivallara göndərmişəm. Məncə, festival filmlərinə də insanlar necəsə baxmalıdırlar.

Yerli festival filmləri haqqında danışan rejissor qeyd edib ki, anlaşılmayan bütün filmlərə sənət filmi demək olmaz:

"Festival filmi anlayışı müasir anlayışdır. Mən bu terminlə heç vaxt razılaşmamışam. İnsanlar anlamadığı filmlərə “festival filmi” damğası vurur. Onlarda elə bir təsəvvür var ki, film festivallara gedirsə, ona heç kim baxmır. Halbuki festivala gedirsə, deməli, daha uğurlu filmdir, daha böyük auditoriyaya çatır, lokal deyil. Təkcə bizimkilər baxmır. Film onda uğurlu olur ki, ölkədən kənara çıxır. Festival filmlərini müəllif filmləri hesab edirlər, ancaq belə deyil. Mən də belə fikirləşirdim. Ancaq son vaxtlar düşünürəm ki, qızıl ortanı tapmaq lazımdır. Bu o deməkdir ki, fimin içində həm sənət olur, həm də daha çox insan baxır. Bir filmə az baxırlarsa, o demək deyil ki, sənət filmidir. O qədər müəllif filmlərinə baxıb təəssüflənmişəm ki.

Mən Kulisdə festivallarla bağlı böyük yazı yazmışdım. Ajiotaj yaratmışdı. Çox adam məndən incimişdi. Ancaq bilirəm ki, o yazıdan sonra festivallar haqqında bilgilər çoxaldı, insanlar xeyli məlumatlandı. Hətta ikinci hissəsini də yazmaq istəyirdim, ancaq gələn zənglər, əks fikirlər məni ruhdan saldı. Bəlkə də, nə vaxtsa, yazacağam, çünki bu mövzuda çox məlumatlıyam. 10 ildən çoxdur ki, bu işlə məşğulam. Dişimlə-dırnağımla çəkdiyim filmləri festivallara göndərmişəm. Məncə, festival filmlərinə də insanlar necəsə baxmalıdırlar..."

Sanki Laçında özünü Allaha daha yaxın hiss eləyirsən.

Rejissor Laçınla bağlı təəssüratını da bölüşüb:

"Atam da, anam da Laçına çox bağlıdır. Xüsusilə atam Laçına qarşı çox həssasdır. Çünki Laçındakı qurumların birində uzun müddət rəhbər işləyib. Atamın Laçının təkcə təbiəti ilə yox, sakinləri ilə bağlı da xoş təəssüratları var. Kiməsə deyəndə, bəzən başa düşmür. Gərək atamı tanıyasınız. Evimizdə Laçınla bağlı söhbətlər çox olub. O xatirərələrin dəyərini Laçına gedəndən sonra anladım. Bilmirəm, bəlkə də, genetika ilə bağlıdır, ora ayaq basanda hiss elədim ki, burada ömür boyu yaşaya bilərəm. Təbiətlə üz-üzəsən. Dağın başında şəhər… Meşəlik… Səma ilə dağların qovuşduğu məkan… Sanki özünü Allaha daha yaxın hiss eləyirsən. Həmişə belə bir şəhər arzulamışam. Laçına nahaq yerə “İsveçrə” demirlər. Anam həmişə: “Belə çox bəxtəvərçilik eləmə” – deyirdi. Amma xoşbəxtliyimi etiraf etməyi çox sevirəm. Həyatım birdən-birə dəyişdi. Aya ayaq basan kosmonavt kimi… Onun yaşadığı hissləri yaşadım. Buranın relyefi, təbiəti adamı çox cəlb eləyir. Məsələn, burada Arduş ağacı bitir, mən onu Qırğızıstanda, Bişkekdə festivalda olanda görmüşəm. Qayalıqların ətrafında ardıc ağacları var. Deyərdim ki, bu ağac Laçının simvollarından biridir. Bu ağacın özünməxsus xüsusiyyətləri var. Məsələn, qəfildən partlayır, xüsusi toz buraxır və ətrafa xoş iy yayılır..."

# 3273 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #