Hilal Baydarovun filmi xüsusi mükafata layiq görüldü

34-cü Tokio Beynəlxalq Film Festivalı

34-cü Tokio Beynəlxalq Film Festivalı

9 noyabr 2021
# 14:35

Azərbaycanlı rejissor Hilal Baydarovun “Durna çırağı” filmi 34-cü Tokio Beynəlxalq Film Festivalının “İncəsənətə töhfəyə görə” xüsusi mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, oktyabrın 30-dan noyabrın 8-dək davam edən festivalın baş mükafatı uğrunda dünyanın müxtəlif ölkələrindən seçilmiş 15 film mübarizə aparıb. Festivalın müsabiqə hissəsinə daxil edilən 15 filmdən 10-nun dünya premyerası baş tutub. Bu filmlər dünyanın 113 ölkəsindən və regionundan 1533 film arasından seçilib. Festivalın münsiflər heyətinə məşhur aktrisa İzabel Yupper rəhbərlik edib.

Hilal Baydarovun müəllifi olduğu filmdə hüquq fakültəsinin məzunu olan qız ilə dörd qadını oğurlamaqda ittiham edilən kişi arasında münasibətdən bəhs olunur.

Mükafatların təqdim edilməsi mərasiminə onlayn formatda qatılan azərbaycanlı rejissor mükafata görə təşəkkürünü bildirib. Öz filmi haqqında isə bunları deyib: “İlk dəfə mən filmimi anama göstərdikdə o bildirdi ki, filmin nə süjeti, nə də aktyor oyunu yüksək səviyyədə deyil, amma onun böyük ruhu var. Düşünürəm ki, əsas məsələ də budur. Belə ki, əməli cəhətdən ruhun əks olunduğu üç rejissor işi tapmaq mümkün deyil”.

Qeyd edək ki, “Durna çırağı” filmində Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsənova, Kamran Hüseynov və digər aktyorlar rol alıblar. Filmin bəstəkarı Kənan Rüstəmlidir.

Tokio Beynəlxalq Film Festivalının əsas mükafatını isə kosovalı rejissor Kaltrina Krasniçinin “Vera dənizi arzulayır” filmi layiq görülüb. Film qumarda evini girov qoyaraq uduzan və buna görə özünə qəsd edən kişinin həyat yoldaşının qarşılaşdığı çətinliklərdən bəhs edir.

Festivalın “Ən yaxşı rejissor işi” mükafatına isə qazaxıstanlı Darecan Omirbayevin “Şair” filmi layiq görülüb. Filmdə XIX əsrdə yaşamış Didar adlı şairin həyatından və hakimiyyət tərəfindən edam olunmasından danışılır.

Ötən il pandemiyaya görə əsas festivalda mükafatın verilməsindən imtina olunmasına baxmayaraq, cari ildə təşkilatçılar müsabiqə proqramını bərpa ediblər. Festivalın müsabiqə proqramına daxil edilən filmlər arasında Azərbaycan filmi ilə yanaşı, Çin, Qazaxıstan, Cənubi Koreya, Yaponiya, Albaniya və İran filmləri də yer alıb.

Ənənəyə müvafiq olaraq, Tokio festivalına yapon filmləri və animasiyaları da daxil edilib. Həmçinin klassik filmlər də nümayiş olunub.

# 5053 dəfə oxunub

Oxşar xəbərlər

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi:  “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

16:26 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər