Heyif deyildi Sovetin vaxtı?!

Heyif deyildi Sovetin vaxtı?!
9 oktyabr 2024
# 15:20

Kulis.az Ülvi Bahadırın yeni yazısını təqdim edir.

Çox qəribə ölkədə yaşayırıq.

Yaxşı-pis, hər şey əl altından görülür.

Ölkədə nələrsə olur, amma ya bitəndən sonra xəbərimiz olur, ya da heç olmur.

Götürək elə kitab sərgisini.

Sərginin reklamı çox zəif idi. Yox kimi... Elə bil istəmirdilər çox adam olsun. Türkiyəlilər demiş, biz-bizə takılalım.

Arada bir-iki xəbər getdi, vəssalam.

Ölkənin ən böyük kitab sərgisi keçirilir, amma səs-səmir yoxdur.

Hə, arada uzaqdan, laaap uzaqdaan bir ün gəlib çatdı, elə təzəcənə ünün mənbəyinə çatmışdıq ki, səbəbkarın nəfəsi kəsildi.

Eyni zamanda Bakı Beynəlxalq Film Festivalı keçirildi. Və yenə eyni mənzərə...

Kino sahəsində işləyənlər tez-tez deyirlər ki, bəs, Azərbaycanda hər il xeyli yaxşı film çəkilir.

Xalq isə deyir ki, Azərbaycanda indi film çəkilmir. Heyf deyildi Sovetin vaxtı?!

Ümumiyyətlə, “heyf deyildi Sovetin vaxtı” deyənlər çox zaman lağ hədəfinə çevrilir.

Lağ elədiyini düşünənlərin isə heç bir əsaslandırması yoxdur.

İnsanlar elə-belə işlətmirlər bu cümləni.

Bu “həsrət” boşuna deyil.

Nə vaxtsa Sovetin təsiri altında olan, indi isə sivil, mədəni şəkildə yaşayan xalqların heç biri “heyf deyildi sovetin vaxtı” demir. Çünki onlar indi ən yüksək səviyyədə yaşayırlar. Müqayisə aparıb görürlər ki, indi əvvəlkindən yaxşı yaşayırlar. İndi daha yaxşı romanlar yazılır, daha yaxşı filmlər çəkilir, ona görə də nostalgiya ilə yaşamırlar.

Bizdə belə deyil axı.

Lağ eləyəndə də gərək bir əsasın olsun.

İndi gələk filmlərə...

Bəli, doğrudan da, bu gün Azərbaycan keyfiyyətli filmlər çəkilir. Mən də neçəsinə baxmışam. Bəyəndiyim də olub, bəyənmədiyim də.

Bəs problem nədir?

Problem ondadır ki, Azərbaycanda keyfiyyətli filmlərin 99%-i festival filmləridir.

Necəsə mətbuata açıq göstəriləndə baxmaq olur.

Göndərilir festivala, vəssalam. Bir də ee, neçə il sonra baxa bildin, ya yox.

Çoxu ekran üzü görmədən arxivə gedir.

Yaxşı, mən əgər bu filmlərə baxa bilmirəmsə, necə deyim ki, Azərbaycanda keyfiyyətli filmlər çəkilir?

Sırf hansısa festivalda yer tutub deyə, baxmadığım filmi tərifləməliyəm?

Siz xalqdan bunu gözləyirsiniz?

İnsanlar baxdığı filmləri yadda saxlayırlar, əgər yaxşıdırsa, yaxşı da deyə bilirlər. Məsələn, “İkinci pərdə”, “Axınla aşağı”, “Yarımçıq xatirələr” və s. İnsanlar bu filmlərə baxıblar və xoş sözlər yazıblar, yüksək dəyərləndiriblər. Demək ki, olur da.

Xalqın sovet həsrəti çəkməməyi üçün keyfiyyətli kommersiya filmləri çəkmək lazımdır.

Kütləvi filmlərin sayı artmalıdır ki, insanlar da ona baxıb sovet həsrətlərini ovuda bilsinlər.

Ola bilər ki, siz bu sahədəsiniz, istədiyiniz vaxt necəsə o festival filmlərinə baxırsınız və sizdə elə təəssürat formalaşır ki, Azərbaycanda yüksək səviyyəli kinolar çəkilir. Ancaq insanlar bunu görmür axı. Görmələri üçün şərait də yaradılmır.

Sovet filmlərinin müasir əvəzləyiciləri çəkilməlidir. Keyfiyyətli komediyalar, dramlar, detektivlər və s.

Bilirəm, büdcə lazımdır, ancaq olmamasının günahkarı bilavasitə xalq deyil.

Yenə də qayıdıram festivala. Bu sahədə olmayan adamların heç xəbəri də olmaz ki, belə bir festival var.

Belə işlərlə xaricdə müəyyən uğur qazanmaq olar, ancaq ölkədə kino sahəsini kütləviləşdirmək olmaz.

Elə təşkil eləmək lazımdır ki, hər təbəqəyə xitab eləsin. Hamının diqqətini cəlb eləsin.

Məqsəd ilin axırında quş qoymaqdırsa, o artıq başqa söhbətdir.

Ümidvaram ki, dostların məqsədi həm dünya kinosunu tamaşaçılara tanıtmaq, həm də yerli filmlərə maraq yaratmaqdır.

Yoxsa ki...

# 3799 dəfə oxunub

Oxşar xəbərlər

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
"Bahar"ın aktrisası yeni serialda

"Bahar"ın aktrisası yeni serialda

09:36 12 dekabr 2024
Məşhur aktyorun nəvəsi:  "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

Məşhur aktyorun nəvəsi: "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

09:00 12 dekabr 2024
İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
#
#
# # #