"Hər kəsin boşanmaq haqqı var!" - Cütlükləri barışdırmağa ehtiyac varmı?

"Hər kəsin boşanmaq haqqı var!" - Cütlükləri barışdırmağa ehtiyac varmı?
18 mart 2025
# 15:00

Kulis.az Aydan Hacının yeni yazısını təqdim edir.

Millət vəkili Hikmət Babaoğlu Milli Məclisin bu gün keçirilən iclasında belə bir fikir səsləndirib ki, vətəndaş məhkəmədən əvvəl mediasiyanı istəmirsə, onu məcbur etmək lazım deyil:

“Mediatorlar ixtisaslaşdırılmaldır. Boşanmış biri mediator olmamalıdır. Boşanmış bir şəxs gedib sertifikat alıb ailə məsələləri üzrə mediator kimi çıxış edə bilməz. Bu barədə məhdudiyyətlər tətbiq olunmalıdır”.

Millət vəkilimizin toxunduğu məsələ aktual və vacibdir. Hər halda, boşanmalar və bu prosesin yaratdığı problemlər cəmiyyətdə tez-tez hansısa fəsadlara yol açır.

Bu məsələlərə bacardığımız qədər işıq tutmağa çalışmalıyıq.

Əvvəlcə mediasiyanın nə olduğunu aydınlaşdıraq.

Mediasiya nədir?

Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla, öz mövqeyini yenidən qiymətləndirir. Qanunvericiliyə uyğun olaraq ailə, əmək və kommersiya mübahisələrində ilkin mediasiya nəzərdə tutulmuşdur. Bu o deməkdir ki, mübahisə tərəflərinin məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət etməsi məcburidir. Əks halda mübahisə üzrə iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilməyəcəkdir.

Mediasiya prosesinin nəticəsində, barışıq əldə edilməzsə, mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilir və bundan sonra insanların boşanmaq üçün müraciəti təsdiqlənir.
Əslində, bu proses könüllülük əsasında tərtib edilməlidir. Lakin bizdə məhkəmədən öncə mediasiya prosesi məcburidir. Cütlük boşanmağa qərar versə belə, “50 manat” ödəniş edib, mediasiya prosesində iştirak etməlidir. Arada aliment məsələləri ilə bağlı problem yaranarsa, cütlük yenə də mediasiya prosesi üçün ödəniş etməli, sonra arayışı alıb məhkəməyə təhvil verməlidir.

Boşanmağa qərar vermiş şəxs güman ki, uzun müddət götür-qoy edir və yekun olaraq ayrılmağa qərar verir. Mediasiya kimi barışığa yönəlmiş proseslərin "məcburiliyi" nə dərəcədə doğrudur?

Əvvəlki dövrlərə baxsaq, indi boşanma məsələləri aktual mövzulardan biridir. Daha dəqiq desək, boşanmalar indiki dövrdə adi hal alıb. Bunu durmadan artan statiskalara baxsaq görə bilərik. Bu cür halları mənfi qarşılayanlarla yanaşı, müsbət addım kimi qiymətləndirənlər də var. Məsələn, əvvəlki dövrlərdə qadın ailədaxili şiddətə, problemlərə dözməyə məcbur idi. Bu gün bu məsələlər demək olar ki, belə həll olunmur. Artıq qadınlar ən adi bir şeyə də dözümsüz davrana bilir. Düşünürəm ki, bu da dövrə görə normal haldır.

Hal-qəziyyənin əvvəllər bu cür olmasının subyektiv səbəbləri var idi. Burada ailə, mühit, cəmiyyət qaydalarını misal çəkmək olar. Ancaq müasir, hüquqi dünyada belə deyil. Bəşəri baxımdan götürsək, əslində, istənilən azad, müstəqil qadının (həmçinin kişinin də) istənilən an öz həyatı haqqında qərar verməyə haqqı və hüququ çatır. Yəni, kim necə istəyirsə, elə də yaşaya bilər, ancaq buradakı mənfi halları da görməzdən gəlmək olmaz. Bir-biri ilə anlaşa bilmədiyini düşünən insanların ayrılması cəmiyyət tərəfindən normal qarşılanmalıdır.

Müasir dövrdə qadının kişini öldürməsi, kişinin qadını öldürməsi və ya hər hansı şiddət halları tez-tez gündəmə gəlir. Eyni zamanda intiharların da bəlli bir qismi bu məsələlərə görə baş verir. Öz ayaqları üzərində dura bilənlər həyatında normal şəkildə davam edir. Təhsili olmayan, əlinin sənəti olmayan, cəmiyyətə qatılmaq üçün özündə güc tapmayan qadınlar da bəzən intihar yolunu seçir. Ya da "ən yaxşı halda", çətinliklərlə qarşılaşır, depressiyaya düşür.

İntihar baş verəndə isə, övlad öləndən sonra valideyn ayılır. Öləni isə geri qaytarmaq olmur...

Bu cür mənfi halların baş verməsinin əsas səbələrindən biri də anlaşa bilməyən iki insanın cəmiyyətin "boşanmış" damğasına görə bir yerdə yaşamağa məcbur qalmağıdır. Valideyn qız övladını qapıdan çıxaranda deyir ki, "Ancaq meyitin geri gələ bilər bu evə". Bütün bu deyimlər də birbaşa insan şüuruna təsir edir.

Mənə elə gəlir ki, ailə institutu anlayışını bu qədər müqəddəsləşdirməyin adı yoxdur. İnsanlar evlənə də bilər, boşana da bilər. Burda faciəvi heç nə yoxdur. Müasir Avropa ölkələrində evlənmək "dəbdən düşüb", amma adamlar yenə də xoşbəxtdirlər. Orada boşanmaq da faciə sayılmır. Bizdə isə mental dəyərlər adını verdiyimiz yazılmamış qanunlar, qadağalar insanların həyatını kabusa çevirir. Evlənirsən bir dərd, evlənmirsən bir dərd, boşanırsan bir dərd, boşanmırsan bir başqa dərd. Yuxarı tüpürsən bığ, aşağı tüpürsən saqqal... Bacarırsan, gəl, bu vəziyyətdə baş çıxar, sağ qal, salamat qal...

Mediator məsələsinə qayıtsaq... Heç cür yola getməyən, aralarında sevgi, ən əsası, hörmət olmayan cütlükləri mediator barışdırsa nə olacaq axı? Davanın, şiddətin içində böyüyən körpələrin sonu necə olacaq? Cəmiyyətə hansı formada adaptasiya olacaqlar? Bütün bunların cavabını kim verəcək?

Belə bir deyim var, insan yeddisində nədirsə, yetmişində də odur.

Boşanan hər kəs haqlıdır demirəm, amma hər kəsin boşanmaq kimi bir haqqı var.

# 584 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Abdulla:  "Məsələ niyə bu qədər "ciddiləşib", başa düşmürəm" - Açıqlama

Kamal Abdulla: "Məsələ niyə bu qədər "ciddiləşib", başa düşmürəm" - Açıqlama

18:52 18 mart 2025
Filip Kirkorova ağır itki

Filip Kirkorova ağır itki

18:00 18 mart 2025
Bir yerdə qəbrim var, on yerdə sağam - Qorxmaz Şıxalıoğlu

Bir yerdə qəbrim var, on yerdə sağam - Qorxmaz Şıxalıoğlu

17:00 18 mart 2025
Onlara hansı vəzifələr vəd olunur? - Yazıçıları alçaldanların məqsədi

Onlara hansı vəzifələr vəd olunur? - Yazıçıları alçaldanların məqsədi

16:00 18 mart 2025
3500 illik firon məzarı aşkarlandı

3500 illik firon məzarı aşkarlandı

15:30 18 mart 2025
“O vaxt musiqi yox idi, bizi toylara aparırdılar” - Lənkəranlı “Nənələr” necə məşhur oldu?

“O vaxt musiqi yox idi, bizi toylara aparırdılar” - Lənkəranlı “Nənələr” necə məşhur oldu?

14:30 18 mart 2025
# # #