Hacı Zeynalabdinin hədiyyəsini boynunda gəzdirən maarifçi Nazlı xanım - Məcid Rəşadətoğlu

Hacı Zeynalabdinin hədiyyəsini boynunda gəzdirən maarifçi Nazlı xanım - Məcid Rəşadətoğlu
5 sentyabr 2024
# 18:16

Kulis.az Məcid Rəşadətoğlunun Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı olmuş Nazlı Nəcəfovaya həsr etdiyi "Fədakar maarifçimiz – Nazlı xanım Nəcəfova" yazısını təqdim edir.

Tarix boyu Azərbaycan – türk qadını öz fədakarlığı, zəhməti, uzaqgörənliyi və cəsarəti ilə tariximizin şanlı səhifələrinə adını qızıl hərflərlə yazdırmışdır. Dövlətçilik tariximizdə daim siyasi səriştəsi, hərbi bilik və bacarığı ilə tanınan qadınlarımız maarifçilik ideyalarının pərvəriş tapmasında, elmi və mədəni mühitimizin yüksək səviyyədə inkişaf etməsində böyük işlər görmüş, öz əməlləri və xeyirxahlıqları ilə cəmiyyətimizin savadlanmasına xidmət göstərmişlər. Bu fədakar işdə nümunəvi Azərbaycan müəllimlərinin rolu əvəzolunmazdır.

Onlar sırasında naxçıvanlı qadın ziyalılarımızın, o cümlədən Muxtar Respublikada təhsilin inkişaf etməsində fədəkarlıq nümayiş etdirmiş qadın müəllimlərin zəhməti də xüsusi qeyd olunmalıdır. Bu müəllimlərin sırasında Naxçıvanın ilk qadın müəllimləri olmuş F.Hacınskaya, Süsən və Dilbər Sultanova bacıları (Naxçıvanın maarifçi ziyalısı Əbülqasım Sultanovun qızları), X.Səfərəliyeva, X.Cəfərova, Nazlı Tahirova, A.Kələntərli, H.Əlizadə, F.Rəhimova, T.Kazımbəyova, N.Kəngərli, S.Novruzova, X.Mahmudova və başqalarının adlarını qürurla çəkə bilərik.

Naxçıvan elmi və mədəni mühitində iz qoymuş qadın ziya sahiblərimizdən söhbət açılarkən, yadımıza ilk olaraq Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı olmuş Nazlı xanım Nəcəfova (Tahirova) düşür. 87 illik acılı-şirinli xatirələrlə dolu ömrünü maarifə, elmə həsr edən Nazlı xanım 1890-cı ildə ziyalı ailədə dünyaya gəlib. Onun ata tərəfdən iki nümayəndəsi – babası və ulu babası Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşdur. Ana tərəfi isə Naxçıvan tarixində böyük iz qoymuş məşhur Kəngərlilər nəslindəndir…

Nazlı Nəcəfova 1900-cu ildə qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə məşhur xeyriyyəçi, görkəmli milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin açdırdığı qızlar məktəbinin ilk şagirdlərindən olub. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərdən dərs alıb. Məktəbi başa vuranda Hacı Zeynalabdin ona “Qurani Kərim”i avtoqrafla bağışlayıb. Haqqında yazılan məqalələrdən oxuyuruq ki, Hacı Zeynalabdin Tağıyev tərəfindən hər bir məzuna Nikolayın bir ədəd qızıl onluğu da hədiyyə edilib. Sonralar Nazlı xanım həmin qızıl onluğu medalyon kimi düzəltdirib boynunda gəzdirirmiş.

Məktəbi əla qiymətlərlə başa vurub müəllimlik şəhadətnaməsi aldıqdan sonra Nazlı xanım ailəsinin yaşadığı yerə – İrəvana qayıdaraq, burada müəllimlik etməyə başlayıb. 1912-ci ildə Tahirovlar ailəsi İrəvandan Naxçıvana qayıdır və Nazlı xanım yeni açılmış kiçik bir qızlar məktəbində dərs deməyə başlayır. Öncə o, məktəbdə müəllimə, daha sonralar isə pedaqoji məktəbdə direktor vəzifəsində çalışır. Lakin məktəbin fəaliyyəti şəhərin bir çox dindar əhalisi arasında birmənalı qarşılanmır. Bu səbəbdən də Nazlı xanım məvacibinin yarısından çoxunu mühafizəçilərə xərcləməli olur.

Nazlı Nəcəfova dövrünün tanınmış ziyalısı Qəzənfər Musabəyovun həyat yoldaşı olmuş rəfiqəsi, maarifçi Ayna Sultanovanın köməyi ilə Naxçıvanda bir sıra qadın klubları, bunun ardınca isə yerli müəllimlər üçün hazırlıq məktəbində qızlar üçün xüsusi bölmə və qızlar məktəbi təsis edib. Həmçinin Ayna Sultanovanın köməkliyi ilə Ordubadda qızlar məktəbinin açılmasına da nail olub. Nazlı Nəcəfova bir müddət sonra teatr rejissoru Rza Təhmasibin köməyi ilə məktəbdə şagirdlərdən ibarət dram dərnəyi yaradıb. 1921-ci ildə o, Azərbaycanın məşhur dram əsərlərinin əksəriyyətinin tamaşaya qoyulduğu Naxçıvanda ilk özfəaliyyət qızlar teatrının təsis olunmasına müvəffəq olub. Bu o vaxt baş vermişdi ki, cəfəngiyyatın, xurafatın hökm sürdüyü bir məkanda elmi, maarifi yaymağa çalışan Nazlı xanımın evinə şəhərin avara və quldur dəstələri tərəfindən hücumlar olunurdu. Xoşbəxtlikdən Nazlı xanım həmin vaxt, yəni silahlı basqın zamanı Azərbaycan Müəllimlərinin Birinci Qurultayında iştirak etdiyi üçün bu terrordan canını xilas edə bilmişdi…

Nazlı xanımın həyatı və fəaliyyəti haqqında yazılmış məqalələrdən onu da oxuyuruq ki, o, Tiflisdə qardaşının dostu, böyük ədib Mirzə Cəlil Məmmədquluzadə ilə də görüşür. Naxçıvanlı yeniyetmə qızın elmi dünyagörüşü, dərin biliyi və savadı Mirzə Cəlili çox sevindirir. Nazlı xanım həmin görüşdə böyük yazıçının dediyi sözləri həmişə təkrarlayırmış: “Qızım, sən təhsil almısan, qadınların gözünü açmağa çalış, cəsarətli ol, heç nədən qorxma!..”

Nazlı xanımın həyat yoldaşı Nəcəfqulu Nəcəfov isə xanımının maarifçilik ideyalarının yerinə yetirilməsinə daim dəstək göstərib. Sovet dövründə pedaqoji işlə məşğul olan Nazlı xanım 1930-cu illərdə Azərbaycanın bir çox maarifçi ziyalıları kimi repressiyaya məruz qalır, həyat yoldaşı həbs edilir. Təxminən iyirmi ildən sonra gecikmiş bəraətə baxmayaraq, Nazlı xanım bir daha öz həyat yoldaşını görə bilmir. Bütün bu əzab- əziyyətlər bəs etmirmiş kimi, 1942-ci ildə Nazlı Nəcəfova da “xalq düşməninin həyat yoldaşı” kimi Qazaxıstana sürgün edilir. O, Qazaxıstanda olarkən ailəsini saxlamaq üçün fəhlə briqadasında işləməklə yanaşı, özünün pedaqoji fəaliyyətini yenidən bərpa edir. Sonralar Azərbaycana qayıda bilsə də, ona doğma Naxçıvanda qalmağa icazə verilmir. Və o, 1949-cu ildə yenidən sürgün həyatı yaşamağa məcbur edilir. Bu dəfə də Göyçaya sürgün edilən Nazlı xanım 1949-cu ildən 1954-cü ilədək Göyçayın Qaraməryəm və Alpout kəndlərində rus dili müəllimi işləmişdir. Onun qovğalarla dolu sürgün həyatı Stalinin ölümü ilə başa çatmış və o, bundan sonra doğulduğu Naxçıvan şəhərinə qayıdaraq ömürünün sonuna qədər burda qalmışdır. Səmərəli fəaliyyətinə görə o, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 1957-ci il 13 noyabr tarixli Fərmanı ilə “Naxçıvan MSSR-in əməkdar məktəb müəllimi” adına layiq görülmüşdür.

87 illik ömür yolunda, belə demək mümkündürsə, həyatın hər üzünü görmüş – həyat yoldaşını repressiyaya qurban vermiş, sürgün həyatı yaşamış, dəfələrlə ölümünə fərman verilmiş, sözdə dindar olan insanlarla bir mühitdə, bir şəhərdə yaşamış fədakar insan, nümunəvi müəllim olan Nazlı xanım Nəcəfova 1977-ci ildə dünyaya gözlərini yummuşdur. Və doğulduğu Naxçıvan şəhərində də dəfn edilmişdir...

# 578 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #