"Əsli və Kərəm" mənasız və səviyyəsizdir – Vüqar yazır...

Vüqar Babazədə, yazar

Vüqar Babazədə, yazar

12 may 2022
# 15:00

Kulis.az Vüqar Babazadənin Opera Balet Teatrındakı “Əsli və Kərəm” tamaşasından yazdığı yazını təqdim edir.

Gəlin görək Hüseyn Cavid mədəniyyət haqqında nə deyib?

“Türk ordusu daim basaraq ölkələr almış,

Ən sonra siyasətdə basılmış da bunalmış.

İdrakı sönük başçıların qəfləti ancaq

Etmiş, edəcək milləti həp əldə oyuncaq.

Turana qılıncdan daha kəskin ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”.

Hüseyn Cavid açıq şəkildə deyir ki, qılıncdan da kəskin bir qüvvə varsa, o da mədəniyyətdir.

Böyük, köklü millətlər boş yerə mədəniyyət sahəsinə ətək-ətək pul xərcləmirlər. Mədəniyyət xalqın hər şeyidir. Bu sadə həqiqəti bizim xalqımız dərk etmək istəmir. Sərvət neftlə, pulla, qızılla, bitkoinlə olmur, sərvət mədəniyyətlə olur.

Məsələn, Norveçi Knut Hamsunsuz, Amerikanı Dikkensiz, Rusiyanı Tolstoysuz, Almaniyanı Hötesiz, İtaliyanı Da Vincisiz, İspaniyanı Servantessiz, Fransanı Hüqosuz təsəvvür etmək mümkün deyil. Bu millətlər adlarını sadaladığım dahilər olmadan çılpaq, balaca, kiçik görünürlər. Təbii ki, adlar şərtidir, hər kəs öz zövqünə görə seqmentləşdirə bilər. Həmin xalqlar hansısa təbii sərvəti, yaxud başqa şeyləri ilə mədəni olmayıblar. Bir uğurlu film, bir neft quyusundan daha çox fayda verə bilər ölkəyə. Qərəz, bu yazıda başqa bir söhbət edəcəyik. Mədəniyyətin labüdlüyünü və qaçılmaz olduğunu vurğulamaq istədim.

Əslində, hər kəsin bir qarın çörək dalınca qaçdığı, kitab oxumağın, film izləməyin, teatra getməyin bir lüks olduğu, müharibələrin, ekologiya, epidemiya problemlərinin hər bir xalqın qapısının ağzında pusquda durduğu bir vaxtda mədəniyyət söhbətləri etmək də mənasız boşboğazlıqdır.

Dünən Opera və Balet Teatrında “Əsli və Kərəm” tamaşasına getmişdim. Getdim, gördüm, utandım. Mən nə yaxşı kitabı oxumuşdum deyə söhbətdən az-maz xəbərim vardı. Yoxsa ora “Əsli və Kərəm”dən səthi məlumatı olan, yaxud məlumatı olmayan bir adam getsəydi, bu dastan ona çox mənasız, türk seriallarındakı düşük və toksik bir münasibəti olan bir oğlan və bir qız kimi gələrdi. Əgər söhbətdən xəbəri olmayan bir adam tamaşaya baxsaydı, ondan tamaşadan çıxandan sonra nə başa düşdüyünü soruşsaydınız belə cavab verərdi:

“Əslinin “ayağı sürüşkən”dir. Kərəm də patriarxın şıltaq, yekəxana, harın oğludur, ürəyi nə istəsə onu edir, hansı qıza istəsə vurulur, nə arzulayırsa onu yerinə yetirirlər. Axırda da Kərəm yanır”.

Belə bir mənasız, bayağı təqdimat. Əsli Kərəmi yuxuda görür, sonra onu canlı görəndə yadına düşür, ona vurulur, Əslinin atası keşiş baba qızını padşahın oğluna vermir. Qızını da götürüb başqa məmləkətə gedir, Kərəm dinc durmur, gedib onları tapır, keşiş qızını yenə vermir, axırda da Kərəm yanır.

Əslində, klassik bir əsər olaraq olduqca təsirli, dramaturgiyası olan bir dastandır. Halbuki çöldə 2022-ci ildir, mən durub getmişəm Opera və Balet teatrına, “Əsli və Kərəm”ə baxmağa, görürəm ki, çox uğursuz, hər bir detalına qədər pafos, bayağı, səviyyəsizlik olan rekonstruksiya ərsəyə gəlib.

Aktyorlar bir qəpiklik performans göstərə bilmirdilər. Səs yaxşı eşidilmirdi, dayanmadan qışqırırdılar. Adamın əti tökülürdü. İşıqlandırma bərbad, dekorasiya çox uğursuz. Bir sözlə, tamaşa deyil, elə bil İsmayıllının “Bığ” restoranında qırğın meyxana deyişməsinə baxırdım. Əslində, heç onları da imitasiya edə bilmirdilər.

Mən teatrşünas deyiləm, durub teatr barəsində burda resenziya yazası deyiləm. Amma bir tamaşaçı kimi fikirlərimi deyirəm və tamaşadan çıxan bütün dost-tanış da mənim dediklərimi deyirdi. Mən eşitməmişəm, yaxud da yuxulayıb qalmışam. Uşaqlar deyirdilər ki, keşiş orda deyir ki, “əstağfürullah, əstağfürullah”. Bu da ayrı bir ironiyadır.

Bu çox bilinən söhbətdir ki, Əsli, əslində, erməni qızıdır-filan. Sonra təsdiq elədilər ki, yox, Əsli əsl müsəlmandır, azərbaycanlıdır.

Təxminən yadımda qalıb, kitabda bir hissə vardı, keşiş deyir ki, bəs biz xristianıq. Kərəmin də atası deyir, problem yoxdur, sizi müsəlman edərik. Nəsə belə bir şeydir. Multikulturalizm, dinlərə hörmət-filan temaları. Amma heç teatrda bu hissə yox idi. Adam başa düşmürdü ki, keşiş nə üçün qızını padşahın oğluna verməməkdə israr edir. O boyda padşah əmr edir, amma keşiş vermir. Nəsə, süjetin boşluqlarına toxunmayaq. Toxunsaq, gərək bir saat yazam. Ona da hövsələm yoxdur. Həm də siz oxuyan deyilsiniz.

Ayrı vaxt kimi danışdırırsan, kimi dindirirsən durub deyir ki, mən bizim yazıçıların yazdığını oxumuram, bizim ölkədə yazıçı yoxdur, onlar Nobel ala bilmirlər, nə bilim bizi tənqid edirlər ki, siz necə mənasız yazırsınız, bəşəri deyilsiniz. Ay balam, nə istəyirsiniz ədəbiyyatdan? Gedin operadan da istəyin də. Niyə istəmirsiniz? Orda aktyorların ifasına niyə heç kim heç nə demirdi? Nə üçün bir nəfər durub demir ki, bu nə tamaşadır, bu nə performansdır? Gedib, niyə onların yaxasından yapışmırsınız ki, siz niyə yüksək mükafatlar almırsınız? Niyə dünyaya çıxmırsınız?

Opera müqəddəsdir, Kərəm yaxşı yanır deyə, onlarla işiniz yoxdur, gəlib yazıq ədəbiyyatın üstünə düşmüsünüz?

Tamaşaya baxmağa gələnlər də bir ayrı dərddir. Bu haqda yazıb dastan açmaq istəmirəm. Vaxtilə yazmışam, yazıblar, deyiblər. Amma təsir etmir, nə etmək olar. Azərbaycan tamaşaçısının əksəriyyəti mədəniyyətsizdir, vəssalam.

“Əsli və Kərəm” bayağı, şit bir əsər deyil. Aşıq Hüseyin Saraçlının ifasında bir saatlıq versiyası var, adam, həqiqətən, yaxşı mənada təəccüblənir. Bura vurub həmin çıxışın 10 dəqiqəlik qısa versiyasına baxa bilərsiniz, xoşunuza gəlsə tam variantına da baxarsız.

Teatrlar tənqid olunmalıdır, əsərlə danışılmalı, müzakirə edilməli, yaddan çıxmamalıdır. “Əsli və Kərəm”in bu cür uğursuz interpretasiyasını mən hələ heç yerdə görməmişdim. Bir də ki, axı nə qədər olar, Əsli-Kərəm, Leyli-Məcnun, nə bilim Yusif-Züleyxa, Romeo-Cülyetta-zad?

Bəsdirin də!

Bu dastanlar da artıq maraqlı deyil, Əsli və Kərəmi teatrda izləyən bir adam deyər ki, Əsli və Kərəm çox mənasız və səviyyəsiz dastandır. Məndən soruşası olsanız, nə deyim, bilmirəm. Ola da bilər, olmaya da. Kefiniz necə istəyirsə...

# 4437 dəfə oxunub

Oxşar xəbərlər

"Babalarımız bizə türk deməyə tərəddüd edər, dilimizə türk dili deyə bilməz..." - Ərəbistanda əkilən, Azərbaycanda toxunan dil

"Babalarımız bizə türk deməyə tərəddüd edər, dilimizə türk dili deyə bilməz..." - Ərəbistanda əkilən, Azərbaycanda toxunan dil

12:00 8 dekabr 2024
Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirildi

Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirildi

21:57 7 dekabr 2024
Ulucay Akifin yeni kitabının təqdimatı olub - Foto

Ulucay Akifin yeni kitabının təqdimatı olub - Foto

21:49 7 dekabr 2024
Qasım bəy Zakirdən üzü bu yana - Cavanşir Yusifli

Qasım bəy Zakirdən üzü bu yana - Cavanşir Yusifli

15:00 7 dekabr 2024
Rusiya-Amerika münasibətləri ilə bağlı Stiven Siqaldan proqnoz

Rusiya-Amerika münasibətləri ilə bağlı Stiven Siqaldan proqnoz

12:30 7 dekabr 2024
"Tehrana elə bir izahat göndərmişəm ki..." - Axundzadənin Mirzə Yusif xanla yazışmaları

"Tehrana elə bir izahat göndərmişəm ki..." - Axundzadənin Mirzə Yusif xanla yazışmaları

12:00 7 dekabr 2024
# # #