Ən ağıllı qadınlar ərə getməkdən imtina etməyən qadınlardır

Şəhriyar del Gerani, şair

Şəhriyar del Gerani, şair

10 avqust 2022
# 10:40

Kulis.az Şəhriyar Del Geraninin “Ailə institutu və subaylığa dair…” yazısını təqdim edir.

Adam gənc olanda elə bilir hər şey onun bildiyi kimidir. Amma yaşayırsan, görürsən elə deyil. Ərkim çatan yoldaşlara, qohumlara deyirəm, çalışın yaşınız 25-i keçmədən evlənin. Baxıram, nəsə sual dolu susurlar. Başa düşürəm, yaşı otuzu keçmiş və ailə qurmamış bir adamın belə məsləhət verməsi qəribə gəlir onlara. Amma nə etməli? Mən səhv etmişəm, belə alınıb. Ona görə də istəmirəm siz səhv edəsiniz. Əksəriyyətin acığına gəlir. Çox adam məsləhət dinləmir. Deyir, özün belə eləməmisən, mənə niyə məsləhət görürsən? Başa düşmürlər. Başa düşəndə də gec olur.

Vaxtilə yıxılan, qıçını sındırıb qoltuq ağacının ümidinə qalan bir adam kimi deyirsən ki, ay övlad, pilləkənləri qaça-qaça düşmə, ayağın ilişər, yıxılarsan, əzilərsən, qolun-qıçın sınar, nə bilim, onurğan zədələnər, ömür boyu arabada yaşamağa məcbur qalarsan. Dinləmir, qulaq asmır, pilləkənləri qaça-qaça düşür, ayağı ilişir, yıxılır, beli sınır, əlil arabasına təhkim olunur, gedirsən xəstəxanaya baş çəkməyə, məyus-məyus üzünə baxıb belə deyir: Haqlı imişsən. Dostum, lənət olsun belə haqlı olmağa! Daha bunun harası haqlılıq oldu?! O vaxtı haqlı olardım ki, mənə qulaq asardın, şikəst olmazdın, bu fani dünyada dərdimin üstünə dərd gətirməzdin. Sözüm ondadır ki, məsləhətə qulaq asan yoxdur. Özün deyirsən, özün eşidirsən. Yaş otuzu keçəndən sonra çətin olur, çox çətin. Alındıra bilmirsən, gecikirsən həyata. Mənasız görünür çox şey. Onsuz da mənasızdır. Amma bu “onsuz da mənasızdır”ı dərk edənə qədər bir 5 il də keçir, lap mənasızlaşır. Belə-belə ömrü verirsən bada, fərəhsiz taleyinlə qalırsan baş-başa. Ya da baş-ayaq, necə sərf edirsə, elə başa düşün.

Riyaziyyat fənnini tədris edən Nurəddin adlı bir müəllimim vardı, Allah ona uzun ömür və can sağlığı versin. Duanı qəsdən yazdım ki, oxucularımız da təkrar etsin. Baxmayın, hər ağızda bir düşər var. Nurəddin müəllim bir dəfə evliliyə dair maraqlı məntiq hesabı dedi – həyati məntiq, çox xoşuma gəldi. Dedi, əgər evlənəcəksənsə, vaxtında evlən, yox, heç vaxt evlənməyəcəksənsə, bu, başqa məsələ… Çox adama primitiv görünə bilər, amma elə deyil. Ciddi söhbətdir. Əgər primitiv göründüsə, təkrar oxuyun, bir az düşünün. Əksər vaxtlarda tələsirik, oxuyub başa düşmədən keçirik üstündən, yanlış qərarlar veririk. Ona görə də düzgün oxumaq lazımdır. Düzgün oxumaq şərtdir. Həqiqətən də, ağıllı adamlar üçün misilsiz, böyük hikmətlər var bu cümlədə – Əgər evlənəcəksənsə, vaxtında evlən, yox, heç vaxt evlənməyəcəksənsə, bu, başqa məsələ. Bildim ki, təkrar oxumayacaqsınız, özüm təkrar yazdım.

Ailə elə bir şeydir, lap qədimdən belə gəlib, belə də gedəcək – bəşəriyyətin ən müdrik kəşfidir. Alternativ yoxdur. Olsaydı, camaat elə edərdi. Yoxdur. Belə olmalıdır. Bu, belədir. Fərəhli yaşamaq üçün ailə qurmalısan. Etiraf etməkdən qorxmayın, bəli, insan tək yaşayacaq qədər güclü deyil. Tək yaşayan nə qədər adamlar gördük, səfil-sərgərdanlığa düçar oldular. Vaxtında ailə qurmayanda adam çoxlu sayda səhvlər edir. Məxsusən də qadınlar, sonra həmin səhvlər kabus olub izləyir adamı ömür boyu. İstər psixi, istərsə fizioloji tələbatlar vaxtı-vaxtında ödənməlidir. Yoxsa, tamamilə başqa cür neqativ davranışlara, hadisələrə sürükləyir adamı. Bu haqda çoxlu sayda tibbi, psixi analizlər var. Maraqlananlar axtarıb oxusunlar. Hər şeyi biz deyəsi deyilik.

Sözüm ona, insan belə yaradılıb, quruluşu budur. Nə bilim, onsuz da, hərə öz bildiyini edir. Sizə deyim, valideynlərin də günahı çoxdur ailə institutunun zəifləməsində. Azərbaycanlı valideynlər modern ailə institutu modelinə hazır deyildi deyə, belə xaotik vəziyyət yarandı. İstənilən halda maarifləndirmə işləri aparmaq lazımdır. Boşanmış fərdlərlə məşğul olacaq mərkəzlər yaradılmalı, araşdırmalar aparılmalıdır. Bu, çox ciddi məsələdir. Gələcəyə travmalı uşaqlarla getməyin faciəsini hələ 15-20 il sonra görəcəyik. Ailə zarafat söhbət deyil. Ən azı canavarlar qədər ciddi, pinqivinlər qədər intizamlı olmaq lazımdır bu mövzuda. Xahiş edirəm, xüsusi olaraq canavarların və pinqivinlərin haqqında sənədli filmlərə baxın, ailə olmağı öyrənin. Sadəcə heyrətdir, başqa heç nə.

Ailə institutundan danışanda son dövrlər bütün vicdanlı və ləyaqətli adamları narahat edən boşanma hadisələri gəlir ağlımıza. Üzücüdür. Yuxarıda valideynləri qınadıq. Haqsız deyilik. Amma tərəflərdə də günah çoxdur. Əlbəttə, günah keçisi axtarsaq hamını suçlu çıxarmalı olacağıq. Ortada minlərlə körpə var, minlərlə tale var axı... Onlara bu amansız həyatda niyə travma yaşatmalıyıq? Ana var, ata var, amma ailə yoxdur. Çətin məsələdir. İndi durub deyəcəyik, günah qadınlardadır, deyəcəklər, düz demirsiniz. Deyəcəyik, günah kişilərdədir, deyəcəklər, yalan deyirsiniz. Hər halda kimdəsə günah var, özünüzü qoyun ortalıqda qalmış məsum uşaqların yerinə. Axı onlar bir gün soruşacaqlar sizdən niyə belə olduğunu. Olmuş hadisədir, deyir, birinin evinə oğru girir, talayıb çıxır. Ev sahibi qayıdır evinə, görür evi yağmalanıb. Oğrunun kimliyindən şübhələnir, verir məhkəməyə. Oğru da öz növbəsində gedir işə baxan hakimin yanına, babat rüşvət təklif edir, söhbət bağlanır. Hakim çağırır şikayətçini, yəni evi yağmalanan ev sahibini. Soruşur, sənin evində təhlükəsizlik siqnalı varmı? Ev sahibi deyir, cənab hakim, yox. Hakim deyir, bax, günah səndədir ki, o boyda ev tikirsən, içində o qədər qiymətli əşyalar var, amma təhlükəsizlik siqnalı yerləşdirmirsən. Ev yiyəsi razılaşır. Hakim başqa suala keçir, bəs, yaxşı, evini qoruyacaq bağbanmı deyək, qarovulçumu deyək, kimsə varmı? Ev yiyəsi cavab verir, cənab hakim, xeyr, yoxdur. Hakim deyir, bax, günahkarın yekəsi elə özünsən. O boyda ev-eşiyə qarovul çəkən bir nəfərin də yoxdur, çıxıb gedirsən, ev-eşik qalır yiyəsiz. Ev sahibi razılaşır. Hakim üçüncü sualı verir: Yaxşı, heç olmasa həyət-bacada bir itdən-pişikdən də yoxundurmu? Ev yiyəsi söhbəti tutur. Deyir, cənab hakim, çox utanıram, həqiqətən də, nə təhlükəsizlik siqnalı varımdı evdə, nə qarovulçum, nə də həyətdə itim. Haqlısınız, qələt eləmişəm, başımı daşdan-daşa döymüşəm, günahkaram. Hər şey bir yana, amma xahiş edirəm deyin, aramızda qalacaq. Deyin görüm, oğruda heçmi günah yoxdur?

İndi, hər şey bir yana, doğrudan, boşanan qadında, boşanan kişidə heçmi günah yoxdur? Başa düşürük, həyatdır, taledir, qismətdir, gözlənilməz hadisələr baş verə bilir. Gəl ki, gözlənilməz hadisələr təsadüfən baş verər, əlli ildə bir dəfə, ya iki. Hər iki evlilikdən birində baş verməz ki…

Əlbəttə, düşünmürük bir köşəylə bu məsələni kökündən həll edəcəyik. O qədər sadəlövh deyilik. Sadəcə, biz də öz münasibətimizi bildiririk. Biz həkim deyilik, müalicə edib sağaltmaq bizlik deyil. Biz ağrıyıq. Problem olan yerləri nişan veririk ki, müvafiq orqanlar, təşkilatlar, institutlar faciənin miqyasını başa düşsünlər, hərəkətə keçsinlər, müayinə və müalicə işini görsünlər, cəmiyyəti sağaltsınlar. Ən azı cəhd etsinlər.

Keçənlərdə dövrümüzün böyük filosoflarından olan dostum Müşfiq Ötgünün bir gileyinə rast gəldim, tamamilə haqlı olduğunu da düşünürəm. Gileylənirdi ki, çox nahaq yerə tənhalığı təbliğ edirlər. “İnsanın bir dəyəri olmalıdır!”, “Qadının dəyəri özündədir!” və s. Yoxdur insanın təkbaşına bir dəyəri. Qadın kişisiz və uşaqsız özünü tam hiss etmir, edə bilmir. Ömrü boyu özü özünə yetərli olduğunu sübut etməklə məşğul ola bilir ən yaxşı halda. Kişi də qadınsız, yazıq bir mənzərədir. Yetimdir qadınsız kişi. “Subaylıq sultanlıqdır” deyib təskinlik edir özünə.

Ən ağıllı qadınlar ərə getmək, uşaq doğmaq arzusundan imtina etməyən qadınlardır. Ən ağıllı kişi də bir qadına yuva yaratmaq və cəfakeş ata olmaq arzusu ilə yaşayan kişidir. Qalanları oyundur, pozadır, yanlışlıqdır, rəzalətdir.

Haqlı idi. Bu fani dünyada ən gözəl və ən həqiqi aldanışlardan biridir ailə aldanışı. İnsan necəsə özünü aldadıb yaşamağı bacarmalıdır. Saxta, diletant, heç bir ciddi məntiqi olmayan puç təsirlərə məruz qalmaqdan qorunmaq lazımdır. Bunun üçün də ən doğru seçim gənc yaşda ailə qurmaqdır, ən uzağı 25-ə qədər. Cəmiyyətdə ən çox rastlanan fikirlərdən biri də budur, “Evlənmək lazımdır deyə evlənmək lazım deyil. Yalnız o halda və o kəslə evlən ki, onsuz yaşamaq mümkün olmasın. 20-25-30-35… belə bir resept yoxdur…” Tam məsuliyyətlə deyə bilərik, kökündən yanlış fikirdir. Ağıllı ağılsızlıq – rasionalizm yayırlar onlar. Biz isə ağılsız ağıl – irrasionalizm yayırıq. Babalarımız da ağılsız ağıl tərəfdarı olublar. Çünki ağıllı ağılsızlıqla bir yerə varmağın mümkün olmadığını yaxşı bilirdilər. “Ağıllı fikirləşincə, dəli vurub çayı keçdi” misalında olduğu kimi. Evlənmək üçün rasional əsas lazımdır, əlbəttə. Amma evlənmək eşq üzərində olduğu üçün insandan ağılsızlıq, dəlilik tələb edir. Həyat ağılın kontrolu ilə gerçəkləşən hadisə deyil. Dalğa gəldisə, min get, sabahı çox da düşünmə. Sabah özü özünü düşünəcək. Çox düşünən, daşınan adamlar yaşlanır və sonunda heç evlənə də bilmirlər. Az görmədik. Ağılsız ağıllı olun. Ağıllı ağılsız olmayın. Unutmayaq ki, bəzən ən yaxınında olan xoşbəxtliyi görmək üçün uzun bir səyahətə çıxmaq gərəkdir. Dağların əzəməti dibində dayanarkən görünməz, gərək uzaqdan baxasan. Uzaqdan baxmağa gedəndə də gec olur çox vaxt. Ağıllı, təcrübəli adamlara qulaq asmaqda fayda var. Ona görə də sizə deyiləndə ki, bu dağ əzəmətlidir, inanın. Onsuz da, gedib uzaqdan görəcəksiniz, bu dağ, həqiqətən də, əzəmətli imiş.

“TRT Belgesel”də bir film-proqram var, tapıb baxın – “Tam o yaştayım” adlanır. Yalnız qalan yaşlılardan bəhs edir. Biri Amani adında qadındır, Vyanada doğulub 1930-da, hazırda İngiltərədə yaşayır. İngiltərədə yaşlılıqdan zillət çəkən, qocalıqda tənha qalmış rəsmən bir milyon yüz min (1.1 mln) insandan biridir. Qorxuducu rəqəmdir. Deyəndə də acığınıza gəlir. Amani ailə qurub, üç övladı var, əri öləndən sonra yataq xəstəsi olan qızıyla baş-başa yaşayır. Digər iki övladı atıb gediblər. Niyə? Çünki modern Avropa “dəyərləri” bunu diktə edir. Amani də düzgün tərbiyə verməyib övladlarına. Ən azı özündə olan sədaqətin bir faizini ötürə bilməyib. Bəli, bu, taledir. Mütləq baxın, hər şeyi biz deyəsi deyilik. Digəri isə Madriddə yaşayan 92 yaşlı bir kişi idi. Adını unutmuşam. Onun da travması var, uşaqlıqda infeksion xəstəliyə yoluxub, adamlar yoluxmasınlar deyə bundan uzaq durublar, o da dinə tapınıb, katolikliyi seçib, ailə qurmayıb, rahib həyatı yaşayır. Onun da öz faciəsi var. Bunları izləyəndən sonra xeyli suallara aydınlıq gələcək beyninizdə. Xeyli suallara aydınlıq gələndən sonra bu məqaləmiz də öz yerini tapacaq fikrinizdə, qəlbinizdə. Bəli, tale deyilən bir nəsnə də var, danmırıq. Amma ağıllı adamlar taleyini yönəldə də bilirlər. Ağıl bunun üçün işə yarayır. Ən yaxşı ehtimalı düşünüb ailə qurmaq lazımdır ki, ən azı qocalanda tənha qalmayasan, başını qatmağa, bu fərəhsiz dünyada özünü ovutmağa bir kimsən olsun./oxu.az/

# 2879 dəfə oxunub

Oxşar xəbərlər

# # #