Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar

Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
16 fevral 2022
# 21:00

Bu gün şair, qəzəlxan, füzulişünas alim, tərcüməçi, tibb xidməti polkovniki Həkim Qəninin doğum günüdür. Kulis.az bu münasibətlə onunla bağlı maraqlı faktları təqdim edir.

Hüseynov Qəni Hüseynqulu oğlu 16 fevral 1918-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Tibb İnstitutunda alıb. İkinci Dünya Müharibəsinin iştirakçısı olub, müharibədə hərbi həkim kimi fəaliyyət göstərib. 1967-ci ildə ordudan tərxis olunandan sonra Mirqasımov adına Mərkəzi Xəstəxananın nevropotologiya şöbəsinə rəhbərlik edib. Uzun illər Azərbaycanın baş nevropotoloqu olub. Şair Əliağa Vahidin şəxsi həkimi və yaxın dostu imiş.

***

Həkim Qəninin çox intensiv və məhsuldar ədəbi fəaliyyəti olub. Əruz və heca vəznində yazılmış müxtəlif məzmunlu poetik nümunələr, bir çox mənzum pyeslər, həmçinin nəsrlə qələmə alınmış dram əsərləri və digər əsərlər hələ müəllifin sağlığında ayrıca nəşrlər kimi ictimaiyyətə təqdim edilib və oxucu rəğbəti qazanıb. Bununla belə, müəllifin indiyə kimi işıq üzü görməmiş bir xeyli əlyazmaları var.

***

O, bütün yaradıcılığı boyu Məhəmməd Füzuli, Əliağa Vahid yaradıcılığının tərənnümçülərindən biri kimi tanınıb və inanılmaz hafizəsinin hesabına onları təbliğ edib.

Gallery

Həkim Qəni Tibb İnstitutunu bitirdiyi il müharibə başlayır, cəbhəyə aparılır. O həm də Zaqafqaziya Hərbi Dairəsində əsgərlərimizə ilk tibbi yardım göstərməyi öyrətməklə məşğul olur. Belə dərslərin birində gənc Qəni poliqondan acıqlı səs eşidir. Zabit Qubenko bir əsgərə xitabən deyir:

- Vışe noqi, ya tebe qovoryu, vışe noqi! (Ayağını yuxarı qaldır – red.)

Həmin an ikinci mərtəbədən baxan həkim tanış səs eşidib məəttəl qalmışdı:

"Ayə, sənə deyirəm, ayağım iflicdir, bunnan artıq "vışe" olmur!"

Onda Həkim Qəni gözlərinə inanmayıb aşağı enmişdi. Demə, zabit Qubenko başında "pilotka"sı əyilmiş, ayaqlarında dolaqları açılmış Əliağa Vahidə piyadalar üçün məşğələ keçirmiş. Həkim cəld Vahidə tərəf gedib, uzaqdan dostunu görən şair cərgədən çıxıb, qayda-qanunu pozaraq, sağında və solunda dayanan əsgərləri itələyərək irəli qaçıb. Nə baş verdiyini anlamayan zabit Qubenko əsgərə baxıb, "sıravi, hara gedirsən?" deyə təəccüblə soruşub. Sıravi isə elə bil sualı eşitməyib, heç nə görmürmüş kimi, avazla şeir söyləyib:

Yoxdu bir kafər ki burada Şümrə tapşırsın məni,

Bu biyabanda... az dolaşdırsın məni.

Vahid Qənini bağrına basıb deyir ki, özünü öldür, məni burdan qurtar.

Həkim Qəni general rütbəsində olan hərbi məsləhətçinin yanına gedib, ona “bizim şairimiz təsadüfən buraya düşüb, ona kömək etməliyəm, yoxsa xalqın üzünə baxa bilmərəm” deyə müraciət edir. Hərbi məsləhətçi də zabit Qubenkonu çağırıb soruşur ki, səndə şair İsgəndərov Əliağa adlı əsgər varmı? Bunu eşidən Qubenko özündən çıxıb, cavab verir ki, şair nədir? Bu adam heç atasının adını yaza bilmir.

Bu zaman Həkim Qəni söhbətə qarışıb soruşur:

-Taras Şevçenko kimdir?

Qubenko:

- Taras Şevçenko Ukraynanın xalq şairidir.

Qəni:

- Siz bilən, Taras Şevçenko atasının adını azərbaycanca yaza bilərdi?

Həkimin hazırcavablığı generalın xoşuna gəlir. Qubenkonu yola salıb Qəniyə deyir ki, get, Vahidi tibbi komissiyadan keçir. Hərbi qulluğa yararsız olsa, tərxis edilməsinə sərəncam verərəm. Hərbi qulluqda da belə bir qayda var idi ki, əsgərdə üç xəstəliyin əlamətləri təsdiq edilsə, o zaman həmin əsgər hərbi mükəlləfiyyətdən azad olunmalı idi. O gecə həkim yatmayıb, Vahidin daşıdığı xəstəliklərdən 11-in adını yazıb komissiyaya təqdim etmək üçün məlumat hazırlayır. Hər halda, 11 xəstəlikdən, heç olmasa, 8-i məqbul hesab edilməli idi. İş elə gətirir ki, komissiya Vahidin xəstəliklərinin 11-ni də təsdiq edir, general da sözünün üstündə durur. Beləliklə, Vahid cəbhədən azad olub Bakıya qayıdır. Onunla çağırışa gedənlərin çoxu müharibədə həlak olur.

Gallery

Sonralar Həkim Qəni bu əhvalatı xatırladaq fəxrlə hər yerdə deyirdi: “Əlağa Vahidin həkimi olmuşam, onu müharibədən xəstə olduğuna görə mən azad etmişəm, faktiki ölümdən qurtarmışam.”

***

Bir dəfə gənc şairlərdən birinin qadınlarla ifrat meyl etdiyini müşahidə edib zarafatla ona deyir:

- Yadda saxla, kişidə o atəşlər ki var, hamısı saynandır, tapança patronu kimi – əlini irəli uzadıb şəhadət barmağının ucunu göstərərək əlavə edir – belə-belə, bir-bir atılır, bir gün qurtarır – boğazını arıtlayıb gülümsünür – elə et ki, qocalığa da bir şey qalsın!

***

Həkim Qəni özü də qadınlara laqeyd deyildi. Həyat yoldaşı dünyasını dəyişəndən sonra özündən xeyli gənc olan rəssam bir xanımla evlənmişdi. Onlar həyatı gənc cütlüklər kimi doya-doya və ürəklə yaşayırdılar.

***

Həkim Qəni məşhur şair Hacı Mailin ölümündən sonra “Vahid” məclisinin rəhbəri olub. Məclis hər bazar günü saat 11-də Vahid Poeziya Evində keçirilirdi və ora çoxlu şair-yazıçı gəlirdi.

Gallery

Bir dəfə şair Rövşən Naziroğlu “Vahid” məclisinəki mühafizəkar qocalara ironik bir şeri yazır. Şeirin yazılması bir yana, hakim partiyanın qəzeti olan “Yeni Azərbaycan”ın “Ədəbiyyat” əlavəsində çap olunur. Həkim Qəni necə əsəbiləşirsə, bir gecəyə Rövşənə cavab yazır. Şeir açıq təhqirlərlə dolu həcv imiş. Ona görə heç bir qəzetdə çap eləmir, Rövşənə oxumaqla kifayətlənir.

***

Əruzçularla hecaçıların əzəli-əbədi davasında Həkim Qəni hər iki janrda yazan şair kimi barışdırıcı mövqe tuturdu. Başqa əruzçular heca şairlərinə, xüsusən, bu vəzni populyarlaşdıran Səməd Vurğuna çox qəzəbli idilər. Hətta bir dəfə Səməd Vurğunun üstündə mübahisə düşmüş, yaşlılar birləşərək onu çox tərifləyən gəncləri polislə hədələyib məclisdən qovmuşdular.

***

Bir dəfə isə mərhum şair Böyükxan Pərvizlə qırğına çıxırlar. Bu vaxt yaxında oturan şairə Nəcibə Nəcib nəvazişlə Böyükxan Pərvizin qolundan tutur:

- Oğlum, Həkim Qəni yaşlı adamdı, nə düşmüsən üstünə?

Böyükxan Pərviz cavab verir:

- Nəcibə xanım, o, elə adamdır ki, üstünə düşməsəm altına düşə bilərəm!

***

Şair Qəşəm Nəcəfzadə xatirələrinin birində deyir: Bir dəfə necə oldusa, Həkim Qəni heca şairlərinin üstə qışqırdı. Gördü, mən pis oluram. Yavaşca qulağma dedi ki, Qəşəm, ürəyinə başqa fikir gəlməsin, mən əruzla heca arasında kontakt yaradıram!

Gallery

Onun söhbətləri çox maraqlı olduğundan məclis vaxtı Arif Babayev, Canəli Əkbərov, Əlibaba Məmmədov, Habil Əliyev, tarçılar, nağaraçılar, zurnaçılar kənarda əyləşib böyük maraqla qulaq asardılar. Əruzu yaxşı bildiyi üçün hərdən Əlibaba Məmmədov ona söz atardı, Həkim də qayıdardı, nə qayıdardı, izahı izah gətirərdi... Yenə bir deməzdi, beş deməzdi...

***

Həkim Qəni 10 iyun 2008-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və öz vəsiyyətinə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn edilmişdi. Ailə üzvləri onun nəşinin Vahid Poeziya Evindən götürülməsini arzulasalar da buna nail ola bilməyiblər.

# 9532 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #