Ələkbər Tağıyevin oğlu: “Ölümündən qabaq mənə pul verib dedi ki...” – Müsahibə

Xaliq Tağıyev

Xaliq Tağıyev

28 aprel 2023
# 15:00

Bu gün bəstəkar Ələkbər Tağıyevin doğum günüdür. Kulis.az bu münasibətlə "Atamın xatirəsi" layihəsində onun Oğlu Xaliq Tağıyevlə müsahibəni təqdim edir.

– Müstəntiq və bəstəkar – iki fərqli sahədə çalışmaq ona çətin deyildi?

– Ələkbər Tağıyev adi adam deyildi. Hüquqşünas, müstəntiq idi. O, açılmayan cinayət işlərini açırdı. Mən özüm də hüquqşünasam. İyirmi ildən artıq hüquq sistemində işləmişəm. Ancaq atama çatmaq qeyri-mümkündür. Bəstəkarlıq isə Allah vergisi idi.

– Atanız ilk mahnısını nə vaxt yazıb?

– Böyük oğlu Akifin vaxtsız vəfatı atama çox pis təsir edir, heç cür özünə gələ bilmirdi. Həmin vaxt iki övladı olsa da, yenə Akifi istəyirdi. Elə olur ki, sonradan bir bacım da doğulur, atam onun adını Akifə qoyur. Sonra bir bacım daha olur, onun da adını Arifə qoyur. Bir sözlə, illər keçsə də, Akiflə yaşayır. Vəziyyəti belə görən nənəm də deyir ki, gəl İmamzadəyə gedib, Qurani-kərimə müraciət edək. Görək sənin taleyində oğul övladı var, ya yox. Atam razılaşır. Orada atama deyirlər ki, sənin oğlun olacaq, adı da Əbdülxaliq. Amma Əbdülü çıxmaq şərti ilə Xaliq qalmalıdır. Sən bu uşaqdan sonra vergili olacaqsan.

Beləcə, 1958-ci ildə mən doğuluram, üstündən qırx gün keçəndən sonra atam Göygöldə ilk mahnısı olan “Qonşu qız”ı bəstələyir. Mahnını əvvəlcə dostları Əhməd Bakıxanova və Qəmbər Hüseynliyə göstərir. Onların xeyir-duasını alandan sonra Zeynəb Xanlarova ilə işbirliyi başlayır.

– Onlar əvvəlcədən tanış idilər?

– Düzünü desəm, onu dəqiq deyə bilməyəcəyəm. Deyəsən, Əhməd Bakıxanovun vasitəsilə tanış olublar.

– Bayaq Allah vergisindən danışdınız. Atanız dindar insan idi?

– Gözümü açandan atamı dua edən görmüşəm. Bir də siz onun adına fikir verin - Ələkbər. O, allah adamı idi, seyid nəslindən idi. Münəvvər nənəm seyid olub, öz atasının adını da oğluna qoyub. Atam çox kasıb ailədə böyüyüb, özləri də beş qardaş bir bacı olublar. O, erkən yaşlarından ailəni dolandırmaq üçün işləyib. Hətta kargüzarlığa yaşı çatmadığı üçün yaşını iki il böyüdüb.

– Buna baxmayaraq elə o çətin vəziyyətində özü də on səkkiz yaşında ananızla evlənib.

– Anam çox gözəl qadın olub(gülümsəyir). Onlar evlənəndə toy etməyə də imkan yox imiş. Bütün çətinliklərə rəğmən öz savadı ilə hüquq fakültəsini bitirib. Sonra Göyçayda müstəntiq işləməyə başlayıb, beləcə prokurorluğa qədər gəlib. Otuz il hüquq sahəsində çalışıb. 1958-ci ildə mahnı yazmağa başladıqdan sonra isə artıq işləyə bilmədi. Bir tərəfdə müstəntiq, prokuror digər tərəfdən də musiqi. Ona görə də bir müddət sonra işindən ayrılaraq özünü musiqiyə həsr etdi.

– Musiqi təhsili olmadan belə gözəl mahnılar yazmaq...

– Atam musiqini sevən adam olub. Gənc yaşlarından nağarada, klarnetdə ifa etməyi öyrənmişdi. Bəstəkarlığa başlayandan sonra isə Asəf Zeynallı adına ikiillik bəstəkarlıq kursunu bitirib.

– Sizcə, niyə onu Bəstəkarlar İttifaqına qəbul etməmişdilər?

– Paxıllıq. Arxadan vurulan zərbələr. O vaxt atamı Bəstəkarlıq İttifaqına üzv seçmədilər, amma həyat elə gətirdi ki, 1976-cı ildə SSRİ musiqi fondunun üzvü seçildi. İndi də atamın bütün mahnıları həmin fondda saxlanılır.

– Bir çoxlarının xalq mahnısı kimi bildiyi mahnılar var ki, müəllifi Ələkbər Tağıyevdir. Bunun belə olmasını özü istəyirdi yoxsa?

– Bilirsiniz, elə olurdu ki, atam bir gündə bir neçə mahnı yazırdı. Bədii şura yorulmuşdu ki, nə qədər Ələkbər Tağıyev olar. Ona görə də atam bəzi mahnılarını xalq mahnısı kimi təqdim edirdi ki, təki mahnı ifa olunsun. “Araxçının məndədir”, “Endim bulaq başına” “İstəyirəm, görəm səni”, “Qadan mən alım” belə mahnılardandır.

Onsuz da hansı adla təqdim olunmağından asılı olmayaraq təxmin edirdilər ki, Zeynəb Xanlarova oxuyursa, deməli, bu, Ələkbərin ola bilər. Bir də tərz məsələsi var. Ən əsası atam hüquqşünas idi. O, hər şeyi düşünür, prosesi bilir, və mahnıları qeydiyyatdan keçirib, şəhadətnamə alırdı.

O vaxt atam zarafatca deyirdi ki, “Köpək oğlu, vaxt gələcək, mən olmayacayam ancaq sən yenə mənim pulumla yaşayacaqsan”. Bu gün həqiqətən də elədir. Mən indi də xaricdən onun qonorarlarını alıram.

– Bildiyim qədəri ilə Ələkbər Tağıyevin mahnılarının üzərindən anonim adını götürmək üçün xeyli iş görmüsünüz.

– Hələ atam sağ olanda mahnıları Türkiyədə anonim adı ilə ifa olunurdu. Çünki SSRİ dövrü olduğu üçün Türkiyə ilə sıx əlaqələr yox idi. Zeynəb xanım qastrollarda olanda atamın mahnılarını oxuyurdu və mahnıları onda eşidirdilər. “Mavi boncuk” mahnısı bilirsiniz ki, atamın Mikayıl Müşfiqin sözlərinə yazdığı “Sənə qurban” mahnısıdır. O vaxt film çəkiləndə orada atamın adı yox idi. Müstəqillik dövründə məhkəməyə müraciət edib, hamısını sübut etdim. Ümumiyyətlə, bu mahnı bir çox ölkələrdə məşhurdur. Hətta bir neçə il öncə Suriyada etirazlar zamanı insanlar mahnının sözlərini dəyişərək meydanlarda oxuyurdu.

Bu gün məndə olan səs yazılarında atamın 2000-dən çox melodiyası var. Hazırda mənə çox çətindir. Bacımın rəhmətə getməyi mənim əl-qolumu lap sındırdı. Biz bacımla işləyir, hətta həmin melodiyalar əsasında bir neçə mahnı da ərsəyə gətirmişdik. Bilirsiniz, o notları indi hər adama göstərə bilmirəm. Nə yalan deyim, oğurluqdan ehtiyat edirəm.

– O mahnılar necə yazılırdı?

– Atam sübh çağı oyanardı və səhər yeməyinə qədər azı beş-on melodiya yaranardı. Həmin melodiyaları da mütləq kasetə yazırdı. O vaxt yapon maqnitofonları hər adamda yox idi. Atam harada olur olsun, həmin maqnitofon onunla olmalı idi. Mahnılarının ilk dinləyiciləri ailəsi - biz olurduq. Böyük bacım atamın sağ əli idi. O, konservatoriyanı bitirmişdi. Atam demokrat adam idi, fərqli fikirlərə hörmətlə yanaşırdı. Bu gün tez-tez aranjeman belə gəldi, aranjeman belə getdi deyirlər. Atamın mahnılarına heç indi də aranjeman lazım deyil, necə var elə də səslənir.

– Bilirik ki, atanız “Sən gəlməz oldun” mahnısını qardaşı oğlunun, xanımının vaxtsız vəfatından təsirlənərək yazıb. Ümumiyyətlə, Ələkbər Tağıyevin istər şən istərsə də, kədərli musiqilərinin sözlə xüsusi bir tandemi var. Onun şeirə yanaşması ilə bağlı xatırladığınız məqamlar varmı?

– Atam şeiri çox yaxşı anlayırdı. Elə mahnılar vardı ki, həm şeirini , həm də musiqisini özü yazırdı. O, bilirdi hansı mahnının nə qədər ömrü var. “Gözləyəcəm” mahnısı haqqında Nisə xanıma demişdi ki, əlli il də keçsə, bu mahnı oxunacaq. Həmçinin “Sən gəlməz oldun” haqqında da belə deyirdi. Cabir Novruzun “Ey həyat, sən nə qəribəsən” şeiri haqqında danışarkən həmişə deyirdi ki, heyif o sözlərə mən mahnı yazmadım. O vaxt artıq Oqtay Kazımov həmin şeirə mahnı yazmışdı. Bu arada Oqtay Kazımovla atamın çox yaxşı münasibətləri var idi.

– Bəs sizə mahnı ithaf edib?

– “Eşqimi sönməyə qoymaram”. O mahnı mənə və yoldaşıma həsr olunub, özü də bizim nişan günümüzdə həmin mahnını yazıb. Sözləri Hafiz Baxışındır. İlk ifaçısı Nisə Qasımova olub.

– Səhv etmirəmsə, atanız sizi də özü kimi tez evləndirib.

– Hə, artıq 18 yaşımda atam məni evləndirmişdi. Onda bütün bacı-qardaşlarım evli idi, bir mən subay idim. O vaxt onun ürəyində ağrılar vardı. Ona görə tez-tez deyirdi ki, sənin toyunu görmək istəyirəm. Yoldaşımla 47 ildir ki, evliyik. Üç uşağımız, dörd nəvəmiz var.

Atam qızları ilə pərdəli olsa da, oğlanları ilə çox açıq idi. Ailə dəyərlərinə bağlı böyümüşdük. Özü də bunu bilirdi. Hətta bir dəfə yoldaşımı çağırıb demişdi ki, Xaliq mənim oğlumdursa, o ailəsini heç nəyə dəyişə bilməz. Ona görə də dözümlü ol, hər şey səbirlə həll olunur. Utanma, aldanma, inanma, təəssüflənmə, heyfislənmə, təəccüblənmə. Bu sözlər onun həyat devizi idi, bizə də tez-tez deyirdi.

Maraqlı xüsusiyyətləri çox idi. Məsələn, o, gözəgörünməz adam idi. Ölənə qədər xalq onu tanımırdı, sadəcə adını eşidirdi. Ekranda üzü yalnız özü rəhmətə gedəndən sonra görünüb.

– Dəqiq harada gördüyümü xatırlamasam da, bir-iki arxiv kadrlarını görmüşəm.

– Ola bilər, olsa da çox az olar. O vaxt “Mosfilm” kinostudiyası atam haqqında otuz-qırx dəqiqəlik sənədli film çəkmişdi. Yalnız bir dəfə onda görünüb. O da SSRİ-dən gəlmiş sifariş olduğu üçün razılıq vermişdi. Yəqin o kadrları görmüsünüz.

– Şəkillərdə gördüyümüz qədəri ilə özünə çox fikir verən insan olub.

– Hə, özünə, geyimlərinə xüsusi fikir verir, yalnız axırıncı sifarişlə geyinirdi.

– Bəs ananız onu heç qısqanmırdı?

– İndi də anamın sözləri yadımdadır: “Təki Ələkbərə yaxşı olsun”. Anam çox gözəl bilirdi ki, Ələkbər istədiyini eləməsə, o cür mahnılar da yaza bilməz. Əsas odur o bilirdi ki, Ələkbər ailəsinə çox bağlıdır və ailə onun üçün müqəddəsdir. Atam həm də kaprizli adam idi. Yemək-içməyi, səliqəsi vaxtında olmalı idi.

– Dolanışığınız necə idi?

– Camaatın burada dolları olmayanda atamın xaricdən gələn qonorarları dollarla, xarici pullarla idi. Yadımdadır, bizə həmişə çeklər verib deyirdi ki, özünüzə nə istəyirsinizsə, alın. Biz də gedirdik alırdıq, geyinib-keçinirdik. Əliaçıq adam idi. Atamın yaxın dostu, Hafiz Baxış danışırdı ki, bir dəfə Yurmaladan qayıdanda iki azərbaycanlı əsgərlə rastlaşırlar. Atam onlarla tanış olanda məlum olur ki, əsgərlər məzuniyyətə qayıdır. Atamın - “Bəs ata-ananızın yanına əliboş gedirsiniz”, - sualına əsgərlər nə hədiyyə biz əsgər adamıq, bileti güclə almışıq - cavabını verirlər. Atam da hər ikisinə pul verib deyir ki, gedin, bu pulla evdəkilərə hədiyyə alın. Hafiz müəllim danışırdı ki, həmin əsgərlərdən birini atamın dəfn mərasimində görüb. Sən demə, əsgər ona pul verənin Ələkbər Tağıyev olduğunu sonradan bilib.

– Ölüm gününü necə xatırlayırsınız?

– (Fikrə gedir) 57 yaşında rəhmətə getdi. Ürəkdən... Nardaranda bağımız var. Atam hələ sağlığında Maştağada “Seyidlər” qəbiristanlığında özünə yer götürmüşdü. Deyirdi ki, balalarım məni unutmasın, bağa gedəndə məni də ziyarət eləsin. İndi o bağda qardaşım oğlu Ələkbər Tağıyev öz ailəsi ilə yaşayır. Sağlığında demişdi ki, bu bağ Ələkbərindi. Bizim bağa gedən yol da yalnız atamın olduğu qəbiristanlıqdan keçir.

O, gülü-çiçəyi sevirdi, bağda 300-dən çox gülləri vardı. Elə aprel ayı idi, bağı yaya hazırlayırdı. Həmin gün əkmək üçün yeni şitillər gəlmişdi. Özünü pis hiss etdiyi üçün anam demişdi ki, bəlkə bu gün getməyəsən, özünü pis hiss edirsən. Atam da cavab vermişdi ki, bu şitillərin nə ömrü var ki, bir gününü də mən alım. Elə olur ki, ürəyi tutur, həmin gün bağa gedə bilmir. Dərhal təcili yardım çağırılır. Ancaq o, həkimlərə deyir mənə əl vurmayın. Hamı başının üstündə idi, bircə mən otağa girə bilmirdim, başımı tutub oturmuşdum mətbəxdə. Eləcə səs gözləyirdim desinlər ki, artıq yaxşıdır. Həmin vaxt atam hamının otaqdan çıxmasını təkcə böyük qardaşım Namiqin qalmağını istəyib. Namiqə vəsiyyət edib, ailəni ona tapşırıb, sonra deyib ki, otağı tərk edərsən, kəlmeyi-şəhadətimi deyəcəm. Atam 16 apreldə saat dördə yaxın rəhmətə gedib. Vəfat edəndə artıq hamımızı yer-yataq eləmişdi. Hətta ölümündən bir neçə il öncə mənə pul verib dedi ki, al bu pulu bununla on il yaşaya bilərsən. Belə hazırlıqlı adam idi...

– Bilirəm ki, Ələkbər Tağıyevin gördüyü haqsızlıqlar haqqında deyiləcək çox sözünüz var...

– Bəli, deyiləsi çox söz var. Ancaq bu gün o sirləri açmağın vaxtı deyil. Bir gün bütün deyilməli olanları deyəcəyəm. Amma bu gün yox...

# 33592 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #