Əjdər Ol: “Mənəviyyatı zəngin adam niyə çörək tapmasın?” - Müsahibə

Əjdər Ol

Əjdər Ol

18 aprel 2022
# 21:00

Kulis.Az Şərif Ağayarın şair Əjdər Olla söhbətini təqdim edir.

- Gəlin, söhbətə yaradıcılıqdan başlayaq. Eşitdiyim qədərilə, roman yazırsınız...

- Yaradıcılıq sirdir. Sirri açanda da olur söz-söhbət. Gərək vaxtında bu sirri açmayaydım (gülür). Madam ki, açmışam, bir-iki kəlmə deməliyəm. Çoxdan başlamışam bu kitabı yazmağa. Mənim aləmimdə böyük əsər yazmaq qələm adamının həyatında bir mərhələdir. Gəlib-gəlib ora çıxırsan. Hekayələr çox yazmışam, bu məlumdur. Sadəcə olaraq bir epoxanı romanda göstərmək fikrinə düşdüm. Ötən əsrdə Azərbaycan xalqının həyatında ən böyük hadisə baş verdi. Hər bir millətin həyatında böyük hadisələr olur və bu hadisələr xalqların xarakterlərinin açılmasında, komplekslərdən azad olmasında böyük rol oynayır. Səksəninci illərin sonu, doxsanıncı illərin əvvəllərində biz təlatümlü hadisələrin içinə düşdük. Yeni dövrdə, yeni zamanda biz özümüzü necə göstərdik? Mən çalışdım bu olmuşların müəyyən bir bədii nəticəsini çıxardım. Ailələrin, insanların taleyində. Böyük hadisələrin dalğası insanların evlərinin, ailələrinin içinə qədər gəlib çıxır.

- Dövrün gerçəkliklərini ailə modelində açan yazıçılar çox olub...

- Məsələnin nəzəri tərəfini demirəm hələ, həyati tərəfindən danışıram. Tarix boyu dünya müharibələri çox olub. Sadəcə Birinci Dünya müharibəsini o zamankı mətbuat belə təsnifatlaşdırdı və qəbul etdirdi. Sonra İkinci Dünya müharibəsi gəldi. Amma tarixdə belə böyük müharibələr azdırmı? Makedoniyalı İsgəndər də, Əmir Teymur da, Napoleon da dünya müharibəsi edirdi. Biz iyirminci əsrdə böyük imtahana çəkildik. Allaha şükür ki, nəticə yaxşı oldu, müstəqilliyimizi qazandıq. Biz öz zamanımızın yazılarını yazırıq. Bir az sürətli qeydəalmalar var – jurnalistlər, internet və s. Bir də var yazıçılar ki, dövrünün dünyagörüşünü, fəlsəfi, ədəbi, ictimai baxışlarını yaza-yaza gedirlər, daha çox insan xarakterləri ilə işləyirlər. Yazıçıların yazdıqları təmsil elədiyi xalq, danışdığı dil üçündür.

- Bu yaxınlarda Salman Rüşdinin “Gecəyarısı uşaqları” romanını oxudum. O da Hindistanın müstəqillik dövrünü bir ailə modelində bədii interpretasiyada verib. Ancaq hadisələrə amansız ironiyası var. Hətta o dərəcədə ki, İndira Qandi onu məhkəməyə vermişdi. Maraqlıdır, siz necə yazırsınız? Hekayələrdən, portretlərdən və lətifə kitablarından bizə bəlli olan Əjdər Ol yumoru burda da var?

- Hər yazıçının özünün üslubu, dünyagörüşü, yanaşma bucağı var və bu özəlliklər bütün əsərlərdə bu və ya digər şəkildə üzə çıxır. Mən, əlbəttə ki, başqa cür edə bilmərəm. Elə hadisələr var, ironiya, elə hadisələr də var, ciddiyyət doğurur. O dövrün adamları, onların özlərini necə aparması, hadisələrə dəyib qayıtması, hadisələrdə əks olunması, istək və ehtiraslarının üzə çıxması bu əsərdə qabardılıb.

- Ekstremal şəraitdə gülüş şiddətli olur...

- Ümumiyyətlə, zaman hadisələrə fərqli baxır. Sənə ciddi gələn şey ona gülünc görünür. Yaxud zamanına görə hamıya ciddi gələn bir epizod, bir cəsarətli addım bir müddət sonra çox adi təsir bağışlayır. Mən xaraktercə hadisələrə gələcəkdən baxanam. Bəlkə, adamda ironiya yaradan elə bu amildir. Düzdür, deyirlər, sonunu düşünən qəhrəman olmaz...

- Yazıçı qəhrəman deyil axı...

- Əsas odur ki, əsərdə dövr hiss edilsin, zamanın nəfəsi duyulsun...

- Kompüterdə yazırsınız?

- Yox, mən kompüterdə bədii yazı yazmıram.

- Qaraçuxa deyilən bir şey var. İnsanın gizlini, içində sakit səslə danışan biri, hamıdan gizləməyə çalışdığı əsl sima... Mənə elə gəlir, siz insanların qaraçuxasını görürsünüz... Portret hekayələrin uğuru burdadır, yəqin.

- İnsanlar müxtəlif tezlikdə düşünürlər. Biri çox sürətlə düşünür, sürətlə hərəkət edir, o biri ləng olur. Adam var çox ağıllıdı, amma tənbəldi. Ağıl, düşüncə və hərəkət tezliyi hərəni bir mənzilə aparıb çıxardır. Hazırcavablıq necə olur? Adam arzulamaqla hazırcavab ola bilməz. Hazırcavablıq düşüncə sürəti ilə bağlıdı. Qarşı tərəfi duymaq da görünür insanın beyinlə əlaqəli başqa bir qabiliyyətidir.

- Rafiq Tağı ən yaxın dostunuz olub. Amma ilk baxışdan elə görünür ki, sizin sərtliyiniz bəzilərinin mülayimliyi ilə heç uyuşmaz... Kitabınızda da var: şair vaxtı...

- Həəə... (gülür). Hərəmiz bir işin qulpundan yapışmışıq. Fərqi yoxdur, kim haradadır. İşin də öz tələbləri, prinsipləri var. Misal üçün, ustad Məmmədhüseyn Şəhriyar otuz ilə yaxın Tehran və Təbriz banklarında mühasib işləyib. Sonralar mühasibat şöbəsinin müdiri də olub. Ordan da pensiyaya çıxıb. Adam çətin təsəvvür edir. O cür duyğulu, koloritli bir şair ömür boyu rəqəmlərlə baş-başa qalıb. Məmurluq sadəcə onun işi idi və orda da özünə və cəmiyyətə fayda verirdi.

- Şair Aqşinin belə bir misrası vardı: Özümdən dərdli adam görəndə utanıram... Bu hiss sizdə necədi?

- Ustad şairin adını çəkdim, oğlu yadıma düşdü . O gün şair Umud Rəhimoğlu bir əhvalat danışdı. Deyir, Təbrizdən Şəhriyarın oğlu Hadi gəlmişdi Bakıya, bizdə qalırdı. Elə oldu ki, bir gün evə qanıqara gəldi, dedim, nə olub? Dedi, avtobusda pulqabımı oğurlayıblar. Mən də pis oldum, amma özümü o yerə qoymadım, evin içində var-gəl edən Hadiyə baxıb dedim, niyə belə həyəcanlısan? Puldu də, itib-itib. Dedi, pula görə həyəcanlanmıram, məsələ budur ki, o pulqabının içində heç nə yox idi, onu tapan peşman olacaq, bilsəm, səhər səndən beş-on manat alıb, içinə atardım... İnsanın belə bir halı da var. Başqa biri belə düşünməyə bilər. Ədəbiyyat insana bax bu məqamda yanaşır.

- Belə də olur ki, uğuru adama bağışlamırlar. Xüsusilə, o şairdirsə... Deyirlər şair çətin yaşamalıdır....

- Şairlərin mənəvi əzabları, “zəmanə ilə barışmazlığı” onsuz da bəs deyincədir, qaldı maddi duruma, mənə elə gəlir ki, bunu deyən dayaz adamlardır. Mənəviyyatı zəngin olan adam bir tikə çörəyi niyə tapmasın? Ya tənbəldi, ya işləmək istəmir, ya vaxtını boş-boşuna xərcləyir, sonra da durub deyir ki, mən niyə çətinlik içindəyəm? Axı sən nəsə qazanmaq üçün heç nə eləməmisən. Eləsən, əmin ol ki, bir şey çıxacaq. Öyüd-nəsihət kimi çıxmasın, mənim bir ifadəm var, bekar oturmaqdansa, havayı işləmək yaxşıdır. 89-cu ildə işdən çıxdım, səkkiz ay işsiz qaldım. O vaxt iş tapmaq çox çətin idi, fikirləşdim ki, onsuz da iş tapa bilmirəm, oturum latış xalq nağıllarını (bir müddət dil öyrənmək üçün Riqada yaşamışam) tərcümə eləyim. Dörd ay işlədim... Gündə 12 saat... Bəxtim də gətirdi. “Azərnəşr”də “SSRİ xalqlarının nağılları” seriyası çıxırdı... Aparıb verdim, götürdülər, plana saldılar. Növbəti il nəşr elədilər və mənə o vaxtın puluyla iki min altı yüz manat verdilər. Halbuki o dörd ayı işləsəydim, uzağı səkkiz yüz-doqquz yüz manat qazanacaqdım. Mən həyatım boyu işləmək, dəyər qazanmaq haqqında daha çox düşünmüşəm.

- Dünyada bir meyar var – peşəkarlıq məşğul olduğun sənətlə yaşamaqdır.

- Elədir. O yazıçı xoşbəxtdir ki, yazdıqları ilə dolanır.

- Belə çıxır ki, biz ədəbiyyatla xobbi kimi məşğuluq.

- Hardasa elədir. Misal üçün, səhər ertədən durursan, inanılmaz bir eşqlə, bir həvəslə bir saat yazıb, sonra işə gedirsən. Hamı yatan vaxt səhərin duru yerindən öz ruzini götürürsən.

- Portret hekayələriniz səs-küyə səbəb oldu. Yeri gəlmişkən, bir dəfə mənə dediniz ki, sizin də portretinizi yaradacam. Sizdən xahiş edirəm, bunu yazmayın...

- Mən xahiş və sifarişlə yazmıram axı.

- Mən tam səmimi xahiş edirəm. Bunu yazmayın. Çünki, özümlə bu cür qabaqlaşmağa hazır deyiləm. Ümumiyyətlə, insanların çoxu buna hazır deyil.

- Maraqlıdır. Düz deyirsiz. Rafiq Tağı da hazır deyildi, Əlisəmid Kür də...

- Namiq Abdullayev sağ olsaydı, məlum olacaqdı ki, o da hazır deyilmiş...

- Ola bilər. Əslində, hamıdan eyni dərəcədə obyektivliklə yazılıb. Həm də sevgi ilə... Amma misal üçün, Rafiq Tağı narazılığını bildirmədi, amma Əlisəmid Kür bildirdi. Bu, xarakterlə bağlı məsələdir.

- Yazıçı Anardan yumşaq yazmışdınız xeyli...

- Anar ciddi adamdır, ictimai statusu daha yüksəkdir deyə belə alınmışdı. Başqa məna axtarmaq lazım deyil.

- Yeri gəlmişkən, Adil Mirseyidlə bağlı portretdə sonluq çox gözəl idi; ona hədiyyə edilən paltarı oğlunun əynində görürsüz. Ancaq yazı çıxandan sonra belə düşünənlər oldu ki, şairə kostyum almağınızı ora salmamalı idiniz... Sağ əl-sol əl məsələsi...

- Bütün yazılarımda yalançı təvazökarlıqdan qaçmışam. Həyatla tapmaca oynamaq lazım deyil. Bir kostyum nə olan şeydir ki! Ona hədiyyə edən adam dost adamdır. Ortada ərk var. Mətndə şairə kostyum alınması məsələsi yox, onun öz xeyirxahlığı qabardılıb. Özümü çıxıb obraz kimi ora başqa adam salsaydım, olacaqdı hekayə. Mən portret-hekayə yazmışdım.

- Ancaq üslub bədiidir...

- Mənim hekayələrimdə belə səhnələr var, ancaq onları demirlər, orada filankəs kimdir, niyə belə edib. O gün təzə bir hekayə yazmışam. Demək, Norveçə gedəndə Oslo şəhərində xeyli gəzdik, axşam on ikiyə qalmış otelə gələndə yaşlı bir xidmətçi gördük. Foyedə bizə çay, qəhvə verdi. Bizimkilərdən biri bir çay da sifariş edəndə, saatına baxıb dedi ki, bağışlayın, mənim xidmət müddətim bitdi. Bizimki cibindən 20 avro çıxarıb verdi ki, xahiş edirəm, çay gətir. Kişi pula baxmadan gülümsündü və çıxıb getdi. Bu hadisə hamımıza təsir elədi. Həm onun yaşlı olmağı, həm belə bir hərəkət eləməyi... Sonra bir ukraynalı xidmətçidən həmin yaşlı xidmətçi ilə maraqlandıq, dedi, Osloda tanınan adamdı, indi tənha yaşayır, bir oğlu var, o da ruhi xəstə. İyirmi il əvvəl üç il nazir işləyib. Biz burda 4 saat üçün 80 avro qazanırıq, o yaşlı olduğu üçün 40 avroya razılıq verib və hər ay həmin pulu ruhi dispanserdə yatan oğlunun hesabına köçürür. Təsirləndim. Mən səhər oteldən gedəndə gördüm Bakıdan gətirdiyim yeddi-səkkiz nardan ikisi çantamda qalıb. Həmən iki narı resepşnə qoydum ki, o kişiyə verərsiz. Hekayə belə bitir: yəqin ki, qoca xidmətçi o iki nardan birini mütləq oğluna aparacaq! Həəə... Şəhərlə tanış olmağa getmişdik, belə bir adam da tanıdıq. Dediyim kimi, ədəbiyyatın işi fərdlərlədir. Adil Mirseyid də maraqlı adamlardan biri idi.

- Şairin ictimai hadisələrə münasibət bildirməyinə necə baxırsınız? Məsələn, bir ədalətsizlik olur, amma siz nəyinsə xatirinə susmaq məcburiyyətində qalırsınız...

- Birini həyəcanlandıran hadisə, başqa birinə az təsir edə bilər. Çox vaxt hər hansı problemə görə səs-küy salanlar bunu xal qazanmaq üçün edirlər və işi ictimailəşdirib bir az da korlayırlar. Şəxsən mən danışmaqdan, münasibət bildirməkdən daha çox problemin həlli üçün əlimdən gələni etməyi üstün tuturam.

- Dostumuz Əlismid Kürlə münasibətləriniz hava proqnozu kimidir. Gah tutulur, gah açılır, gah buludlu olur... İndi vəziyyət nə yerdədir?

- İndi özünün ən yüksək mərhələsindədir. Deyim ki, Əlisəmidlə bağlı yazını yazanda özünə dedim ki, Əlisəmid, səndən yazmışam, bax, oxu, nədən narazı qalsan, çıxararam. Dedi, nə yazmısan, yazmısan. Dedim, bax, narazı qalacaqsan haa! Dedi, qalmaram. Amma yazı çıxandan sonra bir balaca cığallıq elədi. Nəsə. Keçdi getdi o söhbət. İndi hər şey qaydasındadır. Əlisəmid şübhəsiz ki, istedadlı şairdir. Çox da hissiyyatlıdır.

- Siz həm də ədəbi mühiti izləyirsiniz. Son olaraq çağdaş mühitimiz haqda fikirlərinizi bilmək istərdim.

- İzləyirəm, bəli. Özü də, mümkün qədər geniş miqyasda. Həm internetdən, həm qəzet-jurnallardan. Həm kitablardan... İndi biz yaşın, təcrübənin elə məqamındayıq ki, kitaba baxan kimi, nə olduğunu bilirik. Hamını izləmək üçün bütün yazılanları başdan ayağa oxumaq vacib deyil. Dişə vuran kimi hər şey bəlli olur. Ədəbi mühitimiz maraqlıdır. Yeni yazılanlar içində bəyəndiyim də olur, bəyənmədiyim də. Həmişəki kimi...

2016

# 5031 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #