“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı nəşr olundu

“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı nəşr olundu
5 iyul 2022
# 16:20

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Dünya ədəbiyyatı” dərgisinin yeni nömrəsi - bütövlükdə Rumıniya ədəbiyyatına həsr olunmuş xüsusi sayı işıq üzü görüb.

Dərginin baş redaktoru Seyfəddin Hüseynlinin verdiyi məlumatda bildirilir ki, nəşrin ümumən 20-ci, bu il üçün isə ilk olan yeni sayında Rumıniya ədəbiyyatının usta nümayəndələri hesab edilən 24 müəllifin əsərləri, həmçinin rumın ədəbiyyatına və Azərbaycan-Rumıniya ədəbi əlaqələrinin tarixinə dair məqalələr toplanıb.

S.Hüseynli deyib ki, Mihay Eminesku, Ejen İonesko, Ana Blandiana, Nikolae Labiş, Qabriela Melinesku, Marin Soresku, Dan Sociu, Nikita Stanesku, Ruksandra Novak, Nikita Danilov, Adi Kristi, Daniel Korbu, İoana Diakonesku, Matey Vişnek, Vasile Andru, Arnold Hauzer, Radu Kosaşu, Tibor Balint, Ştefan Benulesku, Ejen Urikaru, Hans Libhardt, Nevzat Yusif Sarıgöl, İsmayıl Ziyaəddin və Mircea Kartareskunun əsərləri dərginin oxucularına Vaqif Əlixanlı, Güllü Yoloğlu, Jalə İsmayıl, Səlim Babullaoğlu, Həmid Piriyev, Məqsəd Nur, Cavanşir Yusifli, Dürdanə İbrahimova-Hüseynbəyli və Qismət Rüstəmovun tərcüməsində təqdim olunub.

Baş redaktorun sözlərinə görə, rumın ədəbiyyatının Azərbaycanda təbliğinə mühüm töhfələr vermiş dəyərli alimlərimiz Güllü Yoloğlu və Jalə İsmayıl dərginin bu sayında maraqlı məqalələrlə də çıxış edirlər: “Mihay Eminesku: tarixin və ədəbiyyatın güzgüsündə”, “Rumın ədəbiyyatı XIX-XX yüzilliklərdə: faktlar və mülahizələr”, “Azərbaycan-Rumıniya ədəbi əlaqələrinə bir nəzər”.

Emil Camalovun dizayn verdiyi nəşrin üz qabığında Rumıniyanın məşhur tarixi-memarlıq abidəsi olan “Peleş qəsri”nin təsviri yer alıb.

Rumıniyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Vasilie Soare “Dünya ədəbiyyatı” dərgisinin oxucularına xitabən qələmə aldığı önsözdə nəşrin əhəmiyyətini və öz sevincini ifadə edərək yazır: “Nəzərə alsaq ki, bu “görüşümüz” ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyi ərəfəsinə təsadüf edib, onda sizə müraciətimin nə qədər əhəmiyyətli və əlamətdar olduğunu, yəqin, daha yaxşı hiss edərsiniz.
Bu illər ərzində həm Azərbaycan, həm Rumıniya heç də asan olmayan təlatümlü proseslərdən keçib. Amma əsrlərin qovşağında bu iki dövlət həmişə bir-birinə dayaq olub, çoxşaxəli münasibətlərimiz siyasət və diplomatiya tariximizdə ən yüksək mərhələyə - strateji tərəfdaşlığa qədər yüksəlib.
Münasibətlərimiz hər zaman əməkdaşlığımızın bütün sahələrini, o cümlədən və bəlkə də ilk növbədə mədəniyyəti də ehtiva edib, mədəniyyətin içində isə ədəbiyyat həmişə mərkəzi yeri tutub.

Çox sevindiricidir ki, “Dünya ədəbiyyatı” dərgisinin Rumıniya ədəbiyyatına aid xüsusi buraxılışı işıq üzü görür... Bu, bir ilkdir və ölkələrimizin münasibətləri tarixində də, mədəniyyət tariximizdə də gözəl, unudulmaz bir səhifədir. Mən Azərbaycan Yazıçılar Birliyinə, “Dünya ədəbiyyatı” dərgisinin kollektivinə, bütün tərcüməçilərə minnətdarlığımı bildirirəm”.

Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu “Rumıniya” sayına önsözündə yazır ki, “Dünya ədəbiyyatı” dərgisinin, yenilənmiş şəkildə nəşrini bərpa etdiyi 2014-cü ildən bəri, Ukrayna, Rusiya, Oman, İran, İngiltərə, Serbiya, Moldova, Türkiyə, Pakistan və İsrail kimi dövlətlərin ədəbiyyatlarına həsr olunmuş xüsusi buraxılışları işıq üzü görüb: “Eyni zamanda, dərginin indiyədək hər biri oxucular və ədəbiyyatşünaslar üçün əvəzsiz mənbə rolunu oynaya biləcək, dünya xalqlarının ədəbiyyatlarını müxtəlif janrlar, bölgülər çərçivəsindən bütövlükdə süzgəcdən keçirmək imkanı verən bir çox sayları nəşr edilib. Budur növbəti say: “Rumıniya” xüsusi buraxılışı. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinə təsadüf edən “Rumıniya” sayı olduqca əlamətdardır”.

S.Babullaoğlu daha sonra dərginin önəmini bir başqa rakursdan dəyərləndirərək bildirir: “Şərqi Avropa xalqları ədəbiyyatlarının ötən əsrin II yarısından sonra dünyaya səs salmış görkəmli nümayəndələri - polyak Çeslav Miloş, çex Milan Kundera, rumın Ana Blandiananın ümumi, oxşar bir qənaətini səsləndirmək istəyirəm. Qərb və Rusiya arasındakı sonsuz çəkişmələrdə bəzən döyüş meydanı, bəzən bufer zonası olmaq taleyinə yazılmış Şərqi Avropa xalqlarının ədəbiyyatı öyrənilmədən proqressiv dünyanın tarixi həmişə yarımçıqlıqdan əziyyət çəkəcək və səhnə sonadək görünməyəcək. Bu nəşr bizi həmin səhnəni bütöv görmək imkanına yaxınlaşdırmaq baxımından qiymətli mənbədir, eyni zamanda, öz tariximizə, taleyimizə düzgün baxmağımız üçün gərəklidir”.

# 1539 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #