Dostoyevskişünas alim: “İstəyirdilər ki, o, satirik olsun” - Müsahibə

Məmməd Qocayev, dostoyevskişünas alim

Məmməd Qocayev, dostoyevskişünas alim

9 fevral 2022
# 16:30

Bu gün böyük rus yazıçısı F.M. Dostoyevskinin anım günüdür. Kulis.az bu münasibətlə dostoyevskişünas alim, professor Məmməd Qocayevlə müsahibəni təqdim edir.

- Məmməd müəllim, 75 yaşınız tamam oldu. İndi işlədiyiniz Bakı Slavyan Universitetinin tələbəsi olmusunuz...

- Bəli. Axundov adına Azərbaycan Pedoqoji Dillər İnstitutunun. O vaxt belə adlanırdı. Biz oxuyanda institutun iki fakültəsi vardı: Xarici dillər və Rus dili və ədəbiyyatı. Mən həmən o Rus dili və ədəbiyyatı fakültəsini bitirmişəm. İnstitutu bitirəndən sonra Elmi şuranın qərarı ilə məni saxladılar institutda.

- Siz bir dəfə demişdiniz ki, elmi fənlərə üstünlük verirdim, ancaq Asif Ata mənə ədəbiyyatı sevdirdi...

- Mən orta məktəbdə oxuyanda daha çox riyaziyyata meylim vardı. Amma iş elə gətirdi ki, gəlib Rus dili və ədəbiyyatı fakültəsinə daxil oldum. Burda da seçim eləmək lazım idi. Məndə dilə, dilçilik elminə meyl vardı. Ona görə ki, mənim aləmimdə dilçilik elmi riyaziyyata daha yaxındır. Amma deyir, sən saydığın say, gör fələk nə sayır. Mənim həyatımda da hər şey istədiyimin əleyhinə olub. Sonradan görmüşəm ki, yox, elə belə daha düz imiş. İndi təsəvvür belə eləyə bilmirəm ki, məndən riyaziyyatçı olardı, ya yox. Asif Atanın da rolu var burda. Onda Asif müəllim bizdə 3-cü kursda xarici ədəbiyyatdan dərs deyirdi. Cavan oğlan idi, Moskvada Ədəbiyyat İnstitutunu bitirib gəlmişdi. Çox nihilist ruhlu bir gənc müəllim idi. Biz onu həvəslə dinləyirdik. Həqiqətən də onun mühazirələrindən sonra mən ədəbiyyatın nə olduğunu başa düşdüm. Dərk elədim ki, ədəbiyyata ömrünü həsr etmək olar. İndi Bakı Slavyan Universitetində 50-dən çox professor işləyir. Amma mən tələbə olduğum vaxt bir professor belə yoxdu. Mən beş ildə bir professorun mühazirəsinə qulaq asmamışam. Asif Atanın özü də heç elmlər namizədi deyildi. Ancaq çox istedadlı müəllim idi. Onun mühazirələri mənim dünyagörüşümü əsaslı şəkildə dəyişdi. Sonralar Asif Ata Ocaq cəmiyyəti yaratdı. Asif Atanın övladları, tərəfdarları filan. Bilik Cəmiyyətində də onların toplantıları keçirilirdi. Doğrusu, mən daha ora getmədim.

- Niyə?

- Nəsə, mənə elə gəldi ki, Asif Ata əvvəlki yolundan sapdı. Mənə görə, Asif Atanın yolu estetika idi. Bu yolu davam etdirməliydi. Ancaq sonralar fəlsəfəçiliyə vardı. O da bunun istedadına uyğun gəlmirdi. Bir məqaləsi yadımdadır, yazmışdı ki, peyğəmbər deyir ki, sonuncuyam, axı o, niyə axırıncı peyğəmbər olmalıdır? Yəni dinə meyl göstərdi. Mənə elə gəldi ki, Asif Ata yeni bir məzhəb yaratmaq fikrindədir. Perspektivsiz yoldu, məncə. Amma buna baxmayaraq, düşünürəm ki, Asif Ata Azərbaycan ədəbiyyatşünaslığında, fəlsəfəsində yeri olan biridir. Onu unutmaq çətindir.

- Məmməd müəllim, dostoyevskişünassınız, bu haqda xeyli yazılarınız var. Dissertasiyanız da bu mövzudadır: “Dostoyevski yaradıcılığında xarakter konsepsiyası”. Gəlin, başdan başlayaq. Dostoyevski nə vaxt kəşf olundu? Deyəsən, onu ilk dəfə Belinski oxumuşdu...

- Dostoyevski elə ilk əsərindən kəşf olundu. 26 yaşında “Yoxsul insanlar” romanını yazır, ancaq üzə çıxarmağa, kiməsə göstərməyə cəsarəti çatmır. Gənc müəllifin bu hissi anlaşılandır. Özü romanı haqqında yazır ki, oturub qəhrəmanımın halına acıyıram, ağlayıram, amma başqasına göstərməyə qorxuram. Sonra da düşünürəm ki, bu əsər mənə təsir eləyirsə, başqalarına niyə təsir eləməsin. Və nəhayət Dostoyevski cəsarət edib bu əsəri yaxın dostu Qriqoreyeviçə göstərir. Həmin adam da Nekrasovla yaxın idi...

Dostoyevski hakkında ilginç gerçekler

- Nekrasov da “Sovremennik” jurnalının rəhbəri idi...

- Bəli. Qriqoreyeviçlə Nekrasov “Yoxsul insanlar”ın əlyazmasını götürürlər və növbə ilə oxuyurlar. Nekrasov yazır ki, səhərə qədər oxuduq. Bu əsər onlara çox təsir edib. Nekrasov da Belinski ilə yaxın idi. Əlyazmanı götürüb səhər tezdən gedirlər Belinskinin mənzilinə. İçəri girən kimi Nekrasov deyir ki, yeni Qoqol peyda olub. Belinski də deyir, sizdə Qoqollar yağışdan sonra göbələk kimi çoxalır (gülüşmə). Ancaq əlyazmanı götürür, oxuyur və sonra deyir ki, bu yazıçını gətirin mənim yanıma. Dostoyevski gəlir, Belinskinin ona ilk sualı belə olur: “Siz heç bilirsinizmi nə yazmısınız?” Sonra da özü cavab verir: “Xeyr, siz bilmirsiniz nə yazmısınız, siz heç bilə bilməzsiniz. Bunu bilmək üçün siz çox cavansınız. Siz bu əsəri bilərək yox, duyaraq yazmısınız. Ona görə də siz gələcəkdə böyük yazıçı olacaqsınız”. Dostoyevskinin kəşfi belə oldu. Amma burda maraqlı bir məqam var. Dostoyevskinin ikinci əsəri “Oxşar” Belinskinin xoşuna gəlmədi. Dostoyevskini buna görə tənqid elədi və onların yolu bununla da ayrıldı. Belinski ilə Dostoyevski qədər əks qütbdə dayanan şəxslər, mənə elə gəlir ki, ola bilməz. Onlar tamam əks mövqedə duran adamlar idi. Belinski Qoqola məktubunda...

- Onu kəskin tənqid edir...

- Çox tənqid elədi. Mən hesab edirəm ki, orda Belinski haqsızdır. Çünki Belinski Qoqolu başa düşmədiyi kimi Dostoyevskini də başa düşmədi. Bəs niyə Dostoyevski haqqında yüksək fikir bildirdi? Çünki həqiqətən də Dostoyevskini gələcək Qoqol kimi görürdü. Qoqolu isə Dostoyevski ilk növbədə satiraçı kimi tanıyırdı. Onu ictimai qüsurları tənqid edən bir yazıçı kimi başa düşürdü. Qoqolu biz də elə başa düşürdük. Ancaq Qoqol elə deyil axı. Qoqol öz irsindən, “Ölü canlar”, “Müfəttiş” kimi əsərlərdən niyə imtina elədi? Satiraçı kimi zirvəyə qalxmışdı. Bəs niyə o zirvədən imtina elədi?

- Görünür, demək istədiyi bu deyilmiş...

- Bəli... Qoqol deyirdi ki, mən mənəvi cəhətdən xəstə Rusiyanı gülüş vasitəsi ilə diriltmək istədim. Sonra başa düşdüm ki, gülüş vasitəsi ilə insanı islah etmək olmaz. İnsanı gülüşlə deyil, yalnız sevgi ilə təkmilləşdirmək olar. Qoqol anladı ki, insan ruhunun ən dərin bilicisi İsa Məsihdir. O, heç vaxt tənqid etməyib, gülməyib. Həmişə sevib və bağışlayıb. Bax yol budur. Qoqolun “Dostlarla yazışmalardan seçilmiş parçalar” adlı sonuncu əsəri də bu yoldadır. Belinski isə bunu qəbul eləmədi. Belinski onu da, Dostoyevskini də satirik yazıçı kimi görmək istəyirdi. Dostoyevski Qoqolun bitdiyi yerdən yoluna başladı. Bu mənada Qoqolun davamçısıdır.

- Məmməd müəllim, sizin bir fikriniz yadımdadır. Demişdiniz ki, Dostoyevskinin qəhrəmanları Tanrı qarşısında yox, insan qarşısında tövbə etməyi seçirlər. Ancaq bacara bilmirlər...

- “Cinayət və cəza”da belə bir səhnə var. Raskolnikov cinayət elədiyini Sonya Marmeladovaya danışır, ona ürəyini açır. Onda Sonya deyir ki, get meydanda diz çök, torpağı öp, sonra da etiraf elə. Raskolnikov gəlir meydana, diz çökür, torpağı daxili bir ləzzətlə öpür və başını qaldıranda görür ki, ətrafına adamlar yığışıb. Tövbə eləmək istəyir, ancaq tövbə dilindən çıxmır. Çünki biri onu dəli hesab edir, o biri içdiyini zənn edir. Raskolnikov onda öz-özünə düşünür ki, ilahi, mən kimlərin qabağında tövbə etməliyəm. Bu adamlar məndən bədbəxtdir. Axı bu insanlar mənim tövbəmə layiq deyillər. “Şeytanlar” romanında da Stavrogin tövbəsini yazır, yaymaq istəyir, ancaq edə bilmir. Çünki o adamlar ki, kağızı oxuyacaq, onlara əvvəlcədən Stavrogen nifrət edir. Məna nədir burda? Yəni sən özündən də əksik adamların qabağında tövbə etməyi bacarmalısan. İnsanlara nifrət eləyə-eləyə onların qarşısında tövbə eləmək olmaz. Bax o insanlara nifrət hissi nə Raskolnikova, nə də Stavroginə tövbə etməyə imkan vermədi. Dostoyevski hesab edirdi ki, Allaha sevgi insanlara məhəbbətdən keçir. Xristian dinində belə bir şey var, sevəndə pisi də, yaxşını da sevməlisən. Yaxşıdı sevirəm, pisdi nifrət edirəm – bu, dini münasibət deyil, bu, insani münasibətdir. İsa Məsihin təlimində isə pisə də, yaxşıya da məhəbbət olmalıdır. Və pisi bağışlamağı bacarmalısan. Şərə qarşı şər tətbiq eləmək olmaz.

Dostoyevski Sözleri 2021: En güzel Dostoyevski sözleri nelerdir? Fyodor  Dostoyevski en iyi sözleri, yazıları, kitapları - Haberler

- Maraqlı bir fikrinizi xatırlayıram. Demişdiniz ki, Dostoyevskini mənə çəkən onun sarsıntılarıdır...

- Dostoyevskinin romanlarında təsvir olunan hadisələr, xarakterlər çox sarsıntılı vəziyyətdə olur. Yazıçı hesab edirdi ki, insanın xarakteri adi vəziyyətlərdə açıla bilmir. Sarsıntılı halda, ekstremal vəziyyətdə insan öz xarakterini büruzə verir. Dostoyevski bir növ qəhrəmanları üzərində eksperiment keçirir. Onları çətin vəziyyətə salır və xarakterlərini açır. Dostoyevskinin özünün həyatı başdan-ayağa sarsıntılar içində keçib. Bu şəxsi təcrübə ona imkan verib ki, qəhrəmanlarını da bu səpkidə, bu yöndə təsvir eləsin. Yəni şəxsi həyatı ilə yaradıcılığı arasında sıx bir əlaqə var.

- Öz sarsıntlılarını əsərlərində sakitləşdirməyə çalışıb. “İdiot”da ölüm cəzası almış qəhrəman. Ölümünə saniyələr qalır və son anda əfvlə xilas olur. Dostoyevskinin həyatında da bu məqam olub.

- Dostoyevskiyə doğrudan da ölüm cəzası kəsilib. Onun heç xəbəri yox idi ki, sonradan bu ölüm cəzasını ləğv edəcəklər. Dostoyevski ölümə hazır idi. Üç nəfəri dirəklərə bağlayıblar və gülləyəcəklər. Dostoyevski öz ölümünü gözləyir. Bu vəziyyətdə məni maraqlandıran onun psixoloji halıdır. İnsan hansı psixoloji sarsıntılar keçirə bilər bu məqamda? Və dünyada az adam tapılar ki, bu cür ağır vəziyyətə düşsün. Ölümün cəngindən xilas olmaq ölüb dirilmək kimi bir şeydir. Həm də böyük bir həyat təcrübəsidir. Bir adam düşünürsə ki, mənim 1 dəqiqə ömrüm qalıb, həmin adamın ruhi vəziyyəti necə olar? Dostoyevski yazır ki, ölümünə bir dəqiqə qalmış adam düşünür ki, hələ mənim 1 dəqiqə yaşamağa vaxtım var. Həmin 1 dəqiqə o adama sonsuzluq kimi görünür. Bizim həyatımız da sonsuzluq qarşısında bir andır. Hamı da bilir bunun axırı necə olacaq. Amma bu qısa həyat insana sonsuzluq kimi görünür. Bu olmasaydı, yaşamaq mümkün olmazdı. Dostoyevski yaradıcılığında bu cür maraqlı, psixoloji məqamlar, mənim aləmimdə, vacib məqamlardır. Çünki bir insan xarakterinin gizli qatlarını açmağa kömək edir. Hərçənd Dostoyevski özünü psixoloq hesab etmirdi. Onun belə bir qeydi var: “Mən psixoloq deyiləm, mən sözün həqiqi mənasında realistəm”. Amma gəlin bir anlıq düşünək: axı insan xarakterinin gizlinlərini, dərinliklərini açmaq psixologiya deyil? Elə əsl psixologiya budur. Bəs Dostoyevski niyə elə deyir? Məsələ burasındadır ki, psixologiya elmində bir var adi psixologiya, bir də var dərinlik psixologiyası. Yəni bir var Seçenovun psixologiya təlimi, bir də var Freydin psixologiya təlimi. Dostoyevski bunu yazanda hələ dərinlik psixologiyası kəşf olunmamışdı. Freyd Dostoyevskidən sonra gəldi. Dostoyevskinin təsirini öz üzərində hiss edirdi. Freydin Dostoyevski haqqında məqaləsi də var: “Dostoyevski və ata qətli”.

Dostoyevski üzerine düşünceler...

- “Karamazov qardaşları”... Edip kompleksi...

- Bəli, bəli... “Karamazov qardaşları” romanı ilə Edip kompleksini izah edir.

- Məmməd müəllim, Nabokova münasibətiniz necədir?

- Açığını deyim, Nabokovu oxumamışam. Nabokovla tanışlığım yoxdur. Səhv deyə bilərəm, çünki oxumadığım haqqında münasibət bildirmək çətindir. Nabokovdakı aristokratizm bir az mənim xoşuma gəlmir.

- Onun Dostoyevski haqqında mühazirəsi...

- Bunu soruşacağınızı bilirdim. Dostoyevskini sevmədiyinə görə onu günahlandırmaq olmaz.

- Əlbəttə... Ancaq Nabokov Dostoyevskini ifrat sentimentalizmdə günahlandırır.

- Mənə elə gəlir ki, onun bu fikri Dostoyevskinin 40-cı illər yaradıcılığı haqqındadır. Dostoyevskinin “Yoxsul insanlar” romanı onun ilk romanıdır. Əsər çap olunanda tənqidçilər onu sentimental roman hesab etmişdilər. Orda həqiqətən sentimentalizm var. Məncə, Nabokovu narahat edən məsələ başqadır. O, Dostoyevskinin insan ruhuna aludə yazıçı olmağından narahatdır. Dostoyevski daha çox insan ruhunun incəliklərini təsvir və təhlil edir. Ancaq insan təbiəti və onun qanunları – buna Dostoyevski az fikir verir. Nabokov “Cinayət və cəza” romanındakı Sonya Marmeladova haqqında fikir yürüdür. Sonya Marmeladova ehtiyacdan küçəyə gedən bir qızdır, təbiətən saf insandır. Ancaq həyat ona məcbur edir ki, o yola getsin. Nabokov Dostoyevskidən tələb edir ki, gərək Sonyanın intim həyatını, pornoqrafik detalları açıq-aşkar yazaydı. Bu səhnə yazılmırsa deməli əsər tam deyil? Ancaq Dostoyevskini bu tərəf düşündürmür. Onun üçün insanın ruhu önəmlidir. Bu Tolstoyda da belədir. Ümumiyyətlə, onlarda pornoqrafiya yoxdur. Ərinə xəyanət etmiş Anna Kareninanı təsvir edərkən belə Tolstoy bir yerdə belə təfərrüata varmır. Yaxud “İdiot”dakı Nastasya Flippovna. Orda da yalnız qadının ruhu təsvir olunur.

Düalizmlerin Adamı: Fyodor Dostoyevski - erol anar

- Məmməd müəllim, Dostoyevskinin ən məşhur qəhrəmanı Roskolnikovun psixi durumu nə idi?

- Dostoyevski onu tam sağlam bir adam kimi təsvir edib.

- Nabokov Dostoyevskinin qəhrəmanlarının psixoloji vəziyyətinin təsnifatını verib. “İdiot”da Knyaz Mışkin, “Karamazov qardaşları”nda Smerdyakov, “Şeytanlar”da Kirillov və “Alçalmış və təhqir olunmuşlar”da Nelli epilepsiya xəstələridir. Raskolnikovu isə psixopatiya kimi təqdim edir, yəni şüurun ani bulanması halı...

- Nabokov o mənada haqlıdır ki, Dostoyevskinin qəhrəmanları inanılmaz hadisələr törədirlər. Cinayət işi görmək, atanı qətl etmək vəziyyətində yəqin ki, insan müəyyən mənada psixi xəstə olmalıdır. Əks təqdirdə sağlam şüur, düşüncə və iradə ilə bu hərəkətləri eləmək mümkün deyil. Kirillov ideya uğrunda özünü öldürmək istəyir. Deyir ki, mən Allah olmaq istəyirəm. Allah olmağın əsas şərti də özünü öldürməkdir. O məqamda həmin adama normal və sağlam demək olmaz.

Fyodor Dostoyevski Kimdir? Hayatı, Sözleri ve Eserleri | Paratic

- Sizcə, Dostoyevskinin bu qədər populyar olmağında bu amilin rolu da var? Çıxılmazlıq, insanın dəhşətli sarsıntıları...

- Dostoyevski öz əsrində deyirdi: “İndi o qədər populyar deyiləm, məni yaxşı başa düşmürlər. Məni XX əsrdə başa düşəcəklər”. Alimlər də məqalələrində yazırlar ki, Dostoyevski XX əsrin yazıçısıdır. Yəni Dostoyevski öz əsrini qabaqlamış şəxsiyyət idi. O, XIX əsrdə XX əsrin hadisələrini görürdü. Və Dostoyevskinin XIX əsrdə yazdıqlarını insanlar XX əsrdə dərk etdilər. Cəmiyyət, tarix o mərhələyə gəldi ki, Dostoyevskini dərk edə bildilər. Dostoyevski inqilabın əleyhinə idi, inqilabçıları daim tənqid edirdi. Ancaq o, təhlil eləyəndə görürdü ki, Rusiya inqilaba doğru gedir.

- Həqiqət Rusiyadan üstündür...

- Bu çıxış yolu deyildi. Sonra Rusiya təzədən öz yoluna qayıdacaqdı. Dostoyevski bunu da deyirdi. Elə həqiqətən də onun dediyi kimi oldu. Sualınızın cavabı kimi deyim ki, Dostoyevski üzdə olmayan gizli mətləbləri açıb göstərə bilirdi. Dostoyevskini oxuyanda adama elə gəlir ki, axı bu paradoksdur. Ancaq sonra görürsən, bu paradoksun içində nə qədər böyük həqiqət var. Belə bir termin var: məhəbbət-nifrət. Bir söz kimi gedir. Dostoyevski bu iki duyğunu birləşdirir. Məhəbbətin içində nifrət, nifrətin içində məhəbbət var. Bu paradoksdur, ancaq dərindən düşünəndə nə qədər böyük həqiqət olduğunu görürsən. Bu gizli mətləbləri aça bilməsi, insan psixologiyasının dərinliklərinə nüfuz edə bilməsi Dostoyevskini sevdirən cəhətlərdir. Avropanın məşhur cərəyanları, freydizm, Nitşe fəlsəfəsi, ekzistensializm – bunların hamısı Dostoyevskinin əsərlərindən yaranıb. Bu cərəyanların rüşeymləri Dostoyevskidə vardı.

- Məhəbbət-nifrət... Dostoyevskiyə münasibət də belədir. Onu sevənlər kimi, nifrət edənlərdə çoxdur. Slavyanofil düşüncəsi, “Yazıçının gündəliyi”ndə türklərə qəzəbi nifrət doğurur...

- Dostoyevskiyə nifrət etmək lazım deyil. Bizim nöqteyi-nəzərimizdən xoşa gəlməyən ideyalardır. Ancaq Dostoyevskinin milli mənafeyi, imperiya sevgisi nöqteyi-nəzərindən onu da başa düşmək lazımdır.

Dostoyevski | Portrait, Dostoyevsky, Fyodor dostoyevsky

- Yəhudilərə qarşı da nifrəti hiss olunur...

- Bu iddianı sağlığında da deyirdilər, ancaq Dostoyevski qəbul etmirdi. Əsərlərində yəhudilər haqqında mənfi situasiyalar yoxdur. Ancaq ironiya ilə yəhudilərdən yazıb. Millət kimi yəhudilərə qarşı olmayıb. Türklərə qarşı isə kəskin ifadələr işlədib. Osmanlı İmperiyasına qarşı bir narazılıq vardı onda. O narazılığı o qədər güclü idi ki, dahi yazıçı da olsa, özünü saxlaya bilməyib imperiyaya qarşı nifrətini millətə yönəldib. Bir var türk imperiyası, bir də var türk milləti. Millətlə imperiya arasında bərabərlik işarəsi qoymaq, məncə, Dostoyevskinin ən böyük günahlarından biridir. Bu qüsur da ondan irəli gəlir ki, Dostoyevski daha çox yazıçıdır. Yazıçının obrazlı təfəkkürü ayrıdır. Belə bir adam məntiqi düşüncəyə müraciət edəndə, siyasətə varanda səhvə yol verəcək. Bu onun sahəsi deyildi. Gərək ora girməyəydi. Ancaq o girib deyir ki, Konstantinopol bizim olmalıdır və tez-gec bizim olacaq. Tarix isə göstərdi ki, o deyən kimi olmadı.

- Belə düşünənlər var ki, Dostoyevski əslən türkdür. Buna münasibətiniz necədir?

- Vallah, mən Dostoyevskinin bütün məktublarını, gündəliklərini, eləcə də əsərlərini oxumuşam. Ancaq elə bir məqama rast gəlməmişəm. Hər hansı bir eyham belə görməmişəm. Doğrusu, bu fikrin hardan qaynaqlandığını bilmirəm. Düşünürəm ki, elmi əsası olmayan fikirdir.

- Məşhur sualı sizə də vermək istəyirəm: Dostoyevski, yoxsa Tolstoy? Deyirlər, Dostoyevski gənclik sevgisidir, Tolstoy qocalıq...

- Mən onları bir-birindən ayıra bilmərəm. Çox maraqlıdır ki, eyni dövrdə, eyni ölkədə iki dahi peyda olsun. Amma qəribədir, bir dəfə də olsun bir-birinin üzünü görməyiblər. Yaradıcılıq prinsiplərinə baxanda da tamam ayrı-ayrı yazıçılardır. Bir-birinə çox az oxşayırlar. Mənəviyyat, ruh, din məsələlərində hardasa yaxınlaşırlar, ancaq poetika etibarilə bir-birindən uzaqda dayanırlar. Dostoyevski mənim üçün həddindən artıq maraqlı yazıçıdır. Ancaq Dostoyevskini sevmək olmaz. Onu sevmək çətindir. Tolstoyu sevmək asandır. Çünki Tolstoy yaradıcılığında gözəllik əsas etik kateqoriyadır. Həyatın qaranlıq tərəfi isə Dostoyevskiyə düşür. Dostoyevski üçün əsas estetik kateqoriya gözəllik yox, möhtəşəmlikdir. Möhtəşəmlik elə bir şeydir ki, insan onun qabağında həmişə bir qorxu hiss edir. Uçurumun başından aşağı baxanda qorxursan və istər-istəməz bir addım geri çəkilirsən. Ancaq bir dəqiqə keçməmiş istəyirsən bir də baxasan. Bəs hansı maraqdı səni təkrar ora çəkən? Dostoyevskinin yazdığı budur. “Cinayət və cəza” romanında Roskolnikov sələmçi qadını öldürür. Aradan bir müddət keçəndən sonra ora bir də gedir. Qapının zəngini çalır, içəri girir və görür ki, burda işləyirlər. Bu işi aparan Porfiri Petroviç ondan soruşur: “Niyə ora getmişdin? Sən kürəyində o soyuqluğu bir dəmi hiss etmək istədin?”

Fyodor Dostoyevsky: Biography & Literary Contributions | Study.com

- İki dahinin ulduzları heç vaxt barışmadı...

- Belə demək olmaz. İkisi də bir-birini oxuyurdu və sevirdi. Dostoyevskinin “Yazıçının gündəliyi”ndə Tolstoyun “Anna Karenina”sı haqqında fikirləri var. Deyir, əgər bir millətin yazıçısı belə roman yazmağa qadirdirsə, deməli, o millət dünya xalqları içərisində ən hörmətli yerə layiqdir. Mənə elə gəlir ki, Tolstoyla Dostoyevski bir-birinə nifrət etməyib. Onların görüşməmələri qəsdən olan şey deyil. Bu bəlkə də təsadüfdür.

- Tolstoyla Dostoyevskinin görüşünü necə təsəvvür edərdiniz?

- Mən Tolstoyla Dostoyevskini kitablarımın birində belə müqayisə etmişəm: “Dostoyevski və Tolstoy rus ədəbiyyatının gecəsi və gündüzüdür. Tolstoy yaradıcılığı gündüz qədər aydın, gözəl, Dostoyevskinin yaradıcılığı isə gecə qədər ecazkar, çətin dərk olunandır”. Gecə ilə gündüz görüşmürlər. Onlar da görüşməyiblər. Ancaq bir-birini tamamlayan yazıçılardır. Elə bil ki, Dostoyevskidə olan Tolstoyda yoxdu, Tolstoyda olan Dostoyevskidə. Tolstoy epik yazıçıdır, geniş panoramlı. “Hərb və sülh” tarixin 20 ilik dövrünü əhatə edir. Məkan mənasında da Rusiyadan tutmuş Fransaya qədər, hadisələr geniş məkanda təsvir olunur. Ancaq Dostoyevskinin “Karamazov qardaşları” romanı iki həftənin içində baş verir. Yəni zaman və məkan Tolstoyla Dostoyevskidə tamam başqadır. Tolstoyda epik təfəkkür, Dostoyevskidə dramatik təfəkkür güclüdür. Ona görə də Dostoyevskinin əsərləri çox vaxt roman - tragediya adlanırlar.

- Məmməd müəllim, Dostoyevskidən tərcümələriniz də var. “Şeytanlar”, “Yoxsun insanlar”, “Cənab Praxorçin” və s...

- Mən Dostoyevskini çox tərcümə etmişəm. “Karamazov qardaşları”ndakı “Böyük inkivizator” hissəsini də mən çevirmişəm. Telman Vəlixanlı da kitabda bunu qeyd edib. O romanın tərcüməsinin redaktoru olmuşam. Bizdə Dostoyevskinin beş böyük romanından ikisi tərcümə olunmuşdu.

- “Cinayət və Cəza”, “İdiot”...

- Bəli. Qalanları tərcümə olunmamışdı. “Karamazov qardaşları” kimi romanın tərcümə olunmamağı yaxşı hal deyildi. Ona görə də mən özümə borc bildim ki, bu boşluğu doldurmaq lazımdır. Mən heç vaxt özümü tərcüməçi hesab etməmişəm. Ələlxüsus da bədii tərcümə elə də asan məsələ deyil. 60 yaşımda tərcüməyə girişdim, demək olar 10 ilimi bu işə həsr elədim. “Şeytanlar”. “Yeniyetmə”, “Ölü evdən qeydlər”, “Gizlindən qeydlər”, “Gülməli adamın yuxusu”, “Paxla”, “Yoxsul insanlar”, “Cənab Praxorçin”, “Zəif ürək”, “Ev sahibəsi” əsərlərini tərcümə etdim. Baxtinin “Dostoyevski poetikasının problemləri” kitabını da çevirmişəm.

- Dostoyevskinin əsərlərindən danışdıq bayaq. Siz həm də tərcümə etmisiniz. Bədii cəhətdən Dostoyevski necə yazıçıdı? Bəzən onun dilinin pinti olduğunu deyirlər...

- Berdyayevin bir sözü var, deyir ki, Dostoyevskinin romanlarından sonra qalan yazıçılar adama duzsuz görünür. İstər bədii cəhətdən, istər ideya, istər dildəki dəqiqlik baxımından Dostoyevski unikal yazıçıdır. Onda güclü məntiq, bəlkə də riyazi dəqiqlik vardı. Bəzən hər hansısa bir yazıçını oxuyanda onda məntiqsizlik görürsən. Ancaq Dostoyevskidə belə şey tapa bilməzsən. Dostoyevskinin təsvir etdiyi obrazları nəinki görürsən, həm də eşidirsən. Dostoyevskinin dilində pintilik yoxdur, o “pintilik” dedikləri başqa şeydir. Məsələ ondadır ki, Dostoyevski ehtiyac, qonorar ucbatından əsərlərini çox tez bir zamanda ortaya çıxardıb. Özü də etiraf edir ki, “Yoxsul insanlar”dan başqa digər əsərlərimi redaktə etməyə imkanın olmayıb.

- Həm də diktə edirmiş, yazmırmış...

- Bəli, romanlarının çoxusunu arvadı, stenoqraf Anna Sergeyevnaya diktə edirdi, o da yazırdı. “Qumarbaz” romanı 26 günə, başdan-ayağa diktə ilə yazılıb. Bəli, belə bir qüsur var. Redaktə edə bilmədiyindən müəyyən xırda səhvlər ortaya çıxıb. Ancaq bu onun özünə görə səhvlərdir, oxucular bunu hiss etmirlər.

- Məmməd müəllim, siz klassik rus ədəbiyyatı kafedrasının müdirisiniz. İstəyərdim ki, müsahibənin sonunda gənclərə vacib oxunacaq rus yazıçılarının adlarını çəkərdiniz.

- Dostoyevski və Tolstoy hökmən oxunmalıdır! Qoqol böyük məktəbdir. Puşkin, Çexov. Maksim Qorki dahi yazıçıdır. Turgenevi dahi hesab etməsəm də, böyük yazıçıdır. İvan Qonçarovun “Oblamov” əsəri. Çox maraqlıdır ki, “Uillis”in müəllifi Ceym Coys “Oblamov”a istinad eləyib. Coysun “şüur axını” Dostoyevskidən, Tolstoydan, Qonçarovdan gəlir. Qonçarov çox özünəməxsus yazıçıdır, “Oblamov” da dahiyanə əsərdir.

- Gözəl söhbət üçün təşəkkür edirəm.

- Buyurun.

2017

# 5585 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #