Doğum günü almaları – İlqar Rəsulun hekayəsi

Doğum günü almaları – İlqar Rəsulun hekayəsi
11 oktyabr 2023
# 11:50

Bu gün yazıçı İlqar Rəsulun doğum günüdür. Kulis.az bu münasibətlə onun “Doğum günü almaları” hekayəsini təqdim edir.

- Salam, xanım.

- Salam, oğlum.

- Olar sizdən bir xahiş edim?

- Mən sizi görmürəm axı....

Onun doğum günü idi. Axşamdan xanımına və oğluna bu münasibətlə hər hansı hazırlıq görməməyi, hədiyyə almamağı tapşırıb, adi günlərdən birini yaşamaq istədiyini demişdi.

- Hər hansı sürpriz etmək fikrinə düşməyin lütfən. - Səhər işə gedəndə xanımına və oğluna belə deyib çıxmışdı evdən.

İşdə gün ərzində dost-tanışdan xeyli təbrik aldı. Amma heç bir maddi hədiyyə olmadan. Dostları, yaxınları xasiyyətini bilirdilər deyə ona nəsə bağışlamağa heç cəhd də etmədilər. Axşam onu kafeyə, restorana şam yeməyinə dəvət edənlər də az olmadı doğum günü münasibətilə. Hamısına “Qalsın başqa vaxta, bu gün evdə, ailəmlə birlikdə olmaq istəyirəm” - deyib, təşəkkür elədi.

Axşama yaxın xanımı zəng eləyib, işdən sonraya dostları ilə hər hansı planının olub-olmadığını soruşdu. “Yox - dedi, - heç bir planım yoxdur, evdə olmaq istəyirəm sadəcə.”

Xanımı dedi ki, onda gəl işdən sonra görüşək, ev üçün bəzi şeylər almalıyıq...

Danışıb razılaşdıqları vaxt evlərinin yaxınlığındakı supermarketdə görüşdülər. Yüngülvari bazarlıq elədilər.

- Doğum günündür, belə də olmaz. Bəlkə nələrsə alaq, qeyd edək? - xanımı marketin qapısında tərəddüdlə soruşdu.

- Yox, heç nə lazım deyil.

- Heç olmasa oğlumla öz adımdan kiçik bir suvenir alardım sənə. Uşaq da sevinərdi. Nə də olmasa yubileyindi.

- Gedək evə.

Marketdən çıxıb qatıq, yumurta və göyərti almaq üçün yaxınlıqdakı böyük şüşə qapıları taybatay açıq olan kənd təsərrüfatı məhsulları dükanına girdilər. Elə yenicə alış-verişə başlamışdılar ki, bayırdan səs gəldi:

- Alma neçəyədi, neçəyədi alma?!

Çevrilib baxdılar. Nimdaş geyimli, saçları ağarmış yaşlı bir qadın idi. Görkəmindən və ləhcəsindən şəhər adamına oxşayırdı. Dükanın açıq qapılarından içəriyə səslənirdi. Yanında nimdaş geyimli, başında papaq, əlində çəlik, üzündən daun sindromu asılmış gənc bir oğlan da var idi. Qadının qolundan tutub dayanmışdı. Qadın nədənsə satıcıya yox, dükanın içinə tərəf baxıb danışırdı. Azca gözləyib bir də səsləndi:

- Alma neçəyədir?!

- Nə bilim neçəyədir! - satıcı sərt cavab verdi, - keç içəri bax də, küçədən söz soruşarlar!

- Mən axı görmürəm, ona görə burdan soruşuram! - Yaşlı qadın qolunu oğlanın əlindən çıxardıb, çiyinlərini çəkərək pərt halda ucadan dilləndi.

O, sakitcə dayanıb baş verənləri seyr edirdi. Bu vaxt xanımı dözməyib satıcıya iradını bildirdi:

- Niyə elə cavab verirsiniz! Adam almanın qiymətini soruşur! Gözləri görmür də!

Satıcı acıqla “Alma iki manatdır!” - deyib, qadını qovurmuş kimi havada əlini yellədərək işinə davam etdi. Yaşlı qadın oğlanın qolundan yapışdı, onlar asta addımlarla dükanın qapısından çəkilib getdilər.

Satıcı qatıq balonunu ikiqat sellofan torbaya qoyaraq acıqla deyinirdi öz-özünə:

- Yolun o üzündə dayanıb, məndən almanın qiymətini soruşur...!

O, xanımına “Gözlə, indi gəlirəm” - deyib dükandan çıxdı. Tələsik addımlarla yeriyib, yaşlı qadınla oğlana çataraq, qarşılarına keçdi:

- Salam, xanım.

- Salam, oğlum - qadın səs gələn tərəfə cavab verdi.

- Olar sizdən bir xahiş edim?

- Axı mən sizi görmürəm.

- Bu vacib deyil. Olar xahiş edim?

- Buyurun, oğlum.

- Bu gün mənim doğum günümdür. Sizə bir kilo alma bağışlaya bilərəm?

- Olar. Təşəkkür edirəm! - bir az əvvəlki kədər üzündən silinib yox oldu, gülümsündü yaşlı qadın.

- Lütfən burda gözləyin, heç yana getməyin, indi qayıdıram.

O, dükana qayıdıb satıcıdan iki manatlıq almadan bir kilo çəkməsini xahiş etdi. Satıcı almaları torbaya yığıb tərəziyə qoydu. Qırmızı, qəşəng almalar idi. Bir kilodan artıq gəldi. Satıcı almanın ikisini torbadan götürmək istəyəndə o, qoymadı. Torbanı alıb dükandan çıxdı. Yaşlı qadın və oğlanı qoyub gəldiyi tərəfə boylandı. Orada yox idilər. Dayanıb narahat halda ətrafa baxdı.

- Bəs, dedim axı, heç yana getməyin! - öz-özünə gileylənirdi ki, bir az aralıdakı çörək dükanının qarşısında gördü onları. Yaxınlaşıb nəvazişlə torbanın qulplarını yaşlı qadının barmaqlarına keçirtdi:

- Buyurun xanım, almadı. Nuş olsun.

- Çox sağ olun oğlum, Allah köməyiniz olsun.

- Siz sağ olun, anam! Siz sağ olun!

- Axı, mən sizi görmürəm.

- Bu vacib deyil. Əsas odur ki, mən sizi görürəm! - deyib ondan aralandı.

Arxadan yaşlı qadının səsini eşitdi:

- Mən sizi təbrik edirəm! Doğum gününüz mübarək!....

Dükana qayıtdı. Xanımı gözlərində təşəkkür qarışıq təbəssüm, əlində torbalar onu gözləyirdi. Yaxınlaşıb torbaları aldı “Ödəniş eləmisən?” - soruşdu.

- Hə, eləmişəm, gedək.

- Almalar neçə elədi?

- İki manat əlli qəpik.

Dükandan çıxdılar. Yolda danışmadılar. Yaşadıqları binanın girişində xanımına baxıb dilləndi:

- Gərək ki, oğlumla sən mənə nəsə hədiyyə almaq istəyirdiniz.

- Hə, elədi, istəyirdik, amma sən qoymadın.

- Hesab elə ki, almaya verdiyin iki manat əlli qəpiklə mənə böyük bir hədiyyə aldınız...

Şam yeməyi zamanı xanımı oğluna dedi ki, daha doğum günü hədiyyəsi ilə bağlı narahat olma, almış sayılırıq. Uşağın təəccüblə baxdığını görüb, dükanda baş verən əhvalatı ona danışdı anası. Uşaq çox təsirləndi. Əslində o, atasının belə hərəkətlərini az görməmişdi. Amma yenə də ilk dəfə imiş kimi sevindi.

- Mən də doğum günündə ehtiyacı olan kiməsə alma almaq istəyirəm, - anasına baxıb dilləndi.

- Mən də elə edəcəm bundan sonra hər doğum günümdə - anası gözləri yaşarmış halda cavab verdi.

- Həmişə belə edərik. Adını da qoyarıq "Doğum günü almaları" - bayaqdan başını aşağı salıb sakitcə yeməyini yeyən ata söhbətə qarışdı...

12 oktyabr 2016

# 1100 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #