Dərdə boyun əymək məharətdir

Dərdə boyun əymək məharətdir
18 aprel 2023
# 11:30

Kulis.az Aytac Sahədin "Komalara şükür" adlı yazısını təqdim edir.

Hər il bu aylar evin hər küncünü dibçəklərlə bəzəyirəm. Dibçəklərdə gül-çiçək yox, tərəvəz şitilləri olur. Bu il də istisna deyil. Amma nədənsə bu dəfə daha həvəsliyəm. Məsələn, pomidorun bu növünü xeyli axtarandan sonra Buzovnada bir istilikxanadan tapmışam. Dibçəklərin rəngi fərqli olsun deyə neçə mağaza gəzmişəm. İndi isə hər səhər onları eyvana çıxarır, axşam tək-tək evə yığıram və bunu usanmadan, zövqlə edirəm. Özüm bezməsəm də, deyəsən, hərdən çevrəmdəkiləri dibçəklərimlə bezdirirəm. Məsələn, gübrə satan dayı mənim əlimdən əməlli-başlı zara gəlib. Nə edim? Şitillərə nəsə olar deyə hər işimi ehtiyatlı tuturam, ən xırda detalı da əlli kərə soruşuram. O gün dayı mənim təlaşımı görüb deyir ki, niyə bu qədər əziyyət çəkirsən? Yayda pomidorun kilosu əlli qəpik olur. Dayı elə bilir ki, mənim dərdim əlli qəpik dərdidir. Əslində, onu da qınamıram, gül deyil, çiçək deyil, pomidor şitilini bəhər götürmək üçün əkirlər də. Amma nə yalan deyim, bu sözlər məni xeyli düşündürdü.

Düşündüm ki, nə yaxşı materialist olmamışam. İlahi, o, yaşamaqdırmı? Həyatda hər şeyin karını hesablamaq, reallıqla yaşamaq, prosesdən çox nəticəyə aludə olmaq... Ümumiyyətlə, həyatı olduğu kimi dərk edən, anlayan insanları başa düşməkdə həmişə çətinlik çəkmişəm. Ayıq başla yaşamağın çətin olduğunu çox deyiblər axı. Heyf deyil özünü üç-beş pomidor şitili ilə aldatmaq? Düzdür, yaşamaq mənim kimi "yalançı"lar üçün çox da yaxşı şeylər vəd etmir, ancaq biz də özümüzü həyatın gətirdiyi çətinliklərin ümidinə qoymuruq. O bizi acı reallığı ilə ağladırsa, biz mütləq tezliklə gülümsəmək üçün nəsə bir yalan uydura bilirik. Son dövrlərdə keçdiyim çətinliklərin fonunda çiçəkləməyə hazırlaşan şitillər az qala ən böyük sevincimə çevrilib. Axı yaxamı gündə məni bir çətinliklə sınayan aprelin əlinə belə asanlıqla verə bilmərəm. Beləcə problemlərim çoxaldıqca dibçəklərimin sayı da artır. Bu, sadəcə baş qatmaq üçün üz tutduğum bir vasitə deyil, həm də məsuliyyətdir. Amma daha zövqlü məsuliyyət.

Hərdən əsəbi halda oturub heç bir şey etmək istəməyəndə qəfil yadıma düşür ki, şitillərə su, yaxud da balığıma yemək verməliyəm. Balığa verdiyim yemək sanki məni doyurur. Bəlkə buna görədir ki, təbiətlə vəhdətdə olmağın insana faydaları haqqında qalaq-qalaq kitablar yazılıb. Məncə, səbəb çox sadədir. Düşünəndə ki, sən kiməsə, lap elə nəyəsə lazımsan, onda həyata daha möhkəm bağlanırsan. Yoxsa ki insan övladı neynir ailə-uşağı? Hər kəs öz dövranını rahatca, kefi istədiyi kimi sürüb, vaxtı gələndə də torpağa qarışardı. Deməli, insan həm də özündən başqa canlıları yaşatmaqla var olur.

Onu deyirdim axı. Reallığın zərbələrindən qaçmağın yollarından biridir dərdi saymamaq. Hələ mən pessimizmdən danışmıram, eləcə reallıqdan danışıram. Çox vaxt idealist, xəyalpərəst insanların həyata uduzduğunu deyirlər. Məncə, bu, hamı üçün keçərli deyil, hər taledə rəngini dəyişən iddiadır. Elə adamlar var ki, xəyalpərəstlik, həyata səthi baxmaq onların yeganə nicat yoludur. Bilmirəm, bu, anadangəlmə xüsusiyyətdir, yoxsa sonradan qazanılan vərdiş?! İstənilən halda özünü əlinə keçən ən xırda səbəblə belə ovundurmaq insanın özünə edə biləcəyi yaxşılıqlar siyahısında ilk sıralara yazılmalı.

Ernest Heminqueyin "Qoca və dəniz"ində çox sevdiyim bir məqam var. Deməli, qayığa olan sonuncu hücumdan sonra tamam əzilib məğlub edildiyini anlayan qoca qayığın arxasına keçib sınıq sükan dəstəyini yerinə taxır. Dəstəyin işə yaradığına sevinir, köhnə kisəni çiyninə salıb, sahilə yön alır. Qayığın yaxşı üzdüyünü görəndə: "Gözəl qayıqdır, möhkəmdir. Sınıb-eləməyib. Bircə sükanı işdən çıxıb, onu da düzəltmək asandır"-deyə özünə təsəlli verir. Halbuki günlərlə dənizdə balıqla apardığı ağır müharibəni elə dənizə uduzub qayıdırdı.

Həqiqətən də bəzi savaşlardan qalan yaraları sarımağın, ağrı-acıları ovutmağın tək əlacı elə sınıq sükan dəstəyidir. Guya Raskolnikov bədbəxtliyini anlayıb da nə edə bildi? Ən azından qocanı son səhifələrdə həbsxana divarlarının arasında yox, öz komasında görə bilirik. Dərdə boyun əymək bir məharət, özünü ovundurmağı bacarmaq isə bəzən edə biləcəyin yeganə işdir. Komalara şükür...

# 3400 dəfə oxunub

Oxşar xəbərlər

Mərkəzi Asiyanın köçəri mədəniyyəti nüfuzlu müasir sənət yarmarkasında

Mərkəzi Asiyanın köçəri mədəniyyəti nüfuzlu müasir sənət yarmarkasında

13:30 22 oktyabr 2026
Hilma af Klintin nadir əsəri hərraca çıxarılır

Hilma af Klintin nadir əsəri hərraca çıxarılır

13:00 22 oktyabr 2026
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi keçirilib - Foto

Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi keçirilib - Foto

12:21 22 oktyabr 2026
Edvard Hopperin ilk rəsmləri ilə bağlı sirr açıldı - Altı  əsər başqasından köçürülüb?

Edvard Hopperin ilk rəsmləri ilə bağlı sirr açıldı - Altı əsər başqasından köçürülüb?

12:20 22 oktyabr 2026
Devid Boui ilə Nina Simonenin virtual dueti - Tanınmış rejissorun səs sərgisində

Devid Boui ilə Nina Simonenin virtual dueti - Tanınmış rejissorun səs sərgisində

12:00 22 oktyabr 2026
Üzeyir bəyin Parisdə qalan qardaşı – Ceyhun Hacıbəyli niyə ömrünün sonunadək Vətənə qayıda bilmədi?

Üzeyir bəyin Parisdə qalan qardaşı – Ceyhun Hacıbəyli niyə ömrünün sonunadək Vətənə qayıda bilmədi?

12:00 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər