Dəhşətli qəzanın təfərrüatları

Dəhşətli qəzanın təfərrüatları
1 iyul 2024
# 15:00

Kulis.az Eminquey Akifin "Gözlənilən qətlin səbəbkarları" adlı yeni yazısını təqdim edir.


“Bakıda dəhşətli qəza baş verib, sürücü həlak olub, üç sərnişinin vəziyyəti ağırdır”.

Hə, noosun?

Bəli, “Ac həriflər”dəki o bığlı kişiyə dönmüşük, artıq qəza xəbərlərinə bu cür reaksiya veririk, hətta iş o yerə gəlib çatıb ki, monoton qəza xəbərlərinin içində fərqli rəng axtarırıq. Məsələn, belə: “Üç nəfərin öldüyü qəzada müğənni də xəsarət alıb”

Nə gözəl, şükür, ilahi! Bezmişdik tanımadığımız adamların qəza xəbərindən, nəhayət, tanınmış birinin də adını eşitdik.

Bəs hər gün məmləkətin hər bir nöqtəsində niyə qəza baş verir? Kiminsə qarğışına düşmüşük? Xeyr! Hansısa fövqəlgüc bizi idarə edir? Xeyr! Bəs nə? Bəs kim? Pəh! Günahı özündən başqa hər yerdə axtaran tipik azərbaycanlı!
Əlbəttə ki sən, mən, o və başqaları...

Sürücülük vəsiqəsinin “Qızıl qələm” mükafatı kimi paylandığı bir mühitdə qəzaların bu qədər çox olması təbiidir. Heç kim imtahan verib sürücülük vəsiqəsi almaq haqqında düşünmür. Kimsə, nə vaxtsa bir mif uydurub, hamı da o mifi əlində bayraq edir.
“İmtahan vermək çətindir, kompüterdə elə suallar çıxır ki, cavab vermək olmur”, “Yezdadan mütləq kəsilirsən” və s.

Yaxşı, tutalım, 1200 manat verib vəsiqəni aldın, tutalım, orada sənə qarşı oyun qurublar deyə, imtahandan keçə bilmədin, barı aldığın vəsiqənin haqqını ver, aç, qayda-qanundan xəbərdar ol da. Axı bu çətin məsələ deyil?!

Amma səbəb təkcə sürücülük vəsiqəsi deyil, həm də insanın birbaşa özüdür. Yol hərəkəti qaydalarını bilməyən adama qayda-qanunu öyrədə bilərsən, amma mədəniyyətsiz adama yol mədəniyyətini öyrədə bilməzsən.

Bu yaxınlarda bir qəza baş vermişdi. Sürücü avtobusu ona aid olmayan zolaqda saxlamış, sərnişin ona aid olmayan zolaqda düşmüş, arxadan gələn maşın isə ona aid olmayan zolaqdan sürərək avtobusdan düşən sərnişini vurmuşdu. Halımızın dolaşıqlığı cümləyə də öz təsirini göstərir. Heç kim ona aid olan yerdə deyil bu məmləkətdə. Bir qəzada dişə dəyən bir insan tapa bilmirsən ki, günahı atasan digərinin üstündə. Bu qəzada hamı günahkardır. Çünki sərnişin başa düşmür ki, onun düşə biləcəyi yer dayanacaqdır, yolun ortası yox. Sürücü başa düşmür ki, o, kimliyindən asılı olmayaraq heç kimi dayanacaqdan kənarda düşürə bilməz. Arxadan gələn maşının sürücüsü isə başa düşmür ki, avtobusun dayandığı yerlə maşın sürmək olmaz, özü də o sürətlə. Sürücü və sərnişin səbrsizliyi. Səbr isə çox böyük mədəniyyətdir.

Fikir vermişəm, Azərbaycanlılar necə maşın sürürlərsə, o cür də yürüyürlər. Allaha and olsun, hər dəfə Əcəmi metrosuna gedən yolda dayanıb qışqırmaq istəyirəm. İstəyirəm, adamların qolundan tutub yerimək öyrədim. Öyrədim ki, bu yol nə təkcə Əcəmi metrosuna çıxanlar üçündür, nə də Əcəmi metrosundan çıxıb üzüaşağı düşənlər üçün. Meyvə alan, paltar mağazalarına marıtlayan, dayanıb kiminləsə çənə vuranlar üçünsə heç deyil. Yuxarıdan düşən aşağıdan çıxana, aşağıdan çıxan yuxarıdan düşənə yol verməlidir. Üzü metroya baxan səkilərdə, ümumiyyətlə, bulvardakı kimi hərəkət etmək olmaz axı?!
Bir də görürsən ki, qarşıdan gələn tək adam düz əl-ələ tutduğun, qol-qola girdiyin adamla arandan keçib getdi. Halbuki sağda, solda yol var ha. Müşahidə edin, bizim necə xaotik yeridiyimizi görəcəksiniz; görəcəksiniz ki, qırmızı işıqda nə qədər adam piyada keçidindən keçir... Faşist kimi baxmayın, elə adamların ölümünə üzülmürəm, əksinə onları vurub özünü zibilə salanlara görə kədərlənirəm.

Hə, azərbaycanlıların yerişləri xaotikdir, düşüncələri xaotikdir, həyatları xaotikdir, xaos içindədirlər, xaos!

Misal üçün, bahalı bir maşını almağa gücü çatmayan kasıb nə edir? Gücü çatan ucuz bir maşın alır. Tutalım "06". Başlayır maşını bəzəməyə. Maşına qoydurmadığı şey qalmır. “Qalenvagen”in siqnalını, “Lexus”un monitorunu, o birinin ayaqaltısını, bu birinin oturacağını. Səkkiz dənə də səsucaldan qoyub çıxır şəhərə. Qoşur bayağı mahnılardan, başlayır özünü göstərməyə. Elə bilir ki, bunun maşınından yoxdur. Hər yerdə də fəxrlə deyir ki, maşına 10 min xərc qoyub yığdırmışam. Doludur şəhərin küçələri belə boş-bekar sürücülərlə. Hamının mütləq belə bir məhəllə uşağı var. Bakıda da nə çox məhəllə, nə çox məhəllə uşağı. Qəzalarda bu məhəllə uşaqlarının payı az deyil.

Hətta adamlar var, düşdükləri qəzadan elə danışırlar... “Qardaşın filanıncı ildə maşını aşırtdı da. Əclafdı yalan deyən, bir sağ elədim, bir sol elədim, maşın sürüşdü eee”. Adam qulaq asdıqca istəyir ki, sağ eləsin, sol eləsin, gedib girsin hansısa maşına. Belə adamlar, adətən, həmin qəza etdikləri anı, maşını çəkib telefonlarında da saxlayırlar. Danışıb qurtarandan sonra telefonu açıb o dəqiqə o videonu göstərirlər. Uğur kimi, fəxr olunası iş kimi...

Bunları niyə sadalayıram? Bu şeylər sürücülük vəsiqəsilə tənzimlənmir, bunlar insanların şəxsi keyfiyyətləridir və elə birbaşa yollarımıza siraət edir. Eqo, özünü göstərmək həvəsi, yekəxanalıq, səbrsizlik – bütün qəzaların başlıca səbəbidir. Bakı-Kürdəmir yolunda maşın sürə bilmək üçün fövqəladə sürücülük savadı lazım deyil, o yolda maşın sürmək üçün adam olmaq lazımdır. Adam olmaq üçünsə vicdanın, insafın, mənliyin diri qalmalıdır.

Bir sözlə, məmləkət “Cinayət və qəza” dövrünü yaşayır.

Əvvəlcə özlərini qətlə yetirirlər, sonra isə qəzada həlak olurlar.

# 1997 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #